Fəsil 63
Digər nəsihətlər
İSA MƏSİH Kapernahumdakı evdə həvariləri ilə söhbət edir. Onlardan kimin ən böyük olduğu söhbətindən sonra digər hadisədən söz düşür. Görünür, bu hadisə də onlar Kapernahuma qayıdarkən yolda baş verib və İsa həmin vaxt həvarilərin yanında olmayıb. Həvari Yəhya hadisəni danışır: «Müəllim, biz bir adam gördük. O, sənin adından istifadə edib cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o bizimlə gəzmir».
Yəqin, Yəhya belə düşünür ki, həvarilər xüsusi bir qrupdur və adam sağaltmağa yalnız onların ixtiyarı var. Yəhyanın fikrincə, həmin adam onların qrupuna aid olmadığından onun möcüzəvi iş görməsi münasib deyil.
Ancaq İsa onlara deyir: «Ona mane olmayın, çünki mənim adımla qüdrətli işlər görən adam bundan dərhal sonra qayıdıb məni pisləməz. Bizə qarşı çıxmayan, bizim tərəfimizdədir. Məsihə məxsus olduğunuz üçün sizə bir parç su verən, inanın ki, mükafatsız qalmayacaq».
Həmin adama, İsanın tərəfdarı sayılmaq üçün, mütləq İsanın yanında olmaq gərək deyildi. O vaxt məsihçi yığıncağı hələ yaranmamışdı. Buna görə də bu kişi həvarilərlə birgə olmurdusa, o demək deyildi ki, başqa qrupa mənsub idi. O, İsanın adına iman gətirdiyi üçün cinləri qova bilirdi; beləcə, İsanın mükafata layiq saydığı bir işi görürdü. İsanın dediyinə görə, o, «mükafatsız qalmayacaq».
Bəs əgər həvarilərin sözləri və ya hərəkətləri bu kişini iman yolundan döndərsəydi, onda necə? Bunun nəticəsi çox ağır olacaqdı. İsa qeyd edir: «İman edən bu kiçiklərdən birini günaha sürükləyən adam üçün yaxşı olardı ki, boynuna dəyirman daşı asıb onu dənizə tullasınlar».
Sonra İsa şagirdlərinə deyir ki, əgər əl, ayaq və ya göz kimi zəruri bir şey olsa belə, onları günaha sürükləyirsə, onu çıxarıb atsınlar. Bədənin zəruri üzvlərindən birini itirib Allahın Padşahlığına girmək həmin üzvü saxlayıb əbədi məhvin simvolu olan «Hinnom dərəsi»nə (Yerusəlim zibilxanasının olduğu yer) atılmaqdan yaxşıdır.
İsa həmçinin xəbərdarlıq edir: «Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın üzünü görürlər». Sonra o, «kiçiklərin» nə qədər dəyərli olduğunu göstərmək üçün bir məsəl çəkir. İsa yüz qoyunu olan bir adamdan danışır: əgər bu adam qoyunlardan birini itirərsə, doxsan doqquzunu qoyacaq və itmiş bir qoyunu gedib axtaracaq. Tapanda isə doxsan doqquzundan ötrü sevindiyindən artıq ondan ötrü sevinəcək. «Eynilə də, mənim səmavi Atam bu kiçiklərdən bircəsinin belə məhv olmasını istəmir», — deyə İsa məsəli yekunlaşdırır.
Ola bilsin, İsa şagirdlərin bayaqkı mübahisəsini nəzərdə tutaraq onları təşviq edir: «Qoy içinizdə duz olsun, bir-birinizlə mehriban olun». Duz yeməyə dad verir. Eynilə, məcazi mənada duz qatılmış sözü qəbul etmək asan olur. Bunun sayəsində arada mehribançılıq olur.
Lakin qeyri-kamillik ucbatından arabir ciddi anlaşılmazlıqlar olacaq. Bəs belə hallarda necə davranmalı? İsa izah edir: «Əgər qardaşın bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de. Əgər o, sənə qulaq assa, bil ki, sən qardaşını qazandın». Bəs qulaq asmasa? İsa məsləhət verir: «Özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun».
Əgər yenə də iş yoluna qoyulmazsa, İsa deyir ki, onda məsələni yığıncağa, yəni yığıncağa nəzarət edən ağsaqqallara danışmaq lazımdır ki, onlar bu məsələ ilə bağlı ölçü götürsünlər. Təqsiri olan adam ağsaqqalların qərarına da qulaq asmazsa, İsanın sözünə görə, «qoy o adam sənin üçün bir bütpərəst və ya vergiyığan kimi olsun».
İntizam işlərinə baxan ağsaqqallar Yehovanın Kəlamındakı göstərişlərə ciddi riayət etməlidirlər. Bu təqdirdə, onların kimisə təqsirli bilib cəzaya layiq olması barədə çıxartdıqları qərar artıq «göydə bağlanmış olacaq»dır. Yaxud onların «yerdə açdıqları hər şey», yəni kiminsə günahsız olması barədə qərarları artıq «göydə də açılmış olacaq»dır. Bu cür intizam işləri ilə əlaqədar İsa deyir: «İki və ya üç adam mənim adım naminə bir yerə yığışanda, mən də orada, onların arasındayam». Matta 18:6—20; Mark 9:38—50; Luka 9:49, 50.
▪ Nəyə görə İsa yerdə olanda mütləq onun yanında olmaq tələb olunmurdu?
▪ «Kiçiklərdən» birini günaha sürükləmək nə dərəcədə ciddi məsələdir və İsa bu «kiçiklərin» dəyərli olduğunu necə göstərir?
▪ İsanın həvarilərinə verdiyi «içinizdə duz olsun» məsləhəti nə ilə əlaqədardır?
▪ «Bağlamaq» və «açmaq» ifadələrinin mənası nədir?