Fəsil 84
Şagirdlik məsuliyyəti
İSA MƏSİH bu məşhur fəriseyin (güman ki, o Sinedrionun üzvü idi) evindən çıxdıqdan sonra Yerusəlimə doğru yoluna davam edir. Böyük bir izdiham onun ardınca gedir. Görəsən, onların niyyəti nədir? İsanın ardınca getmək, onun əsil şagirdi olmaq özünə nəyi daxil edir?
Yolda İsa camaata müraciət edir: «Yanıma gəlib, amma ata-anasını, arvadını, uşaqlarını, bacı-qardaşını, bəli, hətta həyatını məndən çox sevən mənim şagirdim ola bilməz». Yəqin ki, bu sözlər adamları çaşbaş salır.
İsa bununla nə demək istəyir? O demir ki, onun davamçıları öz qohum-əqrəbalarını qətiyyən sevməməlidirlər. Sadəcə onlar İsa Məsihi öz ailələrindən çox sevməlidirlər. Misal üçün, Yaqub peyğəmbər arvadı Rəhiləni o biri arvadı Leadan çox sevirdi.
Fikir verin ki, İsanın davamçısı İsanı «həyatı»ndan çox sevməlidir, yəni İsa onun üçün candan da şirin olmalıdır. Beləcə, İsa göstərir ki, onun şagirdi olmaq böyük məsuliyyətdir. Bu elə-belə istək deyil.
İsanın şagirdi olmaq çətinliklərə və təqiblərə qatlaşmaq deməkdir. Bu onun növbəti sözlərindən görünür: «İşgəncə dirəyini götürüb mənim arxamca gəlməyən mənim şagirdim ola bilməz». Deməli, əsil şagird İsanın daşıdığı yükün altına girməyə, lazım gələrsə, Allahın düşmənlərinin əlində ölməyə belə hazır olmalıdır. Necə ki İsa bir azdan bu yolda öləcəkdi.
Buna görə də İsanın ardınca gedənlər onun şagirdi olmağın nə demək olduğu üzərində yaxşıca götür-qoy etməlidirlər. İsa bunu bir məsəllə təsvir edir: «Misal üçün, sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub vəsaitini hesablamaz? Əks təqdirdə, bünövrəni qoyacaq, amma qurtarmağa vəsaiti çatmayacaq, onda: “Bu adam tikməyə başladı, amma qurtara bilmədi”, — deyə camaatı özünə güldürəcək».
Bununla İsa onun ardınca gələnlərə göstərir ki, qüllə tikmək istəyən adam işə başlamazdan əvvəl vəsaitinin bəs edib-etməyəcəyini hesabladığı kimi, onlar da onun şagirdi olmazdan öncə bütün tələbləri yerinə yetirəcəklərinə əmin olmalıdırlar. Sonra İsa daha bir məsəl danışır:
«Yaxud hansı padşah digər padşaha qarşı müharibəyə çıxanda əvvəlcə oturub məsləhətçiləri ilə məşvərət etməz ki, görsün on min əsgərilə düşmənin iyirmi min əsgərinə qalib gələ biləcək, ya yox? Əgər gücü çatmırsa, düşmən padşah hələ uzaqda ikən, elçilərini göndərib onunla sülh bağlamağa çalışacaq».
İsa bu məsəllərdəki əsas fikri belə vurğulayır: «Əmin ola bilərsiniz, əmlakından əl çəkməyən adam mənim şagirdim ola bilməz». İsanın ardınca gedənlər, həmçinin onun haqqında öyrənən hər kəs buna hazır olmalıdır. İsanın şagirdi olan hər bir insan hər şeyindən — bütün var-dövlətindən, hətta həyatından belə keçməyə hazır olmalıdır. Bəs siz buna hazırsınız?
İsa sözünə davam edir: «Duz, əlbəttə ki, yaxşı şeydir». Dağüstü təbliğində İsa şagirdləri barədə demişdi ki, onlar «dünyanın duzu»durlar. Duz hər şeyi xarab olmaqdan qoruduğu kimi, onlar da insanlara qoruyucu təsir göstərirlər. İsa fikrini belə yekunlaşdırır: «Amma o [duz] öz xassəsini itirsə, ona nə ilə dad vermək olar? O, artıq nə torpağa, nə də gübrəyə yarayır. Onu tullayırlar. Qulağı olan, qoy eşitsin».
Beləliklə, İsa göstərir ki, onun şagirdləri də axıradək bu yolda qalmaq əzmini zəiflətməməlidir. Əks halda, yararsız olacaqlar — bu dünyanın gözündə gülünc olacaq, Allahın gözündən düşəcəklər, hətta Onun adına ləkə gətirəcəklər. Onlar öz xassəsini itirmiş, xarab olmuş duz kimi, tullanacaq, yəni məhv ediləcəklər. Luka 14:25—35; Yaradılış 29:30—33; Matta 5:13.
▪ Öz qohum-əqrəbasını və öz həyatını sevməmək nə deməkdir?
▪ İsa hansı iki məsəli danışır və onların mənası nədir?
▪ İsanın duz haqqındakı son sözlərinin məğzi nədir?