Ərəmya
36 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində+ Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Bir tumar götür və Yuşiyyənin dövründə səninlə danışdığım ilk gündən bu günə kimi+ İsrail, Yəhuda və bütün xalqlar barədə+ sənə dediyim sözlərin hamısını yaz.+ 3 Bəlkə, yəhudalılar onların başına gətirmək istədiyim bəla barədə eşidib pis yollarından dönərlər. Mən də onların təqsirini, günahını əfv edərəm».+
4 Ərəmya Nuryah oğlu Bəruxu+ çağırıb Yehovanın dediyi hər şeyi ona diktə etdi. Bərux da onları tumara yazdı.+ 5 Sonra Ərəmya Bəruxa buyurdu: «Mən dustağam, Yehovanın məbədinə gedə bilmirəm. 6 Buna görə ora sən get və mənim diktəmlə tumara yazdığın Yehovanın sözlərini ucadan oxu. Onları oruc günü Yehovanın evində, Yəhudanın bütün şəhərlərindən gələn camaatın qarşısında oxu. 7 Bəlkə, Yehovadan lütf diləyərlər, pis yollarından dönərlər. Çünki bu xalqın əleyhinə Yehovanın izhar etdiyi qəzəb və hiddət böyükdür».
8 Nuryah oğlu Bərux Ərəmya peyğəmbərin dediyi hər şeyi etdi. Yehovanın evində Yehovanın sözlərini uca səslə tumardan oxudu.+
9 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ hakimiyyətinin beşinci ilinin doqquzuncu ayında Yerusəlim əhli və Yəhuda şəhərlərindən Yerusəlimə gələn camaat Yehovanın önündə oruc elan etdi.+ 10 Onda Bərux Yehovanın evində mirzə Şafanın+ oğlu Cəmərinin+ otağında* tumardan Ərəmyanın sözlərini ucadan xalqa oxudu. (Otaq yuxarı həyətdə, Yehovanın evinin təzə darvazasının girişində yerləşirdi.)+
11 Şafan oğlu Cəmərinin oğlu Mikay tumardan oxunan Yehovanın sözlərini eşitdi. 12 O, padşah sarayına, katibin otağına getdi. Bütün əyanlar — katib Əlşama+, Şəmay oğlu Dəlay, Ahbur+ oğlu Əlnətan+, Şafan oğlu Cəməri, Hənaniyyə oğlu Sidqiyyə və o biri əyanlar orada əyləşmişdi. 13 Mikay onlara Bəruxun tumardan xalqa oxuduğu sözləri danışdı.
14 Onda əyanlar Kuşinin nəticəsi, Şələmyanın nəvəsi, Nəsəniyyənin oğlu Yəhudu Bəruxun yanına göndərib dedilər: «Xalqın qarşısında oxuduğun tumarı götür, bura gəl». Nuryah oğlu Bərux tumarı götürüb onların yanına getdi. 15 Əyanlar ona dedilər: «Gəl otur, bu sözləri bizə də oxu». Bərux tumarı onlara oxudu.
16 Onlar tumardakı sözləri eşitcək qorxu içində bir-birilərinə baxdılar və Bəruxa dedilər: «Bu sözləri mütləq padşaha bildirməliyik». 17 Sonra ondan soruşdular: «Söylə, bu sözləri necə yazdın? Onun diktəsi ilə yazdın?» 18 Bərux cavab verdi: «O, bu sözləri diktə etdi, mən də mürəkkəblə tumara yazdım». 19 Onda əyanlar Bəruxa dedilər: «Get gizlən. Sən də, Ərəmya da gizlənin. Yerinizi heç kim bilməsin».+
20 Sonra həyətə, padşahın yanına getdilər. Tumarı isə katib Əlşamanın otağında saxladılar. Eşitdikləri hər şeyi padşaha danışdılar.
21 Padşah Yəhudu+ tumarın dalınca yolladı. Yəhud katib Əlşamanın otağından tumarı götürüb gətirdi. Padşahın və yanında duran əyanların qarşısında oxumağa başladı. 22 Doqquzuncu ay* idi. Padşah qış sarayında oturmuşdu. Önündə manqal yanırdı. 23 Yəhud tumarı oxuduqca hər üç-dörd sütundan bir padşah katib bıçağı ilə həmin hissəni kəsib manqalda yanan oda atırdı. Beləcə, bütün tumar manqala atıldı. 24 Nə padşah, nə də onun xidmətçiləri bu sözləri eşidəndə qorxmadı, yaxasını cırmadı. 25 Əlnətan+, Dəlay+ və Cəməri+ nə qədər padşaha yalvardı ki, tumarı yandırmasın, padşah onlara qulaq asmadı. 26 Üstəlik, şahzadə Yarəhmiilə, Əzriil oğlu Sərəyaha, Əbdil oğlu Şələmyaya əmr etdi ki, katib Bəruxu və Ərəmya peyğəmbəri tutub gətirsinlər. Amma Yehova onları gizlətmişdi.+
27 Padşah Ərəmyanın diktəsi ilə Bəruxun yazdığı tumarı yandırandan sonra yenidən Ərəmyaya Yehovanın sözü nazil oldu:+ 28 «Başqa bir tumar götür və Yəhuda padşahı Yəhyakimin yandırdığı birinci tumardakı+ sözləri eynən yaz. 29 Yəhuda padşahı Yəhyakim barədə belə söylə: “Yehova deyir: “Sən bu tumarı yandırıb dedin: “Niyə burada yazmısan ki, Babil padşahı gəlib bu ölkəni dağıdacaq, ölkədə insan, heyvan saxlamayacaq?”+ 30 Odur ki, Yehova Yəhuda padşahı Yəhyakim barədə deyir: “Davudun taxtında onun nəslindən heç kim oturmayacaq.+ Onun cəsədi gündüzün qızmarında, gecənin ayazında qalacaq.+ 31 Təqsirlərinə görə ondan, övladlarından, xidmətçilərindən haqq-hesab tələb edəcəyəm. Onların, Yerusəlim əhlinin, Yəhuda camaatının üstünə bəla gətirəcəyəm. Mən bu bəla barədə onlara demişdim,+ amma onlar qulaq asmamışdılar”».+
32 Beləcə, Ərəmya başqa bir tumar götürüb katib Nuryah oğlu Bəruxa verdi.+ Bərux Yəhuda padşahı Yəhyakimin yandırdığı tumardakı+ sözləri Ərəmyanın diktəsilə yenidən tumara yazdı. Ora bu sözlərə oxşar xeyli başqa sözlər də əlavə edildi.