Fəsil 11
Yəhya yol hazırlayır
ON İKİ yaşlı İsanın məbəddə müəllimlərlə söhbət etdiyi vaxtdan artıq 17 il keçib. İndi eramızın 29-cu ilidir. Yenə də bahardır. İsanın qohumu olan Yəhya İordanboyu ərazilərdə təbliğ edir və onun adı dillər əzbəri olub.
Yəhya heç də adi adam deyil. O, dəvə yunundan hazırlanmış paltar geyib, belinə dəri qurşaq bağlamışdır; o, çəyirtkə və çöl balı ilə qidalanır. Yəhya bəyan edir: «Tövbə edin, çünki səmavi padşahlıq yaxınlaşır».
Bu sözləri eşidənlərin ürəyi riqqətə gəlir. Çoxları anlayır ki, tövbə etmək, yəni düşüncə tərzini dəyişib əvvəlki həyat yolundan əl çəkmək lazımdır. Bütün İordanboyu ərazilərdən, hətta Yerusəlimdən camaat axışıb Yəhyanın yanına gəlir. Yəhya onları İordan çayında suya batırıb çıxarmaqla vəftiz edir. Bu nədən ötrüdür?
Adamlar Allahın verdiyi Qanunun əhdinə qarşı günah işlədiklərini dərk edir və peşman olub ürəkdən tövbə etdiklərini göstərmək üçün Yəhyanın yanına gəlib vəftiz olunurlar. Yəhudi din xadimləri olan fərisey və sadukeylərdən də bəziləri vəftiz olmaq üçün İordan çayına gələndə Yəhya onları mühakimə edir: «Ey əfi ilan balaları... Tövbəyə yaraşan bəhrələr gətirin və “Atamız İbrahimdir”, — deyib, özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. Artıq balta ağacların dibinə qoyulub; yararsız meyvə gətirən ağac kəsilib oda atılacaq».
Yəhyanın diqqət mərkəzində olduğunu görən yəhudilər kahin və levililəri, yəni məbəddə xidmət edən kişiləri onun yanına göndərirlər. Onlar gəlib soruşurlar:
— Sən kimsən?
— Mən Məsih deyiləm, — deyə Yəhya etiraf edir.
— Bəs onda kimsən? Olmaya İlyassan?
— Xeyr.
— Bəlkə gözlədiyimiz Peyğəmbərsən?
— Yox.
— Axı sən kimsən? Özün haqqında bir şey de ki, bizi göndərənlərə cavab verə bilək.
— Mən Yeşaya peyğəmbərin dediyi kimi səhrada: «Yehovanın yolunu hamarlayın!» — qışqıran carçıyam.
— Əgər sən nə Məsih, nə İlyas, nə də gözlədiyimiz Peyğəmbər deyilsənsə, bəs onda nəyə görə vəftiz edirsən?
— Mən suda vəftiz edirəm. Lakin aranızda bir nəfər var, siz onu tanımırsınız. O, məndən sonra gəlir.
Yəhya yol hazırlayır. O, Məsihi, gələcək Padşahı qəbul etmələri üçün insanları düzgün yola çağırır. Yəhya gələcək Məsih haqqında belə deyir: «Məndən sonra gələn məndən qat-qat güclüdür. Mən onun ayağından səndəlini çıxartmağa belə layiq deyiləm» və «məndən sonra gələn məndən qabağa keçdi, çünki o, məndən əvvəl var idi».
Beləliklə, Yəhya: «Səmavi padşahlıq yaxınlaşır», — deyərək Yehovanın təyin etdiyi Padşahın, İsa Məsihin tezliklə xidmətə başlayacağını bəyan edir. Yəhya 1:6—8, 15—28; Matta 3:1—12; Luka 3:1—18; Həvarilərin işləri 19:4.
▪ Yəhya necə adamdır?
▪ Yəhya insanları nə üçün vəftiz edir?
▪ Padşahlığın yaxınlaşdığını deməklə Yəhya nədən xəbər verir?