FƏSİL 19
Yer üzü Allah haqqındakı biliklə dolan zaman
MƏŞHUR bir rəssamın gözəl rəsmi yenicə başa vurduğunu təsəvvür edin. Hər şey rəsmin çox gözəl alındığından, onun əsl şah əsəri olduğundan xəbər verir! Lakin paxıl bir rəqib gecə gəlib rəsmi korlayır. Bunun rəssama nə qədər böyük ağrı gətirdiyi aydındır. O, bu vəhşinin həbsxanaya atılmasını necə də arzu edərdi! Həmçinin onu da təsəvvür etmək olar ki, bu rəssam yaratdığı əsərin əvvəlki gözəlliyini bərpa etməyi də çox istərdi.
2 Həmin rəssam kimi, Yehova da Yeri yaratmaqla və insanları orada sakin etməklə əsl şah əsəri yaratmışdır. Kişi ilə qadını yaratdıqdan sonra, O, “hər şey çox gözəldir” deyərək, yer üzündə yaratdığı bütün işlərə yekun vurdu (Yaradılış 1:31, MKŞ). Adəmlə Həvva Allahın övladları idilər, O da onları sevirdi. Allah onlar üçün xoşbəxt, gözəl gələcək nəzərdə tutmuşdu. Şeytan insanları üsyana sövq etsə də, Allahın yaratdığı gözəl əsər düzəlməz dərəcədə korlanmamışdır (Təkvin 3:23, 24; 6:11, 12).
3 Allah yaranmış bu vəziyyəti yoluna qoymaq niyyətindədir. O, çox istəyir ki, biz Onun başlanğıcda niyyət etdiyi kimi yaşayaq. Bizim qısa və narahat həyatımız Yehovanın nəzərdə tutduğu “həqiqi həyat” deyil. Allahın bizə vermək istədiyi “həqiqi həyat”, mükəmməl şəraitdə olacaq “əbədi həyat”dır (1 Timoteyə 6:12, 19, İ–93).
4 Allah haqqındakı bilik insanı Yehovanın qarşısında məs’uliyyət hiss etməyə təşviq edir (Yaqub 4:17). Lakin bu biliyi tətbiq etməklə və əbədi həyata can atmaqla əldə edəcəyiniz xeyir-dualar üzərində düşünün. Yehova Allah Öz Kəlamı olan Müqəddəs Kitabda, yer üzündə tezliklə olacaq Cənnətdəki həyatın gözəl şəklini təsvir etmişdir. Əlbəttə ki, Yehova Allahın xalqı olan bizlər, Ona yalnız mükafat naminə xidmət etmirik. Biz Allaha Onu sevdiyimiz üçün xidmət edirik (Mark 12:29, 30). Bundan əlavə, Yehovaya xidmət etməklə əbədi həyatı qazana bilmərik. Əbədi həyat — Allahdan olan ən’amdır (Romalılara 6:23). Bu həyat haqqında dərindən düşünmək yaxşı olardı, çünki Cənnətdə yaşamaq ümidi Yehova Allahın “Onu axtaranlara” məhəbbət dolu “mükafat” verdiyini xatırladır (İbranilərə 11:6). Əqlimizdə və ürəyimizdə yaşayan ümid Şeytan dünyasının hər cür çətinliklərinə qalib gəlməyə kömək edəcək (Yeremya 23:20).
5 İndi isə gəlin, gələcəkdə yer üzündə olacaq Cənnətə dair Müqəddəs Kitabın verdiyi ümid üzərində düşünək. Yer üzü Allah haqqındakı biliklə dolan zaman həyat necə olacaq?
HAR-MEGİDONDAN SONRA YER ÜZÜ CƏNNƏTƏ ÇEVRİLƏCƏK
6 Artıq göstərildiyi kimi, Allah tezliklə bu pis sistemi məhv edəcək. Dünya Müqəddəs Kitabın Har-Megidon adlandırdığı hadisəyə böyük sür’ətlə yaxınlaşır. Bu söz bə’zi insanlarda müharibə edən ölkələrin yaradacağı nüvə fəlakəti haqda təsəvvür yaradır, lakin bu, Har-Megidon haqqında tamamilə yanlış fikirdir. Vəhy 16:14-16 ayələrində göstərildiyi kimi, Har-Megidon “Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibə”dir. Bu müharibədə “dünyanın bütün hökmdarları”, yə’ni bütün xalqlar iştirak edəcəklər. Yehova Allahın Oğlu — tə’yin olunmuş Padşah bu döyüşü tezliklə başlayacaq. Nəticə tamamilə aydındır. Allahın Padşahlığının bütün düşmənləri, həmçinin Şeytanın pis sisteminin bir hissəsi olanların hamısı məhv ediləcək. Ancaq Yehovaya tam sadiq olanlar sağ qalacaqlar (Vəhy 7:9, 14; 19:11-21).
7 Təsəvvür edin ki, siz bu böyük fəlakətdən sağ çıxmısınız. Allahın və’d etdiyi yeni dünyada həyat necə olacaq? (2 Peter 3:13). Bizə fərziyyələr irəli sürmək lazım deyil, çünki həmin zəmanə haqqında Müqəddəs Kitabda bəhs edilir, orada deyilənlər isə insanı valeh edir. Biz öyrənirik ki, Şeytan və onun cinləri hər cür hakimiyyətdən məhrum olunacaq və İsa Məsihin minillik hökmranlığı zamanı fəaliyyətsizlik quyusuna atılacaqlar. Pərdə arxasında durub qarışıqlıq yaradan və bizi Allahın iradəsinə zidd davranmağa təhrik etməyə çalışan pis və zalım insanlar artıq olmayacaqlar. Necə də böyük qurtuluşdur! (Vəhy 20:1-3).
8 Vaxt keçdikcə insanlar bütün xəstəliklərdən azad olacaqlar (İşaya 33:24). O zaman topallar ayağa qalxıb yeriyəcəklər, qaçacaq və rəqs edəcəklər. Uzun illər səssizlik dünyasında yaşadıqdan sonra, karlar sevinc səsləri eşidə biləcəklər. Korlar ehtiram hissi ilə özləri üçün müxtəlif rənglər və formalarla dolu zəngin bir dünya açacaqlar (İşaya 35:5, 6). Nəhayət ki, onlar öz əzizlərinin üzünü görə biləcəklər! Əvvəlcə, yəqin ki, onların gözləri bir anlığa sevinc yaşları ilə dolacaq.
9 Bircə düşünün! Artıq eynəklər, qoltuqağacları, əlağacları, dərmanlar, diş klinikaları — ümumiyyətlə xəstəxanalar lazım olmayacaq! Artıq heç zaman ruhi xəstəliklər və depressiya insanları sevincdən məhrum etməyəcək. Heç bir uşaq xəstəlik ucbatından saralıb solmayacaq. Qocalığın özü ilə gətirdiyi üzücü tə’sirlər arxada qalacaq (Eyub 33:25). Biz get-gedə daha sağlam və güclü olacağıq. Hər səhər təravət gətirən gecə istirahətindən sonra yeni enerji ilə oyanıb, coşğun həyatın növbəti gününə atılacaq və böyük həvəslə məmnunluq gətirən işə başlayacağıq.
10 Har-Megidondan sağ çıxanların çoxlu maraqlı işləri olacaq. Onlar yer üzünü Cənnətə çevirəcəklər. Çirkləndirilmiş köhnə sistemin bütün qalıqları təmizlənəcək. Viranə və xaraba yerlərdə bağçalar çiçəklənəcək və parklar salınacaq. Hamının gözəl və rahat evi olacaq (İşaya 65:21). Yer üzü tədricən Cənnətə çevriləcək, belə ki, bütün planetimiz Yaradanın hələ Eden bağında təqdim etdiyi gözəllik təsəvvürünə uyğun olacaqdır. Bu bərpaedici işdə iştirak etmək necə də xoş olacaqdır!
11 Allahın rəhbərliyi altında bu işlər həyata elə keçiriləcək ki, ətraf mühitə heç bir zərər dəyməsin. İnsanlar heyvanlarla sülh içində yaşayacaqlar. Onlar yer üzünə ağılla rəhbərlik edəcəklər və heyvanları qəddarcasına öldürmək əvəzinə, məhəbbətlə onların qayğısına qalacaqlar. Təsəvvür edin: canavar və quzular, şir və buzovlar birlikdə qidalanır — o zaman ev heyvanları tam təhlükəsizlik içində olacaqlar. Hətta balaca uşaqlara vəhşi heyvanlardan qorxmaq lazım gəlməyəcək, yeni dünyanın sakitliyi bir daha daşürəkli, zalım insanların ucbatından pozulmayacaqdır (İşaya 11:6-8). Bu, sülh dolu yeni bir dünya olacaqdır!
İNSAN CƏMİYYƏTİNDƏKİ DƏYİŞİKLİKLƏR
12 İşaya 11:9 ayəsində nəyə görə yer üzündə heç bir pislik törədilməyəcəyi izah olunur. Orada oxuyuruq: “Sular dənizi necə doldurursa, dünya da Rəbb [Yehovanın] bilgisi ilə dolu olacaq”. Bu sözlər yalnız insanlara aiddir, çünki instinktlə idarə olunan heyvanlar Yehova haqqında bilik əldə edə və buna müvafiq tərzdə dəyişikliklər edə bilməzlər. Bunun əksinə olaraq, Yaradan haqqındakı bilik insanları dəyişdirir. Yəqin ki, Allah haqqında əldə etdiyiniz bilikləri həyata keçirərək siz özünüz artıq bə’zi dəyişikliklər etmisiniz. Milyonlarla insanlar belə davranmışlar. Beləliklə, bu peyğəmbərlik Yehovaya xidmət edənlərin üzərində artıq yerinə yetməyə başlayıb. Orada həmçinin deyilir ki, dünyadakı bütün insanlar rəzil ehtiraslardan və zorakı meyllərdən azad olub, əbədiyyən sülhsevər olacaqlar.
13 Bütün dünya Allah haqqındakı biliklə dolduğu zaman yer üzü necə də gözəl olacaq! O zaman Padşah İsa Məsihin və onun 144 000 hakimiyyət şəriklərinin rəhbərliyi altında geniş təhsil proqramı keçiriləcək. O vaxt yeni “kitablarda”n istifadə olunacaq. Ehtimal ki, bunlar, yerin sakinlərinin təhsili üçün bünövrə olacaq Allahın yazılı göstərişləridir (Vəhy 20:12). İnsanlar müharibə etməyi deyil, sülh içində yaşamağı öyrənəcəklər. Hər cür öldürücü silahlar əbədiyyən yox ediləcəkdir (Məzmur 46:9). Yeni dünyanın sakinləri bir-birinə məhəbbət, hörmət və ehtiramla yanaşmağı öyrənəcəklər.
14 Bəşəriyyət o zaman mehriban bir ailə olacaq. Birliyə və qardaşlığa heç nə mane olmayacaq (Məzmur 133:1-3). Oğrulardan qorunmaq üçün heç bir evin qapısını bağlamaq lazım gəlməyəcək. Hər ürəkdə, hər evdə, dünyanın hər bir guşəsində sülh hökm sürəcək (Mika 4:4).
SEVİNC GƏTİRƏN DİRİLMƏ
15 Minillik ərzində dirilmə baş verəcək. Allahın müqəddəs ruhuna, yə’ni fəal qüvvəsinə qarşı bilə-bilə günah işlədən və tövbə etmədən Allahın aydın şəkildə ifadə olunmuş iradəsinə qarşı çıxanlar dirildilməyəcəklər (Matta 23:15, 33; İbranilərə 6:4-6). Əlbəttə ki, müqəddəs ruha qarşı kimin günah işlədib-işlətmədiyini Allah Özü qərara alacaq. Amma iki qrup insanlar — “həm saleh, həm də saleh olmayan”lar dirildiləcəklər (Həvarilərin işləri 24:15). Dirilmə zamanı müəyyən intizam olmalıdır. Məntiqə uyğundur ki, yer üzündə həyata əvvəlcə salehlər — Yehovaya sədaqətlə xidmət edənlər qaytarılacaqlar (İbranilərə 11:35-39).
16 Müharibələr, təbii fəlakətlər və ölənlər barəsindəki mə’lumatlar əvəzinə, Yehovanın xidmətçiləri dirilmə haqqında sevincli xəbərlər eşidəcəklər. Habil, Hanok, Nuh, İbrahim, Sara, Eyub, Musa, Rahab, Rut, Davud, İlyas, Ester kimi sadiq qadın və kişilərin dirildiyini eşitmək necə də valehedici olacaq. Müqəddəs Kitabda qeyd olunmuş bir çox hadisələri təfsilatı ilə danışmaları necə də həyəcan doğurucu olacaq! Şübhəsiz ki, onlar və yaxın zamanlarda ölmüş saleh insanlar, Şeytan sisteminin sonu haqda, eləcə də Yehovanın Öz müqəddəs adını necə təqdis etməsi və hakimiyyətinə bəraət qazandırması haqda öyrənməyə şad olacaqlar.
17 Bu sadiq xidmətçilər dirilmənin növbəti mərhələsində, milyardlarla “saleh olmayanlar” ölümün pəncəsindən azad olduqda onlara böyük kömək göstərəcəklər! İnsanların əksəriyyətinin Yehova haqqında bilmək imkanları olmamışdır. Şeytan onların “zehinlərini kor etmişdir” (2 Korinflilərə 4:4). Lakin İblisin cəhdləri əbəs olacaq. Saleh olmayanlar gözəl, sülh dolu yer üzündə həyata qaytarılacaqlar. Yehova və Onun rəhbərlik edən Oğlu İsa Məsih haqqında bilik vermək üçün gözəl tərzdə təşkil edilmiş xalq onları mehribanlıqla qarşılayacaq. Milyardlarla dirilən insanlar Öz Yaradanları haqqında öyrəndikdə və Onu sevdikdə, Yehova haqqındakı bilik yer üzünü misli görünməmiş dərəcədə dolduracaqdır.
18 Dirilmə bizə böyük sevinc gətirəcək! Bizlərdən kim ümumi düşmənimiz olan ölümün əlindən acı çəkməyib? Xəstəlik, qocalıq, bədbəxt hadisə və ya zorakılıq üzündən baş verən ölüm məhəbbət və dostluq tellərini qırıb, əzizlərimizi əlimizdən aldıqda, kim böyük sarsıntı hissləri yaşamamışdır? Həmin insanlarla Cənnətdə görüşməyin necə də sevindirici olacağını yalnız təsəvvür edin. Atalar və analar, qızlar və oğullar, dostlar və qohumlar sevinc göz yaşları və qəhqəhələrlə bir-birlərini bağırlarına basacaqlar.
NƏHAYƏT KAMİLLİK!
19 Məsihin minillik hökmranlığı zamanı mö’cüzə baş verəcək. Görünür bu, insanlara daha dərin təəssürat bağışlayan bir hadisə olacaq. Yehovanın rəhbərliyi altında Onun Oğlu, öz fidiyə qurbanlığının dəyərini hər bir sadiq və itaətkar insanın xeyrinə tətbiq edəcək. Beləliklə günah aradan qaldırılacaq, insanlar isə kamilliyə yetişəcəklər (1 Yəhya 2:2; Vəhy 21:1-4).
20 Kamillik! Bu nə deməkdir? Bu, Adəmlə Həvvanın Yehova Allaha qarşı günah etməzdən əvvəl malik olduqları həyata qayıtmaq deməkdir. Fiziki, əqli, emosional, əxlaqi, ruhani və bütün başqa sahələrdə kamil olan insanlar tamamilə Allahın normalarına müvafiq olacaqlar. Bəs bu o deməkdirmi ki, insanların hamısı eyni olacaqlar? Əsla yox! Yehovanın yaratdıqları: ağaclar, güllər, heyvanlar — bütün bunlar Allahın müxtəlifliyi sevdiyinə şəhadət edir. Hər bir kamil insanın təkrarolunmaz xarakteri və bacarığı olacaq. Onların hamısı Allahın hazırladığı həyatdan həzz alacaqlar. Vəhy 20:5 (İ–93) ayəsində deyilir: “Ölülərin digərləri isə min il keçmədən əvvəl dirilmədilər”. Har-Megidondan sağ qalan böyük izdiham kimi, həyata qaytarılan insanlar da kamilliyə yetişdikdə, sözün əsl mə’nasında diriləcəklər.
21 Kamil insanlar sonuncu sınaqdan keçəcəklər. Minilliyin sonunda Şeytan və onun cinləri qısa vaxta quyudan azad olunacaqlar və onlara insanları Yehovadan döndərmələri üçün son dəfə cəhd etməyə imkan veriləcək. Bə’ziləri Allaha olan məhəbbətlərini unudub, özlərinin məhvedici istəklərinin arxasınca gedəcəklər, amma onların üsyanına son qoyulacaq. Yehova xudbin insanları, həmçinin Şeytanı və onun bütün cinlərini cəzalandıracaq. Pislik edənlərin hamısı əbədiyyən yox olacaqlar (Vəhy 20:7-10).
SİZ NƏ EDƏCƏKSİNİZ?
22 Əbədiyyət qapıları Yehova Allahı sevən və yer üzündəki Cənnətdə yaşayan insanların önündə geniş açılacaq. Bizə orada hökm sürəcək sevinci təsəvvür etmək çətindir, ancaq o insanların arasında siz də ola bilərsiniz. Kamil insanların musiqidə, incəsənətdə və digər peşələrdə etdikləri nailiyyətlər bu köhnə dünyanın dahi ustalarının ən gözəl şah əsərlərini ötüb keçəcək! Axı insanlar kamil olacaq və artıq vaxt onların qarşısında heç bir məhdudiyyət qoymayacaq. Kamil insan kimi sizin nələr edə biləcəyinizi təsəvvür edin. Həmçinin sizin və başqa insanların Yehovanın yaratdıqları haqqında — Kainatın milyardlarla qalaktikasından tutmuş, kiçik atom hissəciklərinədək nə qədər çox bilik əldə edə biləcəyinizi düşünün. Bəşəriyyətin nail olacağı hər şey səmavi Atamız Yehovanın ürəyini sevindirəcək (Məzmur 150:1-6).
23 Həyat darıxdırıcı olmayacaq. Get-gedə daha maraqlı olacaq. Beləliklə, Allah haqqındakı biliyin sonsuz olduğunu görürsünüz (Romalılara 11:33). Əbədiyyət boyu yeni tədqiqatlar üçün sonsuz imkanlar açılacaq (Vaiz 3:11). Və siz Yehova Allah haqqında daha da çox bilik əldə edərək, ömrünüzü cəmi bir neçə il deyil, əbədiyyən artıracaqsınız! (Məzmur 22:26).
24 Yer üzündəki Cənnətdə olacaq gözəl həyat hər cür qurban və sə’ylərə dəyməzmi? Sözsüz ki, dəyər! Yehova sizə gözəl gələcəyin açarını verir. Bu, Allah haqqındakı bilikdir. Siz ondan istifadə edəcəksinizmi?
25 Əgər siz Yehovanı sevirsinizsə, Onun iradəsini yerinə yetirərək həqiqi sevinc əldə edəcəksiniz (1 Yəhya 5:3). Bu yola qədəm qoyaraq siz bol-bol xeyir-duaları dadacaqsınız! Allah haqqındakı biliyi tətbiq edərək, siz hətta məhvə doğru irəliləyən bu dünyada belə daha xoşbəxt olacaqsınız. Gələcək mükafat isə böyük dəyərə malikdir, çünki bu bilik əbədi həyata aparır! İndi hərəkət etməyin əsl vaxtıdır. Allah haqqındakı biliyə müvafiq yaşamağa tam qərarlı olun. Yehovaya olan məhəbbətinizi təzahür etdirin. Onun müqəddəs adına ehtiram bəsləyin, Şeytanın isə yalançı olduğunu sübut edin. Həqiqi müdriklik və bilik mənbəyi olan Yehova Allah isə sizin üçün bütün ürəkdən sevinəcək (Yeremya 31:3; Tsefanya 3:17). Və O, sizi əbədiyyən sevəcək!
BİLİYİNİZİ YOXLAYIN
• “Həqiqi həyat” nədir?
• Har-Megidondan sonra yer üzündə nə olacaq?
• Yer üzündə kimlər dirildiləcəklər?
• Bəşəriyyət kamilliyə necə yetişəcək və axırda sınağa necə çəkiləcək?
• Cənnəti düşünərkən nəyi arzu edirsiniz?
[Öyrənilmə üçün olan suallar]
1, 2. Yehovanın yaratdığı əsər necə korlanmışdır?
3. “Həqiqi həyat” nədir?
4, 5. a) Cənnətdə yaşamaq ümidimiz nəyin sayəsində həyata keçəcək? b) Gələcəklə bağlı ümidimiz üzərində nə üçün düşünməliyik?
6. Har-Megidon nədir və insanlar üçün bu hansı mə’nanı kəsb edir?
7. Məsihin minillik hökmranlığı zamanı Şeytan və onun cinləri harada olacaqlar və bu, bəşəriyyətə necə xeyir gətirəcək?
8, 9. Yeni dünyada kədər, xəstəlik və qocalıqla nə baş verəcək?
10. Har-Megidondan sağ çıxanlar hansı işdə iştirak edəcəklər?
11. İnsanlar ətraf mühitə necə yanaşacaqlar və heyvanat aləmi ilə hansı münasibətdə olacaqlar?
12. İşaya 11:9 ayəsindəki sözlər bu gün necə yerinə yetir və bu sözlər Cənnətdə necə yerinə yetəcəkdir?
13. Yer üzündə hansı təhsil proqramı keçiriləcək?
14. Bəşəriyyət bir ailə olanda dünya necə dəyişəcəkdir?
15. Yer üzündə hansı iki qrup insanlar dirildiləcəklər?
16. a) Yer üzündə dirildiləcək “salehlər” arasında kimlər olacaqdır? b) Siz qədim dövrün sadiq xidmətçilərindən kiminlə şəxsən tanış olmaq istərdiniz və nə üçün?
17. Allahın sadiq xidmətçiləri dirildiləcək başqa insanlara hansı köməyi göstərəcəklər?
18. Dirilən əzizlərinizi qarşılayarkən hansı hissləri keçirəcəksiniz?
19. Minillik ərzində hansı mö’cüzə baş verəcək?
20. a) Kamil olmaq nə deməkdir? b) Har-Megidondan sağ qalanlar və həyata qaytarılanlar sözün əsl mə’nasında nə zaman diriləcəklər?
21. a) Məsihin minillik hökmranlığının sonunda nə baş verəcək? b) Axırda Şeytanla və onun tərəfdarları ilə nə baş verəcək?
22. Siz Cənnətdə hansı işlə məşğul olmaq istərdiniz?
23. Cənnətdəki həyat nə üçün heç zaman darıxdırıcı olmayacaq?
24, 25. Nə üçün siz artıq indidən Allah haqqındakı biliyə müvafiq yaşamalısınız?
[188, 189-cü səhifələrdəki şəkil]
Allah haqqındakı bilik yer üzünü dolduran zaman Cənnətdə yaşamağa ümid edirsinizmi?