MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
Beysbolu hər şeydən çox sevirdim!
DOĞULDUĞU İL: 1928
ÖLKƏ: KOSTA-RİKA
KEÇMİŞDƏ: PEŞƏKAR İDMANÇI VƏ QUMARBAZ
KEÇMİŞİM
Mən Kosta-Rikanın şərqində yerləşən liman şəhəri Puerto-Limonda böyüyüb boya-başa çatmışam. Ailəmizdə səkkiz uşaq var idi, mən yeddinci uşaq idim. Səkkiz yaşım olanda atam vəfat etdi. Buna görə də anam bizi tək böyütməli oldu.
Uşaqlıqdan idmanı çox sevirdim. Beysbol əvvəllər həyatımın ayrılmaz hissəsi olub. Yeniyetmə yaşlarımda həvəskar beysbol liqasına üzv oldum. Təxminən 20 yaşım olanda məşqçi mənə Nikaraquadakı peşəkar komandada oynamağı təklif etdi. Amma Nikaraquaya köçə bilməzdim, çünki həmin vaxt anam xəstə idi və ona mən baxırdım. Buna görə də təklifə yox deməli oldum. Sonralar başqa bir məşqçi məni həvəskarlardan ibarət yığma komandada, Kosta-Rikanın milli beysbol komandasında oynamağa dəvət etdi. Bu dəfə təklifi qəbul etdim. Mən 1949—1952-ci illər arası milli komandada oynamışam və Kuba, Meksika, Nikaraquada keçirilən oyunlarda iştirak etmişəm. Oyunlarda tutucu rolunda çıxış edirdim. Mən çox yaxşı oynayırdım, hətta elə olmuşdu ki, 17 oyun dalbadal oynayıb bir dəfə də olsun səhv buraxmamışdım. Azarkeşlərin dilindən adımı eşitmək mənə ləzzət edirdi.
Mən natəmiz həyat sürürdüm. Bir qızla görüşsəm də, çoxlu qadınlarla vaxt keçirirdim. Həmçinin çox içirdim. Bir dəfə o qədər içmişdim ki, səhər oyananda evə necə gəlib çıxdığımı yadıma sala bilmirdim. Eləcə də pulla domino oynayır və lotoreya oyunlarına qoşulurdum.
Bu ərəfədə anam Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. O çalışırdı ki, məni də Müqəddəs Kitabı öyrənməyə təşviq etsin, amma cəhdləri boşa çıxırdı, çünki mənim fikrim-zikrim ancaq idmanda idi. Hətta nahar vaxtı oyun meydançasında məşq edəndə, yemək yadıma düşmürdü, bütün diqqətim oyunda olurdu. Beysbolu hər şeydən çox sevirdim!
29 yaşım olanda oyunda ciddi zədə aldım, topu tutmaq istəyəndə yaralandım. Müalicədən sonra yenidən oyunlarda tam şəkildə iştirak edə bilərdim, amma qərara gəldim ki, məşqçi kimi çalışım. Mən həvəskarlardan ibarət komandanın oyunçularını məşq etdirirdim. İş yerim evimə yaxın idi.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ
1957-ci ildə Yehovanın Şahidlərinin dəvətini qəbul edib onların toplantısında iştirak etdim. Toplantı əvvəllər beysbol oynadığım stadionda keçirilirdi. Stadionda oturub camaatı müşahidə edirdim. Onlar bir-biri ilə hörmətlə davranırdılar. Bu insanlarla beysbol oyunlarındakı haylı-küylü, davakar azarkeşlər arasındakı fərqi görməmək mümkün deyildi. Toplantıda gördüklərim məni Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə və onların ibadət görüşlərinə getməyə təşviq etdi.
Müqəddəs Kitabdan öyrəndiyim təlimlər mənə dərin təsir bağışlayırdı. Misal üçün, İsa Məsihin axırzamanda Padşahlıq haqda müjdənin bütün dünyada təbliğ olunacağı barədə dediyi peyğəmbərlik (Mətta 24:14). Həmçinin öyrəndim ki, məsihilər təbliğ işinə görə pul almırlar. Çünki Məsih buyurmuşdu: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mətta 10:8).
Müqəddəs Kitabı öyrənəndə orada yazılanlarla Yehovanın Şahidlərinin davranışını tutuşdururdum. Onların müjdəni bütün dünyaya yaymaq üçün can qoyduqlarını görəndə heyran qalırdım. Onlar İsa Məsihin tapşırığına əməl edərək fədakar həyat yaşayırdılar. Buna görə də Mark 10:21 ayəsində Məsihin «ardımca gəl» çağırışını oxuyanda məndə Yehovanın Şahidi olmaq istəyi yarandı.
Amma mən dərhal qəti addımlar ata bilmədim. Uzun illər lotereya oynayır və mənə «uğur» gətirən rəqəmə pul qoyurdum. Bir gün Müqəddəs Kitabdan öyrəndim ki, Yehova Allah «Bəxt allahına» inanan və tamahkar insanları mühakimə edir (Əşiya 65:11; Koloslulara 3:5). Odur ki, qumara son qoymaq qərarına gəldim. Bu qərarı verdiyim həftənin bazar günü mənim «uğurlu» rəqəmim uduşa düşdü. Həmin həftə oynamadığım üçün camaat məni məsxərəyə qoymağa başladı. Məni məcbur edirdilər ki, yenə oynayım. Amma mən qərarımda qəti idim. O vaxtdan qumara həmişəlik «əlvida» dedim.
Yehovanın Şahidlərinin toplantısında vəftiz olacağım gün daxilimdəki «yeni şəxsiyyəti» sınağa çəkən bir vəziyyətlə üzləşdim (Efeslilərə 4:24). Həmin axşam otelə qayıdanda gördüm ki, keçmiş sevgilim qaldığım otağın qapısının ağzında durub məni gözləyir. O, mənə dedi: «Yaxşı da, Semi, gəl gedək əylənək». Mən dərhal «yox!» dedim. Ona dedim ki, mən Müqəddəs Kitabın qanunlarına əməl edirəm, təmiz həyat tərzi sürürəm (1 Korinflilərə 6:18). O təəccübləndi. Müqəddəs Kitabın əxlaq normalarını kiçiltməyə başladı və təkid etdi ki, yenidən görüşməyə başlayaq. Mən isə ona heç nə demədən otağa girib arxamca qapını bağladım. 1958-ci ildən bəri Yehovanın Şahidiyəm. O vaxtdan bu yana həyat tərzimi dəyişmək üçün verdiyim qərarlara sadiq yaşayıram və buna görə çox xoşbəxtəm.
MƏNƏ FAYDASI
Müqəddəs Kitabdakı əmrlərə əməl etməyin mənə gətirdiyi bütün faydaları sadalasam, bir kitab yazmaq olar! Misal üçün, mənim çoxlu vəfalı dostum var, mənalı həyat yaşayıram və əsl xoşbəxtliyin nə olduğunu dərk etmişəm.
Mən bu gün də beysbol oynayıram, amma o, daha həyatımda əsas yeri tutmur. Düzdür, beysbol mənə şan-şöhrət və var-dövlət gətirmişdi, lakin bunlar gəldi-gedərdi. Allahla aramda yaranan dostluq və dindaşlarımla qurduğum xoş münasibət isə əbədidir. Müqəddəs Kitabda deyilir: «Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır» (1 Yəhya 2:17). İndi mən beysbolu yox, Yehova Allahı və Onun xalqını hər şeydən çox sevirəm!