Müqəddəs Kitab sevinc əldə etməyinizə kömək edəcək
MÜQƏDDƏS KİTAB tibbi dərslik olmasa da, orada müsbət və mənfi emosiyaların insanın əqli və fiziki sağlamlığına necə tə’sir göstərdiyi barədə çox şeylər yazılıb. Məsələn, Allahın Kəlamında deyilir: «Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, könlün sınması sümükləri qurudar». Və yaxud: «Dar gündə taqətdən düşsən, necə də zəif adamsan!» (Süleymanın məsəlləri 17:22; 24:10). Ruh düşkünlüyü ucbatından gücümüz tükənə bilər. Adətən belə hallarda daha zəif olur və tez inciyirik, nəyisə dəyişmək və kimdənsə kömək istəmək gücündə olmadığımızı hiss edirik.
Mə’yusluq insanın ruhaniliyinə də tə’sir edə bilər. Özlərinə inamları olmayan insanlar çox zaman elə düşünür ki, onlar nə Allahdan xeyir-dua almağa, nə də Onunla münasibət qurmağa layiqdirlər. Əvvəlki məqalədə adı çəkilən Simona Allahın ondan nə vaxtsa razı qalacağına heç cür inanmırdı. Amma Müqəddəs Kitaba nəzər salanda görürük ki, Allah, Ona məqbul olmaq üçün əlindən gələni edən insanlara müsbət münasibət bəsləyir.
Allah həqiqətən də bizim qeydimizə qalır
Müqəddəs Kitabda deyilir ki, Yehova «qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır». Allah «sınan və peşman olan ürəyə» xor baxmır, əksinə, ‘qırıq qəlbli olanların ruhunu diriltməyə, həlimlərin ürəklərini dirçəltməyə’ söz verir (Məzmur 34:18; 51:17; Yeşaya 57:15).
Bir dəfə Allahın Oğlu İsa nümunə vasitəsilə şagirdlərinə izah etdi ki, Allah Öz xidmətçilərinin yaxşı cəhətlərinə fikir verir. İsa bildirdi ki, Allahın hətta balaca sərçənin də yerə düşməsindən xəbəri var. Bir çox insanlar isə buna heç fikir də verməzlər. O, həmçinin vurğuladı ki, Allah insanlar barəsində ən kiçicik şeyləri, məsələn, onların başlarında nə qədər saç olduğunu belə bilir. İsa bu məsələ yekun vuraraq dedi: «Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz» (Matta 10:29-31)a. İsa demək istəyirdi ki, insanların özləri haqqında nə düşünmələrinə baxmayaraq, imanı olan hər bir şəxs Allahın gözündə dəyərlidir. Elə həvari Peter də bizə bunu xatırladır: «Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur» (Həvarilərin işləri 10:34, 35).
Tarazlı nöqteyi-nəzəri qoruyun
Müqəddəs Kitab bizi özümüzə qarşı tarazlı nöqteyi-nəzər inkişaf etdirməyə təşviq edir. Həvari Pavel Allahdan ilham alaraq bu sözləri yazmışdır: «Mənə bəxş edilən ilahi lütf ilə sizin hər birinizə deyirəm: özünüzə lüzumundan çox əhəmiyyət verməyin; lakin Allahın hər kəsə verdiyi imanın həcminə görə, təmkinliliklə düşünün» (Romalılara 12:3).
Əlbəttə, biz özümüz haqqında böyük fikirdə olmamalıyıq. Eyni zamanda ifrata qapılıb özümüzü heç bir şeyə yaramayan hesab etmək də düzgün olmazdı. Əksinə, məqsədimiz özümüz haqqında sağlam nöqteyi-nəzərə malik olmaq, yə’ni həm güclü, həm də zəif cəhətlərimizi nəzərə almaqdır. Bir məsihçi qadın belə deyir: «Mən pis insan deyiləm, amma mələk də deyiləm. Hamıda olduğu kimi, mənim də həm yaxşı, həm də pis cəhətlərim var».
Doğrudur, bu cür tarazlı nöqteyi-nəzərə malik olmaq asan deyil. Uzun illər ərzində özümüz haqda yığılmış mənfi rə’yi məhv etmək üçün bizdən çoxlu sə’y tələb oluna bilər. Buna baxmayaraq, Allahın köməyi ilə həm şəxsi keyfiyyətlərimizi, həm də həyata baxışımızı dəyişə bilərik. Müqəddəs Kitab da bizi buna təşviq edir: «Əvvəlki yaşayışınıza məxsus olub, aldadıcı ehtiraslarla pozulmuş köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin. Və Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinin» (Efeslilərə 4:22-24).
‘Ruhən və əqlən yeniləşmək’, yə’ni əhval-ruhiyyəmizi dəyişmək üçün sə’y göstərsək, şəxsiyyətimizdə lazımi dəyişiklikləri edə bilərik. Əvvəlki məqalədə adı çəkilən Lina da bunu dərk etdi: nə qədər ki insan özünü başqalarının sevgisinə layiq bilmir, pis hisslər onu tərk etməyəcək. Linaya, Simonaya və başqalarına bu cür dəyişiklikləri etməyə Müqəddəs Kitabda yazılmış hansı praktiki məsləhətlər kömək etdi?
Sevinc gətirən Müqəddəs Kitab prinsipləri
«Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun» (Məzmur 55:22). Həqiqi sevinc hissini əldə etməkdə bizə ilk növbədə dua kömək edəcək. Simona deyir: «Daxilimdə ümidsizlik hissləri baş qaldıran kimi duada Yehovaya müraciət edib Ondan kömək diləyirəm. Elə vaxt olmayıb ki, Onun mənə güc və rəhbərlik verdiyini hiss etməyim». Məzmurçu qayğı yükümüzü Yehovaya verməyi tövsiyə edəndə bir növ yadımıza salır ki, Yehova nəinki bizim qayğımıza qalır, həmçinin bizə Onun köməyinə və dəstəyinə layiq olan şəxsiyyətlər kimi baxır. Eramızın 33-cü ilinin Pasxa bayramı gecəsində İsa şagirdlərinə qaçılmaz ölümü barəsində danışanda onlar çox mə’yus oldular. İsa onları səmavi Atalarına dua etməyə təşviq etdikdən sonra əlavə etdi: «İstəyin və alarsınız ki, sevinciniz kamil olsun» (Yəhya 16:23, 24).
«Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (Həvarilərin işləri 20:35). İsanın öyrətdiyi kimi, həyatdan əsl sevinc duymaq üçün əliaçıq olmaq lazımdır. Müqəddəs Kitabın bu prinsipi fikrimizi şəxsi qüsurlarımızın yox, daha çox yaxınlarımızın tələbatlarının üzərində cəmləşdirməyə təşviq edir. Başqalarına kömək edib, onların bizə minnətdar olduğunu görəndə özümüzə qarşı olan münasibətimiz də dəyişir. Məsələn, Müqəddəs Kitaba əsaslanan xoş xəbəri müntəzəm olaraq başqalarına danışmaq Linaya iki sahədə kömək edir. O deyir: «Birincisi, bu işdə iştirak etməyim mənə, İsanın haqqında danışdığı xoşbəxtliyi və məmnunluğu gətirir. İkincisi, başqaları gətirdiyimiz xoş xəbərə hay verəndə mən böyük sevinc duyuram». Doğrudan da, başqalarına qarşı əliaçıq olanda Süleymanın məsəlləri 11:25 ayəsinin doğruluğunu öz üzərimizdə hiss edirik: «Su verənə su verilər».
«Məzlumun hər günü qaradır, ürəyi bəxtəvərin elə bil daima ziyafəti var» (Süleymanın məsəlləri 15:15). Hər birimiz özümüzə və imkanlarımıza müxtəlif mövqedən yanaşa bilərik. Biz ya vəziyyətin ancaq pis tərəfini görüb mə’yus ola, ya da müsbət şeylər haqqında düşünərək sanki ziyafətdə imiş kimi sevinc hissi duya bilərik. Simona deyir: «İmkan daxilində hər şeyə müsbət tərəfdən baxmağa çalışıram. Bu sahədə mənə şəxsi öyrənmə, xidmət və daima dua etmək kömək edir. Həmçinin, müsbət fikirli insanlarla daha çox ünsiyyət etməyə can atır və başqalarına emosional cəhətdən kömək etməyə çalışıram». Bu cür əhval-ruhiyyə insana əsl sevinc bəxş edir. Müqəddəs Kitabda deyilir: «Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!» (Məzmur 32:11).
«Dost hər zaman sevər, qardaş dar gün üçün doğulur» (Süleymanın məsəlləri 17:17). Yaxın adamla və ya e’tibar etdiyimiz bir dostla söhbət etmək də mənfi hisslərin öhdəsindən gəlməyə kömək edəcək və onların bizə üstün gəlməsinə yol verməyəcək. Başqaları ilə söhbət imkan verəcək ki, vəziyyətimizə tarazlı və müsbət nöqteyi-nəzərlə baxaq. Simona deyir: «Ürəyində olanları dostunla bölüşəndə sanki yüngülləşirsən. Ümumiyyətlə, hisslərini kiməsə danışmaq çox faydalıdır. Çox zaman sadəcə ürəyindəkiləri açıb tökmək artıq bəs edir». Bunu edərkən siz də aşağıdakı məsəlin düzgünlüyünə əmin olacaqsınız: «Qəlbi narahat olanın qəddi əyilər, xoş söz könlü şad edər» (Süleymanın məsəlləri 12:25).
Siz özünüz nə edə bilərsiniz?
Biz, Müqəddəs Kitabın mənfi hisslərin öhdəsindən gəlməkdə və əsl sevinc duymaqda insanlara kömək edən gözəl və praktiki məsləhətlərindən yalnız bir neçəsini nəzərdən keçirdik. Əgər siz də özünüzə inamsızlıq hissi ilə mübarizə aparırsınızsa, onda sizi Allahın Kəlamı olan Müqəddəs Kitabı daha dərindən tədqiq etməyə təşviq edirik. Özünüzə və Allahla münasibətinizə dair real və sağlam bir hiss inkişaf etdirməyi öyrənin. Ümid edirik ki, Allahın Kəlamında olan rəhbərliyin köməyi ilə etdiyiniz hər iş sizə həqiqi sevinc hissi gətirəcək.
[Haşiyə]
a Müqəddəs Kitabın bu ayələri əlinizdəki jurnalın 22-26-cı səhifələrində daha ətraflı müzakirə edilir.
[7-ci səhifədəki şəkil]
Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamaq sevinc gətirir.