HİSSƏ 5
Canını qoruyan Çobanın və Nəzarətçinin yanına qayıt
Yəqin bu broşürdə haqqında danışılan çətinliklərdən biri və ya bir neçəsi sənə tanışdır. Əgər belədirsə, sən tək deyilsən. Allahın həm qədimdə, həm də müasir dövrdə yaşayan bir çox sadiq bəndələri oxşar çətinliklərlə üzləşiblər. Yehova onlara çətinliklərinin öhdəsindən gəlməyə kömək edib. O, sənə də kömək etməyə qadirdir.
Yehovaya dönərkən O, sənə kömək edəcək
ƏMİN OL Kİ, Yehovaya dönərkən O, sənə kömək edəcək. Sənə qayğılarının öhdəsindən gəlməyə, incikliyi dəf etməyə, habelə vicdan əzabından qurtulub əqlən və ruhən rahatlıq tapmağa yardım edəcək. Onda qəlbində yenidən dindaşlarınla birgə Yehova Allaha xidmət etmək istəyi oyanacaq. Birinci əsrdə də bəzi məsihilərlə belə olmuşdu. Həvari Butrus onlar haqda yazmışdı: «Siz yolunu azmış qoyunlar kimi idiniz, ancaq indi canınızı qoruyan çobanın və nəzarətçinin yanına qayıtdınız» (1 Butrus 2:25).
Yehovaya dönməklə sən ən düzgün addımı atacaqsan. Bununla Yehovanın qəlbini sevindirəcəksən (Məsəllər 27:11). Bildiyin kimi, Yehovanın hissləri var və bizim hərəkətlərimiz Onu ya sevindirir, ya da kədərləndirir. Sözsüz ki, Yehova bizi Onu sevməyə, Ona xidmət etməyə məcbur etmir (Qanunun təkrarı 30:19, 20). Müqəddəs Kitab üzrə bir alim bu fikrə belə bir şərh vermişdi: «İnsanın ürəyinin qapısının bayır tərəfdə dəstəyi yoxdur. O, yalnız içəridən açılır». Yehovaya ürəkdən, məhəbbətdən irəli gələrək ibadət edəndə bu qapını açırıq. Belə edəndə biz Ona sadiq olduğumuzu göstəririk. Yehova üçün bundan dəyərli hədiyyə yoxdur. Bu, Onun ürəyini çox sevindirir. Həqiqətən də, Yehovaya layiqincə ibadət edəndə duyduğumuz xoşbəxtliklə heç bir şey müqayisəyə gəlməz (Həvarilərin işləri 20:35; Vəhy 4:11).
Üstəlik, sən yenidən məsihi kimi Allaha ibadət etməyə başlayanda ruhani tələbatların ödəniləcək (Mətta 5:3). Belə ki, insanlar nəyə görə dünyaya gəldiklərini bilmək istəyirlər. Onlar həyatın mənası ilə bağlı suallarına cavab axtarırlar. Çünki Yehova insanları bu cür tələbatla yaradıb. O, bizi elə yaradıb ki, Ona ibadət etmək bizə xoşbəxtlik gətirsin. Yehovaya məhəbbətdən irəli gələrək ibadət etdiyimizi anlayanda duyduğumuz məmnunluq heç nə ilə müqayisə oluna bilməz (Zəbur 63:1—5).
Bil ki, Yehova sənin Ona dönməyini istəyir. Çoxlu dualarla, böyük diqqətlə sənin üçün bu broşür hazırlanıb. Yəqin ki, bu broşürü sənə ağsaqqal və ya hansısa həmimanlın verib. Sən bunu artıq oxumusan, burada yazılanlara hay vermisən. Bütün bunlar sübut edir ki, Yehova səni unutmayıb. Əksinə, O, yenidən səni nəvazişlə Özünə cəlb edir (Yəhya 6:44).
Bəli, Yehova itən xidmətçilərini heç vaxt unutmur. Bunu bilmək necə də xoşdur. Donna adlı bir bacı bunu öz üzərində hiss etmişdi. O deyir: «Mən yavaş-yavaş həqiqətdən uzaqlaşmışdım. Ancaq Zəbur 139:23, 24 ayələrindəki sözləri tez-tez fikirləşirdim: “Xudaya, məni yoxla, qəlbimi öyrən, məni imtahan et, narahat düşüncələrimi bil, gör məndə pis meyil varmı. Əbədiyyət yolunda mənə bələdçi ol!” Bilirdim ki, mən bu dünyaya məxsus deyiləm. Heç cür dünyaya uyğunlaşa bilmirdim. Həm də anlayırdım ki, mənim yerim Yehovanın təşkilatıdır. Yavaş-yavaş başa düşdüm ki, Yehova məni atmayıb. Sadəcə mən Ona dönməli idim. Çox xoşbəxtəm ki, bu addımı atdım!»
«Yavaş-yavaş başa düşdüm ki, Yehova məni atmayıb. Sadəcə mən Ona dönməli idim»
Biz dua edirik ki, sən də «Yehovanın bəxş etdiyi sevinci» yenidən dadasan (Nəhəmya 8:10). Yehovaya döndüyün üçün heç vaxt peşman olmayacaqsan.