Qiymətli mirasımız: bu sənin üçün nə mə’na daşıyır?
“Ey sizlər, Atamın mübarəkləri, gəlin, dünya yarandıqdan bəri sizin üçün hazırlanmış olan Padşahlığı miras alın” (MATTA 25:34, ƏC—93).
1. İnsanlar miras olaraq nə alırlar?
BÜTÜN insanların miras aldıqları bir şey vardır. Birinə ehtiyacsız, başqa birinə isə yoxsulluq içində bir həyat miras qalıbdır. Bə’zən elə olur ki, bir nəsil, üzərində hiss etdikləri və ya eşitdikləri ilə əlaqədar bu və ya digər etnik qrupa qarşı güclü nifrət hissini miras olaraq növbəti nəslə ötürür. Ancaq bizim hamımızı ümumi bir şey birləşdirir. Hamımız, ilk insan olan Adəmdən günahı miras almışıq. Bu miras nəticədə ölümə gətirib çıxarır (Vaiz 9:2, 10; Romalılara 5:12).
2, 3. Adəm ilə Həvvanın nəsilləri Yeqovadan hansı mirası ala bilərdilər və nə üçün onlar bu mirası almadılar?
2 Yeqova, sevən səmavi Ata kimi, lap başlanğıcdan insanlara tamam fərqli bir mirası — Cənnətdə kamil əbədi həyatı təklif edirdi. Ulu valideynlərimiz Adəmlə Həvvaya kamil, günahsız başlanğıc verilmişdi. Yeqova Allah, Yer planetini bəşəriyyətə hədiyyə olaraq verdi (Məzmur 115:16). Yeqova, Ədən bağını, Yerin gələcəkdə necə olacağına bir nümunə vermişdi; həmçinin Allah, ulu valideynlərimizə çox gözəl, maraqlı iş tapşırmışdı. Onlar dünyaya övlad gətirməli, Yer kürəsi və onun dəyişkən flora və faunasının qeydinə qalmalı, eləcə də bütün Yer kürəsini əhatə etsin deyə, Cənnətin sahəsini genişləndirməli idilər (Təkvin 1:28; 2:8, 9, 15). Bütün bu işlərdə onların nəsilləri də iştirak edəcəkdi. Onlara necə də gözəl miras çata bilərdi!
3 Amma bütün bu ne’mətləri əldə etmək üçün, Adəmlə Həvva və onların nəsilləri, Allahla yaxşı münasibətdə olmalı idilər. Yeqovadan aldıqları bəxşişlərə görə, onlar Onu sevməyə və Ona itaət etməyə borclu idilər, lakin Adəmlə Həvva Allahın onlara verdiklərini qiymətləndirmirdilər və nəticədə, Onun əmrinə itaət etmədilər. İlk insanlar evlərini — Cənnəti və Allahın onlara təklif etdiyi gözəl gələcəyi itirdilər. Deməli, onlar bu şeyləri öz nəsillərinə verə bilməzdilər (Təkvin 2:16,17; 3:1—24).
4. Adəmin məhrum olduğu mirası biz necə ala bilərik?
4 Mərhəmət hissindən irəli gələrək, Yeqova qayğı göstərdi ki, Adəmin məhrum olduğu mirası, Adəmlə Həvvanın nəsillərinin almaq imkanları olsun. Necə? Allahın tə’yin etdiyi vaxtda Onun Oğlu İsa Məsih, Adəmin nəsilləri uğrunda öz kamil insan həyatını qurban verdi. Beləliklə də Məsih onların hamısını satın aldı. Lakin onlar bu mirası avtomatik olaraq almırlar. Bunun üçün onlar, İsanın günahları yuyan qurbanlığının qiymətinə iman gətirərək və bu imanı itaətkarlıqla ifadə edərək, Allahın yanında yaxşı ad qazanmalıdırlar. (Yəhya 3:16, 36; 1 Timoteyə 2:5, 6; İbranilərə 2:9; 5:9). Sən öz həyat tərzinlə, Allahın bu hədiyyəsini qiymətləndirdiyini göstərirsənmi?
İbrahimin vasitəsilə verilən miras
5. İbrahim, Yeqova ilə münasibətin onun üçün qiymətli olduğunu necə göstərdi?
5 Yeqova, Yer üçün olan niyyətini həyata keçirərək, İbrahimlə xüsusi münasibət yaratdı. Allah bu sadiq insana, öz doğma məmləkətini tərk etməsini və Onun göstərəcəyi diyara getməsini tapşırdı. İbrahim hazırlıqla itaət etdi. İbrahim oraya gəldikdə, Yeqova dedi ki, bu diyarı İbrahim yox, onun nəsilləri miras alacaqlar (Təkvin 12:1, 2, 7). İbrahim bu xəbərə necə münasibət göstərdi? Nəsilləri miras alsınlar deyə, İbrahim Yeqovaya, onun tapşıracağı yerdə və onun göstərəcəyi tərzdə xidmət etməyə hazır idi. O, 100 il ərzində, ölənəcən Yeqovaya qürbət eldə xidmət etdi (Təkvin 12:4; 25:8—10). Bəs sən belə edə bilərdinmi? Yeqova İbrahimi özünün “dostu” adlandırdı (Yeşaya 41:9).
6. a) İbrahimin, oğlunu qurban gətirməyə hazır olması nəyi göstərdi? b) İbrahim öz nəsillərinə hansı qiymətli mirası verə bildi?
6 İbrahim, nəvazişlə sevdiyi oğlu İshaqı çox illər gözləmişdi. Mə’lum olduğu kimi, oğlan artıq böyüdükdə, Yeqova İbrahimə buyurdu ki, onu qurban gətirsin. İbrahim,- Allahın öz Oğlunu fidiyə olaraq necə verəcəyini peyğəmbərlik vasitəsilə göstərməli olduğunu bilmədən itaət etdi və İshaqı qurban gətirmək üzrə idi ki, Yeqovanın mələyi onu saxladı. (Təkvin 22:9—14). Bundan qabaq, Yeqova artıq söyləmişdi ki, İbrahimə verilən və’dlər İshaqın vasitəsilə yerinə yetəcək. Deməli, əvvəllər buna bənzər hadisələrin baş vermədiyinə baxmayaraq, İbrahim inanırdı ki, lazım gələrsə Yeqova İshaqı həyata qaytaracaq (Təkvin 17:15—18; İbranilərə 11:17—19). İbrahim, hətta doğma oğlunu belə əsirgəmədiyi üçün, Yeqova dedi: “Zürriyyətində yerin bütün millətləri xeyir-dua alacaqlar” (Təkvin 22:15—18). Bu sözlər onu göstərirdi ki, Təkvin 3:15-də xatırladılan Zürriyyət, yə’ni xilaskar Məsih, İbrahimin nəslindən gələcəkdir. Necə də qiymətli mirasdır!
7. İbrahim, İshaq və Yaqub aldıqları mirasa görə minnətdarlıqlarını necə bildirdilər?
7 Yeqovanın o zaman etdiklərinin mə’nasını İbrahim anlamırdı; bunu, “eyni və’din həmvarisləri” olan onun oğlu İshaq və nəvəsi Yaqub da anlamırdılar. Lakin onların hamısı Yeqovaya e’tibar edirdilər. Onlar həmin məmləkətin şəhərlərindən birində sakin olmadılar, çünki onlar daha yaxşı şəhəri — “me’marı və banisi Allah olan, möhkəm təməllərə malik şəhəri” axtarırdılar (İbranilərə 11:8—10, 13—16). Ancaq İbrahimin bütün nəsli, onun vasitəsilə alınması mümkün olan mirasın nə dərəcədə qiymətli olduğunu dərk etmirdilər.
Onlar miraslarını qiymətləndirmirdilər
8. Esav mirasının nə dərəcədə qiymətli olduğunu anlamadığını necə göstərdi?
8 İshaqın böyük oğlu Esav ilkinlik hüququnun qədrini bilmirdi. O, müqəddəs olanı qiymətləndirmirdi. Bir dəfə Esav ac olarkən, öz ilkinlik haqqını qardaşı Yaquba satdı. Nəyə? Çörəyə və mərcimək şorbasına! (Təkvin 25:29—34; İbranilərə 12:14—17). Allahın İbrahimə verdiyi və’dlər, Yaqubdan törənən xalqın vasitəsilə yerinə yetməli idi; Allah Yaqubun adını dəyişib, İsrail adlandırdı. Bu miras onların qarşısında hansı imkanları yaradırdı?
9. Yaqubun və ya İsrailin nəsli, ruhani mirasları sayəsində nədən və necə azad olundular?
9 Aclıq dövrü zamanı, Yaqub və onun ailəsi Misirə köçdü. Orada törəyib artdılar və həddindən artıq çoxaldılar, lakin axırda onları kölə etdilər. Ancaq Yeqova İbrahimlə bağladığı əhdini unutmadı. Allah müəyyən etdiyi vaxtda, İsrail oğullarını köləlikdən azad etdi və onları, İbrahimə və’d etdiyi “süd və bal axan diyara” aparmaq niyyətində olduğunu bildirdi (Çıxış 3:7, 8; Təkvin 15:18—21).
10. İsrail oğullarının mirası ilə əlaqədar, Sina dağının ətəyində daha hansı fövqəl’adə hadisələr baş verdi?
10 İsrail oğulları Və’d edilən Diyara gedərkən, Yeqova onları Sina dağının yaxınlığında bir yerə topladı və dedi: “Əgər gerçəkdən sözümü dinləyəcək və əhdimi tutacaqsınızsa, bütün xalqlar arasında mənə məxsus xalq olacaqsınız, çünki bütün dünya mənimdir; və siz mənə kahinlər padşahlığı və müqəddəs millət olacaqsınız” (Çıxış 19:5, 6). Xalq könüllü olaraq və yekdilliklə razılaşdıqdan sonra, əvvəllər heç bir xalqa vermədiyi Qanununu Yeqova israillilərə verdi (Məzmur 147:19, 20).
11. İsrail oğullarının ruhani mirasları özünə qiymətli olan nəyi daxil edirdi?
11 Yeni xalq necə də böyük ruhani mirasa malik idi! Onlar yeganə həqiqi Allaha ibadət edirdilər. Allah onları Misirdən azad etdi və Sina dağında onlara Qanun verilərkən, həyəcan doğuran hadisələrin şahidi oldular. “Allahın sözləri”ni peyğəmbərlərin vasitəsilə dinləməyə davam edəndə, onların mirasları daha da artırdı (Romalılara 3:1, 2). Yeqova onları özünə şahid seçdi (Yeşaya 43:10—12). Xilaskar Zürriyyət bu xalqdan çıxmalı idi. Həmin Zürriyyət haqqında, onun kim olacağını müəyyən etməkdə və ona ehtiyacları olduqlarını anlamaqda israillilərə kömək edən Qanunda əvvəlcədən deyilirdi (Qalatiyalılara 3:19, 24). Bundan əlavə, onlar, Xilaskar Zürriyyətlə birlikdə kahinlər padşahlığı və müqəddəs xalq kimi xidmət etmək imkanını ala bilərdilər (Romalılara 9:4, 5).
12. İsraillilər Və’d edilmiş Diyara daxil olsalar da, nəyə nail ola bilmədilər? Nəyə görə?
12 Yeqova, və’d etdiyi kimi, israilliləri həqiqətən də Və’d edilən Diyara gətirdi. Amma, həvari Pavelin sonralar dediyi kimi, imansızlıqlarına görə həmin diyar onlar üçün əsl “istirahət” yeri olmadı. Onlar, bir xalq kimi, Allahın “istirahətinə” nail ola bilmədilər, çünki Adəm və Həvvanın yaradılmasından sonra başlanan Allahın istirahət gününün məqsədini anlamadılar və bu məqsədə uyğun davranmırdılar (İbranilərə 4:3—10).
13. Öz ruhani mirasını qiymətləndirmədiyi üçün, İsrail bir xalq kimi nədən məhrum oldu?
13 Cismani İsraildən, Məsihin səmavi Padşahlığında, kahinlər padşahlığı və müqəddəs xalq kimi onunla birlikdə idarə edəcək şəxslərin tam sayı yığıla bilərdi. Lakin israillilər, dəyərli miraslarını qiymətləndirmirdilər. Məsih gələn zaman, cismani israillilərin yalnız bir hissəsi onu qəbul etdi. Nəticədə, qabaqcadan xəbər verilmiş kahinlər padşahlığının tərkibinə yalnız azsaylı şəxslər daxil oldular. Padşahlıq cismani İsraildən alınmış və “onun [Padşahlığın] meyvələrini yetişdirəcək bir xalqa” verilmişdir (Matta 21:43). Bu hansı xalqdır?
Göylərdəki miras
14, 15. a) İsanın ölümündən sonra, xalqlar İbrahimin “zürriyyəti” vasitəsilə necə xeyir-dua almağa başladılar? b) “Allahın İsraili”nin üzvləri nəyi miras alırlar?
14 Padşahlıq verilmiş xalq “Allahın İsraili”dir, yə’ni İsa Məsihin ruhdan doğulmuş 144 000 davamçısından ibarət olan ruhani İsraildir (Qalatiyalılara 6:16; Vəhy 5:9, 10; 14:1—3). Bu 144 000 arasında cismani yəhudilər də vardı, ancaq çoxluğu başqa xalqlardan olan insanlar təşkil edə bilərdi. Bununla da, Yeqovanın İbrahimə verdiyi,- yer üzünün bütün xalqları onun “zürriyyəti” vasitəsilə xeyir-dua alacaqlar — və’di, yerinə yetməyə başladı (Həvarilərin işləri 3:25, 26; Qalatiyalılara 3:8, 9). Və’din ilk dəfə yerinə yetirilməsində, başqa xalqlardan olan insanlar müqəddəs ruhla məsh edilmiş və Yeqova Allah tərəfindən ruhani oğullar, İsa Məsihin qardaşları timsalında qəbul edilmişdilər. Beləliklə, onlar da bu “zürriyyətin” ikinci dərəcəli üzvləri oldular (Qalatiyalılara 3:28, 29).
15 Ölümündən bir az qabaq, İsa yeni xalqın yəhudilərdən olan gələcək üzvləri ilə yeni əhd bağladı; bu əhd İsanın öz qanı ilə təsdiq olunmalı idi. Əhdi təsdiqləyən qurbana iman əsasında, bu əhdə qəbul olunanlar, “həmişəlik kamilləş”məli idilər (İbranilərə 10:14—18). Onlar “saleh” e’lan olunar və günahlarının bağışlanmasını qazana bilərdilər (1 Korinflilərə 6:11,ƏC—93). Bu cəhətdən, onlar, Adəm günah işlətməzdən qabaq olduğu kimi idilər. Lakin onlar yerüzü cənnətdə yaşamayacaqlar. İsa, onlara göylərdə yer hazırlayacağını söylədi (Yəhya 14:2, 3). Onlar yer üzündəki gələcəklərindən imtina edirlər ki, “göylərdə” özləri “üçün saxlanılmış... mirasa çat”sınlar (1 Peter 1:4). Onlar göylərdə nə edirlər? İsa dedi: “Mən... sizə bir səltənət tapşırıram” (Luka 22:29).
16. Məsh edilmiş məsihçiləri hansı gözəl tapşırıq gözləyir?
16 Məsihlə göylərdə idarə edəcək kəslər, digər şeylərlə yanaşı, Yeqovanın hökmranlığına qarşı qaldırılan üsyanın bütün nəticələrini aradan qaldırmağa kömək edəcəklər (Vəhy 2:26, 27). İbrahimin ruhani zürriyyətinin ikinci dərəcəli üzvləri olaraq, onlar bütün xalqlardan olan insanlara kamil həyatın xeyir-dualarının bəxş olunmasında iştirak edəcəklər (Romalılara 8:17—21). Onlar necə də qiymətli mirasa malikdirlər! (Efeslilərə 1:16—18).
17. Məsh edilmiş məsihçilər, yerdə olarkən, öz miraslarından hansı mə’nada istifadə edirlər?
17 Ancaq İsanın məsh edilmiş davamçıları miraslarını yalnız gələcəkdə almayacaqlar. İsa, yeganə həqiqi Allah olan Yeqovanı tanımaları üçün, onlara, başqa bir kimsənin edə bilməyəcəyi köməkliyi göstərdi (Matta 11:27; Yəhya 17:3, 26). Yeqovaya “güvənməyin” və Ona itaət etməyin nə demək olduğunu İsa onlara sözü və nümunəsi ilə öyrədirdi (İbranilərə 2:13; 5:7—9). İsa, Allahın niyyəti haqqındakı həqiqət biliyini onlara həvalə etdi və onları əmin etdi ki, Allahın iradəsini daha dərindən anlamaqda müqəddəs ruh onlara kömək edəcək (Yəhya 14:24—26). İsa onlara kömək etdi ki, Allahın Padşahlığının vacibliyini, zehinləri və ürəkləri ilə dərk etsinlər (Matta 6:10, 33). İsa həmçinin onlara şahidlik etməyi və Yerusəlimin, Yəhudeyanın, Samariyanın və dünyanın ən uzaq yerlərinin sakinlərindən şagirdlər hazırlamağı tapşırdı (Matta 24:14; 28:19, 20; Həvarilərin işləri 1:8).
Böyük izdiham üçün qiymətli miras
18. İbrahimin “zürriyyəti” vasitəsilə bütün xalqların xeyir-dua alacaqları barədə Yeqovanın və’di bu gün necə yerinə yetir?
18 Çox ehtimal ki, ruhani İsrailin, yə’ni Padşahlığın varisləri olan “kiçik sürü”nün tam sayı artıq toplanıbdır (Luka 12:32). Artıq neçə onilliklərdir ki, Yeqova bütün xalqlardan olan başqa insanların böyük izdihamının yığılmasına diqqət yetirir. Bununla da, Yeqovanın İbrahimə verdiyi — bütün xalqların onun “zürriyyəti” vasitəsilə xeyir-dua alacaqları — və’di, böyük miqyasda yerinə yetir. Xeyir-dualanmış bu insanlar, Yeqovaya olan müqəddəs xidməti sevinclə yerinə yetirir və xilaslarının, Allahın Quzusu olan İsa Məsihə iman etməkdən asılı olduğunu e’tiraf edirlər (Vəhy 7:9, 10). Sən, bu xoşbəxt insanların dəstəsinə qoşulmağa dair, Yeqovanın mərhəmətli də’vətini qəbul etmisənmi?
19. Bizim zəmanəmizdə başqa xalqlardan olan xeyir-dualanan insanlar hansı mirasa ümid edirlər?
19 Kiçik sürüyə mənsub olmayan kəslərə Yeqova hansı qiymətli mirası təklif edir? Yox, bu göylərdə olan miras deyil. Bu,- vaxtı ilə bütün Yer kürəsini əhatə edəcək cənnətdə əbədi kamil həyat mirasıdır, hansını ki, Adəm öz nəsillərinə verə bilərdi. Həmin dünyada “artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır” (Vəhy 21:4). Buna görə də demək olar ki, Allahın Kəlamı bu yerdə, məhz sənə müraciət edir: “RƏBBƏ güvən və yaxşılıq et; məmləkətdə otur və onun sədaqəti ilə bəslən. RƏBDƏN də ləzzət al; O da sənə ürəyinin diləklərini verəcəkdir. Bir az gözlə və pis yox olacaqdır... Fəqət həlimlər dünyanı miras alacaqlar və əmin-amanlıq bolluğunda ləzzət tapacaqlar. Salehlər yeri miras alır və onda əbədiyyən yaşayırlar” (Məzmur 37:3, 4, 10, 11, 29).
20. Nəyə görə demək olar ki, “başqa qoyunlar”, məsh edilmiş məsihçilərin aldıqları mirasın xeyli hissəsinə malikdirlər?
20 İsanın “başqa qoyunlarına” hazırladığı miras, səmavi Padşahlığın yer sahəsindədir (Yəhya 10:16 a). Onlar göyə getməyəcəklərinə baxmayaraq, məsh edilmişlərin malik olduqları ruhani mirasın xeyli hissəsi onalara çatır. Allahın Kəlamında olan qiymətli və’dlərin dərk edilməsi, məhz məsh edilmişlər qrupu, yə’ni “sadiq və ağıllı qul”un vasitəsilə başqa qoyunlara açılır (Matta 24:45—47; 25:34). Həm məsh edilmişlər, həm də başqa qoyunlar yeganə həqiqi Allah olan Yeqovanı tanıyır və Ona birgə ibadət edirlər (Yəhya 17:20, 21). Onlar, İsanın günahları yuyan qurbanlığı üçün Allaha minnətdarlıqlarını birgə bildirirlər. Onlar, bir Çobanın — İsa Məsihin rəhbərliyi altında bir sürü kimi bərabər xidmət edirlər (Yəhya 10:16b). Onların hamısı məhəbbətlə dolu ümumdünya qardaşlığına mənsubdurlar. Onlar Yeqovanın və Onun Padşahlığının Şahidləri olmaq şərəfinə şərikdirlər. Bəli, əgər sən Yeqovanın həsr və vəftiz olunmuş xidmətçisisənsə, onda bunların hamısı sənin ruhani mirasına daxildir.
21, 22. Bizlərdən hər birimiz, ruhani mirasımızı qiymətləndirdiyimizi necə göstərə bilərik?
21 Bu ruhani miras sənin üçün nə dərəcədə qiymətlidir? Sən bu mirası, həyatında Allahın iradəsini yerinə yetirməyi ən vacib iş sayacaq dərəcədəmi qiymətləndirirsən? Əgər belədirsə, onda sən Allahın Kəlamının və Onun təşkilatının çağırışına riyaət edərək məsihçi yığıncaqlarının bütün görüşlərində müntəzəm olaraq iştirak edirsənmi? (İbranilərə 10:24, 25). Sənin üçün bu miras heç bir çətinliyə baxmadan, Allaha xidmət etməyə səni təşviq edəcək dərəcədəmi qiymətlidir? Bu mirasa görə sənin minnətdarlığın o dərəcədəmi güclüdür ki, onun itirilməsinə səbəb olacaq yolla getmək sınağının tə’siri altına düşmürsən?
22 Gəlin Allahın bizə verdiyi ruhani mirası qiymətləndirək. Gəlin, daim diqqətimizi gələcək Cənnətə yönəldərək, Yeqovanın bizə bəxş etdiyi bütün ruhani üstünlüklərdən tam mə’nada istifadə edək. Əgər həqiqətən də həyatımız Yeqova ilə münasibətimizin ətrafında dövr edirsə, bu, Allahın bizə verdiyi mirası nə dərəcədə qiymətləndirməyimizə inandırıcı şəhadətlik edir. Qoy biz də: “Ey Allahım, ey Padşah, səni yüksəldərəm və sənin ismini əbədiyyən və daima təqdis edərəm” deyənlərin arasında olaq (Məzmur 145:1).
Siz necə izah edərdiniz?
• Adəm Allaha sadiq qalsaydı, bizə hansı mirası verərdi?
• İbrahimin nəsli onlara həvalə olunmuş mirasla, necə davrandı?
• Məsihin məsh edilmiş davamçılarının mirasına nə daxildir?
• Böyük izdihamın hansı mirası var və onun üzvləri bu mirası qiymətləndirdiklərini necə göstərə bilərlər?
[28-ci səhifədəki şəkillər]
İbrahimin nəslinə qiymətli miras və’d olunub
[32-ci səhifədəki şəkillər]
Sən öz ruhani mirasını qiymətləndirirsənmi?