FƏSİL 61
Peyğəmbər içinə cin girmiş oğlanı sağaldır
MƏTTA 17:14—20 MARK 9:14—29 LUKA 9:37—43
İÇİNƏ CİN GİRMİŞ OĞLANI SAĞALTMAQ ÜÇÜN GÜCLÜ İMAN GƏRƏK İDİ
İsa peyğəmbər, Butrus, Yaqub və Yəhya dağdan düşəndə böyük izdiham görürlər. Nəsə baş verib. Mirzələr şagirdləri dövrəyə alıb onlarla mübahisə edir. Adamlar İsa peyğəmbəri görəndə çaşqınlığa düşür, qabağına qaçıb onu salamlayırlar. O soruşur: «Onlarla nə haqda mübahisə edirsiniz?» (Mark 9:16).
Camaatın arasından bir kişi çıxır və peyğəmbərin qarşısında diz çöküb deyir: «Ustad, oğlumu sənin yanına gətirmişdim, çünki içinə cin girib. Cin uşağı lal edir. Onu harada tutursa, yerə sərir. Uşağın ağzı köpüklənir, o, dişlərini qıcayır, sonra da lap əldən düşür. Şagirdlərindən xahiş etdim ki, cini qovsunlar, amma bacarmadılar» (Mark 9:17, 18).
Şagirdlərin oğlanı sağalda bilmədiyini görən mirzələr bu fürsətdən istifadə edib, ola bilsin, onları lağa qoyurlar. Təlaş içində olan ataya cavab verməzdən öncə İsa peyğəmbər üzünü izdihama tutub deyir: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm?» Bu güclü sözlər, ola bilsin, şagirdlərə əngəl törədən mirzələrə ünvanlanır. İsa peyğəmbər sonra ataya baxıb deyir: «Oğlunu yanıma gətir» (Mətta 17:17).
Oğlan peyğəmbərə yaxınlaşanda cin onu yerə sərir və o, şiddətlə çırpınmağa başlayır. Oğlan yerdə yuvarlanır və ağzından köpük axır. İsa peyğəmbər oğlanın atasından soruşur:
— Bu, oğlunda nə vaxtdandır?
— Uşaqlıqdan. Cin balamı öldürmək üçün dəfələrlə onu suya, oda atıb. Əgər bir şey edə bilirsənsə, bizə yazığın gəlsin, bizə kömək et (Mark 9:21, 22).
Görünür, bu yazıq ata lap çarəsiz qalıb. Çünki hətta şagirdlər belə, onun dərdinə dərman ola bilmədilər. Atanın bu ümidsiz diləyi müqabilində Məsih ona toxtaqlıq verir: «“Edə bilərsənsə”? İmanı olan üçün hər şey mümkündür». Uşağın atası dərhal qışqırır: «İmanım var! Nədə imanım çatışmır, mənə kömək et» (Mark 9:23, 24).
İsa peyğəmbər camaatın onlara tərəf axışdığını görəndə hamının gözü qarşısında zəhmlə cinə hökm edir: «Ey lal və kar edən ruh! Əmr edirəm, bu adamdan çıx və bir daha ona girmə!» Cin oğlandan çıxanda oğlanı çığırdır və onu qıc edir. Oğlan yerdə hərəkətsiz uzanıb qalır, adamlar deyirlər ki, o öldü (Mark 9:25, 26). Lakin İsa Məsih oğlanın əlindən tutur, oğlan qalxır və dərhal sağalır (Mətta 17:18). Bütün camaat peyğəmbərin etdiklərini görüb təəccüblənir.
Əvvəllər İsa peyğəmbər şagirdlərini təbliğə göndərəndə onlar cinləri qova bilirdilər. Buna görə də bir evə girib tək özləri qaldıqda peyğəmbərdən soruşurlar: «Bəs biz onu niyə qova bilmədik?» Peyğəmbər deyir ki, onların imanı az olduğundan bunu edə bilməyiblər və əlavə edir: «Bu cür cinləri yalnız dua ilə qovmaq olar» (Mark 9:28, 29). Bu güclü cinləri qovmaq üçün Allahdan duada güc və kömək istəməklə yanaşı, sarsılmaz iman lazım idi.
İsa peyğəmbər sözünə yekun vurur: «Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq» (Mətta 17:20). Bəli, iman bu dərəcədə güclü ola bilər!
Yehova Allaha xidmətdə yolumuzun üstünə çıxan maneələr və çətinliklər hərdən bizə aşılmaz və yerindən tərpətmək mümkün olmayan uca bir dağ kimi görünə bilər. Əgər biz ürəyimizdəki imanı becərsək, dağ kimi görünən maneələrin və çətinliklərin öhdəsindən gələ biləcəyik.