Yadınızdadırmı?
«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.
Məsihilərin İsa Məsihə dua etməsi caizdirmi?
Xeyr. İsa Məsih insanların Yehovaya dua etməli olduğunu öyrədirdi. O, özü də Yehova Allaha dua edirdi (Mət. 6:6—9; Yəh. 11:41; 16:23). Eynilə, İsanın ilk davamçıları da ona yox, Allaha dua edirdilər (Həv. 4:24, 30; Kol. 1:3) (1/1, səhifə 14).
İsa Məsihin ölümünü yad etməyə hər il necə hazırlaşa bilərik?
«Müqəddəs Yazıları hər gün araşdırın» broşüründə bu hadisə ilə bağlı göstərilən ayələri oxuya bilərik. Həmçinin bu müddət ərzində xidmətimizi genişləndirə bilərik. Eləcə də Allahın bizə verdiyi ümidin üzərində dua edib düşünmək faydalı olardı (15/1, səhifə 14—16).
Yaponiyadakı qardaşlarımız hansı gözlənilməz hədiyyəni aldılar?
Onlar «Yeni Dünya Tərcüməsi»ndən götürülüb yenidən çap olunan «Məttanın müjdəsi» kitabını aldılar. Bacı-qardaşlar kitabı təbliğdə insanlara təklif etdilər. Müqəddəs Kitabla tanış olmayan əksər insanlar kitabı qəbul edirdilər (15/2, səhifə 3).
Birinci əsrdə hansı amillər müjdənin yayılmasına kömək etmişdi?
«Roma sülhü» adlanan dövrdə toqquşmalar az olurdu. Məsihin ilk şagirdləri yaxşı salınmış yollarla rahat səyahət edirdilər. Yunan dilinin ümumişlək dilə çevrilməsi müjdənin yayılmasına kömək edirdi. Bunun sayəsində hətta imperiyaya səpələnmiş yəhudilərə də təbliğ etmək asan idi. Həmçinin şagirdlər Roma qanunundan istifadə edərək müjdəni müdafiə edirdilər (15/2, səhifə 20—23).
Nəyə görə son illər nəşrlərimizdə Müqəddəs Kitabda nəyinsə və ya hansısa hadisənin başqa bir şeyin timsalı olduğu barədə məlumata nadir hallarda rast gəlinir?
Müqəddəs Yazılarda deyilir ki, bəzi şəxslər nəyinsə timsalıdır. Buna bir nümunə Qalatiyalılara 4:21—31 ayələrində yazılıb. Amma Müqəddəs Yazılar heç bir əsas vermirsə, biz heç bir şəxsə və ya hadisəyə nəyinsə timsalı kimi baxmamalıyıq. Bununla belə, Müqəddəs Kitabdakı hadisələrdən və nümunələrdən özümüz üçün ibrət götürə bilərik (Rom. 15:4) (15/3, səhifə 17, 18).
Misirdə qədim zibillikdə tapılan papirus fraqmenti nəyə görə vacib tapıntıdır?
Ötən əsrdə üstündə «Yəhyanın müjdəsi»ndən ayələr yazılan fraqment tapılmışdı. Bu fraqment Yəhyanın öz kitabını yazdığı vaxtdan cəmi bir neçə onillik sonraya aid ola bilər. Onun məzmunu bizim günlərə gəlib çatan Müqəddəs Kitab mətninin dəqiq olduğunu təsdiq edir və bununla da, Müqəddəs Kitabın etibarlı olduğunu göstərir (1/4, səhifə 10, 11).
Nəyə görə yığıncaqdan kənaredilmə məhəbbətin təzahürüdür?
Müqəddəs Kitabda yığıncaqdan kənaredilmə barədə danışılır. Bu ciddi ölçünün faydaları var (1 Kor. 5:11—13). Bunun sayəsində Allahın adı şərəflənir, yığıncağın təmizliyi qorunur. Həmçinin belə cəza alan adamın ağlı başına gələ bilər (15/4, səhifə 29, 30).