Dirilməyə olan ümidin qüvvəsi var
“Hər şeyi ziyan... sayıram ki... Onu [İsa Məsihi] və Onun dirilmə qüdrətini dərk edim” (FİLİPİLİLƏRƏ 3:8—10).
1, 2. a) Çox illər əvvəl bir din xadimi dirilməni necə təsvir etmişdi? b) Dirilmə necə baş verəcək?
BRUKLİNDƏ (Nyu-York, ABŞ) olan bir din xadiminin təəccüblü təbliği barədə, 1890-cı illərin başlanğıcında dərc olunan dövri mətbuatda mə’lumat verilirdi. O, deyirdi ki, dirilmə zamanı, bir vaxtlar insan bədənini təşkil edən bütün sümüklər və ət - atəşdə yanmağından və ya bədbəxt hadisədə məhv edilməsindən, vəhşi heyvanların yeməsindən və ya gübrəyə çevrilməsindən asılı olmayaraq - bir yerə yığılacaq və yenidən həyata canlanacaqlar. Təbliğçinin sözlərinə görə 24 saat davam edən müəyyən bir gündə yer üzü milyardlarla ölmüş adamların əlləri, ayaqları, barmaqları, sümükləri, vətərləri və dəriləri ilə dolacaq. Bu hissələr, həmin adama məxsus olan digər hissələri axtaracaqlar. Sonra canlar cənnət və cəhənnəmdən qayıdacaq və dirilən bədənə daxil olacaqlar.
2 Əvvəlki atomların yenidən birləşməsi yolu ilə baş verən dirilmə məntiqə uyğun deyil və bundan başqa, insanda ölməz can yoxdur (Vaiz 9:5, 10; Hezekiel 18:4). Ölüləri dirildən Yeqova Allaha, insan bədənini ilk əvvəl təşkil edən atom maddələrini bir yerə yığmaq lazım gəlmir. O, dirilənlər üçün yeni bədən yarada bilər. Yeqova Oğlu İsa Məsihə, ölənləri həyata qaytarmaq, onlara əbədi yaşamağa imkan vermək qüvvəsini verib (Yəhya 5:26). Buna görə də, İsa dedi: “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar” (Yəhya 11:25, 26). Necə də sevindirici və’ddir! Bu və’d, sınaqlara tab gətirmək üçün bizə qüvvə verir və hətta bizi, Yeqovanın sadiq Şahidlərini, ölüm qarşısında da möhkəmləndirir.
3. Pavel nəyə görə dirilmə haqqındakı tə’limi müdafiə etməli oldu?
3 Dirilmə, insanda ölməz canın olması tə’limi ilə uyğunlaşmır - bu tə’limi yunan filosofu Platon irəli sürmüşdür. Elə buna görə, həvari Pavel, Afina Areopaqındakı görkəmli yunanlara şəhadətlik edərkən, İsaya istinad edib, Allahın onu diriltdiyini söylədikdə nə baş verdi? Müqəddəs Kitabda deyilir: “Ölülərdən dirilməyi eşitdikdə, bə’ziləri kinayə ilə güldü” (Həvarilərin işləri 17:29—34). İsanı dirilmiş görənlərin çoxu hələ sağ idi və rişxəndçiliyə baxmayaraq, onun ölülərdən dirildildiyi barədə şəhadətlik edirdilər. Lakin Korinf yığıncağındakı yalançı müəllimlər dirilmənin olmadığını iddia edirdilər. Buna görə Pavel, korinflilərə göndərdiyi birinci məktubun 15-ci fəslində, bu məsihçi tə’limini qəti surətdə müdafiə etdi. Onun gətirdiyi sübutların dərindən müşahidə edilməsi, dirilməyə olan ümidin inandırıcı və tə’sirli qüvvəsi olmasına heç bir şübhə yeri qoymur.
İsanın dirilməsinin inandırıcı sübutu
4. Pavel, İsanın dirilməsinə şahid olanların hansı şəhadətliyini göstərdi?
4 Pavelin öz müdafiəsini nədən başladığına diqqət yetirin (1 Korinflilərə 15:1—11). Korinflilər xilas haqqındakı xoş xəbərə qəti şəkildə tərəf duracaqlar, əks təqdirdə elə çıxardı ki, onlar əbəs yerə iman etmişdilər. Məsih bizim günahlarımıza görə ölmüş, dəfn edilmiş və sonra dirildilmişdir. Dirilən İsa, Kefaya, “sonra da Onikilərə göründü” (Yəhya 20:19—23). Onu təxminən 500 adam gördü; bu, ola bilsin ki, onun: “Gedin, bütün xalqları şagirdim edin” - deyə, buyurduğu zaman olmuşdur (Matta 28:19, 20). Bütün başqa sadiq həvarilərlə bərabər, onu Yaqub da gördü (Həvarilərin işləri 1:6—11). İsa Dəməşqə yaxın bir məsafədə, “vaxtından əvvəl doğulan kimi olan”, yə’ni sanki artıq ruhani aləmdə həyata dirildilmiş olan Şaula göründü (Həvarilərin işləri 9:1—9). Korinflilər, Pavelin onlara təbliğ etməsi sayəsində imanlı oldular və xoş xəbəri qəbul etdilər.
5. Pavel, 1 Korinflilərə 15:12—19 ayələrində hansı dəlilləri göstərdi?
5 Pavelin dəlillərinə diqqət yetirək (1 Korinflilərə 15:12—19). Məsihin dirilməsinə şahid olanlar bu barədə təbliğ etdikləri bir vaxtda, dirilməni necə inkar etmək olar? Əgər İsa dirildiməmişdirsə, bizim təbliğimiz və imanımız mə’nasız olardı və biz, Allahın haqqında, “Məsihi diriltdi deyərək”, yalan şəhadət etmiş olardıq. Ölülər dirilmirlərsə, deməli, “biz hələ öz günahlarımızın içindəyik” və Məsihdə ölənlər həlak oldular. Bundan əlavə, “əgər biz, yalnız bu həyatda Məsihə ümid bəsləyiriksə, bizə bütün insanlardan çox acımaq lazımdır”.
6. a) İsanın dirildiyini təsdiq etmək üçün, Pavel nə dedi? b) “Axırıncı düşmən” nədir və necə yox ediləcək?
6 Pavel, İsanın dirildiyini təsdiq edir (1 Korinflilərə 15:20—28). Məsih, ölüm yuxusunda yatanlardan “ilk nümunə” və ya “ilk məhsul” (YD) olduğu üçün, digər insanlar da dirildiləcəklər. Ölüm, insan olan Adəmin itaətsizliyi nəticəsində peyda olduğu kimi, dirilmə də İsanın vasitəsilə mümkündür. İsaya məxsus olanlar, onun iştirakı zamanı dirildilməlidirlər. Məsih, Allahın hökmranlığına zidd gedən “hər cür rəisliyi, hakimiyyəti və qüdrəti ləğv” edəcək və Yeqova bütün düşmənləri onun ayaqları altına qoyana qədər Padşahlıq edəcəkdir. Hətta Adəmdən miras alınmış “axırıncı düşmən” olan ölüm də, İsanın qurbanlığının dəyəri sayəsində yox ediləcək. O zaman Məsih Padşahlığı, Allahı və Atası olan Yeqovaya verəcək və “Ona hər şeyi tabe Etdirənə tabe olacaq ki, Allah hər şeydə hər şey olsun”.
Ölülər üçün vəftiz olunmuşlar?
7. “Ölü olmaq məqsədilə vəftiz olunanlar” kimlərdir və onlar üçün bu nə deməkdir?
7 Pavel, dirilməni inkar edənlərdən soruşurdu: “Ölülər üçün vəftiz olunanlar nə edəcəklər [“Ölü olmaq məqsədilə vəftiz olunanlar nə etməlidir”, YD]?” (1 Korinflilərə 15:29). Pavel demək istəmirdi ki, dirilər ölənlərin xeyrinə vəftiz olunmalıdırlar, çünki Məsihin şagirdləri özləri şəxsən həqiqəti öyrənməli, iman etməli və vəftiz olunmalıdırlar (Matta 28:19, 20; Həvarilərin işləri 2:41). Məsh edilmiş məsihçilər, onları ölümə və dirilməyə aparan həyat yoluna qədəm qoyaraq, “ölü olmaq məqsədilə vəftiz olunurlar”. Bu cür vəftiz, Allahın ruhu onlarda göylər ümidi yaradanda başlayır və onlar göylərdə ölməz həyata diriləndə sona çatır (Romalılara 6:3—5; 8:16, 17; 1 Korinflilərə 6:14).
8. Məsihçilər, hətta əgər Şeytanın və onun xidmətçiləri tərəfindən ölüm təhlükəsində olsalar da, nəyə əmin ola bilərlər?
8 Pavelin sözlərindən göründüyü kimi, dirilməyə olan ümid məsihçilərə, Padşahlıq haqqındakı müjdəni təbliğ etdiklərinə görə hər saat təhlükəyə mə’ruz qalanda və hər gün ölümlə üz-üzə gələndə möhkəm dayanmaları üçün qüvvət verir (1 Korinflilərə 15:30, 31). Bu məsihçilər bilirlər ki, əgər Yeqova onların Şeytan və onun xidmətçiləri tərəfindən öldürülməsinə yol verirsə, onları dirildə bilər. Onların canını və ya həyatlarını, əbədi məhvin simvolu olan cəhənnəmdə yalnız Yeqova həlak edə bilər (Luka 12:5).
Ehtiyatlı olmağın gərəkliyi
9. Əgər dirilməyə olan ümidin həyatımızda bizə kömək etməsini istəyiriksə, nədən uzaq olmalıyıq?
9 Dirilməyə olan ümid Paveli ruhlandırırdı. Pavel Efesdə olanda, ehtimala görə, düşmənləri onu vəhşi heyvanlarla mübarizə aparmaq üçün meydana buraxmışdılar (1 Korinflilərə 15:32). Əgər belə hadisə baş vermişdisə, şirlərdən xilas edilən Daniel kimi, Pavel də həlakdan qurtulmuşdur (Daniel 6:16—22; İbranilərə 11:32, 33). Pavel, dirilməyə ümid etdiyi üçün, Yeşayanın günlərində Yəhudeyada yaşayan dönüklərin nöqteyi-nəzərlərinə şərik olmurdu. Onlar deyirdilər: “Yeyək və içək, çünki sabah öləcəyik” (Yeşaya 22:13). Dirilməyə olan ümid həyatımızda bizi də, Pavel kimi, ruhlandırsın deyə belə zərərli ruhu göstərən insanlardan uzaq olmalıyıq. Pavel xəbərdarlıq edirdi: “Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar” (1 Korinflilərə 15:33). Bu prinsip, şübhəsiz ki, həyatın müxtəlif sahələrinə aiddir.
10. Dirilməyə olan ümidi necə qoruyub saxlamaq olar?
10 Dirilməyə şübhə edənlərə Pavel dedi: “Necə lazımsa, ayılın və günah işlətməyin; utanmanız üçün deyim ki, sizlərdən bə’ziləri Allahı heç tanımır” (1 Korinflilərə 15:34). Biz bu “sonun vaxtında”, Allah və Məsih haqqındakı dəqiq biliyə müvafiq olaraq davranmalıyıq (Daniel 12:4, YD; Yəhya 17:3). Bu, dirilməyə olan ümidimizi qoruyub saxlamaqda bizə kömək edəcək.
Hansı bədənlə diriləcəklər?
11. Məsh edilmiş məsihçilərin dirilməsini Pavel nə ilə müqayisə etdi?
11 Pavel sonra bə’zi sualları izah edir (1 Korinflilərə 15:35—41). Fərz edək ki, dirilməni şübhə altına qoymaq məqsədilə, bir kimsə soruşa bilər: “Ölülər necə diriləcəklər? Onlar hansı bədənlə gələcəklər?” Pavelin göstərdiyi kimi, səpilən toxum cücərəndə, nəticədə ölür. Bunun kimi, ruhdan doğulan insanlar da ölməlidirlər. Toxumdan boy atan bitki yeni “bədəni” təqdim edir, buna görə də, məsh edilmiş məsihçinin dirilmiş bədəni artıq insan bədəni deyil. Baxmayaraq ki, belə məsihçi ölməzdən əvvəlki xasiyyət və düşüncə tərzində qalır, o, göylərdə yaşamağa qadir olan ruhani bədənli yeni varlıq kimi dirilir. Yer üzündə diriləcək insanların isə, təbiidir ki, insan bədəni olacaq.
12. “Səmavi bədən” və “dünyəvi bədən” ifadələrinin mə’nası nədir?
12 Pavelin dediyi kimi, insan bədəni heyvanların bədənindən fərqlənir. Hətta bir heyvanın bədəni digərindən fərqlənir (Təkvin 1:20—25). Ruhani varlıqlara aid olan (türk.) “səmavi bədənlər... dünyəvi bədənlər”dən izzətlərinə görə fərqlənirlər. İzzətdə Günəş, Ay və ulduzlar da fərqlənirlər. Lakin dirilən bir məsh edilmişin izzəti, göy cisimlərinin izzətindən çox böyükdür.
13. 1 Korinflilərə 15:42—44 əsasən, nə əkilir və nə dirilir?
13 Bu fərqləri xatırladaraq, Pavel əlavə etdi: “Ölülərin dirilməsi də belədir” (1 Korinflilərə 15:42—44). O dedi: “Fanilikdə əkilir, qeyri-fanilikdə dirilir”. Yəqin ki, Pavel burada, məsh edilmişlər barəsində, bir qrup kimi bəhs edirdi. Bu qrup “fanilikdə əkilir”, amma günahdan azad olaraq qeyri-fanilikdə dirilir. Bu dünyada məsihçilərə hörmətsizlik göstərilməsinə baxmayaraq, onlar göylər həyatına dirildiləcəklər və izzətdə Məsihlə zühur edəcəklər (Həvarilərin işləri 5:41; Koloslulara 3:4). Ölüm zamanı “təbii cisim əkilir” və “ruhani cisim dirilir”. Bu vəziyyətin ruhdan doğulanlarla baş verməsi mümkün olduğu üçün biz əmin ola bilərik ki, digər insanlar yer üzündəki həyat üçün dirildilə bilərlər.
14. Məsih ilə Adəmi Pavel necə müqayisə etdi?
14 Pavel daha sonra Məsihlə Adəmi müqayisə edir (1 Korinflilərə 15:45—49). İlk insan olan Adəm “yaşayan can oldu” (Təkvin 2:7). “Sonuncu Adəm” olan İsa “həyat verən ruh oldu”. O öz həyatını, ilk növbədə özünün məsh edilmiş davamçıları üçün, fidiyə olaraq qurban verdi (Mark 10:45). Onlar insan olarkən “torpaqdan hasil olunmuşun surətini” gəzdirirlər, dirilən zaman isə axırıncı Adəm kimi olurlar. Məsihin qurbanlığı, əlbəttə ki, bütün itaətkar insanların, o cümlədən yer üzündə dirildilənlərin də xeyrinə xidmət edəcəkdir (1 Yəhya 2:1, 2).
15. Məsh edilmiş məsihçilər nə üçün cismani bədəndə dirilmirlər və İsanın iştirakı zamanı onlar necə dirilirlər?
15 Məsh edilmiş məsihçilər öləndə cismani bədəndə dirilmirlər (1 Korinflilərə 15:50—53). Ət və qandan ibarət olan fani bədən qeyri-faniliyi və göylərin Padşahlığını miras ala bilməz. Məsh edilmişlərin bə’zisinə uzun müddət ölüm yuxusunda yatmaq lazım gəlməyəcək. Onlar, Məsihin iştirakı zamanı yer üzündəki səyahətlərini sədaqətlə başa vuraraq, “bir an içində, bir göz qırpımında” dəyişilirlər. Onlar, qeyri-fanilikdə və izzətdə yaşamaq üçün, ruhani varlıqlar kimi bir an içində dirilirlər. Nəticədə, Məsihin göylər “gəlini” 144 000 nəfər olacaq (Vəhy 14:1; 19:7—9; 21:9; 1 Saloniklilərə 4:15—17).
Ölüm üzərində qələbə!
16. Pavelin və qədim zəmanənin peyğəmbərlərinin sözlərinə görə, günahkar Adəmdən miras alınmış ölümə nə olacaq?
16 Pavel təntənəli surətdə e’lan etdi ki, ölüm əbədiyyən yox ediləcək (1 Korinflilərə 15:54—57). Fani və ölümlü insanlar qeyri faniliyi və ölməzliyi “geyindikdə”, bu sözlər yerinə yetəcək: “[Allah] ölümü əbədiyyən yox edəcək”. “Ey ölüm, neştərin hanı? Ey ölülər aləmi, həlak etməyin [“qələbən”, YD] hanı?” (Yeşaya 25:8; Hoşea 13:14). Ölümə səbəb olan neştər günahdır, günahın gücü isə, günahkarları ölümə məhkum edən Qanun idi. Lakin İsanın qurbanlığı və dirilməsi sayəsində, günahkar Adəmdən miras alınmış ölüm bir daha qalib gəlməyəcək (Romalılara 5:12; 6:23).
17. 1 Korinflilərə 15:58 olan sözlər bu gün necə tətbiq edilir?
17 Pavel deyirdi: “Beləliklə, ey sevimli qardaşlarım, möhkəm, sarsılmaz olun, hər zaman Rəbbin işində tərəqqi edin və bilin ki, Rəbbin yolunda çəkdiyiniz əmək əbəs deyildir” (1 Korinflilərə 15:58). Bu sözlər, məsh edilmişlərin bugünkü qalıqlarına və bu axır günlərdə ölmələrinə baxmayaraq, İsanın “başqa qoyunlarına” da aiddir (Yəhya 10:16). Padşahlığın təbliğində onların çəkdikləri əmək əbəs deyil, çünki onları dirilmə gözləyir. Buna görə də, gəlin Yeqovanın xidmətçiləri kimi Rəbbin işi ilə məşğul olmağa davam edərək, sevinclə “Ölüm, sənin qələbən hanı?” deyəcəyimiz günü gözləyək.
Dirilməyə olan ümid yerinə yetir!
18. Pavelin dirilməyə olan ümidi nə dərəcədə möhkəm idi?
18 Pavelin Korinflilərə yazdığı birinci məktubun 15-ci fəslindəki sözlərindən görünür ki, dirilməyə olan ümid onun həyatına güclü tə’sir etmişdir. O, İsanın dirildiyinə və başqalarının da bəşəriyyətin ümumi məzarından azad ediləcəklərinə qəti surətdə əmin idi. Belə möhkəm əminlik sizdə də varmı? Pavel, xudbincəsinə olan cəhdləri “zibil” sayırdı; Məsihi və “Onun dirilmə qüdrətini dərk” etmək üçün “hər şeyi ziyan hesab” edirdi. Bu həvari, “dirilməni [“erkən dirilməni”, YD]” almaq ümidində olaraq, Məsih kimi, hətta ölməyə belə hazır idi. Bu həmçinin “ilk dirilmə” adlanır və onu İsanın məsh edilmiş 144 000 davamçısı alır. Bəli, onlar ruhani varlıqlar kimi göylər həyatına dirilirlər, “ölülərin digərləri isə” yer üzündə dirildiləcəklər (Filipililərə 3:8—11; Vəhy 7:4; 20:5, 6).
19, 20. a) Müqəddəs Kitabda bəhs edilən insanlardan hansıları yer üzündə həyata qaytarılacaqlar? b) Siz kimlərin dirilməsini gözləyirsiniz?
19 Ölənə qədər sadiq qalan məsh edilmişlər, dirilməyə olan ümidin izzətlə yerinə yetdiyini gördülər (Romalılara 8:18; 1 Saloniklilərə 4:15—18; Vəhy 2:10). “Böyük məşəqqətdən” sağ çıxanlar, “dəniz, özündə olan ölüləri... ölüm və ölülər aləmi də özlərində olan ölüləri təslim” etdiyi zaman, dirilməyə olan ümidin yer üzündə necə yerinə yetəcəyini görəcəklər (Vəhy 7:9, 13, 14; 20:13). Yeddi oğlunu və üç qızını itirmiş Eyub, yer üzündə həyata qaytarılanlar arasında olacaq. Təsəvvür edin ki, Eyub onları necə sevinclə qarşılayacaq və onlar, özlərinin daha yeddi qardaşı və üç gözəl bacısı olduğuna necə şadlanacaqlar! (Eyub 1:1, 2, 18, 19; 42:12—15).
20 İbrahimin, Saranın, İshaqın, Rebekkanın və bir çox başqalarının, o cümlədən “bütün peyğəmbərlərin” yer üzündə həyata qaytarılmaları necə xeyir-dua olacaq! (Luka 13:28). Bu peyğəmbərlərdən biri, Məsihin rəhbərliyi zamanı diriləcəyi və’dini alan Danieldir. Artıq 2 500 ildir ki, Daniel qəbirdə rahat yatır, lakin dirilmə sayəsində o, tezliklə “öz payını” almaq üçün qalxacaq və “bütün dünyada... rəis” olanlardan biri olacaq (Daniel 12:13; Məzmur 45:16). Yalnız keçmişdə yaşamış sadiq insanlarla deyil, eləcə də düşmən sayılan ölümün əlimizdən aldığı doğma atamız, anamız, oğlumuz, qızımız və yaxud bizə əziz olan insanlarla yenidən görüşmək necə də sevindirici olacaq!
21. Biz nəyə görə başqalarına xeyirxahlıq etməkdə ləngiməməliyik?
21 Ola bilsin, dostlarımızdan və əzizlərimizdən kim isə on illərdir ki, Allaha xidmət edir və artıq qocalıb. Yaşlı olduqları üçün həyatdakı çətinliklərin öhdəsindən gəlmək onlara asan deyil. Artıq indidən əlimizdən gələn bir köməkliyi etməklə, biz onlara necə də qayğı və diqqət göstərmiş olarıq! Əgər ölüm onlara qalib gələrsə də, belə davranmaqla təssüflənməyəcəyik ki, onlar üçün bir şey etmədik (Vaiz 9:11; 12:1—7; 1 Timoteyə 5:3, 8). Biz əmin ola bilərik ki, yaşından və vəziyyətindən asılı olmayaraq, başqalarına etdiyimiz xeyirxah işləri Yeqova unutmayacaq. Pavel yazırdı: “Nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək” (Qalatiyalılara 6:10; İbranilərə 6:10).
22. Dirilməyə olan ümid yerinə yetənə qədər biz nəyə qərarlı olmalıyıq?
22 Yeqova “mərhəmətli Ata və hər cür təsəlli verən Allahdır” (2 Korinflilərə 1:3, 4). Onun Kəlamı bizə təsəlli verir və bizə kömək edir ki, qüvvət verən dirilmə ümidi ilə başqalarına təsəlli verək. Biz hələ ki, ölülərin yer üzündə həyata qaytarılacaqları haqqında olan ümidin yerinə yetdiyini görmürük, gəlin dirilməyə inanan Pavel kimi olaq. Gəlin xüsusilə də, Allahın ölüləri diriltmək qüdrətində olduğuna bel bağlayan və ölümdən həyata qaytarılan İsadan nümunə götürək. Yaddaşlıq məzarlarında olanlar tezliklə Məsihin səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar. Qoy bu bizə təsəlli və sevinc gətirsin. Ən başlıcası, gəlin Rəbbimiz İsa Məsih vasitəsilə ölüm üzərində qələbəni mümkün edən Yeqovaya minnətdar olaq!
Siz necə cavab verərdiniz?
• Pavel, İsanın dirilməsinə şahid olanların hansı şəhadətliyinə istinad etdi?
• “Axırıncı düşmən” nədir və o necə yox ediləcək?
• Məsh edilmiş məsihçilərlə əlaqədar nə əkilir və nə dirilir?
• Müqəddəs Kitabda haqqında bəhs edilən insanlar yer üzündə həyata qaytarıldıqda, onlardan kiminlə görüşmək istəyərdiniz?
[14-cü səhifədəki şəkil]
Həvari Pavel qəti surətdə dirilmə tə’limini müdafiə etdi
[18-ci səhifədəki şəkillər]
Eyubun, onun ailəsinin və bir çox başqa insanların dirilməsi, hədsiz sevincə səbəb olacaq!