Ən yaxşı rəhbərlik mənbəyi
HƏYATDA müvəffəqiyyətli olmaq hamının arzusudur. Bu asan deyil, amma iki əsas amilin sayəsində mümkündür: yaxşı rəhbərliyin və bu rəhbərliyə riayət etmək istəyinin. Lakin insanlar müdrik məsləhətə qulaq asmağı həmişə istəmirlər. Bir çoxları hesab edirlər ki, hərə öz ağlı ilə yaşamalıdır. Müqəddəs Kitabda deyildiyi kimi, ilk insanlara sərbəstlik yoluna qədəm qoymağı Allahın hökmranlığının baş düşməni Şeytan təklif etmişdir. Yaradılış (MKŞ) 3:5 ayəsində onun Həvvaya ünvanlandırdığı sözlər yazılıb: “Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız”.
Adəmlə Həvva yalnız öz şəxsi düşüncələrini rəhbər tutaraq yaşadıqları üçün xoşbəxtlik əldə etdilərmi? Əlbəttə, yox. Onlar mə’yusluğa qapıldılar. Xeyirlə şəri ayırd edə biləcəklərini qərara alaraq, onlar özündən razı olmağın mənfi nəticələrini dərhal öz üzərlərində hiss etdilər. Onlar haqlı olaraq Allahın narazılığını qazandılar, qeyri-kamillik içində keçən həyat çox üzücü idi, nəticədə isə onları ölüm gözləyirdi (Təkvin 3:16-19, 23). Ölüm hamının üzərində hökm sürür. Müqəddəs Kitabda deyilir: “Necə ki, günah tək bir adam [Adəm] vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir” (Romalılara 5:12).
Adəmlə Həvvanın seçiminin dəhşətli nəticələrinə baxmayaraq, bir çoxları Yaradanın rəhbərliyinin müdrikliyinə hələ də şübhə edirlər. Lakin Müqəddəs Yazılarda deyilir ki, bu kitab “Allahdan ilham almış və ...faydalıdır” və bizə “hər cür xeyirli iş üçün təchiz” edilməkdə kömək edə bilər (2 Timoteyə 3:16, 17). Əgər biz Müqəddəs Kitab nəsihətinə riayət etsək, sözsüz ki, çox xoşbəxt olarıq. Bu ilk növbədə ailə həyatı üçün də tətbiq ediləndir.
Nikahda sədaqət
Müqəddəs Kitaba əsasən, Allah nikahın əbədi bir ittifaq olmasını istəyirdi (Təkvin 2:22-24; Matta 19:6). Həmçinin Müqəddəs Yazılarda deyilir ki, “kəbin yatağı ləkəsiz” olmalıdır, yə’ni ərlə arvadın münasibətləri nikahdan kənar cinsi əlaqə ilə ləkələnməməlidir (İbranilərə 13:4). Lakin sizin üçün yəqin sirr deyil ki, bu gün bir çox nikahlarda vəziyyət tamam başqa cürdür. Bə’ziləri öz əməkdaşları ilə eşqbazlıq edirlər. Digərləri mə’şuqları ilə vaxt keçirmək üçün öz həyat yoldaşlarını aldadırlar. Başqaları isə, əvvəlki məqalədə xatırlanan Veronika ilə baş verdiyi kimi, öz həyat yoldaşlarını tərk edib, gənc mə’şuqları ilə yaşamağa gedirlər və iddia edirlər ki, onların yanında özlərini daha gənc və xoşbəxt hiss edirlər.
Bununla belə, nəyin bahasına olursa-olsun özünü razı salmaq istəyi həqiqi xoşbəxtlik gətirməyəcək. Ronald bunu təsdiq edə bilər. O, həyatını yaxşılığa doğru dəyişə biləcəyinə əmin olaraq arvadını tərk etdi ki, 6 il ərzində gizlin olaraq görüşdüyü və ondan iki uşağı olan qadınla yeni ailə qursun. Lakin arvadı ilə boşandıqdan qısa müddət sonra mə’şuqəsi onu atdı! Axırda Ronald öz valideynlərilə yaşamalı oldu. O özü vəziyyətinin dəhşətli olduğunu söyləyir. Bu, nümunələrdən yalnız biridir. Bu kimi xudbin hərəkətlər, saysız-hesabsız insanlara qəm-qüssə gətirən boşanmanın artmasına səbəb olmuşdur, bundan yalnız böyüklər deyil, həm də uşaqlar əziyyət çəkir.
Lakin Müqəddəs Kitab məsləhətlərinə riayət etmək əsl xoşbəxtlik gətirir. Belə bir hadisə Robertonun başına gəlmişdir. O deyir: “Müqəddəs Kitabın sayəsində öz arvadımı itirmədim. Kənarda kiməsə bənd olmaqla həqiqi xoşbəxtlik əldə etmək mümkün deyil, hətta həmin adam füsunkar dərəcədə gözəl görünsə belə. Müqəddəs Kitab mənə bu qədər il ərzində hər zaman yanımda olan arvadımı qiymətləndirməyi öyrətdi”. Müqəddəs Kitabın “gəncliyinin arvadına xainlik etmə” məsləhəti Robertonun həyatında vacib rol oynadı (Malaki 2:15). Müqəddəs Kitabın məsləhəti başqa necə kömək edə bilər?
Uşaqların tərbiyəsi
Bir neçə onillik bundan əvvəl belə bir fikir geniş yayılmışdı ki, valideynlər uşaqlarına həddindən artıq məhdudiyyətlər qoymamalıdırlar. Elə təəssürat yaranırdı ki, uşaqlara istədikləri kimi fikirləşmək və yaşamaq imkanı vermək və onların inkişafının qabağını almamaq lazımdır. Bə’zi yerlərdə hətta daha sərbəst təhsil sistemi daxil edilmişdi. Hər şeylə yanaşı, məşğələlərə gəlib-gəlməməyi, həmçinin dərsə və ya istirahətə nə qədər vaxt sərf edib-etməməyi şagirdlərin özlərinin sərbəst olaraq müəyyən etmələrinə imkan verilirdi. Belə məktəblərdən birində “uşaqları mühakimə etmədən və ya böyüklərin müdaxiləsi olmadan, onlara hisslərin bütün rəngarəngliyini dadmağa imkan vermək” kimi prinsip qüvvədə idi. Bu gün insan davranışını öyrənən bə’zi mütəxəssislər müəyyən cəza tədbirlərinin faydalı olduğuna hələ də şübhə edirlər, hətta sevən valideynlər uşağı cəzalandırmağı vacib hesab etsələr belə.
Bu nəyə gətirib çıxarmışdır? Bir çoxları hesab edirlər ki, uşaqların tərbiyəsində başlı-başınalığa yol verilməsi onlara həddindən artıq sərbəstlik verir və məhz başlı-başınalıq cinayətkarlığın və narkomaniyanın artmasına səbəb olmuşdur. Birləşmiş Ştatlarda keçirilən bir sorğunun iştirakçılarının təxminən 70 faizi hesab edir ki, uşaqlar valideynlərindən lazımi rəhbərlik almırlar. Çoxları zənn edirlər ki, məktəblərdəki atışmaların və yeniyetmələrin işlətdikləri digər dəhşətli cinayətkarlıqların səbəbi “valideyn nəzarətinin çatışmamazlığıdır”. Məsələ atışmaya gəlib çatmasa da, həm uşaqlar, həm də valideynlər yanlış tərbiyənin acı bəhrələrini dadırlar.
Bununla əlaqədar Müqəddəs Kitabda nə deyilir? Müqəddəs Yazılar valideynləri təşviq edir ki, onlar öz rəhbərliklərini həm məhəbbətlə, həm də qətiyyətlə həyata keçirsinlər. Müqəddəs Kitabda deyilir: “Ağılsızlıq, uşağın ürəyinə bağlıdır; onu ondan öyüd dəyənəyi uzaqlaşdırar” (Süleymanın məsəlləri 22:15). Əlbəttə, verilən hər bir cəza işlədilən səhvin ciddiliyinə müvafiq olmalıdır. Lakin siz hansı cəza növünü seçsəniz də yadda saxlamaq lazımdır ki, hər zaman mülayim, dərrakəli və özünə hakim olmaq lazımdır. Məhəbbət də elə bundan ibarətdir. Valideynlər öz hakimiyyətlərini kobudluqla deyil, məhəbbətlə təzahür etdirməlidirlər. Yalnız bu zaman ən yaxşı nəticəni əldə etmək mümkündür.
Bu məsləhətin tətbiq edilməsi yaxşı nəticələr gətirir. Təzəlikcə evlənən və Meksikada yaşayan 30 yaşlı Arturo deyir: “Atam mənə və qardaşlarıma açıq-aşkar göstərmişdi ki, ailədə başçı o özü və anamızdır. Lazım gələndə onlar bizi cəzalandırırdılar. Amma onların bizimlə söhbət etməyə həmişə vaxtları olurdu. İndi, böyüdükdən sonra, mən həyatda əminliyimin olduğuna çox şadam və mən başa düşürəm ki, bu, yaxşı tərbiyənin nəticəsidir”.
Ən e’tibarlı məsləhətlərdən yararlanın
Allahın Kəlamı olan Müqəddəs Kitabda ən e’tibarlı məsləhətlər yerləşir. Bu məsləhətlər yalnız ailə həyatına aid deyil. Onlar bir çox cəhətlərdən faydalıdır, çünki bizə, çoxlarının ən ali hikmətə malik Olanın müdrikliyini rəhbər tutmaq istəmədikləri bir dünyada necə davranmağı öyrədir.
İnsanların Yaradanı olan Yehova Allah məzmurçu Davud vasitəsilə bizi əmin edir: “Səni tə’lim edəcəyəm və gedəcəyin yolu sənə öyrədəcəyəm; sənə öyüd verəcəyəm; gözüm sənin üzərində olacaqdır” (Məzmur 32:8). Bunun nə demək olduğunun üzərində düşünün: bizi təhlükədən qorumaq üçün Yaradanın Özü bizə nəzarət edir! Lakin bizlərdən hər birimiz özümüzdən soruşmalıyıq: “Mən Yehovanın müdafiəsini və rəhbərliyini qəbul edəcəyəmmi?” Allahın Kəlamında məhəbbət dolu məsləhət verilir: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma; bütün yollarında onu tanı, o da sənin yollarını doğruldar” (Süleymanın məsəlləri 3:5, 6).
Yehovanı dərk etmək üçün, sə’y və tə’kid göstərmək tələb olunur. Lakin Allahı dərk etmək mümkündür, bunu Müqəddəs Kitabın sayəsində etmək mümkündür. Allahın təklif etdiyi həyat tərzi “indiki və gələcək həyat üçün ümid verir”. Bu cür həyat tərzinin gətirdiyi bütün faydanı nəzərə alsaq demək olar ki, bu, həqiqətən də böyük nailiyyətdir (1 Timoteyə 4:8; 6:6).
Əgər Müqəddəs Kitab fikirlərinin dərinliyi və onun məsləhətlərinə riayət etməyin gətirdiyi xeyir-dualar xoşunuza gəlirsə, qoy onda Allahın Kəlamını oxumaq və üzərində düşünmək həyatınızda əsas yeri tutsun. Onda siz problemlərin öhdəsindən həmişə müvəffəqiyyətlə gələcəksiniz. Həmçinin siz Allahın yeni dünyasında — hamının Yehova tərəfindən öyrədiləcəyi və sülh bolluğunun olacağı yerdə yaşamaq ümidi qazanacaqsınız (İşaya 54:13).
[5-ci səhifədəki şəkil]
Müqəddəs Kitab məsləhətlərinin köməyilə nikah tellərini möhkəmləndirmək olar.
[6-cı səhifədəki şəkillər]
Müqəddəs Kitab məsləhətləri həyatda e’tibarlı rəhbərlik verməklə bərabər, istirahət üçün vaxt ayırmağa da kömək edir.
[7-ci səhifədəki şəkillər]
Müqəddəs Kitab məsləhətlərinə müvafiq yaşayanlar tarazlı həyatdan sevinc əldə edirlər.