Oxucuların sualları
Nəyin əsasında İsa günahkar kimi tanınan qadının günahlarının bağışlandığını dedi? (Luka 7:37, 48).
İsa Şimon adlı fəriseyin evində nahar edən zaman bir nəfər qadın gəlib onun «ayaqlarının yanında durdu». Qadın onun ayaqlarını göz yaşları ilə isladıb saçları ilə silirdi. Sonra da onun ayaqlarını öpür və onların üstünə ətirli yağ tökürdü. «Müjdə»də deyilir ki, həmin qadın şəhərdə «günahkar» kimi tanınırdı. Əlbəttə, qeyri-kamil insanların hamısı günahlıdır, ancaq, adətən, Müqəddəs Kitabda bu söz altında ciddi günah işlədən və ya pis ad çıxarmış insan nəzərdə tutulur. Ehtimal ki, qadın fahişə idi. İsanın: «Günahların bağışlandı» sözləri də elə həmin qadına ünvanlanmışdı (Luka 7:36—38, 48). Bununla İsa nə demək istəyirdi? Əgər fidyə qurbanlığı hələ təqdim olunmamışdısa, qadının günahları necə bağışlana bilərdi?
İsa onun ayaqlarını yuyub yağlayan qadına günahlarının bağışlandığını deməzdən öncə, ev yiyəsi Şimona vacib bir məqamı izah etmək üçün nümunə çəkdi. Günahı qaytarılmalı olan böyük borcla müqayisə edərək dedi: «Bir borc verənin iki borclusu var idi; biri beş yüz, o biri əlli dinar borclu idi. Onların ödəməyə bir şeyləri olmadığından, o, borcu hər ikisinə bağışladı. İndi, söylə, bunlardan hansı onu çox sevəcəkdir?» Şimon cavab verdi: «“Elə düşünürəm ki, özünə ən çox bağışlanan”. İsa ona: “Düz fikirləşdin”, — dedi» (Luka 7:41—43). Allaha itaət etmək hamımızın borcudur, ancaq Onun sözündən çıxıb günaha yol verəndə biz Ona borclu oluruq. Bununla borclarımız üst-üstə yığılır. Amma Yehova borcları bağışlayan borcverənə bənzəyir. Buna görə də İsa davamçılarını belə dua etməyə təşviq edirdi: «Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla» (Mat. 6:12). Luka 11:4 ayəsində bu borcların günah olduğu bildirilir.
Allah keçmişdə günahları nəyin əsasında bağışlayırdı? Onun mükəmməl ədalətinə əsasən günahın əvəzi ölümdür. Bu səbəbdən Adəm günahının əvəzini həyatı ilə ödəməli oldu. Lakin Allahın israillilərə verdiyi Qanuna müvafiq olaraq günahkar adam bağışlanmaq üçün Yehovaya heyvan qurbanı gətirməli idi. Bu haqda həvari Pavel deyir: «Müqəddəs Qanuna görə, təqribən hər şey qanla təmizlənir və qan tökülmədən bağışlanma olmur» (İbr. 9:22). Yəhudilər bilirdilər ki, Allah tərəfindən bağışlanmağın yeganə yolu qurban gətirməkdir. Buna görə də, İsanın qadına dediyi sözlərə insanların nəyə görə etiraz etdikləri təəccüblü deyil. İsa ilə süfrə arxasında olanlar deyirdilər: «Bu kimdir ki, günahları da bağışlayır?» (Luka 7:49). Bəs günahlı qadının günahlarının bağışlanması nəyin əsasında mümkün idi?
İlk insan cütünün üsyanından sonra Yehovanın söylədiyi ilk peyğəmbərliyə əsasən, Şeytan və onun ‘balası’ peyda olacaq «övlad»ı dabanından sancacaqdılar (Yar. 3:15). Bu, İsa Allahın düşmənləri tərəfindən öldürülən zaman baş verdi (Qalat. 3:13, 16). Məsihin axıdılan qanı bəşəriyyəti günah və ölümün pəncəsindən azad etmək üçün ödənilən qiymətdir. Yaradılış 3:15 ayəsindəki peyğəmbərlik deyilən zaman fidyə Yehovanın gözündə artıq ödənilmiş kimi idi, çünki Allahın niyyətinin yerinə yetməsinə heç nə mane ola bilməzdi. İndi O, Onun vədlərinə iman gətirən hər kəsi bağışlaya bilərdi.
Məsihçilikdən əvvəlki dövrdə bəzi insanlar Yehovanın gözündə saleh sayılırdılar. Onların arasında Xanok, Nuh, İbrahim, Raxav və Əyyub da var idi. Onlar Allahın vədlərini yerinə yetəcəyi vaxtı imanla gözləyirdilər. İsanın şagirdi Yaqub yazır: «İbrahim Allaha iman etdi, bu da onun hesabına salehlik kimi qeyd edildi». Yaqub Raxav haqqında isə deyir: «Fahişə Rahav [Raxav] da eyni cür öz əməllərinə görə saleh sayılmadımı?» (Yaq. 2:21—25).
Qədim İsrail padşahı Davud bir neçə ciddi günah işlətmişdi, ancaq onun həqiqi Allaha möhkəm imanı vardı və o, hər dəfə səmimi-qəlbdən tövbə edirdi. Bundan əlavə, Müqəddəs Kitabda deyilir: «Allah, Məsihi Öz qanına iman vasitəsilə günah əfv etdirən qurban təqdim etdi. Bu isə, Allahın ədalətini göstərmək üçün idi. Çünki Allah səbirli olaraq, əvvəlcə işlədilən günahlara diqqət yetirməmişdi ki, indiki zamanda Öz ədalətini izhar etsin ki, Özü adil olsun və İsaya iman edənə bəraət versin» (Rom. 3:25, 26). İsanın gələcək fidyə qurbanlığına əsaslanaraq, Yehova ədalət prinsipində güzəştə getmədən Davudun günahlarını bağışladı.
Görünür, İsanın ayaqlarını yağlayan qadının vəziyyəti də eyni idi. O, əxlaqsız həyat tərzi sürürdü, lakin sonradan tövbə etdi. Qadın günahlarından azad olunmağa ehtiyac duyduğunu başa düşür və əməlləri ilə göstərirdi ki, Yehovanın fidyə qurbanlığı kimi təqdim edəcəyi bu insanı qiymətləndirir. Fidyə qurbanı hələ ödənilməsə də, onun dəyərini artıq bu kimi insanlara tətbiq etmək mümkün idi, çünki onun təqdim olunacağına heç bir şübhə yox idi. Buna görə də, İsa ona dedi: «Günahların bağışlandı».
Bu hadisədən gördüyümüz kimi, İsa günahlı insanlardan heç vaxt qaçmırdı. O, onlara həmişə yaxşılıq edirdi. Üstəlik, Yehova da tövbə edən günahkarları bağışlamağa hazırdır. Bu, bizim kimi qeyri-kamil insanlar üçün necə heyrətamiz və ruhlandırıcı bir zəmanətdir!
[7-ci səhifədəki şəkil]
Onlar saleh sayılırdılar