FƏSİL 94
Lazım olan iki şey— dua və təvazökarlıq
İSRARLI DUL QADIN MƏSƏLİ
FƏRİSİLƏR VƏ VERGİYIĞANLAR
İsa Məsih məsəl çəkərək şagirdlərinə israrla dua etməyin vacibliyini başa salıb (Luka 11:5—13). Ola bilsin o, indi Səməriyyədə və ya Cəlilədədir. Burada da o durmadan dua etməyin vacibliyini vurğulayır. Məsih bunu bir məsəl əsasında izah edir:
«Bir şəhərdə Allahdan qorxmayan və insanları saymayan bir hakim vardı. Orada həmçinin bir dul qadın da yaşayırdı. Bu qadın daima hakimin yanına gedib: “Mənimlə rəqibimin işinə bax, mənim üçün ədaləti bərqərar et”, — deyirdi. Hakim bir müddət ona kömək etmədi, amma sonradan öz-özünə dedi: “Düzdür, Allahdan qorxmuram, insanları da saymıram, amma bu dul qadının gəlib-getməyi məni lap boğaza yığdı. Gərək onun üçün ədaləti bərqərar edim ki, daha gəlib baş-beynimi aparmasın”» (Luka 18:2—5).
Sonra İsa peyğəmbər məsəlin məğzini açıqlayır: «Görürsünüz, haqq-nahaq tanımayan hakim nə dedi?! Əgər o, belə etdisə, məgər səbirli Allah Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?» (Luka 18:6, 7). Peyğəmbər burada Allah barədə nəyi açıqlayır?
Əlbəttə bu, o demək deyil ki, İsa peyğəmbər Yehova Allahı ədalətsiz hakimə oxşadır. Xeyr, o, sadəcə müqayisə edir: əgər ədalətsiz hakim israrla edilən xahişi yerinə yetirirsə, deməli, ədalətli və xeyirxah Allah Öz xalqının gecə-gündüz etdiyi yalvarışlarına mütləq cavab verəcək. Bunu peyğəmbərin sözlərindən görmək olar: «Bunu bilin ki, Allah tez bir zamanda onlar üçün ədaləti bərpa edəcək» (Luka 18:8).
Çox vaxt fağırlara və kasıblara haqsızlıq edildiyi halda, nüfuzlu və varlı adamlara hörmət göstərilir. Allah isə ədalətli Allahdır. Vaxtı gələndə O, pis adamları cəzaya layiq biləcək, Öz xidmətçilərinə isə əbədi həyat bəxş edəcək.
Bəs kimlər dul qadın kimi imanlıdır? Nə qədər adam Allahın tez bir zamanda onlar üçün ədaləti bərpa edəcəyinə inanır? İsa Məsih israrla dua etməyin vacibliyini elə indicə məsəllə göstərdi. Duanın gücünə iman edib-etməməyə gəldikdə isə o, soruşur: «Bəs görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaq?» (Luka 18:8). Bu ayədən görünür ki, Məsih zühur edəndə belə iman tək-tük adamda olacaq.
İsa peyğəmbəri dinləyənlər arasında imanı ilə qürurlanan insanlar var. Onlar özlərini saleh sayır və başqalarına yuxarıdan aşağı baxırlar. Peyğəmbər belələrinə aid bir məsəl çəkir:
«İki adam dua etmək üçün məbədə girdi. Onlardan biri fərisi, digəri vergiyığan idi. Fərisi ayaq üstə durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən başqaları kimi soyğunçu, haqsız, zinakar deyiləm. Nə də bu vergiyığanın tayı deyiləm. Həftədə iki dəfə orucumu tuturam, əldə etdiyim hər şeyin onda birini verirəm”» (Luka 18:10—12).
Fərisilər öz salehliyini nümayiş etdirən adamlar kimi tanınır. Onlar bunu başqalarında təəssürat oyatmaq üçün edirlər. Onlar adətən, bazar ertəsi və cümə axşamı oruc tuturlar, çünki böyük bazarlarda həmin günləri adam əlindən tərpənmək olmur və beləcə, onları çox adam görə bilər. Onlar hətta kiçik çöl otlarından da ondabir vergisini dəqiqliklə ödəyirlər (Luka 11:42). Onlar adi insanlara həqarətlə baxırlar və bunu bir neçə ay bundan əvvəl növbəti sözlərlə göstəriblər: «[Fərisilərin fikrincə] Qanundan xəbəri olmayan bu camaat isə Allahın lənətinə gəlib» (Yəhya 7:49).
İsa peyğəmbər məsəlinə davam edir: «Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”». Bəli, vergiyığan öz günahını həlimliklə boynuna alır. Peyğəmbər məsəlinə belə yekun vurur: «Bunu bilin ki, bu adam fərisidən daha saleh sayılaraq evinə getdi. Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək» (Luka 18:13, 14).
Beləliklə, İsa peyğəmbər bir daha sadə, təvazökar olmağın vacibliyini vurğulayır. Onun şagirdləri özündənrazı fərisilərin vəzifə və rütbəyə önəm verdikləri bir cəmiyyətdə böyüyüblər. Buna görə də bu məsləhət şagirdləri və ümumiyyətlə Məsihin bütün davamçıları üçün gözəl məsləhətdir.