Həvarilərin işləri
28 Biz sağ-salamat sahilə çıxanda bu adanın Malta adlandığını öyrəndik.+ 2 Əcnəbi dildə danışan ada sakinləri bizə misilsiz insanpərvərlik göstərdilər. Hava çox soyuq idi, yağış yağırdı. Onlar tonqal qalayıb mehribanlıqla bizi isinməyə dəvət etdilər. 3 Bulus bir dəstə çırpı yığıb tonqala atdı. Bu vaxt istidən qaçan bir gürzə Bulusun əlindən yapışdı. 4 Adanın sakinləri onun əlindən sallanmış zəhərli ilanı görəndə bir-birinə dedilər: «Şübhəsiz, bu adam qatildir. Dənizdən sağ-salamat çıxsa da, Ədalətin* əlindən canını qurtara bilmədi». 5 Lakin Bulus əlini çırpıb ilanı oda atdı, onun özünə isə zərər dəymədi. 6 Ada sakinləri elə düşünürdülər ki, Bulusun əli şişəcək, yaxud da o, qəflətən yıxılıb öləcək. Onlar xeyli gözlədilər. Görəndə ki, ona heç nə olmur, fikirlərini dəyişib onun allah olduğunu deməyə başladılar.
7 Yaxınlıqda Publi adında bir kişinin torpaqları var idi. O, adanın böyüyü idi. Publi bizi mehribanlıqla qarşıladı və üç gün qonaq saxladı. 8 Publinin atası xəstə idi. O, qanlı ishal xəstəliyinə tutulmuşdu və qızdırma içində idi. Bulus onun yanına gəldi, dua edib əllərini üstünə qoydu. Kişi sağaldı.+ 9 Bu hadisədən sonra adada olan başqa xəstələr də Bulusun yanına gəlir və şəfa tapırdılar.+ 10 Onlar bizə ehtiramlarını nümayiş etdirmək üçün çoxlu hədiyyələr gətirirdilər. Biz adadan gedəndə onlar hətta yolumuza tədarük də görmüşdülər.
11 Biz orada üç ay qaldıqdan sonra burnunda «Zevs oğulları» bəzəyi olan gəmiyə minib yola düşdük. Bu gəmi İsgəndəriyyədən gəlmişdi və bütün qışı adada dayanmışdı. 12 Sirakuz limanına girib üç gün orada qaldıq. 13 Sonra oradan yola çıxıb Regiuma gəldik. Ertəsi gün cənub küləyi əsdi və biz növbəti gün Puteoliyə çatdıq. 14 Orada qardaşları tapdıq. Onlar xahiş etdilər ki, bir həftə yanlarında qalaq. Beləcə, Romaya yaxınlaşdıq. 15 Oradakı qardaşlar bizim gəlişimizdən xəbər tutanda bizi qarşılamaq üçün Appi bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Bulus onları görəndə Allaha şükür etdi və ürəkləndi.+ 16 Nəhayət ki, Romaya gəldik. Bulusa ayrı yaşamağa icazə verdilər. Bir əsgər onun keşiyini çəkirdi.
17 Üç gündən sonra o, yəhudilərin rəhbərlərini yanına dəvət etdi. Onlar yığışanda Bulus sözə başladı: «Qardaşlar, mən nə xalqımıza, nə də əcdadlarımızın adətlərinə qarşı pis bir iş görməmişəm.+ Buna baxmayaraq, məni Yerusəlimdə dustaq edib, romalıların əlinə verdilər.+ 18 Amma romalılar məni istintaq etdikdən+ sonra ölüm cəzasına layiq bir iş tutmadığımı görüb azad etmək istədilər.+ 19 Yəhudilər bunun əleyhinə çıxdılar və mən məcbur olub Sezarın məhkəməsini tələb etdim.+ Məni düz başa düşün, mən xalqımı ittiham etmək fikrində deyiləm. 20 Məhz elə buna görə xahiş etdim ki, sizinlə görüşüb söhbət edək. Gördüyünüz bu qandallar İsrailin ümidinə görədir».+ 21 Yəhudilər ona dedilər: «Biz Yəhudiyyədən səninlə bağlı məktub almamışıq. Oradan gələn qardaşlarımız da bizə sənin haqqında nə bir xəbər gətirib, nə də bir kəlmə pis söz deyib. 22 Yaxşı olardı ki, sənin baxışların barədə elə özündən soruşaq, çünki bildiyimizə görə hər yerdə bu təriqətin+ əleyhinə danışırlar».+
23 Beləcə, onlar bir gün təyin etdilər. Həmin gün gəlib çatanda onlar əvvəlkindən də çox adamla Bulusun qaldığı evə gəldilər. Bulus Allahın Padşahlığı haqqında ətraflı şəhadət verdi, həm Musanın Tövratından*+, həm Peyğəmbərlərin kitabından+ İsa haqqında danılmaz sübutlar gətirib+ səhərdən axşamadək hər şeyi onlara izah etdi. 24 Onlardan bəziləri deyilənlərə inandı, bəziləri isə inanmadı. 25 Aralarında mübahisə düşdü və onlar dağılışmağa başladılar. Onda Bulus dedi:
«Müqəddəs ruh Əşiya peyğəmbər vasitəsilə ata-babalarınıza yaxşı demişdi: 26 “Get, bu xalqa belə de: “Eşitməyinə eşidəcəksiniz, amma bir şey başa düşməyəcəksiniz. Baxmağına baxacaqsınız, amma bir şey görməyəcəksiniz.+ 27 Çünki bu xalqın ürəyi kütləşib. Qulaqları eşidir, amma hay vermirlər. Gözlərini yumublar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, Mən onlara şəfa verim”.+ 28 Bilin və agah olun! Allah xilas yolu haqqındakı bu xəbəri digər xalqlara da göndərib.+ Onlar mütləq qulaq asacaqlar».+ 29 *——
30 Beləliklə, Bulus kirayə tutduğu evdə düz iki il qaldı.+ O, yanına gələnləri mehribanlıqla qəbul edir, 31 böyük cəsarətlə+, heç bir maneə olmadan onlara Allahın Padşahlığı haqqında danışır, Aǧa İsa Məsih haqqında təlim verirdi.