Hizqiyal
33 Mənə yenə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, üzünü soydaşlarına+ tutub de:
“Tutalım, Mən bir ölkənin üzərinə qılınc göndərirəm.+ O ölkənin xalqı da bir nəfəri seçib gözətçi qoyub. 3 Gözətçi ölkənin üzərinə qılınc gəldiyini görüb xalqı xəbərdar etmək üçün şeypur çalır.+ 4 Kimsə şeypurun səsini eşidib xəbərdarlığa məhəl qoymasa+ və qılınc gəlib onun canını alsa, qanı öz boynuna olacaq.+ 5 O, şeypurun səsini eşidə-eşidə xəbərdarlığa məhəl qoymayıb. Qanı öz boynuna olacaq. Xəbərdarlığa qulaq assaydı, canını xilas edərdi.
6 Amma gözətçi qılıncın gəldiyini görüb şeypur çalmasa,+ xalqa xəbərdarlıq etməsə, qılınc gəlib kiminsə canını alsa, o adam öz günahına görə öləcək, qanını isə gözətçidən tələb edəcəyəm”.+
7 Ey bəni-adəm, səni İsrail evi üçün gözətçi qoymuşam. Mən sənə nəsə deyəndə, Mənim adımdan onlara xəbərdarlıq et.+ 8 Mən pis adama: “Ey pis adam, öləcəksən!”+ — deyəndə, sən susub danışmasan, onu pis yolundan çəkindirmək üçün xəbərdarlıq etməsən, o, günahına görə öləcək,+ amma onun qanını səndən tələb edəcəyəm. 9 Lakin sən pis adamı pis əməlindən çəkindirmək üçün xəbərdarlıq etmisənsə, o isə pis yolundan əl çəkməyibsə, onda o, öz günahına görə öləcək,+ sənsə canını xilas etmiş olacaqsan.+
10 Ey bəni-adəm, İsrail evinə de: “Siz deyirsiniz: “Axı necə yaşayaq?+ Günahlarımız, təqsirlərimiz çiynimizdə ağır yükdür, altında əzilirik”.+ 11 Onlara söylə ki, Külli-İxtiyar Yehova belə bəyan edir: “Varlığıma and olsun! Mən pis adamın ölümündən həzz almıram.+ İstəyirəm, o, öz yolundan dönüb+ yaşasın+. Dönün yolunuzdan, əl çəkin şər əməllərinizdən.+ Ey İsrail evi, nə üçün öləsiniz?”+
12 Ey bəni-adəm, soydaşlarına de: “Saleh adam günah etsə, salehliyi onu qurtarmaz.+ Pis adam pis yolundan dönsə, pisliyi onu yıxmaz.+ Saleh insan günah etdisə, salehliyi artıq onu yaşatmayacaq.+ 13 Mən saleh adama “yaşayacaqsan!” deyəndə o, öz salehliyinə güvənib pis iş tutsa*,+ saleh işlərindən heç biri yada salınmayacaq, o, günahına görə öləcək.+
14 Mən pis adama “öləcəksən!” deyəndə o, günahından dönüb, haqq və saleh iş tutsa,+ 15 götürdüyü girovu qaytarsa,+ qəsb etdiyi malı geri versə,+ insanı yaşadan qanunlara əməl etsə, pis iş tutmasa, yaşayacaq,+ ölməyəcək. 16 Etdiyi günahların heç biri yada salınmayacaq.+ Haqq və saleh əməl sahibi olduğu üçün o yaşayacaq”.+
17 Amma soydaşların deyir: “Yehova haqsızlıq edir!” Halbuki özləri haqsızlıq edirlər.
18 Salehliyindən dönüb əyri yola qədəm qoyan adam öz pis əməlinə görə öləcək.+ 19 Pis adam etdiyi pisliklərdən dönüb haqq və saleh iş tutsa, buna görə yaşayacaq.+
20 Amma siz deyirsiniz: “Yehova haqsızlıq edir!”+ Ey İsrail əhli, Mən hər kəsə əməllərinə görə hökm çıxaracağam».
21 Sürgündə olmağımızın on ikinci ilinin onuncu ayının beşinci günündə bir nəfər Yerusəlimdən qaçıb mənim yanıma gəldi+ və «Şəhər darmadağın oldu!»+ — deyə xəbər verdi.
22 Səhər kişi yanıma gəlməzdən qabaq, ondan əvvəlki axşam Yehovanın əli üzərimə endi və O, mənim dilimi açdı. Mən artıq danışa bilirdim, dilim açılmışdı.+
23 Mənə Yehovanın sözü nazil oldu: 24 «Ey bəni-adəm, bu xarabalıqların sakinləri+ İsrail ölkəsi üçün belə deyirlər: “İbrahim tək canıyla ölkəyə sahib olmuşdu.+ Biz isə çoxuq. Şəkk-şübhəsiz, ölkə bizə verilib”.
25 Buna görə də onlara söylə: “Külli-İxtiyar Yehova belə deyir: “Siz əti qanlı-qanlı yeyirsiniz,+ gözünüzü iyrənc bütlərinizə dikirsiniz, qan tökürsünüz.+ Bu əməllərinizə görəmi ölkəyə sahib olacaqsınız?! 26 Siz qılıncınıza güvənirsiniz,+ murdar işlərlə məşğul olursunuz. Hər biriniz qonşusunun arvadını ləkələyir.+ Bu əməllərinizə görəmi ölkəyə sahib olacaqsınız?!”+
27 Onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Varlığıma and olsun, xarabalıqlar arasında sakin olanlar qılıncdan keçiriləcək. Çölün düzündə yaşayanları vəhşi heyvanlara yem edəcəyəm, qalalarda, mağaralarda olanlar isə azardan qırılacaq.+ 28 Ölkəni kimsəsiz, boş xarabalığa çevirəcəyəm,+ onun qudurğanlığına son qoyulacaq, İsrailin dağlarında ins-cins olmayacaq,+ oralara insan ayağı dəyməyəcək. 29 Murdar əməllərinə görə+ ölkəni büsbütün xarabazara çevirəndə+ biləcəklər ki, Mən Yehovayam”.
30 Ey bəni-adəm, soydaşların divar dibində, qapı kandarında ağız-ağıza verib sənin barəndə danışırlar.+ Bir-birilərinə, hər kəs öz qardaşına deyir: “Gedək Yehovadan nazil olan sözü eşidək”. 31 Onlar gəlib Mənim xalqım kimi qabağında oturacaqlar. Sözlərinə qulaq asacaqlar, amma bir qulaqdan alıb o birisindən buraxacaqlar.+ Onlar dildə səni tərifləyirlər, ancaq əslində, haram qazancdan ötrü ürəkləri gedir. 32 Bil ki, sən onların gözündə telli alətdə yaxşı ifa edən, məlahətli səslə sevgi nəğməsi oxuyan bir adamsan. Onlar sənin sözlərini eşidəcək, amma bir nəfər də olsun onlara əməl etməyəcək. 33 Sənin dediklərin isə mütləq gerçəkləşəcək. Onda biləcəklər ki, aralarında peyğəmbər olub».+