Bu kitaba e’tibar etmək olarmı?
“Mən, Müqəddəs Kitabda, doğruluğun əlaməti olan daha çox sübutlar görürəm, nəinki hər hansı dünyəvi tarix üzrə əsərlərdə” — (görkəmli ingilis alimi ser İsaak Nyuton)1.
MÜQƏDDƏS KİTABA e’tibar etmək olarmı? Orada həqiqətən də yaşamış insanlar, həqiqətən də mövcud olmuş yerlər və doğrudan da baş vermiş hadisələr haqqındamı bəhs olunur? Belə isə, onda bu kitabın diqqətli və dürüst insanlar tərəfindən yazılmasına dair sübutlar olmalıdır. Sübutlar isə mövcuddur. Onların əksəriyyəti torpağın altından tapılmışdır, ancaq bu cür sübutların çoxu kitabın özündə yerləşir.
Qazıntılar zamanı tapılan sübutlar
Müqəddəs Kitabda adları çəkilən ölkələrin ərazisində tapılan qədim mədəniyyətlərin qalıqları, Müqəddəs Kitabın tarixi və coğrafi dəqiqliyini təsdiq etdi. Arxeoloqların tapdıqları yalnız bə’zi sübutları müzakirə edək.
İsrailin padşahı olan, cəsarətli gənc çoban Davud Müqəddəs Kitabın oxucularına yaxşı tanışdır. Onun adı Müqəddəs Kitabda 1 138 dəfə çəkilir, onun sülaləsinə aid edilən “Davud evi” ifadəsinə isə 25 dəfə rast gəlinir (1 Samuel 16:13; 20:16). Bununla belə artıq uzun müddət idi ki, Davudun yaşadığına dair Müqəddəs Kitab sübutlarından savayı sübut yox idi. Davud sadəcə uydurulmuş şəxsiyyət idimi?
Professor Avraham Biranın rəhbərliyi altında bir qrup arxeoloq 1993-cü ildə valehedici bir kəşf etdilər; bu barədə bir İsrail qəzetində mə’lumat dərc olundu (“Israel Exploration Journal”). Onlar, İsrailin şimalında Tel Dan adlanan qədim təpənin yerləşdiyi yerdə bir bazalt daşı tapdılar. Daşın üzərində “Davud evi” və “İsrailin padşahı” sözləri oyulmuşdu 2. Fərz edilir ki, b. e. ə. IX əsrə aid edilən bu yazı, İsrail xalqının şərqdə yaşamış düşmənləri aramilər tərəfindən ucaldılmış qələbə abidəsinin bir hissəsidir. Bu yazı nəyə görə belə vacibdir?
“Müqəddəs Kitabın arxeoloji icmalı” adlı məqalədə, professor Biranın və onun əməkdaşı professor İosif Navehin hesabatı əsasında deyilirdi: “İlk dəfədir ki, “Davud” adı Müqəddəs Kitabdan savayı qədim yazılardan birində tapılır”a 3. Bu yazıda diqqətəlayiq başqa şey də var. “Davud evi” ifadəsi bir kəlmə ilə yazılıb. Dilçi professor Anson Reyni izah edir: “Birləşmə müəyyən edilmiş adı təşkil edən zaman, sözarası... çox vaxt ötürülür. B. e. ə. IX əsrdə “Davud evi” ifadəsi, şübhəsiz ki, bu cür siyasi termin və coğrafi ad olmuşdur”5. Beləliklə, görünür, Davud padşah və onun sülaləsi qədim dünyada yaxşı tanınmışlar.
Müqəddəs Kitabda xatırlanan, Assuriyanın böyük şəhəri Nineviya həqiqətən də mövcud olmuşdurmu? Hələ bu yaxınlara qədər, XIX əsrin əvvəllərində, Müqəddəs Kitabın bə’zi tənqidçiləri buna inanmaqdan imtina edirdilər. Lakin 1849-cu ildə ser Ostin Henri Leyard, qədim Nineviyanın bir hissəsi olan böyük Kuyuncik şəhərinin yerləşdiyi yerdə Sinaxerib padşahın sarayının xarabalıqlarını tapdı. Buna görə də tənqidçilər susmalı oldular. Lakin bu xarabalıqlar dünyaya hələ çox şey xəbər verməli idi. Yaxşı qorunub saxlanmış otağın divarlarında yaxşı möhkəmləndirilmiş şəhərin alınması və istilaçı padşahın önündən keçən əsirlərin aparılmasını təsvir edən relyeflər yerləşirdi. Padşahın rəsminin üstündə belə bir yazı var: “Dünyanın hökmdarı, Assuriyanın padşahı Sinaxerib nimedu-taxtına oturdu və Lakişdən (La-ki-su) (alınan) qənimətləri nəzərdən keçirdi” 6.
Britaniya muzeyində yerləşən bu relyef və yazı, Müqəddəs Kitabın 2 Krallar 18:13, 14 ayələrində Sinaxeribin yəhudi şəhəri Lakişi zəbt etdiyinə dair verilən mə’lumata müvafiqdir. Tapıntının vacibliyini qeyd edərək, Leyard yazırdı: “Bu kəşflərə qədər kimin ağlına gələrdi ki, Nineviyanın yerləşdiyi yeri göstərən torpağın və tullantıların altında (Yəhudeya padşahı) Hizkiya və Sinaxerib arasındakı müharibənin, Sinaxerib tərəfindən yazılmış təsvirini və Müqəddəs Kitabın qeydlərinin ən xırda təfsilatlarına qədər təsdiqləyən tarixi sübutlar tapacağıq?” 7
Arxeoloqlar, Müqəddəs Kitabın doğruluğunu təsdiq edən bir çox başqa maddi mədəniyyət qalıqları — saxsı qablar, bina viranəlikləri, gil lövhəciklər, sikkələr, sənədlər, abidələr və yazılar tapmışlar. Arxeoloqlar, İbrahimin yaşadığı ticarət və din mərkəzi olan Gildanlıların Ur şəhərini aşkar etmişlər 8 (Təkvin 11:27-31). Babilin b. e. ə. 539-cu ildə Böyük Kir tərəfindən zəbt edilməsi haqda “Daniel” kitabının 5-ci fəslində bəhs olunur. Bu hadisə Nabonidin XIX əsrdə yerin altından tapılmış salnaməsində də təsvir olunur 9. Qədim Salonikdə alaqapı keçidi üzərində tapılan yazıda (Britan muzeyində saxlanılan fraqmentlərdə) şəhərin “politarxlar” adlanan hökmdarlarının adları vardır; bu söz klassik yunan ədəbiyyatında mə’lum deyildi, amma Luka tərəfindən istifadə olunmuşdur 10 (Həvarilərin işləri 17:6, YD, haşiyə). Beləliklə, başqa təfərrüatlar kimi bu da Lukanın sözlərinin dəqiqliyini təsdiq etdi. (Luka 1:3 ayəsi ilə müqayisə edin.)
Ancaq arxeoloqlar bir-birləri ilə hər zaman razılığa gəlmirlər, qaldı ki, Müqəddəs Kitabla. Bununla belə, bu kitabın e’tibarlı olduğuna dair Müqəddəs Kitabın özündə inandırıcı sübutlar var.
Səmimiliklə yazılıb
Dürüst tarixçilər (Sinaxeribin Lakişi zəbt etməsi haqqındakı yazıda olduğu kimi) yalnız qələbələri deyil, məğlubiyyətləri də, yalnız nailiyyətləri deyil, uğursuzluqları da, yalnız yaxşı cəhətləri deyil, nöqsanları da yazardılar. Dünyəvi tarixçilərin çox azı öz əsərlərində bu cür dürüstlük əks etdirirlər.
Daniel D. Lakenbill Assuriya tarixçiləri haqqında yazır: “Çox vaxt aydın olur ki, onlar padşahın şöhrət düşkünlüyünü tə’min etmək naminə tarixi dəqiqliyə e’tinasız yanaşırdılar” 11. Assuriya padşahı Aşşurnasirpalın salnamələrində, “mən şahanəyəm, əzəmətliyəm, mən yüksək vəzifəyə sahibəm, qüdrətliyəm, mənə pərəstiş edilir, şöhrətə malikəm, görkəmliyəm, güclüyəm, mərdəm, şir kimi cəsarətliyəm və qəhrəmanam” 12 deyə lovğalanması, “padşahların şöhrətpərəstliyinə” parlaq nümunədir. Siz, bu cür salnamələrdə yazılanların hamısının dəqiq tarix olduğuna inanardınızmı?
Bunun əksinə, Müqəddəs Kitabı yazan şəxslər səmimi olmuşlar. İsrail xalqının rəhbəri olan Musa qardaşı Harunun, bacısı Məryəmin, qardaşı oğulları Nadab və Abihunun, öz xalqının çatışmazlıqları, hətta özünün şəxsi səhvləri haqqında da açıq-aşkar yazmışdır (Çıxış 14:11, 12; 32:1-6; Levililər 10:1, 2; Saylar 12:1-3; 20:9-12; 27:12-14). Davud padşahın ciddi səhvləri barədə nəinki susulmamış, hətta qələmə belə alınmışdır — və bütün bunlar Davudun padşahlığı dövründə edilmişdir (2 Samuel, 11 və 24 fəsillər). Matta öz adını daşıyan kitabında, həvarilərin (aralarında özü də vardı) kimin daha vacib olduğuna dair mübahisə etdiklərini və həbs olunduğu axşam İsanı tərk etdiklərini yazır (Matta 20:20-24; 26:56). Yunanca Müqəddəs Yazılara daxil olan məktubları yazan kişilər, ilk məsihçi yığıncaqlarının bə’zilərində problemlərin, o cümlədən əxlaqsızlıq və ixtilafların olduğunu açıq e’tiraf edirdilər. Və onlar bu problemlər haqqında öz fikirlərini açıq şəkildə bildirirdilər (1 Korinflilərə 1:10-13; 5:1-13).
Bu cür səmimi, açıq mə’lumat həqiqətə olan əsl məhəbbəti göstərir. Əgər Müqəddəs Kitabı yazan insanlar öz xalqı, yaxınları və hətta özləri haqqında xoşagəlməz mə’lumatı yazırlarsa, məgər bu, onların sözlərinə e’tibar etmək üçün əsaslı səbəb deyilmi?
Ən cuz’i təfsilatlarına qədər dəqiqdir
Məhkəmələrdə şahidlərin verdiyi ifadələrin doğruluğu çox vaxt cüz’i faktlar əsasında müəyyən oluna bilər. Cüz’i təfsilatlar arasındakı uyğunluq verilən ifadənin dəqiq və düzgün olduğunu göstərdiyi halda, ciddi fikir ayrılığı onun saxta olduğunu üzə çıxara bilər. Digər tərəfdən, heç bir nöqsanı olmayan — bütün təfsilatları uyğun gələn hekayə, verilən ifadənin yalan olduğunu üzə çıxara bilər.
Bu baxımdan, Müqəddəs Kitabı yazanların “ifadələri” haqqında nə demək olar? Onlar təəccüb doğuracaq dərəcədə ardıcıl olmuşlar. Ən cüz’i təfsilatlar belə bir-birinə uyğun gəlir. Lakin bu uyğunluğa bilərəkdən yol verilməmişdir, əks təqdirdə, gizli sözləşmə olduğuna dair şübhə yarada bilərdi. Görünür ki, uyğunluğa qəsdən yol verilməyib və yazıçılar çox vaxt qərəzsiz olaraq uyğun şəkildə yazmışlar. Bə’zi nümunələri nəzərdən keçirək.
Müjdəçi Matta yazırdı: “İsa Peterin evinə gəlib, onun qaynanasının qızdırma içində yatdığını gördü” (Matta 8:14). Burada Matta maraqlı, lakin bir o qədər də vacib olmayan təfərrüatı, Peterin evli olduğunu qeyd etmişdir. Pavel növbəti sözləri yazmaqla, bu cüz’i faktı təsdiq etdi: “Digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi iman edən bir arvadı yanımızda gəzdirməyə haqqımız yoxdurmu?”b (1 Korinflilərə 9:5). Kontekst göstərir ki, Pavel əsassız ittihamlardan özünü müdafiə edirdi (1 Korinflilərə 9:1-4). Ehtimal ki, Pavel bu cüz’i təfərrüatı — Peterin evli olduğunu — Mattanın mə’lumatının dəqiqliyini təsdiq etmək üçün deyil, sadəcə sözarası xatırladır.
Müjdəçilərin dördü də — Matta, Mark, Luka və Yəhya yazırlar ki, İsa həbs olunan axşam, onun şagirdlərindən biri qılınc götürüb, baş kahinin qulunun qulağını kəsdi. Yalnız Yəhyanın Müjdəsində lazımsız kimi görünən təfərrüat barədə xəbər verilir: “O qulun adı Malik idi” (Yəhya 18:10, 26). Bu adamın adını nəyə görə ancaq Yəhya çəkir? Bir neçə ayə sonrakı qeydlər, başqa heç bir yerdə xatırlanmayan cüz’i bir faktı göstərir: Yəhyanı “baş kahin tanıyırdı”. O, həmçinin baş kahinin ailəsinə də tanış idi, həmçinin o xidmətçiləri, xidmətçilər də onu tanıyırdılar (Yəhya 18:15, 16). Burada digər müjdəçilərin tanımadıqları adamın adını yazmadıqları halda, Yəhyanın yaralanan adamın adını çəkməsi tamamilə təbiidir.
Bə’zən bir mə’lumatda hadisənin təfsilatlı izahatı ötürülür, amma başqa bir yerdə sözarası xatırlanır. Məsələn, yəhudi Sinedrionu qarşısında İsanın məhkəmə işi barədə Mattanın mə’lumatında deyilir ki, orada olanların bə’ziləri: “Ey Məsih, bizə peyğəmbərlik et görək, Səni vuran kimdir?” — deyərək Onun üzündən vururdular” (Matta 26:67, 68, İ–93). İsanı vuran onun qarşısında durduğu halda, nəyə görə onu vuranın kim olduğunu “peyğəmbərlik” etməsini istəyirdilər? Matta bunu izah etmir. Ancaq digər iki müjdəçi buraxılmış təfsilatı qeyd edirlər: İsaya zülm edənlər, döyməzdən əvvəl onun üzünü bağlamışdılar (Mark 14:65; Luka 22:64). Matta, hər şeyi təfərrüatı ilə çatdırmağın qeydinə qalmadan, sadəcə öz mə’lumatını yazır.
Yəhyanın Müjdəsində, İsanın öyrətdiklərini dinləmək üçün böyük izdiham toplaşan zaman baş verən bir hadisədən bəhs olunur. Mə’lumata görə, İsa izdihamı gördükdə, “Filipə dedi: “Bunları yedirtmək üçün haradan çörək satın alaq?” (Yəhya 6:5). Bütün şagirdlər orada olduqları halda, nəyə görə çörəyi haradan alacaqlarını İsa məhz Filipdən soruşur? Yəhya bunu izah etmir. Paralel gətirilən mə’lumatda, Luka hadisənin Qalileya dənizinin şərq sahilində yerləşən Beytsayda şəhəri yaxınlığında baş verdiyini xatırladır, bir az əvvəl isə Yəhyanın Müjdəsində deyilir ki, “Filip... Beytsaydadan idi” (Yəhya 1:44; Luka 9:10). Buna görə də, İsanın bu haqda həmin ərazidə yaşayan adamdan soruşması məntiqidir. Təfsilatlar arasındakı uyğunluq, bilərəkdən edilməsə də, heyrət doğurur.
Bə’zi hallarda müəyyən təfsilatların buraxılması, Müqəddəs Kitabda mə’lumat yazan adama olan e’tibarı daha da artırır. Məsələn, “1 Krallar” kitabının yazıçısı İsraildəki güclü quraqlıq haqqında danışır. Quraqlıq elə güclü idi ki, padşah atları və qatırları üçün kifayət qədər su və ot tapa bilmirdi (1 Krallar 17:7; 18:5). Lakin həmin hekayədə deyilir ki, İlyas peyğəmbər, təxminən 1 000 kvadrat metr sahəni əhatə edən xəndəyi doldurmaq üçün (qurban gətirərkən istifadə etmək üçün) onun yanına — Karmel dağına kifayət qədər su gətirməyi əmr etdi (1 Krallar 18:33-35). Quraqlığın ən güclü dövründə bu qədər su haradan idi? “1 Krallar” kitabını yazan şəxs izahat verməyi lazım bilməmişdir. Lakin İsraildə yaşayan hər kəs bilirdi ki, Karmel dağı Aralıq dənizinin sahilində yerləşir, bu haqda da sonradan hekayədə sözarası xatırlanır (1 Krallar 18:43). Beləliklə, dəniz suyunu asanlıqla əldə etmək mümkün idi. Əgər başqa cəhətlərdə bu qədər dəqiq olan kitab, fakt kimi qələmə verilən uydurma, onu yazan şəxs də saxtakar olsaydı, mətndə bir-birinə zidd olan şeylərə yol verərdimi?
Belə isə, Müqəddəs Kitaba e’tibar etmək olarmı? Arxeoloqlar qədim mədəniyyətin kifayət qədər qalıqlarını tapmışlar, bunun sayəsində də təsdiq etmək olar ki, Müqəddəs Kitabda həqiqətən də mövcud olan insanlar, yerlər və real hadisələr barədə bəhs olunur. Lakin Müqəddəs Kitabın özünün sübutları daha çox əminlik yaradır. Çünki onu yazanlar, hətta özləri haqqında da hər şeyi düzgün, olduğu kimi yazmışlar. Onların mə’lumatlarının daxili uzlaşması, o cümlədən qeyri-ixtiyari uyğunluğu, sübut edir ki, “şahidlik” həqiqidir. Bu cür “e’tibarlı əlamətlər daşıyan” Müqəddəs Kitab, doğrudan da e’tibar edə biləcəyiniz bir kitabdır.
[Haşiyələr]
a Bu kəşfdən sonra professor Andre Lemer mə’lumat verdi ki, 1868-ci ildə tapılmış Mesa daş plitəsi (Moab daşı da adlandırırlar) üzərindəki korlanmış sətrin bərpa olunması sayəsində aşkar olunmuşdur ki, “Davud evi” haqqında orada da xatırlanır 4.
b “Kefa”, “Peter” adının semit ekvivalentidir (Yəhya 1:42).
[15-ci səhifədə olan şəkil]
Tel Dan parçası.
[16-cı səhifədə olan şəkil]
2 Krallar 18:13, 14 ayələrində xatırlanan, üzərində Lakişin zəbt edilməsi təsvir olunan Assuriyanın divar relyefi.