Qanunun təkrarı
23 Xayaları əzilmiş, yaxud cinsiyyət üzvü kəsilmiş adam Yehovanın icmasına daxil ola bilməz.+
2 Qeyri-qanuni doğulan oğul Yehovanın icmasına daxil ola bilməz.+ Onun hətta onuncu nəslindən olan övladı Yehovanın icmasına daxil ola bilməz.
3 Nə əmuni, nə muabi Yehovanın icmasına daxil ola bilməz.+ Onların hətta onuncu nəslindən olan övladları da Yehovanın icmasına daxil ola bilməz, 4 çünki siz Misirdən çıxıb gələrkən onlar çörəyi və suyu sizə qıymamışdılar,+ üstəlik, İkiçayarasındakı* Fəturdan olan Baur oğlu Bələmi muzdla tutmuşdular ki, sizi lənətləsin.+ 5 Amma Allahınız Yehova Bələmə qulaq asmadı,+ Allahınız Yehova lənəti xeyir-duaya çevirdi,+ çünki Allahınız Yehova sizi sevir.+ 6 Heç vaxt onların rifahı və firavanlığı üçün heç nə etməyin.+
7 Ədumiyə nifrətlə yanaşmayın, o, sizin qardaşınızdır.+
Misirliyə də ikrahla yanaşmayın, çünki onun ölkəsində qərib olmusunuz.+ 8 Onların üçüncü nəslindən olan övladları Yehovanın icmasına daxil ola bilərlər.
9 Düşmənlərinizə qarşı çıxmaq üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.+ 10 Kimsə gecə toxumu axdığı üçün murdarlanıbsa,+ ordugahdan çıxmalı və ora girməməlidir. 11 Axşam düşəndə o yuyunmalıdır, gün batandan sonra isə ordugaha qayıda bilər.+ 12 Ordugahdan kənarda ayaqyolu üçün bir yer ayırın, bayıra gedəndə ora gedin. 13 Silah-sursatınızın arasında bel də olmalıdır. Ordugahdan kənarda bayıra gedəndə çuxur qazın, sonra nəcisin üstünü torpaqla örtün. 14 Çünki Allahınız Yehova sizi xilas etmək və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızda gəzir.+ Ordugah müqəddəs olmalıdır+ ki, O, aranızda murdar bir şey görüb sizi tərk etməsin.
15 Ağasından qaçıb sizə sığınmış qulu sahibinə qaytarmayın. 16 O, seçdiyi yerdə, istədiyi şəhərdə sizinlə birlikdə yaşaya bilər. Onunla pis rəftar etməyin.+
17 Heç bir israilli qız məbəd fahişəsi olmamalıdır;+ heç bir israilli oğlan məbəd fahişəliyi ilə məşǧul olmamalıdır.+ 18 Qadının və ya kişinin fahişəliklə əldə etdiyi qazanc hansısa nəzirin yerinə yetirilməsi üçün Allahınız Yehovanın evinə gətirilməməlidir, çünki bu, Yehova Allahın gözündə iyrəncdir.
19 Soydaşınıza borca pul, ərzaq, yaxud sələm götürə biləcəyiniz başqa nə isə verəndə ondan sələm almayın+. 20 Əcnəbidən sələm ala bilərsiniz.+ Lakin soydaşınızdan sələm almayın.+ Onda Allahınız Yehova sahib olacağınız diyarda hər işinizi avand edəcək.+
21 Allahınız Yehovaya nəzir edəndə+ onu yerinə yetirməyi uzatmayın,+ çünki Allahınız Yehova bunu sizdən tələb edəcək. Yerinə yetirməsəniz, günah sahibi olacaqsınız.+ 22 Amma nəzir deməkdən qaçınırsınızsa, bu, günah deyil.+ 23 Ağzınızdan çıxan sözün üstündə durun+ və Allahınız Yehovaya öz dilinizlə könüllü təqdimə olaraq nə nəzir etmisinizsə, yerinə yetirin.+
24 Qonşunuzun üzümlüyünə girəndə ürəyiniz istəyən qədər üzüm yeyə bilərsiniz, amma səbətə yığıb aparmayın.+
25 Qonşunuzun zəmisinə girəndə əlinizlə sünbül dərib yeyə bilərsiniz, amma zəmiyə oraq vurmayın.+