FƏSİL 112
Ağıllı qızlar haqda məsəl
İSA PEYĞƏMBƏR ON QIZ HAQDA MƏSƏL ÇƏKİR
İsa peyğəmbər həvarilərin onun hüzuruna və dövrün yekununa dair verdiyi suala cavab verib. İndi bu söhbətlə bağlı əlavə bir məsəl çəkib onlara məsləhət verir. Onun hüzuru zamanı yaşayanlar bu məsəldəki hadisələrin şahidi olacaq.
O, məsəlinə belə başlayır: «Səmavi Padşahlıq çıraqlarını götürüb bəyi qarşılamağa çıxan on qıza bənzəyir. Onlardan beşi ağılsız, beşi isə ağıllı idi» (Mətta 25:1, 2).
İsa peyğəmbər demək istəmir ki, səmavi Padşahlığı miras alan şagirdlərindən bəziləri ağıllı, bəziləri isə ağılsız olacaq. O, sadəcə vurğulayır ki, Padşahlıqla bağlı hər şagirdin öz seçimi var: ya ayıq-sayıq olmaq, ya da sayıqlığı itirmək. İsa Məsih əmindir ki, onun hər bir xidmətçisi ona sadiq qala və Allahdan xeyir-dualar ala bilər.
Məsəldə on qız bəyi qarşılamağa və toy şənliyinə qatılmağa gedir. Bu qızlar əllərindəki çıraqla gəlinini evinə gətirməyə hazırlaşan bəyin yolunu işıqlandırmalıdırlar. Bəs əslində necə olur?
İsa peyğəmbər izah edir: «Ağılsız qızlar çıraqlarını götürmüşdülər, amma yağ götürməmişdilər. Ağıllı qızlar isə çıraqlarla birgə yağ qablarını da doldurub özləri ilə götürmüşdülər. Bəy yubandığı üçün qızlar mürgüləyib yuxuya getdilər» (Mətta 25:3—5). Bəy gözlənilən vaxt gəlmir. Görünür, o çox yubanır və bütün bu vaxt ərzində qızlar yuxuya gedirlər. Ola bilsin, həvarilər İsa Məsihin kübar ailədən olan adamın padşahlıq hakimiyyətini alıb geri qayıtması barədə danışdığı söhbəti xatırlayırlar (Luka 19:11—15).
On qız haqda məsəldə İsa peyğəmbər bəyin gəldiyi zaman nələrin baş verdiyini təsvir edir: «Birdən gecə yarısı kimsə qışqırdı: “Bəy gəlir! Bəyin qabağına çıxın”» (Mətta 25:6). Bəs qızlar hazırlıqlı və ayıq-sayıqdırlarmı?
Peyğəmbər məsəlinə davam edir: «Onda qızların hamısı durub çıraqlarını qaydaya saldı. Ağılsız qızlar ağıllılara dedilər: “Çıraqlarımız sönür, yağınızdan bir az bizə də verin”. Ağıllı qızlar belə cavab verdilər: “Birdən yağ nə sizə çatar, nə bizə. Yaxşısı budur gedin, yağ satanlardan alın”» (Mətta 25:7—9).
Beləcə, ağılsızlıq edən beş qız ayıq-sayıqlıqlarını qorumadıqları üçün bəyin gəlişinə hazır deyillər. Çıraqlarında yetərincə yağ qalmadığına görə onlar gedib yağ axtarmalıdırlar. İsa Məsih deyir: «Onlar yağ almağa getdikləri vaxt bəy gəlib çıxdı. O qızlar ki hazır idi, bəylə toy məclisinə girdilər və qapı bağlandı. Bir qədər sonra o biri qızlar da gəlib: “Ağa, ağa, bizik, qapını aç!” — deyə çağırdılar. Bəy onlara dedi: “Mən sizi tanımıram”» (Mətta 25:10—12). Ayıq-sayıqlığı itirib hazırlıqsız olanların axırı necə də acınacaqlı olur!
Həvarilər bilirlər ki, İsa peyğəmbər bəy deyərkən özünü nəzərdə tutur. Çünki əvvəllər də özünü bəyə bənzətmişdi (Luka 5:34, 35). Bəs ağıllı qızlar kimi təmsil edir? İsa Məsih Padşahlığı miras alacaq «kiçik sürü» barədə danışanda növbəti sözləri demişdi: «Hazır olun, qoy çırağınız həmişə yansın» (Luka 12:32, 35). Beləcə, Məsih qızlar haqda məsəli danışarkən həvarilər dərk edirlər ki, Məsih bu sözləri onlar kimi digər sadiq şagirdlərə şamil edir. Bəs İsa peyğəmbər bu məsəli çəkməklə nə demək istəyir?
Onun nə demək istədiyi heç kimə qaranlıq qalmır. O, məsəlinə belə yekun vurur: «Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (Mətta 25:13).
Məsih bununla vurğulayır ki, sadiq davamçıları onun hüzuru zamanı oyaq qalmalıdırlar. O gələndə onlar, məsəldəki beş ağıllı qız kimi, hazırlıqlı və ayıq-sayıq olmalıdırlar ki, öz gözəl ümidlərini itirməsinlər və mükafatlarını əldən verməsinlər.