Allahın birinci əsrdəki xidmətçilərinin həyatı
Dülgərlik sənəti
«Məgər bu, dülgərin oğlu deyil?» (MATTA 13:55).
İSA PEYĞƏMBƏR təkcə «dülgərin oğlu» kimi yox, həm də «dülgər» kimi tanınırdı (Mark 6:3). Görünür, o, bu sənəti ögey atası Yusifdən öyrənmişdi.
Dülgərlik işini görmək üçün İsaya hansı bacarıq və alətlər gərək idi? O, Nazaret sakinləri üçün hansı əşyaları hazırlayır və hansı xidmətləri göstərirdi? Uşaq yaşlarından yiyələndiyi bu sənət onun sonrakı həyatına necə təsir etmişdi?
Ailə sənəti. Aşağıdakı şəkildən gördüyümüz kimi, ata böyük oğluna kamanabənzər burğudan düzgün istifadə etməyi öyrədir. Kiçik oğul onlara diqqətlə qulaq asır və müşahidə edir.
Oğlanlar, bir qayda olaraq, bu sənətə 12—15 yaşlarından yiyələnirdilər. Adətən, onlar bunu atalarından öyrənirdilər. Təlim çox illər davam edirdi və oğlanlar lazımi bacarıqlara yiyələnməyə çalışırdılar ki, qabiliyyətli usta olsunlar. Yusif də İsa ilə birgə çalışaraq, ünsiyyət edərək və bu sənətin sirrinə yiyələnməsinə kömək edərək, ehtimal ki, onunla çoxlu vaxt keçirmişdi. O, İsanın məharətli dülgər olduğunu görəndə, yəqin ki, çox fərəhlənirdi.
Bilik, güc və bacarıq. Dülgər işlədiyi ağac növlərinə yaxşı bələd olmalı idi. O, münasib materialı yaşadığı ərazidə bitən ağaclardan, məsələn, sərv, palıd, sidr, əncir və zeytun ağaclarından seçə bilərdi. Lakin birinci əsrdə inşaat materialları mağazası və ya taxta-şalban anbarı olmadığından dülgərin ona lazım olan ölçüdə material seçmək imkanı yox idi. O, meşəyə yollanıb lazımi ağacı tapmalı, onu kəsməli, sonra da həmin ağır tiri sürüyüb emalatxanasına gətirməli idi.
Dülgər bu ağaclardan nə hazırlayırdı? O, çox vaxt emalatxanasından kənarda saatlarla işləyərək ev tikmək işində başqalarına kömək edirdi: o, tir, çatı, pilləkən və qapı-pəncərə düzəldirdi.
Bundan əlavə, dülgər mebellər də düzəldirdi. Şəkildə onun hazırladığı əşyalardan bəziləri göstərilib: siyirməsi, rəfləri və qapıları olan şkaf (1), taburetlər (2), kreslo və stullar (3), müxtəlif ölçüdə və formada stollar (4), eləcə də beşiklər. Bəzən onlar hazırladıqları mebellərə oyma naxışlar vururdular. Davamlı və qəşəng olması üçün onları mum, qatran, ya da yağla yağlayırdılar.
Dülgərə yerli əkinçilər də müraciət edirdilər. O, onlar üçün möhkəm ağac növlərindən boyunduruq (5), yaba, dırmıq və bel (6) düzəldirdi. Xış (kotan) (7) möhkəm olmalı idi, çünki onun dəmirdən olan hissəsi ilə daşlı torpağı şumlayırdılar. Dülgər həmçinin taxtadan arabalar (8) və milləri olan, eləcə də milsiz təkərlər düzəldirdi. Bundan əlavə, o, düzəltdiyi mebelləri, alətləri və arabaları təmir edirdi.
Gəlin gənc dülgər İsanın görkəmini bir təsəvvür edək. Onun dərisi qızmar şərq günəşi altında qaralmış, illərlə fiziki işlə məşğul olmaqdan əzələləri möhkəmlənmiş, taxta-şalbanla, mişarla, balta və çəkiclə işləməkdən əlləri qabar olmuşdu.
Əyani nümunələr mənbəyi. Dərin ruhani həqiqətləri insanlara öyrədərkən İsa sadə və tanış şeylərdən məharətlə nümunələr gətirirdi. O, bu nümunələrdən istifadə edərkən öz dülgərlik təcrübəsinə əsaslanırdımı? Bir dəfə İsa izdihama müraciət edərək demişdi: «Niyə qardaşının gözündəki çöpə baxırsan, amma öz gözündəki tiri görmürsən?» Tirin nə dərəcədə böyük ola biləcəyinə hamıdan yaxşı dülgər bələd idi (Matta 7:3). Başqa vaxt isə o demişdi: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan adam Allahın padşahlığına layiq deyil». Görünür, o, xış da düzəldirdi (Luka 9:62). Səmimi dəvətlərindən birində İsa demişdi: «Boyunduruğumu üzərinizə götürün... Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Matta 11:29, 30). Əlbəttə, İsa heyvanın boynunu sürtməyən «rahat» boyunduruq düzəltməyi bacarırıdı.
Düşmənləri İsanı «dülgərin oğlu» kimi çağırmaqla onu alçaltmağa çalışırdılar. Buna baxmayaraq, birinci əsrdə olduğu kimi, məsihçilər bu gün də bir vaxtlar sadə dülgər olmuş İsa Məsihin izləri ilə getməyi özlərinə şərəf bilirlər.
[30-cu səhifədəki çərçivə/şəkillər]
Dülgərin alət qutusu
Birinci əsrdə dülgər, o cümlədən İsa aşağıda gətirilən alətlərdən istifadə edirdi. Diş-diş ülgücün bərkidildiyi taxta mişar (1), günyə (düzbucaqlı və ya şaquli xətlər çəkmək üçün üçbucaq formalı xətkeş) (2), şaqul (3). Həmçinin dülgərin alət qutusunda səthin düzlüyünü yoxlamaq üçün taraz (4), ölçü çubuğu (5), tənzimlənən dəmir kəskisi olan rəndə (6) və balta (7).
Dülgər detalları yonmaq üçün kamanla işə salınan tokar dəsgahından (8) və yarımdairəvi iskənədən (9) istifadə edirdi. Alətlər qutusunun üstündə iskənə ilə işləmək və çüy vurmaq üçün istifadə olunan taxta çəkici (10) görürük. Burada həmçinin balaca əl mişarı (11), sıyırqa (12) və bir neçə mismar (13) var. Qutunun yanında dəmir çəkic (14) və kərki (15) durur. Qutunun qapağının üstündə həmçinin bıçaq (16) və müxtəlif ölçülü iskənələr (17), qutunun yanında isə kamanabənzər burğu (18) var.