Səy göstərməyə dəyər!
AİLƏVİ İBADƏT keçirmək və uşaqlarla Müqəddəs Kitabı öyrənmək onların ‘Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihəti ilə böyümələrində’ əvəzsiz rol oynayır (Efes. 6:4). Ancaq siz valideynlər üçün sirr deyil ki, balacalar hər şeydən tez bezirlər. Belə isə, onların fikri yayınmasın deyə nə etmək olar? Görək bəzi valideynlər belə hallarda nə edirlər.
Kaliforniyada (ABŞ) yaşayan Corc adlı bir ata deyir: «Uşaqlar bir az balaca olanda yoldaşımla mən hər dəfə çalışırdıq ki, ailəvi öyrənmə cansıxıcı keçməsin. Bəzən hamımız Müqəddəs Kitab personajları kimi geyinib “Müqəddəs Kitab hekayələri” nəşrindəki hekayələri oxuyub səhnələşdirirdik. Hətta bunun üçün lazım olan əşyalar — qılınc, əsa, səbət və digər şeylər düzəltmişdik. Həmçinin “tap görüm mən kiməm” oyunu oynayırdıq, bəzən isə sadə və mürəkkəb Müqəddəs Kitab suallarından ibarət viktorina keçirirdik. Bir dəfə Müqəddəs Kitabda Nuhun gəmisi haqqında yazılanları araşdırıb gəminin maketini düzəltmişdik və Müqəddəs Kitab hadisələrinin ardıcıllığını göstərən zaman xətti çəkmişdik. Bəzən isə Müqəddəs Kitab personajlarının və ya hadisələrinin şəklini çəkirdik. Hal-hazırda biz Efeslilərə 6:11—17 ayələrində bəhs olunan zirehləri çəkmək fikrindəyik. Bundan əlavə, hər birimiz öz payına düşən zirehin nəyi təmsil etdiyini izah etməlidir. Bu kimi üsulların sayəsində ailəvi öyrənməmiz darıxdırıcı keçmir».
Miçiqanda (ABŞ) yaşayan Debi adında bir ana isə deyir: «Qızımızın təxminən üç yaşı olanda ərimlə mən onun diqqətini cəlb etməkdə çətinlik çəkirdik. Günlərin bir günü “Müqəddəs Kitab hekayələri” kitabından İshaqla Rebekanın əhvalatını ucadan oxuyarkən əlimə iki kukla götürüb onların, sanki, bir-birilə danışdığını göstərməyə başladım. O, diqqətlə, gözünü çəkmədən qulaq asırdı! Növbəti bir neçə ay ərzində bu kuklalar digər Müqəddəs Kitab personajlarını “oynamışdılar”. Hekayəni oxuyub qurtarandan sonra qızımız evdə həmin hekayənin səhnələşdirilməsində yararlı olacaq oyuncaqlar və əşyalar axtarmağa başlayırdı. Bu, əsil xəzinə idi! Ayaqqabı qutusu Rahabın evinə, qırmızı lent isə onun evindən sallanan al rəngli ipə çevrildi. Süpürgə sapına dolanmış bir metr yarım uzunluğunda oyuncaq ilan Saylar 21:4—9 ayələrində bəhs olunan tunc ilan üçün çox münasib idi. Biz bütün əşyaları böyük torbada saxlayırdıq. Bəzən qızımızın qonaq otağında oturub “Müqəddəs Kitab hekayələri torbası”nı eşələdiyini görürdük. Onun Müqəddəs Kitab hekayələrini şirin-şirin səhnələşdirdiyini müşahidə etmək necə də xoş idi!»
Uşaq böyütmək, ona təlim-tərbiyə vermək asan iş deyil. Valideynlər övladlarının ürəyində Yehovaya xidmət etmək arzusunu alovlandırmalıdırlar. Onlar bunu hər gün və müxtəlif üsullarla etməlidirlər. Ancaq həftəlik ailəvi ibadət və Müqəddəs Kitab öyrənməsi valideynlərə bu məqsədə çatmaqda kömək edən vacib üsullardan bəziləridir. Şübhəsiz, bunun üçün səy göstərməyə dəyər!