“Saat gəldi!”
“Bu dünyadan Atanın yanına köçəcəyi saat gəldi” (YƏHYA 13:1).
1. B. e. 33-cü ilində Pasxa yaxınlaşanda Yerusəlim hansı söhbətlərdən hərəkətə gəlir və nəyə görə?
İSA, b. e. 29-cü ilində vəftiz olunaraq, ölümü, dirilməsi və izzətlənməsi “saatına” aparan yola qədəm qoydu. İndi b. e. 33-cü ilinin bahar fəsli başlayıb. Sinedrionun - yəhudi ali məhkəməsinin, İsanı öldürmək üçün qərar çıxardığı vaxtdan cəmi bir neçə həftə keçib. İsa, onların planını, çox ehtimal ki, Nakdimondan - Sinedrionun üzvü olan və ona yaxşı münasibət göstərən insandan - öyrənərək Yerusəlimdən çıxır və İordan çayının o tayına keçir. Pasxa bayramı yaxınlaşdığına görə insanların çoxu, ölkənin hər tərəfindən Yerusəlimə gedir və şəhər İsa barədə olan söhbətlərdən hərəkətə gəlir. İnsanlar bir-birlərindən soruşurlar: “Nə fikirləşirsiniz? O, bayrama gəlməyəcəkmi?” Baş kahinlər və fəriseylər, İsanın harada olduğunu görən hər bir şəxsin bu barədə onlara mə’lumat verməsini əmr edərək, daha çox çaxnaşma yaradırlar (Yəhya 11:47—57).
2. Məryəmin hansı hərəkəti mübahisə yaradır və İsanın onu müdafiə edən cavabı, “öz saatının” yaxın olduğunu bilməsi ilə əlaqədar nəyi göstərir?
2 Pasxadan altı gün əvvəl, nisanın səkkizində, İsa Yerusəlimin ətrafına qayıdır. O, Yerusəlimdən təxminən üç kilometr aralıda yerləşən, sevimli dostları Martanın, Məryəmin və Lazarın yaşadıqları Beytanya kəndinə gəlir. İndi cümə gününün axşamıdır və İsa, şənbə gününü orada keçirir. Növbəti axşam Məryəm bahalı hindsünbülü yağından İsanın başına, ayaqlarına sürtərək, ona qulluq göstərir, bu isə şagirdlərin e’tirazına səbəb olur. İsa cavab verir: “Qadından əl çək! Bunu mənim dəfnim üçün saxlayıb. Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mən isə həmişə sizin yanınızda deyiləm” (Yəhya 12:1—8; Matta 26:6—13). İsa “bu dünyadan Atanın yanına köçəcəyi saatın gəldiyini” bilir (Yəhya 13:1). O, beş gündən sonra “bir çoxları üçün canını fidiyə olaraq” verəcək (Mark 10:45). Bu vaxtdan e’tibarən, İsanın etdiyi və öyrətdiyi hər işdə tə’xirəsalınmazlıq hissi əks olunur. Bu əşyalar sisteminin sonunu həvəslə gözləyən bizlər üçün bu necə də gözəl nümunədir! Görək növbəti gün o günlərin əhəmiyyətini anladığını İsa necə göstərir.
İsanın zəfərlə Yerusəlimə gəldiyi gün
3. a) İsa bazar günü, 9 nisanda, Yerusəlimə necə daxil olur və onun ətrafındakı insanların əksəriyyəti buna necə münasibət göstərir? b) İsa, izdihamdan şikayətlənən fəriseylərə nə cavab verir?
3 Bazar günü, nisanın 9-da, İsa zəfərlə Yerusəlimə daxil olur. Zəkəriyyə 9:9 ayəsi yerinə yetsin deyə, sıpanın belində şəhərə yaxınlaşarkən onun ətrafına toplaşan insanların əksəriyyəti paltarlarını, digərləri isə ağacdan kəsdikləri budaqları yola sərirlər. Onlar ucadan “Rəbbin adı ilə gələn Padşaha həmd olsun!” deyirlər. İzdiham içində olan fəriseylər İsanın şagirdlərini susdurmasını istəyirlər. Lakin İsa cavab verir: “Sizə deyirəm ki, əgər onlar sussalar, daşlar dilə gələr” (Luka 19:38—40, İ— 93; Matta 21:6—9).
4. İsa Yerusəlimə girərkən şəhər nəyə görə hərəkətə gəlir?
4 Orada yığılanların çoxu cəmi bir neçə həftə əvvəl İsanın Lazarı necə diriltdiyini görmüşdülər. İndi onlar həmin mö’cüzə haqqında başqalarına söyləyirlər. Buna görə də, İsa Yerusəlimə girərkən bütün şəhər hərəkətə gəlir. “Bu Kimdir?” - deyə insanlar soruşur. Hər yerdən cavab eşidilir: “Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir”. Bu hadisəni görən fəriseylər gileylənib deyirlər: “Dünya Onun ardınca getdi” (Matta 21:10, 11; Yəhya 12:17—19).
5. İsa mə’bədə gəldikdə nə baş verir?
5 Böyük Müəllim, İsa, Yerusəlimə gəldikdə öz adəti üzrə, tə’lim vermək üçün mə’bədə gedir. Orada korlar və topallar onun yanına gəlir və İsa onlara şəfa verir. Baş kahinlər və din alimləri bunu gördükdə, həmçinin oğlan uşaqlarının mə’bəddə, ucadan - “Davud Oğluna hosanna!” dediklərini eşitdikdə, hiddətlənirlər. Onlar e’tiraz edib deyirlər: “Bunların nə söylədiyini eşidirsənmi?” İsa cavab verir: “Bəli: “Kiçik uşaqların və əmzikli olanların ağzından kamil həmd aldın” - sözünü heç oxumamısınızmı?” İsa, tə’liminə davam edərək, mə’bəddə baş verən hadisələrə diqqətlə tamaşa edir (Matta 21:15, 16; Mark 11:11).
6. İsanın davranışı necə dəyişdi və nəyə görə?
6 İsanın indiki davranışı, yarım il əvvəl olan davranışından tamamilə fərqlənir! O vaxt İsa Yerusəlimə, Çadır bayramına “açıq yox, gizlicə imiş kimi” (KM) getmişdi (Yəhya 7:10). Hər dəfə də həyatı təhlükə altında olanda onlardan uzaqlaşmaq üçün ehtiyatlı davranırdı. İndi isə, tutulması əmr edilmiş şəhərə açıq-aşkar gəlir! Bundan əlavə isə, Məsih olduğunu açıqca bildirmək İsanın adəti deyildi (Yeşaya 42:2; Mark 1:40—44). O, öz ətrafında hay-küy olmasını və ya özü barədə təhrif olunmuş mə’lumatların ağızdan-ağıza yayılmasını istəmir. Lakin indi xalq İsanı açıqca Padşah və Xilaskar, yə’ni Məsih e’lan edir, onun özü isə, şagirdlərinin susmasını istəyən din rəhbərlərinin istəklərini rədd edir! Bu dəyişiklik nə ilə izah olunur? İsa, ertəsi gün “İnsan Oğlunun izzətlənmək vaxtı gəldi” deyərkən bunun səbəbini bildirdi (Yəhya 12:23).
Cəsarətli davranış və həyatı xilas edən tə’limlər
7, 8. İsanın, eramızın 33-cü ilinin 10 nisanındakı davranışı, 30-cu ilin Pasxa bayramında etdiklərini nə ilə xatırladır?
7 İsa, nisanın 10 — da, səhər mə’bədə gələrək, ötən gün orada görüdükləri ilə əlaqədar hərəkətə başladı. O, “mə’bəddəki satıcıları və alıcıları qovmağa başladı, sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi. Və qoymurdu ki, yük daşıyan kimsə mə’bəd ərazisindən keçsin”. Taqsırkarları mühakimə edərək dedi: “Mənim evimə bütün xalqlar üçün dua evi deyiləcək,- yazılmayıbmı? Amma siz onu quldur yuvasına döndərmisiniz!” (Mark 11:15—17).
8 İsanın bu davranışı, üç il qabaq, b. e. 30-cu ilində Pasxa bayramına mə’bədə gəldiyi zaman etdiyi işi xatırladır. Amma bu dəfə İsa taqsırkarları daha kəskin şəkildə ittiham edir. İndi o, mə’bəddə alver edənləri “quldurlar” adlandırır (Luka 19:45, 46; Yəhya 2:13—16). Bu doğrudan da belədir, çünki onlar qurban gətirmək üçün heyvan almalı olan insanlardan həddindən artıq yüksək qiymət tələb edirdilər. Baş kahinlər, din alimləri və xalqın rəisləri İsanın etdiyi işi eşidir və yenidən onu öldürməyə cəhd göstərirlər. Ancaq bunu necə edəcəklərini bilmirlər, çünki İsanın tə’liminə valeh olan xalq həmişə onun yanındadır (Mark 11:18; Luka 19:47, 48).
9. İsa hansı dərsi verir və mə’bəddə onu dinləyənləri nəyə də’vət edir?
9 İsa mə’bəddəki tə’liminə davam edərək, bildirir: “İnsan Oğlunun izzətlənmək vaxtı gəldi”. Bəli, o, insan olaraq cəmi bir neçə gün ömrü qaldığını bilir. Buğda toxumunun səmərə verməsi üçün toxumun ölməli olduğu kimi, başqalarının da əbədiyyən yaşamalarına imkan yaranması üçün özünün ölməsi gərək olduğunu söyləyərək, İsa dinləyicilərini də’vət edir: “Kim Mənə xidmət edəcəksə, ardımca gəlsin; Mən harada oluramsa, xidmətkarım da orada olacaqdır; kim Mənə xidmət edərsə, Ata ona hörmət edəcəkdir” (Yəhya 12:23—26).
10. Qarşıdakı işgəncəli ölüm İsada hansı hissləri oyadır?
10 Cəmi dörd gündən sonra mə’ruz qalacağı işgəncəli ölüm barədə düşünərək, İsa sözünə davam edir: “İndi canım çox sıxılır; və nə deyim? Ey Ata, Məni bu saatdan qurtarmı deyim?” Lakin İsanı gözləyən aqibət qaçılmazdır. O deyir: “Elə bu saat üçün gəldim”. Bəli, İsa, Allahın niyyətində tutduğu hər şeylə razıdır. O, qurban timsalındakı ölümünə qədər Allahın iradəsinə tabe olmağa tam qərarlıdır (Yəhya 12:27). Allahın iradəsinə bütünlüklə tabe olmaq məsələsində İsa bizə necə də gözəl nümunə verib!
11. Göylərdən səs eşidən izdihama İsa nə öyrədir?
11 Ölümünün, Atasının adına necə tə’sir edəcəyindən dərin narahatçılıq hissi keçirərək, İsa dua edir: “Ey Ata, adını izzətləndir!” Göylərdən, mə’bədə yığılan izdihamı heyrətə salan səs eşidilir: “Həm izzətləndirdim, həm də izzətləndirəcəyəm”. Böyük Müəllim bu fürsətdən istifadə edib, yığılan izdihama, səsin nə üçün eşidildiyini, öz ölümünün nəyə səbəb olacağını və onların iman göstərmələrinin nəyə görə lazım gəldiyini söyləyir (Yəhya 12:28—36). Axırıncı iki gün ərzində İsa, şübhəsiz ki, çox iş görür. Ancaq həlledici gün hələ qabaqdadır.
İfşa etmək günü
12. Çərşənbə günü, nisanın 11-də, din rəhbərləri İsanı hiylə ilə tutmağa necə cəhd göstərirlər və bu nəyə səbəb olur?
12 Nisanın 11-də, çərşənbə axşamı, İsa tə’lim vermək üçün yenə mə’bədə gedir. Onu qərəzli dinləyicilər gözləyir. İsanın ötən gündə etdiyi işləri nəzərdə tutaraq, baş kahinlər və xalqın ağsaqqalları soruşurlar: “Bu işləri nə səlahiyyətlə edirsən? Və Sənə bu səlahiyyəti kim verdi?” Bacarıqlı Müəllim öz cavabı ilə onları çaşdırır və sonra - ikisi üzüm bağı, biri isə toy ziyafəti haqqında - üç tə’sirli məsəl söyləyərək düşmənlərinin pis niyyətli olduqlarını üzə çıxardır. Eşitdiklərindən hiddətlənən din rəhbərləri, İsanı tutmaq istəyirlər. Amma onlar, İsanı peyğəmbər hesab edən xalqdan qorxurlar. Buna görə də, tutulmasına səbəb olacaq bir söz dedirtmək məqsədilə İsanı danışdırırlar. İsanın verdiyi cavablar onları susdurur (Matta 21:23—22:46).
13. İsa din alimləri və fəriseylərlə əlaqədar öz dinləyicilərinə hansı məsləhəti verir?
13 Din alimləri və fəriseylər Allahın Qanununu öyrətdiklərini iddia etdikləri üçün, İsa öz dinləyicilərini təşviq edir: “Sizə əmr etdikləri hər şeyə riayət və əməl edin; lakin onların əməllərinə görə etməyin, çünki söylərlər, amma əməl etməzlər” (Matta 23:1—3). İsa xalq qarşısında onların pisliyini ifşa etdi. Lakin İsanın onlar barədə söylədikləri bununla qurtarmır. Bu, onun mə’bəddə keçirdiyi son günüdür və o, ittihamları cəsarətlə bir-birinin ardınca söyləyir.
14, 15. İsa din alimlərini və fəriseyləri necə ifşa edir?
14 İsa altı dəfə: “Vay halınıza, qanunşünaslar və fəriseylər, ikiüzlülər!” deyir. İsanın onları ikiüzlü adlandırmasının səbəbi odur ki, onlar “Göylərin Padşahlığını insanların üzünə” qapayır və oraya girmək istəyənlərə imkan vermirlər. Bu ikiüzlülər dənizi və qurunu dolaşırlar ki, heç olmasa bir adamı yəhudi dininə gətirsinlər, amma həmin adam nəticədə əbədi məhvə layiq olur. Onlar, ondalığı ödəməyə daha çox fikir verərək “qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı” inkar edirlər. “Fincanın və çanağın çölünü” təmizləyirlər, lakin “onların içi soyğunçuluq və tamahkarlıqla doludur”, yə’ni onların daxillərində olan “murdarlıq” və “çürüklük” xarici görünüşdən dindar görünmələri sayəsində gizlədilir. Bundan başqa, din alimləri və fəriseylər, diqqəti özlərinin xeyriyyəçiliklərinə yönəltməyə çalışaraq, peyğəmbərlərə məqbərələr tikməyə və onları bəzəməyə hazırdırlar, halbuki, onların özləri “peyğəmbərləri öldürənlərin oğulları”dırlar (Matta 23:13—15, 23—31, İ—93).
15 Düşmənlərini ruhani dəyərlərinin olmadığına görə tənbeh edərək, İsa deyir: “Kor rəhbərlər! Vay halınıza!”. Onlar, ibadət yerinin ruhani dəyərindən çox mə’bədin qızılına əhəmiyyət verdikləri üçün, mə’nəvi cəhətdən kordurlar. Sonra İsa güclü sözlərlə onları ifşa edir. O deyir: “Ey ilanlar, gürzələr nəsli! Cəhənnəm məhkumiyyətindən necə qaçacaqsınız?” Bəli, İsanın sözlərinə görə, natəmiz yol ilə getdikləri üçün onları əbədi məhv gözləyir (Matta 23:16—22, 33). Padşahlıq haqqındakı müjdəni e’lan edərkən, bunun üçün yalan dini ifşa etmək lazım gəlsə belə, gəlin biz də cəsarətli olaq.
16. Zeytun dağında oturarkən, İsa şagirdlərinə hansı vacib peyğəmbərliyi söyləyir?
16 İsa mə’bədi tərk edir. Axşama yaxın, hava sərinləşən zaman, öz həvariləri ilə birlikdə Zeytun dağına qalxır. Dağda oturarkən, İsa, mə’bədin dağıdılmasına dair peyğəmbərlik söyləyir, həmçinin özünün iştirakını və əşyalar sisteminin sonunu göstərən əlamətləri təsvir edir. Bu peyğəmbərlik sözləri bizim zəmanəmizə də aiddir. Həmin gün axşam İsa əlavə olaraq şagirdlərinə deyir: “İki gün sonra pasxa bayramı başlayacağını bilirsiniz. Və İnsan Oğlu çarmıxa çəkilmək üçün ələ veriləcəkdir” (Matta 24:1—14; 26:1, 2).
İsa “onları sona qədər sevdi”
17. a) Pasxa zamanı, 14 nisanda, İsa onikilərə hansı dərsi verir? b) Yəhuda İskaryotu göndərdikdən sonra, İsa hansı bayramı tə’yin edir?
17 Növbəti iki gündə - 12 və 13 nisanda, İsa mə’bəddə görünmür. Din xadimləri onu öldürməyə çalışırlar, İsa isə həvariləri ilə birlikdə Pasxanı keçirməsinə heç nəyin mane olmasını istəmir. Çərşənbə günü Günəşin batması ilə 14 nisan - İsanın insan kimi yer üzündə yaşadığı son gün - başlayır. Həmən axşam İsa və həvariləri, Yerusəlimdə Pasxa bayramını qeyd etmək üçün hər şey hazırlanmış bir evə toplaşırlar. Pasxa zamanı İsa onikilərin ayaqlarını yumaqla, onlara təvazökarlığa aid gözəl dərs verir. Öz Ustadını 30 gümüşə - Musanın qanununa əsasən bir qul qiymətinə - satmağa razılaşan Yəhuda İskaryotu göndərdikdən sonra, İsa öz ölümünün xatirə Axşamını tə’yin edir (Çıxış 21:32; Matta 26:14, 15, 26—29; Yəhya 13:2—30).
18. İsa 11 sadiq həvarisinə məhəbbətlə daha nəyi öyrədir və özünün yaxınlaşan gedişinə onları necə hazırlayır?
18 Xatirə Axşamı tə’yin edildikdən sonra, həvarilər arasında kimin ən böyük olduğu barədə qızğın mübahisə yaranır. İsa isə, onları danlamaq əvəzinə, başqalarına xidmət etməyin nə qədər vacib olduğunu səbirlə öyrədir. Həvarilərinin sınaqlarda onunla bərabər olduqlarını xatırlayaraq, İsa padşahlıq üçün onlarla əhd bağlayır (Luka 22:24—30). O həmçinin, onları sevdiyi kimi, onların da bir-birlərini sevməsini buyurur (Yəhya 13:34). Otaqdan çıxmağa tələsməyərək, İsa onları məhəbbətlə, yaxınlaşmaqda olan gedişinə hazırlayır. Onlarla dostluğunu təsdiq edir, iman göstərmələri üçün təşviq edir və müqəddəs ruhun onlara kömək edəcəyini və’d edir (Yəhya 14:1—17; 15:15). Otaqdan çıxmazdan qabaq, İsa Atasına yalvarır: “Ey Ata, saat gəldi; Öz Oğlunu izzətləndir ki, Oğlun da Səni izzətləndirsin”. Doğrudan da, İsa həvarilərini ayrılığa hazırladı və şübhəsiz olaraq, “onları sona qədər sevdi” (Yəhya 13:1; 17:1).
19. İsa Getsamani bağında nə üçün əzab çəkir?
19 Yəqin ki, artıq gecə yarıdan ötüb və İsa 11 sadiq həvarisi ilə Getsamani bağına gəlir. O, həvariləri ilə buraya tez-tez gəlirdi (Yəhya 18:1, 2). Cəmisi bir neçə saatdan sonra, İsa, sanki nifrətə layiq bir cinayətkar kimi öləcəkdir. Qarşıdakı hadisəni gözləmək və bunun Atasının adına rüsvayçılıq gətirə biləcəyini anlamaq İsaya o dərəcədə əzab verir ki, dua etdiyi vaxt onun təri qan damcıları halında torpağa tökülür (Luka 22:41—44). İsa həvarilərinə deyir: “Saat gəldi... Budur, Məni ələ verən yaxınlaşdı!” Hələ İsa danışarkən, Yəhuda İskaryot və onunla bərabər əllərində mə’şəl və çıraq olan silahlı izdiham gəlir. Onlar İsanı həbs etməyə gəlirlər. O, müqavimət göstərmədən, izah edir: “Bunların olması gərəkdir deyən Yazılar onda bəs necə doğru çıxardı?” (Mark 14:41—43; Matta 26:48—54).
İnsan Oğlu izzətlənir!
20. a) Həbs olunduqdan sonra, İsa hansı işgəncələrə mə’ruz qalır? b) Ölməzdən bir neçə an qabaq İsa nə üçün ucadan “tamam oldu” deyir?
20 Həbs olunduqdan sonra, İsa yalançı şahidlər tərəfindən ittiham edilir, tərəfgir hakimlər tərəfindən taqsırkar tutulur, Ponti Pilat onu məhkum edir, kahinlər və xalq tərəfindən lağa qoyulur, sonra isə əsgərlər tərəfindən istehza edilir və işgəncəyə mə’ruz qalır (Mark 14:53—65; 15:1, 15; Yəhya 19:1—3). Cümə günü günorta çağı İsanı dirək üzərinə mismarlayırlar, əlləri və ayaqlarında mismarların açdığı yara bədənin ağırlığından parçalandıqda, İsa şiddətli ağrılar hiss edir (Yəhya 19:17, 18). Gündüz, təxminən saat üç radələrində İsa ucadan “tamam oldu” deyir. Bəli, yer üzündə yerinə yetirmək üçün gəldiyi hər şeyi tamamladı. İsa, ruhunu Allaha tapşıraraq, başını yana əyir və vəfat edir (Yəhya 19:28, 30; Matta 27:45, 46; Luka 23:46). Üç gün keçdikdən sonra Yeqova Oğlunu dirildir (Mark 16:1—6). Dirildikdən qırx gün sonra İsa göylərə qalxır və izzətləndirilir (Yəhya 17:5; Həvarilərin işləri 1:3, 9—12; Filipililərə 2:8—11).
21. Biz İsanı necə təqlid edə bilərik?
21 Biz İsanın “izləri ilə” necə gedə bilərik? (1 Peter 2:21). Onun kimi, gəlin biz də Padşahlıq haqqındakı müjdəni təbliğ etməkdə və şagirdlər hazırlamaqda qüvvəmizi əsirgəməyək. Gəlin Allahın Kəlamını cəsarətlə danışaq (Matta 24:14; 28:19, 20; Həvarilərin işləri 4:29—31; Filipililərə 1:14). Gəlin hansı zəmanədə yaşadığımızı heç vaxt unutmayaq və bir-birimizi məhəbbətə və xeyirli işlərə təşviq etməkdən vaz keçməyək (Mark 13:28—33; İbranilərə 10:24, 25). Qoy bizim davranış tərzimiz bütünlüklə Yeqova Allahın iradəsilə və “sonun vaxtı”nda yaşadığımızı anlamaqla müəyyən edilsin (Daniel 12:4).
Siz necə cavab verərdiniz?
• Ölümünün yaxın olduğunu bilməsi, İsanın Yerusəlim mə’bədində etdiyi son xidmətinə necə tə’sir etdi?
• Nədən görünür ki, İsa özününküləri “sona qədər sevdi”?
• Həyatının son saatlarında baş verən hadisələr İsa haqda nəyi göstərir?
• Xidmətimizdə İsanı necə təqlid edə bilərik?
[12-ci səhifədəki şəkil]
İsa “onları sona qədər sevdi”