ƏLAVƏLƏR
Şeol və hades nədir?
MÜQƏDDƏS KİTABIN ilk mətnində ibranicə şeol və ona uyğun olan yunanca hades sözlərinə 70 dəfədən çox rast gəlinir. Hər iki söz ölümlə əlaqədar istifadə edilir. Bu sözlər Müqəddəs Kitabın bə’zi tərcümələrində «məzar», «cəhənnəm», «çuxur» və ya «ölülər diyarı» kimi verilir. Ancaq əksər dillərdə bu sözlərin mə’nasını düzgün verən söz yoxdur. Buna görə də, «Yeni Dünya Tərcüməsi»ndə onlar ardıcıl olaraq «şeol» və «hades» kimi verilir. Bu sözlər hansı mə’nanı daşıyır? Gəlin Müqəddəs Kitabın müxtəlif hissələrində onların necə istifadə edildiyinə baxaq.
Vaiz 9:10 ayəsində deyilir: «Gedəcəyin ölülər diyarında [şeol] nə iş, nə fikir, nə bilik, nə də hikmət var». Bu, şeolun ölən əzizlərimizdən kimisə basdırdığımız bir məzar olduğunumu göstərir? Xeyr. Müqəddəs Kitabda söhbət qəbir və ya məzardan gedəndə orijinal mətndə şeol və hades yox, başqa söz istifadə edilir (Yaradılış 23:7-9; Matta 28:1). Həmçinin şeol bir neçə insanın basdırıldığı ümumi və ya ailəvi məzarı, yaxud mağaranı da bildirmir (Yaradılış 49:30, 31).
Bəs onda «şeol» sözü altında nə nəzərdə tutulur? Müqəddəs Kitabda «şeol» və ya «hades» deyildikdə, ən böyük ümumi məzardan daha geniş bir şey nəzərdə tutulur. Məsələn, Yeşaya 5:14 ayəsində deyilir ki, «ölülər diyarı [şeol] həddindən artıq ağzını açıb doymaq bilmir». Şeol saysız-hesabsız ölüləri udsa da, «bəsdir» demir (Süleymanın məsəlləri 30:15, 16). Məhdud sayda ölülərin basdırılması mümkün olan qəbiristanlıqdan fərqli olaraq, ‘Ölülər diyarı [şeol] doymur’ (Süleymanın məsəlləri 27:20, KM). Bu o deməkdir ki, şeol heç vaxt dolmayacaq. Onun sərhədi yoxdur. Deməli, şeol və ya hades yer üzündə olan həqiqi bir yer deyil. Bu, bütün insanların ümumi məzarını bildirən «ölülər diyarıdır», yə’ni ölüm yuxusuna getmiş insanların əksəriyyətinin olduğu simvolik yerdir.
«Şeol» və «hades» sözlərinin, yə’ni «ölülər diyarının» mə’nasını daha dərindən başa düşməyimizə Müqəddəs Kitabın dirilmə haqqındakı tə’limi kömək edəcək. Allahın Kəlamından gördüyümüz kimi, «ölülər diyarında» olan bütün ölülər dirildiləcəka (Əyyub 14:13; Həvarilərin işləri 2:31; Vəhy 20:13). Müqəddəs Yazılardan yalnız Allaha sədaqətlə xidmət edən insanların yox, həmçinin Allaha xidmət etməyən bir çox insanların da «ölülər diyarı»nda olduğunu öyrənirik (Yaradılış 37:35; Məzmur 55:15). Buna görə də, Müqəddəs Kitab öyrədir ki, «həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15).
a Müqəddəs Kitab dirildilməyəcək ölülərin şeol və ya hadesdə (ölülər diyarında) yox, «gehennada» (YD) olduğunu deyir (Matta 5:30; 10:28; 23:33). Gehenna da «ölülər diyarı» kimi həqiqi bir yer deyil.