DƏRS 37
Yehova İşmuillə danışır
Baş kahin Əlinin iki oğlu var. Onlar Hüzur çadırında kahin kimi xidmət edirlər. Onların adı Hüfni və Fənhasdır. Hüfni və Fənhas Yehovanın qanunlarına əməl etmir və xalqla pis rəftar edirlər. İsraillilər Yehovaya qurban gətirəndə onlar ətin ən yaxşı tikələrini özlərinə götürürlər. Əli bundan xəbər tutsa da, heç nə etmir. Yehova bunun belə davam etməsinə yol verir?
İşmuil Hüfni və Fənhasdan yaşca kiçik olsa da, onların günahına şərik olmur. Yehova İşmuildən çox razıdır. Bir axşam İşmuil yatanda kiminsə onu çağırdığını eşidir. O, yerindən durub, Əlinin yanına qaçır və deyir: «Buyur, eşidirəm!» Ancaq Əli deyir: «Mən səni çağırmamışam. Get yat». İşmuil yatmağa gedir. Yenə həmin səsi eşidib, Əlinin yanına gəlir. Bu hadisə üçüncü dəfə təkrarlananda Əli başa düşür ki, İşmuili çağıran Yehovadır. O, İşmuilə deyir ki, bir də həmin səsi eşitsə belə desin: «Yehova, danış. Qulun səni eşidir».
İşmuil yatağına qayıdır. Həmin səsi yenə eşidir: «İşmuil! İşmuil!» O cavab verir: «Danış, qulun səni eşidir». Yehova ona deyir: «Əliyə de ki, Mən onu və ailəsini cəzalandıracağam. O, oğullarının Mənim Hüzur çadırımda pis işlər gördüyünü bilsə də heç nə etmir». Səhərisi gün İşmuil həmişəki kimi Hüzur çadırının qapılarını açır. O, Yehovanın sözlərini Əliyə deməyə çəkinir. Ancaq Əli onu çağırıb soruşur: «Oğlum, Yehova sənə nə dedi? Danış mənə». İşmuil də hər şeyi Əliyə danışır.
İşmuil böyüyəndən sonra da Yehova onunla olur. İsraildə hər kəs bilir ki, Yehova İşmuili peyğəmbər və hakim seçib.
«Cavanlıq günlərində Ulu Yaradanını xatırla» (Vaiz 12:1)