Hörmətə layiq əxlaqi dəyərlər
Tarix boyu cəmiyyətdə qəbul olunmuş baxışlara qarşı çıxmağa cürət etmiş cəsarətli kişi və qadınlar olmuşdu. Belə insanlar siyasi, dini və irqi mövhumatlar ucbatından qəddar təqiblərə tab gətirmiş və öz etiqadlarına bağlı qaldıqları üçün həyatlarından belə keçmişlər.
İLK MƏSİHİLƏR xüsusilə cəsarətli idilər. Onlar eramızın ilk üç əsri ərzində amansız təqiblərə məruz qalmışlar. Onlardan çoxu imperatora sitayiş etmədiyi üçün bütpərəst romalılar tərəfindən edam olunmuşdu. Hərdən meydanlarda qurbangahlar qurulurdu. İmperatorun ilahiliyini qəbul etməyin əlaməti olaraq, bir çimdik buxur yandırmaqla məsihilərə azadlıq bəxş edilirdi. Lakin bunu edənlər çox az idi. Əksəriyyət imandan imtina etməkdənsə, ölümü üstün tuturdu.
Bizim zəmanəmizdə Məsihin davamçıları olan Yehovanın Şahidləri də siyasi bitərəflik mövqeyini tuturlar. Məsələn, nasizmə qarşı tutduqları sarsılmaz mövqeləri sayəsində onlar tarixə düşmüşlər. İkinci Dünya müharibəsinin əvvəllərində və həmin dönəmdə Almaniyada yaşamış Yehovanın Şahidlərinin təxminən dörddə bir hissəsi — əsasən həbs düşərgələrində — məhz siyasətdə bitərəfliyi qoruduqlarına və «Hayl Hitler!» deməkdən imtina etdiklərinə görə məhv olmuşdu. O vaxt uşaqları Yehovanın Şahidi olan valideynlərindən zorla ayırırdılar. Güclü təzyiqlərə baxmayaraq, yeniyetmələr mətanətli qalır və onları Müqəddəs Kitaba zidd ayinlərdə iştirak etməyə məcbur edənlərin təsiri altına düşmürdülər.
Bayrağa təzim
Ümumi götürdükdə, Yehovanın Şahidləri bu gün belə amansız təqiblərə məruz qalmırlar. Lakin öz etiqadlarına görə vətənpərvərlik ayinlərində iştirak etməyən gənc Yehovanın Şahidlərinin mövqeyi ilə əlaqədar bəzən anlaşılmazlıqlar yaranır. Məsələn, buraya bayrağa təzim etmək kimi mərasimlər daxildir.
Yehovanın Şahidlərinin uşaqları bilirlər ki, başqalarının bayrağa təzim etmələrini qadağan etmək olmaz, çünki bu, hər kəsin şəxsi işidir. Lakin Şahidlərin özlərinin tutduqları mövqe qətidir: onlar heç bir ölkənin bayrağına təzim etmirlər. Bu heç də hörmətsizlik deyil. Yehovanın Şahidləri yaşadıqları ölkənin bayrağına həqiqi mənada hörmət edir və bunu ölkənin qanunlarına tabe olmaqla təzahür etdirirlər. Onlar heç vaxt dövlətə qarşı zidd hərəkatlarda iştirak etmirlər. Yehovanın Şahidləri inanırlar ki, hazırda mövcudluğuna yol verilən insan hökumətləri «Allahın təsis etdiyi» quruluşu təmsil edir. Buna görə də onlar elə hesab edirlər ki, Allahın qanununu icra etdikləri üçün vergiləri ödəməli və hökumətə tabe olmalıdırlar (Romalılara 13:1—7). Bütün bunlar İsa peyğəmbərin bizə tanış olan sözləri ilə uzlaşır: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mətta 22:21).
Lakin bəzilərində sual yarana bilər: «Bəs onda nəyə görə Yehovanın Şahidləri bayrağa təzim etmirlər?» Çünki onlar bunu ibadət forması hesab edirlər, ibadət isə yalnız Allaha məxsus olduğu üçün Yehovanın Şahidləri Allahdan başqa heç kimə və heç nəyə ibadət etmirlər (Mətta 4:10; Həvarilərin işləri 5:29). Buna görə də müəllimlər onların baxışlarına hörmət göstərəndə və uşaqlarının öz etiqadlarına müvafiq tərzdə davranmalarına izin verəndə Yehovanın Şahidləri bunu qiymətləndirirlər.
Maraqlıdır ki, bayrağa təzimin ibadətlə bağlılığı yalnız Yehovanın Şahidlərinin fikri deyil. Bunu növbəti şərhlərdən görmək olar:
«İlk bayraqlar, demək olar ki, həmişə dini xarakter daşımışdı... Görünür, dövlət bayrağını müqəddəsləşdirmək üçün həmişə dinin köməyinə arxalanmışlar» (Kursiv bizimdir.) («Encyclopædia Britannica»).
«Xaç kimi bayraq da müqəddəs hesab olunur... Qanun və nizamnamələrin mətnində insanın dövlət bayrağına münasibəti ilə əlaqədar: “bayrağa xidmət”... “bayrağa dərin hörmət”, “bayrağa sədaqət” kimi güclü və təsirli ifadələr işlənir» (Kursiv bizimdir.) («The Encyclopedia Americana»).
«Məsihilər allah kimi pərəstiş edilən [Roma] imperatoruna qurban gətirməkdən... imtina edirdilər; bizim zəmanəmizdə dövlət bayrağına təzim etməkdən və ya dövlətə sədaqət andı içməkdən imtina etmək də buna bənzər bir şeydir» (Daniel Manniks, «Those About to Die», 1958, səhifə 135).
Bir daha qeyd etmək istərdik ki, Yehovanın Şahidlərinin dövlət bayrağına təzim etməkdən imtina etmələri, onların dövlətə və həmin ölkənin hakimiyyətinə hörmətsizlik etdiklərini göstərmir. Yehovanın Şahidləri sadəcə dövlətin rəmzi hesab olunan şeylərə nə ibadət edir, nə də təzim edirlər. Onlar Müqəddəs Kitabda təsvir olunan üç gənc ibranidən nümunə götürürlər. Həmin gənclər Babil padşahı Navuxodonosorun Durə çölündə ucaltdığı heykələ səcdə etməkdən imtina etmişdilər (Dənyal 3-cü fəsil). Buna görə də başqaları bayrağa təzim edəndə və ya dövlətə sədaqət andı içəndə, Yehovanın Şahidlərinin uşaqları Müqəddəs Kitaba əsasən təlim almış vicdanlarına uyğun davranırlar. Uşaqlar bu cür mərasimlərdə iştirak etməsələr də, onları hörmətcil şəkildə müşahidə edirlər. Elə bu səbəblərə görə Yehovanın Şahidlərinin uşaqları dövlət himni oxunan zaman başqalarına qoşulmurlar.
Valideynlərin hüququ
Bu gün bir çox ölkədə valideynlərin uşaqlarına öz dini etiqadlarına əsasən təlim vermələrinə hörmətlə yanaşılır. Hazırda Katolik kilsəsinin qüvvədə olan qanunlarından göründüyü kimi, valideynlərin bu hüququna bütün dinlər şərikdir. Orada deyilir: «Övladlarına həyat verən valideynlərin qarşısında onlara tərbiyə vermək kimi çox ciddi vəzifə durur və bunun üçün onların tam hüququ var. Buna görə də valideynlərin öz uşaqlarına ilk növbədə Kilsənin təlimlərinə uyğun xristian təlimi vermələri gərəkdir» (Kanon 226).
Yehovanın Şahidləri bundan artıq heç nə tələb etmirlər. Qayğıkeş valideynlər kimi, onlar uşaqlarına həqiqi məsihi dəyərləri — yaxınlarına məhəbbət və başqalarına məxsus şeylərə hörmət aşılamağa çalışırlar. Onlar həvari Bulusun Efesdəki məsihilərə verdiyi məsləhətə riayət etməyə səy göstərirlər: «Atalar, uşaqlarınızı qəzəbləndirməyin, onları Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə böyüdün» (Efeslilərə 6:4).
Dini cəhətdən ayrılmış ailələr
Elə ailələr var ki, orada valideynlərdən yalnız biri Yehovanın Şahididir. Belə hallarda, Yehovanın Şahidləri başa düşürlər ki, imanlarına şərik olmayan həyat yoldaşının da uşaqlara öz etiqadına əsasən təlim vermək hüququ var. Bu, uşaqlara demək olar ki, heç zaman mənfi təsir göstərmira. Hansı dinə etiqad edəcəyini hər bir uşaq özü qərara almalıdır. Təbiidir ki, valideynlərinin Yehovanın Şahidi olub-olmamasından asılı olmayaraq, uşaqların hamısı onların dini prinsiplərinə əsasən yaşamağı seçmirlər.
Uşaqların vicdan azadlığı hüququ
Həmçinin qeyd etmək lazımdır ki, Yehovanın Şahidləri Müqəddəs Kitab prinsipləri əsasında tərbiyə edilmiş vicdanın səsinə diqqətlə qulaq asırlar (Romalılara 14-cü fəsil). BMT Baş Assambleyasının 1989-cu ildə keçirdiyi Uşaq Hüquqları Konvensiyasında belə bir qərar qəbul edilmişdi ki, uşaqlar «fikir, vicdan və din azadlığı» hüququna malikdirlər, həmçinin onların öz fikirlərini sərbəst söyləmək hüquqları var və bilavasitə onlara aid olan hər bir işdə və ya məsələdə bu fikirlər nəzərə alınmalıdır.
Dünyada iki eyni cür uşaq yoxdur. Buna görə də söhbət hər hansı məktəb fəaliyyətindən və ya müəyyən tapşırıqlardan getdikdə həm gənc Yehovanın Şahidlərinin, həm də digər şagirdlərin qərarlarında müxtəliflik gözləmək məntiqə uyğundur. Ümid edirik ki, siz də vicdan azadlığı prinsipi ilə razısınız.
a Fəlsəfə elmləri doktoru Stiven Karr Ruben valideynləri müxtəlif dinlərə məxsus olan uşaqlar haqqında bir kitabında belə deyir: «Valideynlər ikili həyat sürəndə, ardıcıl olmayanda, sirr saxlayanda, çaşqınlıq içində olanda, dini mövzular barədə danışmaqdan boyun qaçıranda, bu, uşaqlarda yalnız qarışıq hisslər oyadır. Lakin valideynlər əqidələri, mənəvi dəyərləri və bayramları ilə əlaqədar məsələlərdə səmimi, dürüst olduqda uşaqlar özlərini təhlükəsiz hiss edir, dinlə bağlı məsələlərdə özlərini nadan hesab etmirlər; bu da ləyaqət hissinin inkişaf etməsi üçün və cəmiyyətdə öz yerini tapmaq üçün çox zəruridir» («Raising Jewish Children in a Contemporary World»).