Oxucularımız soruşur
Nuhun günlərindəki Daşqın həqiqətənmi dünya miqyasında baş vermişdi?
Daşqının baş verməsindən 4 000 ildən çox vaxt keçib. Buna görə də indi yer üzündə bu hadisəni bizə nəql edəcək canlı şahidlər yoxdur. Amma bu fəlakət barədə yazılı sənədlər var, orada Daşqının sularının o günlərin ən hündür dağlarını örtdüyü deyilir.
Tarixi sənəddə oxuyuruq: «Yer üzündə qırx gün daşqın oldu... Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. Su dağların zirvəsindən on beş qulac [təxminən 6,5 metr] qalxdı və onları örtdü» (Yaradılış 7:17-20).
Bəziləri düşünə bilərlər ki, yerin suya qərq olması əfsanədir, yaxud da şişirtmədir. Bu heç də belə deyil! Demək olar ki, müəyyən mənada yer bu gündə su altındadır. Yer üzünün 71 faizini su tutur. Göründüyü kimi, Daşqının suları hələ də buradadır. Əgər buzlaqlar və qütb buzları ərisəydi, Nyu-York və Tokio kimi şəhərlər suyun altında qalardı.
Birləşmiş Ştatların şimal-qərb landşaftını tədqiq edən geoloqların təbirincə, qədim zamanlarda bu ərazini təxminən 100 dəfə su basmışdı. Hesab edilir ki, bir dəfə belə daşqınlardan biri xüsusilə güclü olmuş və qəflətən baş vermişdi. Hündürlüyü 600 metr, həcmi 2 000 kub kilometr, çəkisi təxminən iki trilyon ton olan və saatda 105 kilometr sürətlə hərəkət edən bu dalğa ərazini basmışdı. Buna bənzər açılışlar başqa alimləri Ümumdünya daşqınının baş verməsinin mümkün olmasına inandırdı.
Ancaq Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna inananlar Ümumdünya daşqınını fakt kimi qəbul edirlər. İsa duasında Allaha demişdi: «Sənin sözün həqiqətdir» (Yəhya 17:17). Həvari Pavel yazırdı: «[Allah] istəyir ki, bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Timoteyə 2:3, 4). Allahın Kəlamında yazılanlar rəvayət olsaydı, həvari Pavel İsanın davamçılarına Allah və Onun niyyəti haqqında həqiqəti necə öyrədə bilərdi?
İsa nəinki Daşqının baş verdiyinə, həm də onun sularının bütün dünyanı basdığına inanırdı. O özünün iştirakı və indiki sistemin sonu haqda böyük peyğəmbərliyində təsvir etdiyi hadisələri Nuhun günləri ilə müqayisə etdi (Matta 24:37-39). Həvari Peter də Nuhun günlərindəki Daşqın barədə yazmışdı: «O zamankı dünya da həmin sularla boğulub məhv oldu» (2 Peter 3:6).
Əgər Nuh və Ümumdünya daşqını əfsanə olsaydı, Peterin və İsanın son günlər barədə söylədikləri xəbərdarlıqlar mənasız olardı. Belə fikirlər insan üçün xəbərdarlıq olmazdı, əksinə, onun Müqəddəs Kitabı düzgün başa düşməməsinə səbəb olar və Daşqından da böyük olan məşəqqətdən sağ çıxmaq imkanını təhlükə altına atardı (2 Peter 3:1-7).
Allah xalqına daima lütf göstərəcəyini deyir: «Nuhun dövründəki daşqın suları bir daha yer üzünü örtməyəcəyi haqda necə and içmişdimsə, indi də and içirəm ki, sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm». Nuhun günlərindəki Daşqının bütün dünyanı basdığına şübhə etmədiyimiz kimi, Allahın Ona etibar edənlərə məhəbbət dolu xeyirxahlıq göstərəcəyinə də əmin ola bilərik (Yeşaya 54:9).