«Hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır»
«Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir» (ROMALILARA 14:12).
1. Üç gənc ibrani hansı məs’uliyyəti daşımalı oldu?
BABİLDƏ yaşayan üç gənc ibraninin həyatı təhlükə altındadır. Verəcəkləri qərardan bütün həyatları asılıdır. Ya yaşadıqları ölkənin qanunu tələb etdiyi kimi nəhəng heykələ baş əyməli, ya da bundan imtina edib qızmar sobanın içinə atılmalıdırlar. Şadrak, Meşak və Aved-Neqonun kiminləsə məsləhətləşməyə vaxtları yoxdur, əslində bu onlara heç lazım da deyil. Onlar tərəddüd etmədən deyirlər: «Sənə mə’lum olsun ki, ey padşah, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik» (Daniel 3:1-18). Üç ibrani oğlan məs’uliyyətlərinin yükünü özləri daşıdılar.
2. İsa Məsihlə əlaqədar qərarı Pilatın əvəzinə əslində kim verdi və bu, romalı valini cavabdehlikdən azad etdimi?
2 O vaxtdan altı əsr keçib. Vali, bir insana qarşı çıxarılmış ittihamları dinləyir. İşi diqqətlə tədqiq etdikdən sonra vali müttəhimin günahsız olduğuna əmin olur. Lakin camaat müttəhimin e’dam olunmasını tələb edir. Xalqın tələbinə zəif müqavimət göstərdikdən sonra, vali öz məs’uliyyət yükünü daşımayıb xalqa təslim olur. O, əllərini yuyaraq deyir: «Mən bu Salehin qanı üçün məs’ul deyiləm». Sonra o, müttəhimi cəlladların ixtiyarına təslim edir. Bəli, İsa Məsihə dair özü qərar qəbul etmək əvəzinə, Ponti Pilat məs’uliyyətini başqalarının boynuna qoyur. O, heç bir miqdarda su ilə, İsaya qarşı çıxardığı ədalətsiz hökmün günahını yuya bilməz! (Matta 27:11-26; Luka 23:13-25).
3. Nəyə görə başqalarının bizim əvəzimizə qərar qəbul etməsinə yol verməməliyik?
3 Bəs sən necə? Qərar verməli olanda, üç gənc ibrani kimi davranırsan, yoxsa əvəzinə başqalarının qərar qəbul etməsinə yol verirsən? Qərar qəbul etmək asan iş deyil. Düzgün seçim etmək üçün gərək yetkin olasan. Məsələn, valideynlərdən kiçikyaşlı uşaqlarının xeyrinə düzgün qərarlar qəbul etmələri gözlənilir. Əlbəttə, məsələ mürəkkəb olduqda və müxtəlif amilləri nəzərə almaq lazım gəldikdə, qərar qəbul etmək xüsusilə çətin ola bilər. Buna baxmayaraq, biz anlamalıyıq ki, qərar qəbul etmək hər birimizin öhdəsinə düşən məs’uliyyət yüküdür və bizim əvəzimizə onu «ruhani», yə’ni yetkin bacı-qardaşlarımız daşımamalıdır (Qalatiyalılara 6:1, 2). Əksinə, məhz bu məs’uliyyət yükünə görə ‘hər birimiz özü üçün Allaha hesabat verəcək’ (Romalılara 14:12). Müqəddəs Kitabda deyilir: «Hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır» (Qalatiyalılara 6:5). Belə isə, həyatda müdrik qərarlar necə qəbul edə bilərik? İlk növbədə biz məhdudiyyətlərimizi başa düşməliyik.
Başlıca tələb
4. Qərar qəbul etməklə bağlı ilk insan cütünün itaətsizliyindən hansı mühüm ibrət dərsini alırıq?
4 Bəşər tarixinin lap başlanğıcında ilk insan cütü, sonu fəlakətlə nəticələnən qərar qəbul etdi. Onlar xeyirlə şəri bilmə ağacının meyvəsindən yedilər (Yaradılış 2:16, 17). Belə qərar verməyə onları vadar edən nə idi? Müqəddəs Kitab cavab verir: «Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür... Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi» (Yaradılış 3:6). Həvvanın qərarı eqoist bir istəkdən irəli gəlirdi. Bu işdə Adəm də ona qoşuldu. Nəticədə, günah və ölüm «bütün insanlara keçdi» (Romalılara 5:12). Adəmlə Həvvanın itaətsizliyi insanların məhdudiyyətləri barədə bizə çox mühüm bir ibrət verir: nə qədər ki, insan Allahın verdiyi rəhbərlikdən üz döndərir, onun yanlış qərarlar qəbul etməsi qaçılmazdır.
5. Yehova bizə hansı rəhbərliyi verib və bu rəhbərlikdən fayda əldə etmək üçün bizdən nə tələb olunur?
5 Yehova Allahın bizə rəhbərlik verməsinə görə biz necə də minnətdarıq! Müqəddəs Yazılarda deyilir: «Sağa ya sola azdığınız vaxt arxanızdan “yol budur, gedin bu yola” deyilən səsi eşidəcəksiniz» (Yeşaya 30:21). Yehova bizimlə ilhamlandırdığı Kəlamı, Müqəddəs Kitab vasitəsilə danışır. Biz bu Kəlamı öyrənməli və oradan dəqiq biliklərə yiyələnməliyik. Düzgün qərarlar qəbul etmək istəyiriksə, ‘yetkin insanlar üçün olan bərk yeməklə’ qidalanmalıyıq. Həmçinin ‘dərk etmə qabiliyyətlərimizi istifadə etməklə’ onları ‘yaxşını pisdən ayırmaq üçün məşq etdiririk’ (İbranilərə 5:14, YD). Dərk etmə qabiliyyətimizi Allahın Kəlamından öyrəndiklərimizi tətbiq etməklə məşq etdirə bilərik.
6. Vicdanımızın bizə düzgün xidmət etməsi üçün nə lazımdır?
6 Miras aldığımız vicdan qərar qəbul etməkdə bizə köməkçi ola bilər. Onun köməyi ilə biz mühakimə yürüdə bilirik, həmçinin vicdanımız, bizi ‘gah ittiham, gah da müdafiə edir’ (Romalılara 2:14, 15). Vicdanımızın bizə düzgün xidmət etməsi üçün, onu Allahın Kəlamından olan dəqiq biliklərə yiyələnməklə tərbiyə etməli, orada yazılanları həyatımızda tətbiq etməklə isə həssaslaşdırmalıyıq. Öyrədilməmiş vicdan yerli adət-ən’ənələrin tə’sirinə tez uyur. Mühit və əhatəmizdə olan adamların fikirləri də bizi tez yoldan çıxara bilər. Vicdanımız bizə siqnallar verəndə biz nə edirik? Onun həyəcan siqnallarını daima qulaqardına vurub Allahın normalarını taptalayırıqmı? Müəyyən vaxtdan sonra belə vicdan sanki damğa basılandan sonra qurumuş hüceyrələrlə örtülü dəri tək həssaslığını itirib kobud olacaq (1 Timoteyə 4:2). Allahın Kəlamı əsasında tərbiyə edilmiş vicdan isə e’tibarlı yol göstərəndir.
7. Müdrik qərarlar qəbul etmək üçün başlıca tələb hansıdır?
7 Deməli, müdrik qərarlar qəbul etmək üçün başlıca tələb Müqəddəs Yazılarda olan dəqiq biliyə yiyələnmək və onu həyatda tətbiq etməkdir. Seçimlə üz-üzə durarkən, tez-tələsik qərarlar vermək əvəzinə, Müqəddəs Kitab prinsiplərini araşdırmağa vaxt ayırıb, onları düşdüyünüz vəziyyətdə necə tətbiq etmək haqqında düşünün. Hətta elə vəziyyət olur ki, Şadrak, Meşak, Aved-Neqo kimi bizdən də dərhal qərar qəbul etmək tələb olunur. Əgər vicdanımızı Allahın Kəlamındakı dəqiq biliklərə əsasən tərbiyə edir və onları daima yadımızda saxlayırıqsa, onda demək olar ki, biz tam hazırlıqlı vəziyyətdəyik. Yetkinliyə doğru tərəqqi etməyin, qərar qəbul etmək bacarığımızı hansı mə’nada daha da yaxşılaşdıracağını, gəlin həyatın iki sahəsində nəzərdən keçirək.
Kiminlə dostluq edəcəyik?
8, 9. a) Müqəddəs Kitabın hansı prinsipləri pis dostluqdan özümüzü gözləməyin vacibliyini göstərir? b) «Pis dostluq» dedikdə təkcə Müqəddəs Kitab normalarına uyğun yaşamayan insanlarla dostluqmu nəzərdə tutulur? İzah edin.
8 Həvari Pavel yazırdı: «Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar» (1 Korinflilərə 15:33). İsa Məsih də öz şagirdlərinə deyirdi: «[Siz] dünyadan deyilsiniz» (Yəhya 15:19). Bu prinsipləri öyrəndikdən sonra biz əxlaqsızlar, zinakarlar, oğrular, sərxoşlar və bunlara bənzər adamlarla dostluq etməyəcəyik (1 Korinflilərə 6:9, 10). Müqəddəs Kitab həqiqətlərini daha dərindən mənimsədikcə, biz başa düşürük ki, bu cür adamlara televiziya filmlərində, kompüter ekranlarında baxmaq və yaxud da onlar haqqında kitablarda oxumaq onlarla dostluq etmək qədər təhlükəlidir. Buraya internet söhbət otaqlarında «ikiüzlülərlə» ünsiyyət də daxildir (Məzmur 26:4).
9 Elə insanlar vardır ki, əxlaqi cəhətdən təmiz olsalar da, həqiqi Allaha inamları yoxdur. Bəs belələri ilə yaxın ünsiyyət bizə mənfi tə’sir göstərə bilərmi? Müqəddəs Yazılarda oxuyuruq: «Bütün dünya... şəririn hakimiyyəti altındadır» (1 Yəhya 5:19). Buradan aydın olur ki, pis dostluq deyiləndə təkcə əxlaq məsələlərinə barmaqarası baxanlar və əxlaqsızların özlərilə sıx ünsiyyət nəzərdə tutulmur. Yalnız Yehovanı sevən insanlarla dostluq etməyimiz düzgün olacaq.
10. Dünya ilə münasibətimizlə bağlı yetkin qərarlar verməkdə bizə nə kömək edəcək?
10 Nə qədər çalışsaq da dünya ilə ünsiyyətdən tamamilə qaçınmaq mümkün olmayacaq, bunu bizdən tələb edən də yoxdur (Yəhya 17:15). Məsihçilər təbliğ xidmətində iştirak edir, məktəbə gedir, ailəni tə’min etmək üçün işləyirlər. Həyat yoldaşı Yehovanın Şahidi olmayan məsihçi, ola bilər, dünya ilə hamıdan çox əlaqədə olur. Yə’ni bütün bu faktorlar məsihçilərdən dünya ilə müəyyən dərəcədə əlaqə saxlamağı tələb edir. Lakin dərk etmə qabiliyyətimizi məşq etdiririksə, onda biz dünyayla çarəsiz əlaqə ilə, sıx dostluq münasibətləri arasındakı fərqi yaxşı ayırd edə biləcəyik (Yaqub 4:4). Bu, həmçinin məktəbin təşkil etdiyi idman yarışları və rəqs gecələri kimi tədbirlərdə iştirak edib-etməmək, habelə, iş yoldaşlarımız üçün təşkil edilmiş qonaqlıqlara və naharlara gedib-getməməklə bağlı yetkin qərarlar qəbul etməyimizə kömək edəcək.
İş seçimi
11. İşlə əlaqədar qərar qəbul edərkən ilk növbədə nə haqda düşünmək lazımdır?
11 Müqəddəs Kitab prinsiplərini düzgün tətbiq etmək məsihçilərə ‘ailə üzvlərinin qeydinə qalmaq’ üçün qərarlar qəbul edərkən kömək edir (1 Timoteyə 5:8). İşə düzələrkən ilk növbədə işin mahiyyətinə fikir verməli, bizdən nəyin tələb olunduğunu bilməliyik. Yehovanın bəyənmədiyi əməllərlə bağlı işi yerinə yetirmək, əlbəttə ki, düzgün deyil. Bu səbəbdən də məsihçilər bütpərəstlik, oğurluq, qandan sui-istifadə və Allaha məqbul olmayan digər əməllərlə bağlı işləri seçmirlər. Bizi işə götürən yalan danışmağı və insanları aldatmağı tələb etsə belə, biz bunu heç vaxt etməyəcəyik (Həvarilərin işləri 15:29; Vəhy 21:8).
12, 13. İş seçimi ilə əlaqədar işin özündən başqa hansı faktorları da nəzərə almaq lazımdır?
12 Bəs əgər işin özü Allahın qanun və tələblərinə zidd getmirsə, onda necə? Biliyimiz daha dərinə kök atdıqca və dərk etmə qabiliyyətimiz itiləşdikcə, biz digər faktorları da nəzərə almağa başlayacağıq. Məsələn, qumar oynanılan yerdə telefon zənglərinə cavab verməyi vicdanımız qəbul edərmi? Maaşımızı hansı mənbədən verəcəklər, iş yeri harada yerləşir? Məsihçi bu kimi sualları götür-qoy etməlidir. Başqa bir misal: məsihçi dini tikililərin birində rəngsazlıq etməklə yalan dini dəstəkləyən bir işə razılaşacaqmı? (2 Korinflilərə 6:14-16).
13 Bəs rəhbərliyi altında işlədiyimiz insan yalan ibadət yerində abadlıq işləri aparmaq təklifi alıbsa, onda necə? Belə olduqda bir neçə faktoru nəzərdən keçirməliyik: bu işdə bizim nə dərəcədə iştirakımız gözlənilir? İştirak etməməyimiz üzrlü hesab edilə bilərmi? Başqa bir vəziyyət: tutaq ki, biz poçtalyon işləyirik. Lakin poçtu, işlədiyimiz ərazidə Allaha məqbul olmayan əməllərin görüldüyü yerlərə də çatdırmalıyıq. Bu halda düzgün qərar vermək üçün Matta 5:45 ayəsindəki prinsip köməyimizə çatacaq. Həmçinin işi gündən-günə yerinə yetirməyin vicdanımıza necə tə’sir göstərəcəyini də yaddan çıxarmaq olmaz (İbranilərə 13:18). İş seçimi ilə əlaqədar yetkin qərarlar vermək kimi məs’uliyyət yükümüz, dərk etmə qabiliyyətimizi itiləşdirməklə yanaşı, Allahın verdiyi vicdan ən’amını da məşq etdirməyi tələb edir.
«Bütün yollarında Onu tanı»
14. Qərar qəbul edərkən həmişə nəyi nəzərə almalıyıq?
14 Həyatın digər sahələri ilə — dünyəvi təhsillə və yaxud müəyyən tibbi müalicəni qəbul edib-etməməklə bağlı verdiyimiz qərarlar haqqında nə deyə bilərik? Hər hansı bir qərarı qəbul etməzdən əvvəl vəziyyətimiz üçün aktual olan Müqəddəs Kitab prinsiplərini araşdırmalı və sonra əqli imkanlarımızdan istifadə edərək bu prinsipləri tətbiq etməliyik. Qədim İsraildə padşahlıq etmiş müdrik Süleyman demişdi: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına e’tibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Süleymanın məsəlləri 3:5, 6).
15. Erkən məsihçilərdən qərar qəbul etməklə bağlı nəyi öyrənirik?
15 Qərarlarımızın başqa insanlardan da yan keçmədiyini unutmamalıyıq. Məsələn, birinci əsrdə yaşayan məsihçilər qida ilə əlaqədar Tövratdakı bir çox qanunlara artıq tabe deyildilər. Onlar Musanın Qanununun murdar saydığı yeməklərdən yeməyə azad idilər. Bununla belə, həvari Pavel bütlərin mə’bədi ilə hər hansı bir əlaqəsi ola bilən heyvanın əti haqqında yazırdı: «Əgər yemək qardaşımın büdrəməsinə səbəb olursa, mən əsla ət yemərəm ki, qardaşımı büdrətməyim» (1 Korinflilərə 8:11-13). Erkən məsihçilər qardaşlarını büdrətməmək üçün onların vicdanını nəzərə almağa təşviq olunurdular. Biz istəmirik ki, qəbul etdiyimiz qərarlar kiminsə ‘büdrəməsinə səbəb olsun’ (1 Korinflilərə 10:29, 32).
İlahi müdrikliyi axtarın
16. Qərar qəbul etməkdə dua bizə necə kömək edir?
16 Düzgün qərarlar qəbul etməkdə dua əvəzsiz köməkçidir. Şagird Yaqub yazırdı: «Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir» (Yaqub 1:5). Biz tam əminliklə duada Yehovaya müraciət edib düzgün qərarlar qəbul etmək üçün Ondan müdriklik istəyə bilərik. Əgər Allaha öz narahatçılığımız haqqında danışıb Ondan rəhbərlik istəsək, Onun müqəddəs ruhu prinsipləri daha yaxşı başa düşməyə və əvvəllər fikir vermədiyimiz ayələrə indi yeni nəzərlə baxmağa kömək edəcək.
17. Qərar qəbul etməkdə başqaları bizə necə kömək edə bilər?
17 Bəs qərar qəbul etməkdə başqalarının bizə köməyi dəyə bilərmi? Bəli, Yehova bunun da qeydinə qalıb. Hər bir yığıncaqda yetkin məsihçilər var (Efeslilərə 4:11, 12). Əgər qəbul edəcəyimiz qərar çox mühümdürsə, onda onlarla məsləhətləşə bilərik. Müqəddəs Kitabı dərindən başa düşən və həyat təcrübəsi olan bu məsihçilər nəzərimizə əlavə Müqəddəs Kitab prinsiplərini çatdırar və ‘ən üstün dəyərləri ayırd edə bilməmizə’ kömək edərlər (Filipililərə 1:9, 10). Bununla belə, unutmayın: biz yol verməməliyik ki, başqaları əvəzimizə qərar qəbul etsinlər. Məs’uliyyət yükünü başqalarına daşıtdırmamalıyıq, onu özümüz daşımalıyıq.
Qərarlarımızın nəticəsi həmişəmi yaxşı olacaq?
18. Düzgün qərarların nəticəsi barədə nə demək olar?
18 Müqəddəs Kitab prinsipləri və vicdan əsasında qəbul edilmiş qərarların nəticəsi həmişəmi yaxşı olur? Bəli, sonda yaxşı olur, lakin qərarlarımız dərhal müsbət nəticəni gətirməyə də bilər. Şadrak, Meşak və Aved-Neqo başa düşürdülər ki, nəhəng heykələ baş əyməməyin aqibəti ölüm ola bilər (Daniel 3:16-19). Həvarilər də insanlardan çox Allaha itaət etməli olduqlarını yəhudi Sinedrionuna bildirəndə azadlığa buraxılmazdan əvvəl döyüldülər (Həvarilərin işləri 5:27-29, 40). Bundan əlavə, verdiyimiz qərarların nəticəsinə ‘zaman və fürsət’ də öz mənfi tə’sirini göstərə bilər (Vaiz 9:11). Əgər düzgün qərar verməyimizdən asılı olmayaraq, əzab çəkiriksə, əmin ola bilərik ki, Yehova davam gətirməyimizə kömək edəcək və sonda bizi mükafatlandıracaq (2 Korinflilərə 4:7).
19. Qərar vermək məs’uliyyətimizi biz cəsarətlə necə daşıya bilərik?
19 Beləliklə, qərar qəbul edərkən Müqəddəs Kitab prinsiplərini araşdırmalı, onlara riayət etmək üçün düşüncə qabiliyyətimizdən istifadə etməliyik. Yehova Öz müqəddəs ruhu və yığıncaqlarda olan yetkin insanların vasitəsilə bizə kömək edir. Bütün bunlara görə biz Yehova Allahımıza necə də minnətdarıq! Bu cür rəhbərlik və köməyin sayəsində, gəlin məs’uliyyət yükümüzü cəsarətlə daşıyaq.
Siz nə öyrəndiniz?
• Düzgün qərarlar vermək üçün başlıca tələb hansıdır?
• Yetkinliyə doğru tərəqqi etməyimiz dost seçimimizə necə tə’sir göstərir?
• İş seçimi ilə bağlı qərarlar qəbul edərkən hansı vacib faktorları nəzərə almalıyıq?
• Düzgün qərarlar vermək üçün hansı köməkdən istifadə edə bilərik?
[9-cu səhifədəki şəkil]
Adəmlə Həvvanın itaətsizliyi bizə mühüm bir ibrət verir.
[10-cu səhifədəki şəkil]
Vacib qərar qəbul etməzdən əvvəl Müqəddəs Kitab prinsiplərini araşdır.