Dünya ideal rəhbərliyin axtarışında
O, nasir və şair idi. Onun ürəyi gələcəyə ümidlə çırpınırdı. Təxminən 90 il əvvəl o, yer üzündə “idrakın qorxu bilmədiyi, başın uca, biliyin azad olduğu; dünyanın dar ev divarları ilə bölünmədiyi; sözlərin həqiqət dərinliyindən çıxdığı; usanmaz cəhdlərin get-gedə kamilliyə çatdığı” bir yeri xəyalən təsəvvür etdi.
SONRA bu şair, başqa ölkələrdə olduğu kimi, öz ölkəsində də insanların bir gün belə bir azad dünyada oyanacaqlarına ümidini bildirdi. Nobel mükafatı laureatı olan bu şair indi sağ olsaydı, çox mə’yus olardı. Bütün inkişaf və nailiyyətlərinə baxmayaraq, dünya əvvəlkindən daha dağınıq vəziyyətdədir, bəşəriyyəti isə kədərli gələcək gözləyir.
Bir fermerdən ölkəsindəki müxtəlif dəstələr arasında gözlənilməz zorakılıqların nəyə görə baş verdiyini soruşanda, o, tək bir səbəbi qeyd edərək demişdir: “Bizim yaxşı rəhbərliyimiz yoxdur”. Tarixçi Conatan Qlover “Bəşəriyyət. İyirminci əsrin mə’nəvi tarixi” adlı kitabında buna bənzər fikir söyləyir: “[Elə həmin ölkədəki] genosid, tayfalar arasındakı düşmənçilik sayəsində qəflətən baş verməmişdir, hakimiyyəti əldən buraxmaq istəməyənlər tərəfindən bilərəkdən həyata keçirilmişdir” (“Humanity-A Moral History of the Twentieth Century”).
XX əsrin 90-cı illərinin əvvəlində keçmiş Yuqoslaviyanın iki respublikası arasında müharibə başlandıqda, bir jurnalist yazmışdır: “Biz uzun illər ərzində birlikdə mehriban yaşayırdıq, indi isə iş o yerə çatıb ki, bir-birimizin körpələrini qətlə yetiririk. Axı bizimlə nə baş verdi?”
Avropa və Afrikadan min kilometrlərlə aralıda, yuxarıda xatırlanan şairin doğma vətəni Hindistan yerləşir. “Hindistan vahid bir ölkə kimi mövcudluğuna davam edəcəkmi?” mövzusuna dair mə’ruzəsində Pranay Qupta cavab verir: “Hindistanda əhalinin 70 faizini hələ 30 yaşa çatmamış insanlar təşkil edir, lakin orada onlara yaxşı nümunə verəcək rəhbərlər yoxdur” (“Can India Survive as One Nation?”).
Bə’zi ölkələrin rəhbərləri ruşvətxorluqda ittiham edildikləri üçün iste’fa vermək məcburiyyətində qalırlar. Görünür, müxtəlif səbəblər üzündən dünya rəhbərlik sahəsində böhran dövrünü yaşayır. Dünyadakı vəziyyət 2 600 il bundan əvvəl yaşamış bir peyğəmbərin sözlərinin haqlı olduğuna şəhadətdir: “İnsanın yolu öz əlində deyildir; addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” (Yeremya 10:23).
Dünyada yaranan vəziyyətdən çıxış yolu varmı? İnsanların, zorakılıq və qorxunun hökmranlıq etmədiyi, həqiqi biliyin azad və bolluca verildiyi, kamilliyə doğru can atılan dünyada yaşamalarına kim kömək edə bilər?
[İcazə ilə]
Fatmir Boshnjaku