FƏSİL 116
Pasxa bayramında təvazökarlıq dərsi
MƏTTA 26:20 MARK 14:17 LUKA 22:14—18 YƏHYA 13:1—17
İSA MƏSİH HƏVARİLƏRİLƏ SONUNCU PASXA YEMƏYİNİ YEYİR
İSA MƏSİH HƏVARİLƏRİNİN AYAĞINI YUYARAQ ONLARI ÖYRƏDİR
Butrus və Yəhya İsa peyğəmbərin göstərişinə əsasən, Pasxa bayramına hazırlıq görmək üçün Yerusəlimə gedib. İsa Məsih digər on həvarisi ilə ora getməyə hazırlaşır. Günəş qərbə doğru əyiləndə Məsih həvarilərilə Zeytun dağından enir. O, ölümündən qabaq axırıncı dəfə bu dağdan şəhəri gün işığında seyr edir.
Bir azdan bu yolçular şəhərə girib Pasxa bayramını qeyd edəcəkləri evə tərəf addımlayırlar. İsagil evə çatıb onlar üçün hazırlanmış üst mərtəbədəki böyük otağa qalxırlar. Məsih bu günü səbirsizliklə gözləyirdi. O deyir: «Mən çox arzulayırdım ki, əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə yeyim» (Luka 22:15).
Uzun illər öncə Pasxa bayramı qeyd edilərkən şərabla dolu bir neçə camı bir-birinə ötürmək adəti yaranmışdı. İsa peyğəmbər camı götürür və şükür edib deyir: «Bu camı götürün, bir-birinizə ötürün. Çünki Allahın Padşahlığı gəlməyincə mən bir daha şərab içməyəcəyəm» (Luka 22:17, 18). Aydındır ki, onun ölümünə az qalıb.
Pasxa yeməyi zamanı qeyri-adi bir şey baş verir: peyğəmbər ayağa durur, üst paltarını çıxarıb qırağa qoyur və dəsmal götürür. Sonra bir ləyən götürüb içinə su tökür. Adətən, evə qonaq gələndə onun ayağını yumaq məsuliyyəti ev sahibinin üzərinə düşürdü; amma çox güman ki, bunu ev sahibinin özü yox, nökərləri edirdi (Luka 7:44). Bu bayram mərasimində ev sahibi iştirak etmədiyindən peyğəmbər bu məsuliyyəti öz üzərinə götürür. Bunu həvarilərdən hər biri edə bilərdi, bəlkə də, ürəklərində rəqabət hissi olduğundan heç biri qabağa çıxmır. Hər necə olursa olsun, İsa peyğəmbər onların ayaqlarını yuyanda isə onlar utanırlar. Növbə Butrusa çatanda o etiraz edir:
— Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan.
— Yumasam, yanımda sənə yer yoxdur.
— Ağa, onda təkcə ayaqlarımı yox, əllərimi də, başımı da yu.
İsa Məsih Butrusun təəccübünə səbəb olacaq fikir deyir:
— Çimmiş adam tərtəmizdir, təkcə ayaqları yuyulsa bəsdir. Siz də təmizsiniz, amma hamınız yox (Yəhya 13:8—10).
İsa Məsih Yəhuda İskəryut da daxil olmaqla, on iki həvarisinin on ikisinin də ayağını yuyur. Sonra üst paltarını geyinib süfrəyə əyləşir. O deyir: «Sizin üçün nə etdiyimi başa düşürsünüz? Siz mənə “Ustad”, “Ağa” deyirsiniz, düz də edirsiniz, bu, elədir ki var. Əgər mən, Ağa və Ustad ola-ola, sizin ayaqlarınızı yudumsa, siz də bir-birinizin ayaqlarını yumalısınız. Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın. Bunu bilin, nökər ağasından üstün deyil, göndərilən də onu göndərəndən üstün deyil. Madam ki bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız» (Yəhya 13:12—17).
Bu, təvazökarlıqla xidmət etməyə dair çox gözəl dərsdir! Həvarilər birinciliyə can atmamalıdırlar; onlar elə düşünməməlidirlər ki, başqalarından üstündürlər və başqaları onlara xidmət etməlidir. Onlar İsa Məsihdən nümunə götürməlidirlər. İsa Məsihin məqsədi ayaq yumağı adətə çevirmək deyildi, bununla o istəyirdi ki, şagirdləri ayrı-seçkilik etmədən və təvazökarlıqla başqalarına xidmət etməyə hazır olsunlar.