DƏRS 35
Hənnənin oğul həsrəti
Əlqəna adlı israilli kişinin Hənnə və Fəninə adında iki arvadı var. Ancaq Əlqəna Hənnəni daha çox sevir. Fəninə həmişə Hənnəyə lağ edir, çünki Hənnənin uşağı olmur, Fəninəninsə çoxlu uşağı var. Hər il Əlqəna ailəsini də götürüb Şilodakı Hüzur çadırında ibadət etməyə gedir. Bir dəfə onlar oraya gedəndə Əlqəna fikir verir ki, Hənnə çox kədərlidir. O deyir: «Ağlama, Hənnə. Mən ki sənin yanındayam. Səni çox sevirəm».
Sonra Hənnə dua etməyə gedir. O, göz yaşları içində yalvarıb Yehovadan kömək istəyir. Hənnə söz verir: «Yehova, əgər mənə oğul versən, onu Sənə verəcəyəm. O, ömür boyu sənə xidmət edəcək».
Baş kahin Əli Hənnənin içini çəkə-çəkə dodaqlarının altında nə isə danışdığını görüb düşünür ki, o içkilidir. Hənnə cavab verir: «Xeyr, ağam, mən içkili deyiləm. Dərdim böyükdür. Ürəyimi Yehovaya boşaldıram». Əli səhvini başa düşür və ona deyir: «Qoy Allah səni arzuna çatdırsın». Hənnə toxtaqlıq tapıb oradan gedir. Üstündən bir il keçməmiş onun oğlu olur. Uşağın adını İşmuil qoyurlar. Təsəvvür edirsən, Hənnə nə qədər sevinir?
Hənnə Yehovaya verdiyi sözü unutmur. İşmuil süddən kəsilən kimi Hənnə onu Hüzur çadırına xidmət etməyə aparır. Hənnə Əliyə deyir: «Mən bu uşaqdan ötəri dua edirdim. O, ömür boyu Yehovaya məxsus olacaq». Əlqəna və Hənnə hər il İşmuilin yanına gəlir, ona təzə paltar gətirirlər. Sonra Yehova Hənnəyə daha üç oğul və iki qız övladı bəxş edir.
«Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız» (Mətta 7:7)