Dərs 8
Allaha məqbul olan ailə həyatı
Ailədə ərin vəzifəsi nədən ibarətdir? (1)
Ər arvadı ilə necə davranmalıdır? (2)
Ata hansı məs’uliyyəti daşıyır? (3)
Ailədə arvadın rolu nədən ibarətdir? (4)
Allah valideynlərdən və uşaqlardan nə tələb edir? (5)
Müqəddəs Kitabın ayrı yaşamağa və boşanmağa dair nöqteyi-nəzəri nədir? (6, 7)
1. Müqəddəs Kitabda deyilir ki, ər ailənin başıdır (1 Korinflilərə 11:3). Ərin yalnız bir arvadı olmalıdır. Ər və arvad yaşadıqları ölkənin qanununa uyğun olaraq nikahlarını qeydiyyatdan keçirməlidirlər (1 Timoteyə 3:2; Titusa 3:1).
2. Ər arvadını özü kimi sevməlidir. İsa öz davamçıları ilə necə davranırdısa, ər də öz həyat yoldaşı ilə elə davranmalıdır (Efeslilərə 5:25, 28, 29). Ər arvadını heç zaman döyməməli və ya onunla pis davranmamalıdır. Əksinə, ər arvadına ehtiram və hörmət etməlidir (Koloslulara 3:19; 1 Peter 3:7).
3. Ailəsinin qayğısına qalmaq üçün, ata sə’ylə işləməlidir. O, arvadını və uşaqlarını qida, geyim və mənzillə tə’min etməlidir. Ata, həmçinin ailəsinin ruhani tələbatlarını da ödəməlidir (1 Timoteyə 5:8). Ailəsinə Allah və Onun niyyətləri haqqında öyrənməyə kömək etməkdə ata rəhbərliyi öz üzərinə götürür (Təsniyə 6:4-9; Efeslilərə 6:4).
4. Arvad ərinin xeyirxah köməkçisi olmalıdır (Təkvin 2:18). O, uşaqları öyrətməkdə və tərbiyələndirməkdə ərinə kömək etməlidir (Süleymanın məsəlləri 1:8). Yehova arvaddan ailəsinə məhəbbətlə qayğı göstərməyi tələb edir (Süleymanın məsəlləri 31:10, 15, 26, 27; Titusa 2:4, 5). Qadın ərinə ehtiram göstərməlidir (Efeslilərə 5:22, 23, 33).
5. Allah uşaqlardan, valideynlərinə itaət etməyi tələb edir (Efeslilərə 6:1-3). Allah gözləyir ki, valideynlər öz övladlarına tə’lim-tərbiyə verəcəklər. Valideynlər uşaqları ilə Müqəddəs Kitabı öyrənmək, eləcə də onların ruhani və mə’nəvi qayğılarına qalmaq üçün vaxt ayırmalıdırlar (Təsniyə 11:18, 19; Süleymanın məsəlləri 22:6, 15). Valideynlər uşaqlarına sərt və amansız tərzdə tərbiyə verməli deyillər (Koloslulara 3:21).
6. Ər-arvad arasında problem yarananda, onlar birlikdə Müqəddəs Kitabın məsləhətinə riayət etməyə çalışmalıdırlar. Müqəddəs Kitab sevməyə və bağışlamağa təşviq edir (Koloslulara 3:12-14). Allahın Kəlamı kiçik problemləri həll etmək üsulu kimi ayrı yaşamağa təşviq etmir. Ancaq ər: 1) ailəsini tə’min etməkdən inadla boyun qaçırırsa, 2) arvadının sağlamlığına və həyatına təhlükə yaradacaq tərzdə qəddar davranırsa və ya 3) arvadının Yehovaya ibadət etməsinə qəti surətdə müqavimət göstərirsə, arvad ayrı yaşamaq qərarına gələ bilər (1 Korinflilərə 7:12, 13).
7. Ər-arvad bir-birlərinə sadiq qalmalıdırlar. Zina həm Allaha, həm də həyat yoldaşına qarşı işlədilən günahdır (İbranilərə 13:4). Müqəddəs Kitaba əsasən zina, boşanıb yenidən ailə qurmağa yol verən yeganə səbəbdir (Matta 19:6-9; Romalılara 7:2, 3). Yehova, insanların Müqəddəs Kitaba əsaslanan səbəbləri olmadan boşanıb, başqası ilə evlənməsinə nifrət edir (Malaki 2:14-16).
=[17-ci səhifədə olan şəkillər]
Allah gözləyir ki, valideynlər öz övladlarına tə’lim-tərbiyə verəcəklər.
Sevən ata ailəsini maddi və ruhani cəhətdən tə’min edir.