Bilirsinizmi?
İsraildə uzun müddət quraqlıq dövrü olduğundan əhali özünü su ilə təmin etmək üçün hansı üsullara əl atırdı?
▪ Oktyabr və aprel ayları arasında İsraildə güclü yağışlar yağırdı və dağlardan gələn sel vadi boyunca axmağa başlayırdı. Yayda bu çayların çoxu quruyurdu və elə olurdu ki, aylarla yağış yağmırdı. Görəsən, qədim İsraildə insanlar özlərini su ilə necə təmin edirdilər?
Onlar bu problemi dağların yamaclarında kanallar qazaraq suyu yeraltı anbarlara, yaxud quyulara yönəltməklə həll edirdilər. Bu anbarların üstü elə düzəldilirdi ki, su birbaşa onların içinə tökülsün. Suya olan ehtiyaclarını ödəmək üçün hər ailənin özünün belə su anbarı var idi (2 Padşahlar 18:31).
İsraillilər həmçinin təbii bulaqlardan da yararlanırdılar. Qışda dağlıq ərazilərdə yağan yağışların suyu yerin sukeçirməyən qatına qədər hopur, sonra da bu yeraltı çaylar müəyyən yerlərdən çıxaraq bulaqlar əmələ gətirir. En-Şemeş, En-Rogel, En-Gedi kimi yer adlarından təxmin etmək olar ki, kəndlər çox vaxt belə bulaqların (ibranicə, en) yaxınlığında salınırdı (Yeşua 15:7, 62). Yerusəlimdə su problemini həll etmək üçün qayalıqların içi ilə kanal açaraq, bulaq suyunu şəhərə çəkmişdilər (2 Padşahlar 20:20).
Təbii bulaqların olmadığı yerlərdə su əldə etmək üçün Beer-Şevadakına bənzər su quyuları (ibranicə, beer) qazılırdı (Yaradılış 26:32, 33). Müəllif Andre Şuraki qeyd edir ki, «texniki problemləri həll etmək üçün [israillilərin] istifadə etdikləri üsullar bu gün də insanı heyrətə gətirir».
İbram (İbrahim) necə evdə yaşayırdı?
▪ İbram öz həyat yoldaşı ilə xaldeylilərin çiçəklənən Ur şəhərində yaşayırdı. Lakin Allahın göstərişi ilə onlar həmin şəhəri tərk edərək çadırlarda yaşamağa başladılar (Yaradılış 11:31; 13:12). Gəlin görək, bu dəyişiklik onlar üçün nə demək idi.
Ur şəhəri müasir İraqın ərazisində 1922—1934-cü illərdə qazıntılar zamanı Leonard Vulli tərəfindən tapılmışdır. Qazıntılar zamanı tapılan evlərin 73-ü kərpicdən idi. Bu evlərin bir çoxunun daş döşəməli daxili həyəti var idi və bu həyət otaqlarla əhatə olunmuşdu. Həyət elə döşənmişdi ki, lazımsız su axıb mərkəzindəki dəliyə tökülürdü. Daha böyük evlərdə qonaq otaqlarının öz tualeti var idi. Aşağı mərtəbədəki otaqlarda sobası olan mətbəx və qulların yatdıqları otaqlar yerləşirdi. Ailə isə evin üst qatında qalırdı. Pilləkənlə həyətə baxan taxta eyvana qalxırdılar. Üst otaqların qapısı isə bu eyvana çıxırdı.
«Daş döşəməli həyəti, ağardılmış səliqəli divarları və öz drenaj sistemi olan... on iki və daha artıq otaqlı ev yüksək həyat səviyyəsindən xəbər verir», — deyə Leonard Vulli yazır. «Belə evlərdə... orta təbəqədən olan insanlar, məsələn, dükan sahibləri, kiçik tacirlər, kahinlər və sairə insanlar yaşayırdı».
[19-cu səhifədəki şəkil]
Su anbarı, Horvot Mezada (İsrail)
[İcazə ilə]
© Masada National Park, Israel Nature and Parks Authority
[19-cu səhifədəki şəkil]
İbrahimin yaşadığı dövrdəki evin təsviri
[İcazə ilə]
© Drawing: A. S. Whitburn