Oxucuların sualları
Təkvin 38:15, 16 ayələrinə əsasən, hansı vəziyyət Yəhudanın fahişə sandığı qadınla cinsi əlaqədə olmasına gətirib çıxardı?
Yəhuda fahişə sandığı qadınla doğrudan da cinsi əlaqədə olsa da, əslində həmin qadın fahişə deyildi. “Təkvin” kitabının 38-ci fəslinə əsasən, hadisə belə olmuşdur.
Yəhudanın ilk oğlu və Tamarın əri “Rəbbin [“Yehovanın”, YD] gözündə pis” olduğu üçün, özündən sonra nəsil qoymadan öldürüldü (Təkvin 38:7). Həmin dövrün adəti üzrə, kişi özündən sonra nəsil qoymadan öldükdə, qardaşı onun dul qalmış arvadı ilə evlənməli və nəsil yetişdirməli idi. Lakin Yəhudanın ikinci oğlu Onan öz vəzifəsini yerinə yetirməkdən imtina etdi. Buna görə Allah onu da öldürdü. Bu zaman Yəhuda gəlini Tamarı atasının evinə göndərdi ki, üçüncü oğlu Şela onunla evlənmək üçün kifayət qədər böyüyənə qədər orada qalsın. Vaxtı gəlib çatanda Yəhuda Şelanı Tamar ilə evləndirmədi. Buna görə də, Yəhudanın arvadı öləndən sonra, Tamar israilli qayınatası Yəhudadan nəsil yetişdirməyin üsulunu tapdı. O, mə’bəd fahişəsi paltarı geyinib, Yəhudanın gəlib-keçməli olduğu yolun kənarında oturdu.
Yəhuda Tamarı tanımayıb, onunla intim əlaqəyə girdi. Tamar isə ehtiyat üçün əvəzində onun bə’zi əşyalarını götürdü və sonradan onların köməyilə Yəhudadan hamilə olduğunu sübut etdi. Həqiqətin üstü açılanda Yəhuda Tamarı günahlandırmadı, əksinə, həlimliklə e’tiraf etdi: “O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim”. Və təbii ki, Yəhuda “onunla bir daha yaxınlıq etmədi” (Yaradılış 38:26, MKŞ).
Yəhuda Tamarı, və’d etdiyi kimi, oğlu Şelaya verməməklə düzgün iş görməmişdi. Bundan əlavə o, mə’bəd yaxınlığındakı fahişə kimi hesab etdiyi qadınla intim əlaqəyə girmişdi. Bu, Allahın, kişinin yalnız nikah daxilində cinsi əlaqədə olmağa dair niyyətinə zidd idi (Təkvin 2:24). Əslində isə Yəhuda fahişə ilə əlaqədə olmamışdı. O, özü də dərk etmədən, oğlu Şelanın yerinə levirat nikahda qanuni varisin atası olmuşdu.
Tamara gəldikdə isə, onun Yəhuda ilə olan münasibəti əxlaqsızlıq deyildi. Onun əkiz oğulları zinadan doğulmamışdı. Beytlehemdən olan Boaz levirat nikah şərtləri altında moablı Rutla evlənən zaman, Beytlehemin ağsaqqalları Tamarın oğlu Perets haqqında iltifatla danışdılar və Boaza dedilər: “Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin [Perets] evi kimi etsin” (Rut 4:12, MKŞ). Peretsin adı, İsa Məsihin nəsil şəcərəsinə də daxildir (Matta 1:1-3; Luka 3:23-33).