FƏSİL 14
Yığıncaqdakı sülhü və təmizliyi qoruyun
HƏR il minlərlə insan Yehovanın evinə, pak ibadətə axışır və bununla Müqəddəs Kitabdakı peyğəmbərlik yerinə yetir (Mik. 4:1, 2). Biz bu insanları Allahın yığıncağında görməyə çox şadıq! (Həv. 20:28). Onlar bizimlə çiyin-çiyinə Yehova Allaha xidmət etmək şərəfini qiymətləndirir, ruhani cənnətdəki sülh və təmizlikdən zövq alırlar. Allahın müqəddəs ruhu və Müqəddəs Kitabdakı hikmətli məsləhətlər bizə yığıncaqdakı sülhü və təmizliyi qorumağa kömək edir (Zəb. 119:105; Zək. 4:6).
2 Müqəddəs Kitabdakı prinsiplərə əməl etməklə biz «yeni şəxsiyyəti» geyinirik (Kol. 3:10). Biz aramızda yaranan xırda anlaşılmazlıqları şişirtmirik. Hər şeyə Yehovanın gözü ilə baxırıq, yol vermirik ki, bizim də aramızda dünyadakı kimi parçalanma olsun. Əksinə, biz beynəlxalq qardaşlıq kimi birlik içində çalışırıq (Həv. 10:34, 35).
3 Bununla belə, vaxtaşırı olaraq yığıncaqdakı sülhə və birliyə təsir edən problemlər yaranır. Buna nə səbəb olur? Əksər hallarda, Müqəddəs Kitabdakı məsləhətlərə əməl etməmək. Biz daim günahlı təbiətimizlə mübarizə aparırıq. Heç birimiz günahsız deyilik (1 Yəh. 1:10). Kiminsə səhv hərəkəti yığıncağın əxlaqi və ruhani təmizliyini təhlükə altına atır. Hərdən biz düşünülməmiş sözlərimizlə və hərəkətimizlə kiminsə xətrinə dəyirik, yaxud kiminsə sözləri və hərəkətləri bizi büdrədir (Rom. 3:23). Belə vəziyyət yarananda məsələni düzəltmək üçün nə etməliyik?
4 Yehova bütün bu şeyləri nəzərə alır. Onun Kəlamında bu cür məsələlərlə bağlı məsləhətlər var. Eləcə də qayğıkeş ağsaqqallar hər birimizə kömək etməyə hazırdırlar. Onların Müqəddəs Kitaba əsaslanan məsləhətinə uyğun davransaq, başqaları ilə münasibətlərimizi yaxşılaşdıracaq və nəticədə, Yehova bizdən razı qalacaq. Bizə hansısa səhvimizə görə ciddi məsləhət veriləndə və ya töhmət alanda, əmin ola bilərik ki, bu yolla səmavi Atamız bizə Öz məhəbbətini göstərir (Məs. 3:11, 12; İbr. 12:6).
XIRDA PROBLEMLƏRİN HƏLLİ
5 Hərdən yığıncaqdakılar arasında xırda anlaşılmazlıq və ya fikirayrılığı yaranır. Bu kimi problemləri yubanmadan və məhəbbətlə həll etmək lazımdır (Efes. 4:26; Filip. 2:2—4; Kol. 3:12—14). Siz görəcəksiniz ki, bacı-qardaşlarla aranızda yaranan problemləri Butrusun məsləhətinə əməl etməklə aradan qaldırmaq mümkündür. O məsləhət görürdü: «Bir-birinizi hərarətlə sevin, çünki məhəbbət çoxlu günahın üstünü örtür» (1 But. 4:8). Müqəddəs Kitabda deyilir: «Hər birimiz dəfələrlə səhv edirik» (Yaq. 3:2). Əgər «qızıl qanuna» əməl etsək, yəni insanların bizimlə necə rəftar etməsini istəyiriksə, biz də onlarla elə rəftar etsək, xırda səhvləri bağışlayıb unuda biləcəyik (Mət. 6:14, 15; 7:12).
6 Əgər kimsə xətrinizə dəyibsə, sülh naminə yubanmadan ilk addımı siz atın. Unutmayın ki, bundan Yehova ilə münasibətləriniz asılıdır. İsa şagirdlərinə belə bir məsləhət vermişdi: «Əgər bəxşişini qurbangaha gətirəndə yadına düşsə ki, kimsə səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış, sonra gəl bəxşişini təqdim et» (Mət. 5:23, 24). Ola bilsin, kiminləsə aranızda anlaşılmazlıq olub. Belə olan halda açıq söhbət edin. Yığıncaqdakılar arasında yaxşı ünsiyyət olanda hamı bir-birini başa düşür və qeyri-kamilliyə görə yaranan problemləri həll etmək asan olur.
MƏSLƏHƏT VERMƏK LAZIM GƏLƏNDƏ
7 Bəzən kiminsə düşüncə tərzinə düzəliş etmək üçün məsləhət vermək lazım gələ bilər. Əslində, bu elə də asan iş deyil. Həvari Bulus Qalatiyadakı məsihilərə yazmışdı: «Qardaşlar, kimsə bilmədən səhv bir iş görsə də, siz yetkin məsihilər onu mülayimcəsinə düzəltməyə çalışın» (Qal. 6:1).
8 Qayğıkeş nəzarətçilər yığıncağı bir çox ruhani təhlükələrdən qoruyur və ciddi problemlərin qarşısını alırlar. Ağsaqqallar çalışırlar ki, Yehovanın Əşiya peyğəmbər vasitəsilə dediyi vədə uyğun davransınlar: «Hər biri küləkdən daldalanacaq, leysandan sığınacaq, susuz diyarda axar çaylar, istidən qovrulan diyarda nəhəng qaya kölgəsi kimi olacaq» (Əşy. 32:2).
NİZAM-İNTİZAMI POZANLARI NƏZƏRDƏ SAXLAYIN
9 Həvari Bulus yığıncağa mənfi təsir göstərən insanlarla bağlı növbəti xəbərdarlığı vermişdi: «Sizə... əmr edirik ki, nizam-intizamı pozan və bizdən aldığınız göstərişlərə əsasən davranmayan qardaşlardan uzaq gəzəsiniz». Sonra o, bu sözlərinə aydınlıq gətirmişdi: «Kimsə bu məktubda dediklərimizə itaət etmirsə, onu nəzərdə saxlayın və onunla yoldaşlıq etməyin. Qoy o, hərəkətinə görə xəcalət çəksin. Bununla belə, onu düşmən yox, qardaş sayıb öyüd-nəsihət verin» (2 Salon. 3:6, 14, 15).
10 Ola bilsin, kimsə yığıncaqdan kənar ediləcək dərəcədə ağır günah işlətmir, amma Allahın məsihilərə verdiyi normalara böyük hörmətsizlik edir. Məsələn, həddən artıq tənbəldir, hər şeyə tənqidi yanaşır və çox pintidir, ya da «[ona] aid olmayan işlərə qarışır» (2 Salon. 3:11). Yaxud pul qazanmaq məqsədilə kimdənsə istifadə edir və ya qətiyyən məsihilərə yaraşmayan tərzdə əylənir. Nalayiq davranışa qarşı ciddi tədbir görmək lazımdır, çünki bu cür davranış yığıncağa mənfi təsir göstərə və bütün məsihilərə sirayət edə bilər.
11 Ağsaqqallar nizam-intizamı pozan adama əvvəlcə Müqəddəs Kitabdan məsləhət verərək kömək etməyə çalışmalıdırlar. Amma həmin adam dönə-dönə xəbərdarlıq alsa da, Müqəddəs Kitab prinsiplərini pozmağa davam edirsə, ağsaqqallar qərara gələ bilər ki, yığıncağı xəbərdar etmək üçün məruzə söyləsinlər. Ağsaqqallar əvvəlcə yaxşı-yaxşı götür-qoy etməlidirlər, vəziyyətin nə dərəcədə ciddi olduğunu və bununla bağlı yığıncaqda məruzə söyləməyə ehtiyac olub-olmadığını müəyyən etməlidirlər. Məruzə ilə çıxış edən natiq ad çəkmədən nalayiq davranışla bağlı lazımi məsləhətlər verməlidir. Nəticədə, vəziyyətdən xəbərdar olanlar həmin insanla ünsiyyəti azaldacaq, amma onunla ruhani ünsiyyəti kəsməyəcək, onu qardaş sayıb öyüd-nəsihət verəcəklər.
12 Ümidvarıq ki, məsihilərin qətiyyəti sayəsində nizam-intizamı pozan adam hərəkətinə görə utanacaq və özünü düzəldəcək. Aydın olanda ki, həmin adam nalayiq hərəkətindən əl çəkib, onu nəzərdə saxlamağa ehtiyac yoxdur.
BƏZİ CİDDİ TƏQSİRLƏRİN HƏLLİ
13 Kiminsə səhvinin üstündən keçmək və bağışlamaq o demək deyil ki, biz günaha göz yumuruq, yaxud normal yanaşırıq. Bütün günahları qeyri-kamilliyin ayağına yazmaq olmaz, elə səhvlər var ki, onları xırda səhv adlandırıb üstündən keçmək düzgün deyil (Lav. 19:17; Zəb. 141:5). Musa peyğəmbərə verilən qanunda bəzi günahlar digərlərindən ağır hesab olunurdu, eyni şey məsihi yığıncağına da aiddir (1 Yəh. 5:16, 17).
14 İsa məsihilər arasında yaranan ciddi problemləri həll etmək üçün konkret qayda qoyub. Gəlin görək hansı addımları atmalıyıq: «Əgər kimsə sənə qarşı bir günah iş tutsa, [1] get onunla təklikdə danış, günahını üzünə de. Əgər sənə qulaq assa, onu qazandın. İşdir, qulaq asmasa, [2] özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun. Əgər onlara qulaq asmasa, [3] məsələni yığıncağa danış. Əgər yığıncağa da qulaq asmasa, qoy o adam sənin üçün bir bütpərəst və ya vergiyığan kimi olsun» (Mət. 18:15—17).
15 İsanın Mətta 18:23—35 ayələrində yazılan məsəlindən görünür ki, Mətta 18:15—17 ayələrində sadalanan günahlara pul və əmlak məsələləri aiddir, məsələn, kimsə kiminsə borcunu qaytarmaq istəmir və ya fırıldaq işlədib. Bu günahlara kiməsə şər atıb adını bədnam etməyi də aid etmək olar.
16 Əgər əminsinizsə ki, kimsə sizə qarşı bu ciddi günahlardan birini işlədib, haqqınızı müdafiə etmələri üçün dərhal ağsaqqalların yanına qaçmayın. İsanın məsləhət gördüyü kimi, əvvəlcə sizə qarşı günah iş tutan insanla danışın. Məsələyə heç kimi qarışdırmayın, öz aranızda həll etməyə çalışın. Nəzərə alın ki, İsa demədi «bir dəfə get və günahını üzünə de». Əgər insan günahını boynuna almırsa və üzr istəmirsə, yaxşı olar ki, onunla bir də danışasınız. Məsələ həll olunarsa, təqsirkar günahını başqalarına açmadığınız və onu yığıncaqda bədnam etmədiyiniz üçün sizə minnətdar olacaq. Beləcə, siz qardaşınızı qazanmış olacaqsınız.
17 Əgər təqsirkar günahını boynuna alıb üzr istəyirsə və səhvini düzəldirsə, növbəti addımları atmağa ehtiyac yoxdur. Günah ciddi olsa da, bu kimi məsələlər tərəflər arasında həll oluna bilər.
18 Əgər təklikdə danışıb məsələni həll etmək alınmayıbsa, İsanın dediyi kimi, növbəti addımı atın: özünüzlə bir və ya iki nəfər götürün və qardaşınızla bir də danışın. Özünüzlə götürdüyünüz adamların da məqsədi həmin qardaşı qazanmaq olmalıdır. Məsləhətdir ki, özünüzlə baş verənlərin şahidi olmuş insanları aparasınız, əgər şahid yoxdursa, onda özünüzlə bir və ya iki nəfər aparın ki, sizin söhbətin şahidi olsun. Yaxşı olardı ki, onların bu kimi məsələlərdə təcrübəsi olsun və baş verənlərin, doğrudan da, günah olub-olmadığını müəyyən edə bilsinlər. Şahid qismində seçilən ağsaqqallar yığıncağı təmsil etmirlər, çünki onları ağsaqqallar şurası bu işə təyin etməyib.
19 Dəfələrlə cəhd göstərməyinizə, təqsirkarla təklikdə və şahidlərin iştirakı ilə danışmağınıza baxmayaraq, məsələ həll olunmayıbsa və siz məsələni belə qoya bilmirsinizsə, onda problem haqda yığıncağın nəzarətçilərinə xəbər verin. Yadda saxlayın ki, onların məqsədi yığıncaqdakı sülhü və təmizliyi qorumaqdır. Ağsaqqallara müraciət etməklə siz məsələni onlara və Yehovaya etibar etmiş olursunuz. Heç zaman yol verməyin ki, kiminsə hərəkəti sizi büdrətsin və Yehovaya ibadətdən duyduğunuz sevinci əlinizdən alsın (Zəb. 119:165).
20 Yığıncağın nəzarətçiləri məsələni hərtərəfli araşdıracaq. Aydın olsa ki, həmin şəxs, həqiqətən də, sizə qarşı günah işlədib, amma tövbə etmirsə, vurduğu zərəri, bacardığı qədər də olsa, ödəmək istəmirsə, nəzarətçilərdən ibarət komitə, lazım gəlsə, günahkarı yığıncaqdan kənar edəcək. Bununla onlar yığıncağı müdafiə edəcək və təmizliyini qoruyacaqlar (Mət. 18:17).
CİDDİ GÜNAHLARIN HƏLLİ
21 Cinsi əxlaqsızlıq, zina, homoseksualizm, küfr, dönüklük, bütpərəstlik və bu kimi ağır günahları zərərçəkmiş tərəfin bağışlaması kifayət deyil (1 Kor. 6:9, 10; Qal. 5:19—21). Yığıncağın ruhani və əxlaqi təmizliyi təhlükə altında olduğundan belə ciddi günahlar haqqında ağsaqqallara xəbər verilməlidir və onlar lazımi tədbirlər görməlidirlər (1 Kor. 5:6; Yaq. 5:14, 15). Ola bilər ki, kimsə ağsaqqallara yaxınlaşıb ya öz günahını etiraf etsin, ya da başlarının günahı barədə xəbər versin (Lav. 5:1; Yaq. 5:16). Ağsaqqalların vəftiz olunmuş məsihinin ciddi günahı haqda necə xəbər tutmalarından asılı olmayaraq, məsələni əvvəlcə iki ağsaqqal araşdırmalıdır. Məlumat öz təsdiqini tapsa və ciddi günah törədildiyinə sübutlar olsa, məsələnin həll edilməsi üçün ağsaqqallar şurası, ən azı, üç nəzarətçidən ibarət intizam komitəsi təyin edəcək.
22 Ağsaqqallar yığıncağın qayğısına qalaraq ona ruhani cəhətdən zərər verə biləcək hər bir şeydən qoruyurlar. Həmçinin onlar Allahın Kəlamından məharətlə istifadə edərək səhv iş tutanlara günahını başa düşməyə və ruhani sağlamlığını bərpa etməyə kömək edirlər (Yhd. 21—23). Onlar həvari Bulusun Timutiyə verdiyi göstərişlərə uyğun davranırlar: «Səni Allahın önündə və ölülərlə diriləri mühakimə edəcək Məsih İsanın önündə... and verirəm: ...bütün səbrini toplayaraq, müəllimlik qabiliyyətini işə salaraq tənbeh et, məzəmmət et, ürəkləndir» (2 Tim. 4:1, 2). Düzdür, bu iş çoxlu vaxt tələb edir, amma bu, ağsaqqalların boynuna düşən ağır məsuliyyətin bir hissəsidir. Yığıncaq onların əməyini qiymətləndirir və onlara ikiqat hörmət göstərir (1 Tim. 5:17).
23 Ağsaqqallar müəyyən edəndə ki, günah, doğrudan da, törədilib, onların əsas məqsədi günahkara ruhani cəhətdən kömək etmək olmalıdır. Həmin insan, həqiqətən də, tövbə edəndən və ağsaqqalların köməyini qəbul edəndən sonra, ona təklikdə və ya dinləməyə dəvət olunan şahidlərin qarşısında verilən töhmət onun üçün dərs olacaq, digərlərində isə sağlam qorxu hasil edəcək (2 İşm. 12:13; 1 Tim. 5:20). Töhmət qərarı çıxarılan bütün hallarda məhdudiyyətlər qoyulur. Bunun sayəsində günahkara yollarını düzəltmək üçün kömək göstərilir (İbr. 12:13). Aydın olanda ki, o, ruhani cəhətdən düzəlib, məhdudiyyətləri götürmək olar.
TÖHMƏT HAQQINDA ELAN
24 İntizam komitəsi görəndə ki, insan tövbə edib, amma onun günahından yığıncaq və ya yaşadığı ərazidəki insanlar xəbər tuta bilər, yaxud da yığıncağı qorumaq məqsədilə Məsihi həyatı və ibadəti görüşündə qısa elan edilməlidir: «[Adı və soyadı] töhmət alıb».
YIĞINCAQDAN KƏNAR ETMƏK QƏRARI ÇIXARILANDA
25 Bəzən, ola bilsin, günah insanın ürəyində dərin kök salsın və ona göstərilən heç bir köməyə hay verməsin. Elə ola bilər ki, intizam komitəsinin dinləmələri zamanı həmin adamın «tövbəni göstərən işləri» kifayət qədər olmasın (Həv. 26:20). Bəs onda nə etmək lazımdır? Belə olan halda günahkarı yığıncaqdan kənar etmək lazımdır ki, Yehovanın pak yığıncağı ilə ünsiyyətdə olmasın. Bunun sayəsində günahkar yığıncağa pis təsir göstərə bilməyəcək; nəticədə, yığıncaq əxlaqi və ruhani cəhətdən təmiz qalacaq və adına ləkə gəlməyəcək (Qan. 21:20, 21; 22:23, 24). Həvari Bulus Korinf yığıncağında bir nəfərin nalayiq davranışından xəbər tutanda ağsaqqallara göstəriş vermişdi: «Həmin adamı Şeytana təslim edin ki,.. yığıncağın ruhu qorunub saxlanılsın» (1 Kor. 5:5, 11—13). Bulusun məktublarından aydın görünür ki, birinci əsrdə həqiqətə qarşı üsyan qaldıran başqa insanlar da yığıncaqdan kənar edilmişdi (1 Tim. 1:20).
26 İntizam komitəsi tövbə etməyən günahkarı yığıncaqdan kənar etmək qərarına gələndə bu qərarı həmin insanın özünə bildirməli və bunun səbəbini Müqəddəs Kitabdan ona aydın göstərməlidir. Sonra intizam komitəsində olan qardaşlar növbəti məqamı ona izah edəcək: əgər o, intizam komitəsinin qərarında ciddi səhv olduğunu düşünürsə və qardaşların qərarından şikayət etmək istəyirsə, səbəbi aydın göstərməklə məktub şəklində apelyasiya şikayəti verə bilər. O, bunu komitənin qərarını eşidəndən sonra yeddi gün ərzində edə bilər. Əgər ağsaqqallar şurası apelyasiya şikayəti alıbsa, onlar rayon nəzarətçisi ilə əlaqə saxlamalı və o, işə yenidən baxılması üçün təcrübəli ağsaqqallardan ibarət apelyasiya komitəsi təşkil etməlidir. Onlar çalışmalıdırlar ki, məktub alandan sonra bir həftənin içində apelyasiya dinləməsi keçirsinlər. Əgər apelyasiya şikayəti verilibsə, yığıncaqdan kənaredilmə haqqında elan sonraya saxlanılmalıdır. Bu müddətdə günah işlətmiş adam yığıncaqda şərh verməməli, yığıncağın adından dua etməməli və digər məsuliyyətlərdən azad olunmalıdır.
27 Apelyasiya şikayəti vermək imkanı günah işlətmiş adama qarşı xeyirxahlığın əlamətidir, bununla ona bir daha öz fikrini bildirmək imkanı verilir. Buna görə də o, qəsdən apelyasiya dinləməsinə gəlmirsə, ağsaqqallar onunla əlaqə yaratmaq üçün əllərindən gələni etdikdən sonra onun yığıncaqdan kənar edildiyini elan edəcək.
28 Əgər təqsirkar apelyasiya şikayəti vermək istəmirsə, intizam komitəsi ona tövbə etməyin vacibliyini, eləcə də mümkün qədər tez bərpa olunmaq üçün nə etməli olduğunu izah etməlidir. Beləcə, ağsaqqallar günah işlətmiş adamın əməlindən tövbə edəcəyinə və tez bir zamanda Yehovanın təşkilatına qayıdacağına ümid edərək ona öz köməkliklərini və xeyirxahlıqlarını göstərəcəklər (2 Kor. 2:6, 7).
YIĞINCAQDAN KƏNAREDİLMƏ BARƏDƏ ELAN
29 Günahından tövbə etməyən şəxsin yığıncaqdan kənar edilməsi barədə qısaca elan edilməlidir: «[Adı və soyadı] artıq Yehovanın Şahidi deyil». Yığıncaqdakı sadiq məsihilər onunla ünsiyyəti tamamilə kəsməlidirlər (1 Kor. 5:11).
YIĞINCAQDAN İMTİNAETMƏ
30 «Yığıncaqdan imtinaetmə» termini öz hərəkəti ilə məsihi mövqeyindən imtina etdiyini göstərən və ya artıq Yehovanın Şahidi olmaq istəmədiyini bildirən vəftiz olunmuş məsihiyə tətbiq olunur. Yaxud, ola bilsin, insan öz davranışı ilə, məsələn, məqsədləri Müqəddəs Kitaba zidd gedən və buna görə də Yehova Allah tərəfindən mühakimə olunan təşkilata qoşularaq məsihi yığıncağından imtina edir (Əşy. 2:4; Vəhy 19:17—21).
31 Həvari Yəhya onun günlərində məsihi imanından imtina edən insanlar haqqında yazmışdı: «Onlar aramızdan çıxıblar, lakin bizim kimi deyildilər; əgər bizim kimi olsaydılar, bizimlə qalardılar» (1 Yəh. 2:19).
32 Yehovanın gözündə yığıncaqdan imtina edən insanın vəziyyəti təbliğ fəaliyyətində iştirak etməyən qeyri-fəal insanın vəziyyətindən fərqlidir. Ola bilsin, insan Müqəddəs Kitabı araşdırmadığı üçün qeyri-fəal olub, yaxud da şəxsi problemləri və təqiblər ucbatından ruhani cəhətdən zəifləyib. Ağsaqqallar və yığıncaqdakılar qeyri-fəallara kömək etmək üçün əllərindən gələni etməlidirlər (Rom. 15:1; 1 Salon. 5:14; İbr. 12:12).
33 Yığıncaqdan imtina edən məsihi haqqında isə yığıncaqda qısaca elan edilir: «[Adı və soyadı] artıq Yehovanın Şahidi deyil». Onunla da yığıncaqdan kənar edilmiş adam kimi rəftar etmək lazımdır.
BƏRPAEDİLMƏ
34 Yığıncaqdan kənar edilmiş və ya yığıncaqdan imtina etmiş şəxsin tövbə etdiyi və müəyyən vaxt ərzində günahlı yolundan döndüyü aydın görünürsə, onu bərpa etmək olar. O, bununla göstərir ki, Yehova ilə münasibətlərini bərpa etmək istəyir. Ağsaqqallar həmin insana kifayət qədər vaxt verməlidirlər ki, həqiqətən də, tövbə etdiyini sübuta yetirsin; vəziyyətdən asılı olaraq, bu vaxt bir il, bir ildən az və ya çox ola bilər. Ağsaqqallar şurası bərpa olunmaq üçün müraciət edən adamdan məktub alanda bərpa komitəsi onunla görüşüb danışacaq. Komitə həmin adamın «tövbəni göstərən işlər» görüb-görmədiyini və hal-hazırda onu bərpa etməyin münasib olub-olmadığını müəyyən edəcək (Həv. 26:20).
35 Bərpa olmaq üçün müraciət edən insan başqa yığıncaqda yığıncaqdan kənar edilibsə, hazırkı yığıncaqdakı bərpa komitəsi onunla görüşüb müraciətini müzakirə edəcək. Əgər komitə üzvləri yığıncaqdan kənar edilmiş adamın bərpa edilməli olduğuna əmindirsə, tövsiyələrini əvvəlki yığıncağının ağsaqqallar şurasına göndərəcək. Hər iki komitə bir-birilə əməkdaşlıq etməlidir ki, ədalətli qərar çıxarmaq üçün əllərində kifayət qədər faktların olduğuna əmin olsun. Amma bərpa etmək qərarı məsələyə baxmış əvvəlki yığıncağın bərpa komitəsi tərəfindən verilir.
BƏRPAETMƏ HAQDA ELAN
36 Bərpa komitəsi görəndə ki, yığıncaqdan kənar olunan və ya yığıncaqdan imtina edən insan tövbə edib və onu bərpa etmək olar, bu haqda onun kənar olunduğu yığıncaqda elan edilməlidir. Əgər həmin adam başqa yığıncağa keçibsə, bu elanı həmin yığıncaqda da etmək lazımdır. Elan belə səslənməlidir: «[Adı və soyadı] Yehovanın Şahidi kimi bərpa edilib».
VƏFTİZ OLUNMUŞ AZYAŞLI UŞAQLAR GÜNAH İŞLƏDƏNDƏ
37 Yığıncaqda vəftiz olunmuş azyaşlı məsihilər ciddi günah işlədəndə ağsaqqallara xəbər vermək lazımdır. Ağsaqqallar günah işlətmiş uşağın işinə baxanda yaxşı olardı ki, vəftiz olunmuş valideynləri də yanlarında olsun. Valideynlər intizam komitəsilə əməkdaşlıq etməli və uşaqlarını lazımi intizam tədbirlərindən qorumağa çalışmamalıdırlar. İntizam komitəsi, böyüklərlə olduğu kimi, günah işlətmiş uşağı da tənbeh etməli və düzgün yola çəkməyə çalışmalıdır. Amma tövbə etmirsə, yığıncaqdan kənar etməlidir.
VƏFTİZ OLUNMAMIŞ TƏBLİĞÇİ GÜNAH İŞLƏDƏNDƏ
38 Bəs vəftiz olunmamış təbliğçilər günah işlədəndə nə etmək lazımdır? Onlar vəftiz olunmuş Yehovanın Şahidi olmadığı üçün yığıncaqdan kənar edilə bilməzlər. Ola bilsin, onlar Müqəddəs Kitab prinsiplərini axıra kimi başa düşmürlər, yaxşı məsləhət onlara düz yolda yeriməyə kömək edə bilər (İbr. 12:13).
39 Əgər iki ağsaqqal vəftiz olmamış təbliğçi ilə görüşüb kömək etməyə çalışandan sonra da o, tövbə etmirsə, bu haqda yığıncağa məlumat vermək lazımdır. Qısaca elan olunmalıdır: «[Adı və soyadı] daha vəftiz olunmamış təbliğçi deyil». Həmin adam yığıncaqdakılar üçün dünyadakı insanlardan biri kimi olmalıdır. Düzdür, o, yığıncaqdan kənar edilməyib, amma yığıncaqdakılar onunla ünsiyyətdə ehtiyatlı olmalıdırlar (1 Kor. 15:33). Onun təbliğ hesabatı qəbul olunmur.
40 Əvvəllər vəftiz olunmamış təbliğçi olan insan yenidən təbliğçi olmaq istəyə bilər. Belə olan halda iki ağsaqqal onunla görüşüb onun ruhani inkişafının hansı yerdə olduğunu müəyyən edəcək. Əgər o, tələblərə cavab verirsə, yığıncaqda qısa elan edilir: «[Adı və soyadı] yenidən vəftiz olunmamış təbliğçidir».
YEHOVA PAK İBADƏTİ QƏBUL EDİR
41 Allahın müasir yığıncağı ilə sıx ünsiyyətdə olanların hamısı Yehovanın xalqına bəxş etdiyi ruhani nemətlərdən sevinc duyurlar. Şükür Yehovaya, ruhani qidamız aşıb-daşır, həqiqət çeşməsi gur çağlayır! Yehova həmçinin başında Məsihin durduğu teokratik quruluş vasitəsilə bizi müdafiə edir (Zəb. 23; Əşy. 32:1, 2). Bu keşməkeşli axırzamanda ruhani cənnətdə özümüzü təhlükəsizlikdə hiss edirik.
Gəlin yığıncaqda sülhü və təmizliyi qorumaqla bundan sonra da Padşahlıq haqqında həqiqətin gur parlamasına səbəb olaq
42 Gəlin yığıncaqda sülhü və təmizliyi qorumaqla bundan sonra da Padşahlıq haqqında həqiqətin gur parlamasına səbəb olaq (Mət. 5:16; Yaq. 3:18). Yehovanın xeyir-duası ilə daha çox insanın Allahı tanıdığını, bizimlə bərabər Onun iradəsini yerinə yetirdiyini görəndə ürəyimiz dağa dönür!