İkinci işmuil
4 Talut oğlu İşboşet+ Abnurun Həbrunda öldüyünü+ eşidəndə qolları sustaldı. Bütün İsraili qorxu bürüdü. 2 Talutun oğlunun basqınçı dəstələrində başçı olan iki adamı var idi. Onlardan birinin adı Bəənnah, digərinin adı Rəhab idi. Onlar Binyamin qəbiləsindən biirotlu Rimmunun oğulları idilər. (Biirot+ Binyaminin bir hissəsi sayılır. 3 Biirotlular Gitaimə+ qaçmışdılar və bu günədək onlar orada qərib kimi yaşayırlar.)
4 Talut oğlu Yonatanın+ bir çolaq oğlu var idi.+ Yizraildən+ Talutla Yonatanın qara xəbəri gələndə o, beş yaşında idi. Dayəsi onu qucağına alıb qaçmışdı. Təlaş içində qaçarkən uşaq əlindən düşüb şikəst olmuşdu. Uşağın adı Mefiboşet+ idi.
5 Biirotlu Rimmunun oğulları Rəhabla Bəənnah günün qızmar çağında İşboşetin evinə getdilər. Günorta olduğundan İşboşet dincəlirdi. 6 Rəhab və qardaşı Bəənnah+ buğda götürmək adıyla evə girib xəncəri onun qarnına soxdular və qaçıb getdilər. 7 Onlar içəri girəndə İşboşet yataq otağında, çarpayıda uzanmışdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Ərəbə yolu ilə getdilər. 8 İşboşetin+ başını Həbrunda Davuda gətirib dedilər: «Budur, canının qəsdinə duran+ düşmənin+ Talut oğlu İşboşetin başı. Bu gün Yehova Talutdan və onun övladlarından hökmdarımızın qisasını aldı».
9 Lakin Davud biirotlu Rimmunun oğulları Rəhabla qardaşı Bəənnaha belə dedi: «Canımı bəlalardan qurtaran+ Yehovaya and olsun, 10 gəlib mənə “Talut öldü” deyən adam,+ elə bilirdi ki, mənə muştuluq gətirib. Mən onu Sığlaqda öldürdüm.+ Qasidin məndən aldığı mükafat bu oldu. 11 İndi şər adamlar saleh insanı öz evində yatdığı yerdə öldürübsə, gör onların aqibəti necə olacaq! Mən onun qanının qisasını alıb+ sizi dünyadan yox edəcəyəm!» 12 Davud adamlarına onları öldürməyi əmr etdi.+ Onlar bu iki nəfərin əl-ayağını kəsib Həbrundakı çarhovuzun yanında asdılar.+ İşboşetin isə başını götürüb Həbrunda, Abnurun qəbrində dəfn etdilər.