FƏSİL 66
Yerusəlimdə Çardaqlar bayramında
İSA PEYĞƏMBƏR MƏBƏDDƏ TƏLİM VERİR
İsa Məsih vəftiz olandan bəri çox məşhurlaşıb. Minlərlə yəhudi onun möcüzələrini görmüş və onun işlərinin sorağı bütün ölkəyə yayılmışdır. İndi Yerusəlimə, Çardaqlar bayramına gəlmiş camaat onu axtarır.
İsa peyğəmbər barədə hərə bir fikirdədir. Bəziləri deyir: «O, yaxşı adamdır». Başqaları isə deyir: «Yox, o, camaatı yoldan çıxarır» (Yəhya 7:12). Bayramın ilk günlərində buna bənzər çoxlu söz-söhbətlər gəzir. Amma yəhudi rəhbərlərinin qorxusundan heç kəs İsa peyğəmbərin lehinə açıq-aşkar söz deməyə cürət etmir.
Bayramın ortasında peyğəmbər məbədə gəlib çıxır. Camaat onun müəllimlik məharətinə heyran qalır. O, heç vaxt ravvin məktəblərində oxumayıb. Buna görə də yəhudilər təəccüblənirlər: «Necə olur ki, bu adam Müqəddəs Yazıları belə yaxşı bilir, axı o, heç yerdə təhsil almayıb?» (Yəhya 7:15).
Peyğəmbər izah edir: «Verdiyim təlim mənim deyil, məni göndərənindir. Allahın iradəsini yerinə yetirmək istəyən adam bu təlimin Allahdan olduğunu, yoxsa mənim özümdən danışdığımı ayırd edəcək» (Yəhya 7:16, 17). İsa Məsihin təlimləri Allahın Qanunu ilə üst-üstə düşür. Deməli, hər kəsə məlum olmalıdır ki, o, özünü yox, Allahı şöhrətləndirməyə can atır.
Sonra İsa peyğəmbər deyir: «Məgər Qanunu sizə Musa verməyib? Halbuki aranızda heç kəs Qanuna əməl etmir. Məni nəyə görə öldürmək istəyirsiniz?» Camaatın arasında bəziləri peyğəmbərə qarşı sui-qəsddən xəbərsizdir, çünki ola bilsin, onlar başqa şəhərlərdən gələn qonaqlardır. Onların ağlına belə gəlmir ki, kimsə bu cür gözəl müəllimi öldürmək istəsin. Buna görə də onlar belə bir qənaətə gəlirlər: «Yəqin İsa peyğəmbərə nəsə olub ki, onun ağlına belə fikirlər gəlir». Onlar deyirlər: «Səndə cin var. Kim səni öldürmək istəyir?» (Yəhya 7:19, 20).
Bir il yarım bundan əvvəl İsa Məsih şənbə günü bir nəfəri sağaltdığı üçün yəhudi din xadimləri onu öldürmək fikrinə düşmüşdülər. Peyğəmbər indi söhbəti elə aparır ki, onların bu məsələdə yanıldıqları üzə çıxır. O, bir fakta diqqət yetirir. Qanuna əsasən, uşaq səkkizinci gündə sünnət olunmalıdır, hətta həmin gün şənbə gününə düşsə belə. O soruşur: «Əgər Musanın Qanunu pozulmasın deyə, şənbə günü sünnət etmək olarsa, bəs onda nə üçün şənbə günü insanı tamamilə sağaltdığıma görə qəzəblənmisiniz? Bəsdirin səthi mühakimə etdiniz, ədalətlə mühakimə edin» (Yəhya 7:23, 24).
İşin nə yerdə olduğunu bilən Yerusəlim əhli isə belə deyir: «Bu, onların [rəhbərlərin] öldürmək istədikləri həmin adam deyil? Bir baxın, o, açıq-aşkar danışır, ona bir söz deyən yoxdur. Olmaya, bizim rəhbərlər onun Məsih olduğunu düşünürlər?» Maraqlıdır, bəs onda nəyə görə camaat İsa peyğəmbərin Məsih olduğuna inanmır? Onlar deyir: «Biz bu adamın haralı olduğunu bilirik, ancaq Məsih zühur edəndə heç kəs onun haradan gəldiyini bilməyəcək» (Yəhya 7:25—27).
Məsih elə məbəddəcə cavab verir: «Siz məni tanıyırsınız və mənim haradan gəldiyimi bilirsiniz. Ancaq mən özbaşına gəlməmişəm. Məni göndərən gerçəkdir, lakin siz Onu tanımırsınız. Onu mən tanıyıram, çünki mən Onun elçisiyəm, məni O göndərib» (Yəhya 7:28, 29). Bu sözlərdən sonra onlar İsa peyğəmbəri yaxalayıb ya zindana atmaq, ya da öldürmək istəyirlər. Lakin cəhdləri boşa çıxır, çünki onun ölmək vaxtı hələ yetişməyib.
Buna baxmayaraq, çoxları İsa peyğəmbərə iman gətirir və bu, heç də əsassız deyil. Məsih suyun üzəri ilə getmiş, küləyi ram etmiş, möcüzə göstərib bir neçə çörək və balıqla minlərlə adamı yedizdirmiş, xəstələrə şəfa vermiş, axsaq və cüzamlı adamları sağaltmış, korlara nur vermiş, hətta ölən adamları diriltmişdi. Buna görə də adamlar soruşurlar: «Məgər Məsih gəlib bu adamın göstərdiyi möcüzələrdən artığını göstərəcək?» (Yəhya 7:31).
Fərisilər eşidəndə ki, camaatın arasında belə söhbət var, böyük kahinlərlə əlbir olub İsa peyğəmbəri tutmaq üçün keşikçilər göndərirlər.