Müqəddəs Kitabı anlamağa sizə nə kömək edə bilər?
‘SƏN bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib körpələrə açdın’ (Luka 10:21). İsanın, səmavi Atasına ünvanladığı bu sözlərdən görünür ki, Müqəddəs Kitabı anlamaq üçün Allahın Kəlamına düzgün münasibət bəsləmək lazımdır. Yalnız həlim, öyrənməyə hazır olan insanların anlaya biləcəyi kitabı bəşəriyyətə verməsi Yehovanın müdrikliyindən xəbər verir.
E’tiraf etmək lazımdır ki, həlim olmaq asan deyil. Qürur bizə ulu valideynlərimizdən qalan mirasdır. Üstəlik, «axır günlərdə», «xudbin...ehtiyatsız [«inadcıl», KM], məğrur» adamların arasında yaşayırıq (2 Timoteyə 3:1-4). Bunlar, Allahın Kəlamını dərk etməkdə bizə mane olan bə’zi faktorlardır. Hamımız müəyyən mə’nada ətrafımızdakı adamların tə’siri altına düşməyə meylliyik. Onda Müqəddəs Kitabı anlamaq üçün düzgün münasibətə necə yiyələnmək olar?
Ürəyi və düşüncəni hazırlamaq
Bir vaxtlar Allahın xalqına rəhbərlik etmiş Ezra, ‘Rəbbin Qanununu tədqiq etmək üçün’ «ürəyini hazırlamışdı» (Ezra 7:10, KM). Bəs biz ürəyimizi necə hazırlaya bilərik? İlk öncə Müqəddəs Yazılara düzgün münasibət bəsləməliyik. Həvari Pavel məsihçi qardaşlarına yazmışdı: «Siz Allahın bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etdiniz» (1 Saloniklilərə 2:13). Müqəddəs Kitabı adi insanlar yazsa da, onların yazdıqları Yehovadan idi. Əgər bu vacib fikri dərk ediriksə, onda oxuduqlarımızı ürəkdən qəbul edəcəyik (2 Timoteyə 3:16).
Ürəyimizi dua vasitəsilə də hazırlaya bilərik. Müqəddəs Kitab Allahın ruhunun tə’siri altında yazıldığından, yalnız bu ruhun köməyilə müqəddəs mətni anlaya bilərik. Bu kömək haqda Allaha dua etməliyik. Məzmurçunun da Allaha bu cür xahişlə müraciət etdiyini sözlərindən görmək olar: «Mənə ağıl ver, qanununa görə yaşayım, bütün qəlbimlə ona bağlanım» (Məzmur 119:34). Biz ancaq əqli cəhətdən dərk etməyimizə görə deyil, həmçinin oxuduqlarımızı ürəkdən qəbul etmək üçün zəruri olan düzgün münasibətə görə də dua etməliyik. Müqəddəs Kitabı anlamaq üçün ürəyimizi həqiqi olan şeyləri qəbul etməyə hazırlamalıyıq.
Düşüncənizi düzgün istiqamətə yönəltdikcə, Müqəddəs Kitabı öyrənməyin sizə gətirəcəyi fayda üzərində düşünün. Allahın Kəlamına müraciət etməyə tutarlı səbəblərimiz çoxdur, onlardan ən başlıcası isə odur ki, bu kitab Allaha yaxınlaşmağımıza kömək edir (Yaqub 4:8). Yehovanın müxtəlif hadisələrə göstərdiyi reaksiya, Ona sadiq qalanları nə qədər yüksək qiymətləndirməsi, Ondan üz döndərənlərlə necə davranması haqqında oxuyarkən, Allahın necə şəxsiyyət olmasını görürük. Müqəddəs Kitabı oxumaqda məqsədimiz, ilk növbədə Allahla yaxından tanış olmaq və Onunla münasibətlərimizi möhkəmləndirmək olmalıdır.
Düzgün münasibətə yiyələnməyə mane olan nədir?
Allahın Kəlamını anlamaqda bizə nə mane ola bilər? Maneələrdən biri gözünüzdə nüfuz qazanmış insanların fikir və inanclarına olan sadiqlikdir. Bəs bu adamlar Allahın Kəlamında olan həqiqəti qiymətləndirmir, həqiqət tərəfdarı deyillərsə, onda necə? Bu cür vəziyyətdə Müqəddəs Kitabın nə öyrətdiyini başa düşmək daha çətindir. Buna görə də Müqəddəs Kitab bizi təşviq edir ki, həyatda öyrəndiyimiz hər şeyi diqqətlə tədqiq edək (1 Saloniklilərə 5:21).
İsanın anası Məryəm də belə çətinliklə qarşılaşmışdı. O, yəhudi ən’ənələri ruhunda tərbiyə almışdı. Məryəm Musanın Qanununa sadiqliklə riayət edir və şübhəsiz, sinaqoqa gedirdi. Bir qədər sonra o başa düşdü ki, valideynlərindən öyrəndiyi ibadət artıq Allahı qane etmir. Nəticədə, Məryəm İsanın tə’limlərini qəbul etdi və məsihçi yığıncağının ilk üzvlərindən biri oldu (Həvarilərin işləri 1:13, 14). Məryəm bununla valideynlərinə və ya ən’ənələrinə hörmətsizlik göstərmədi, əksinə, onun bu hərəkəti Allaha olan sevgisinin ifadəsi idi. Müqəddəs Kitabdan fayda əldə etmək istəyiriksə, Məryəm kimi, Allaha sadiqliyi insanlara sadiqlikdən üstün tutmalıyıq.
Əfsuslar olsun ki, bu gün çox az sayda insan Müqəddəs Kitab həqiqətlərinə qiymət verir. Bə’ziləri yalan tə’limlərə əsaslanan dini ən’ənələrə sadiq qalmaqla kifayətlənirlər. Başqaları danışıqları və ya həyat tərzləri ilə həqiqətə sayğısızlıq göstərirlər. Bu səbəbdən də Müqəddəs Kitab həqiqətlərini qəbul etmək sizdən müəyyən qurbanlar tələb edə bilər: sizinlə dostlarınız, qonşularınız, iş yoldaşlarınız və hətta ailəniz arasında fikir ayrılığı yarana bilər (Yəhya 17:14). Bununla belə, müdrik Süleyman yazmışdı: «Həqiqət al, onu satma» (Süleymanın məsəlləri 23:23). Əgər sən həqiqəti yüksək qiymətləndirirsənsə, Yehova Müqəddəs Kitabı başa düşməkdə sənə kömək edəcək.
Müqəddəs Kitabı başa düşməyə mane olan digər faktor insanların orada yazılanları həyatda tətbiq etmək istəməməsidir. İsa şagirdlərinə demişdi: «Səmavi Səltənətin [Padşahlığın] sirlərini anlama qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir; çünki bu xalqın ürəyi kobudlaşıb, qulaqları ilə ağır eşidirlər» (Matta 13:11, 15). İsanın təbliğ etdiyi insanların əksəriyyəti xoş xəbərə hay vermir, şəxsiyyətlərində lazımi dəyişiklikləri etmək istəmirdilər. Onlar İsanın məsəlindəki tacirdən necə də fərqlənirdilər! O, dəyərli bir mirvari tapdıqda, ona sahib olmaq üçün bütün var-dövlətini satdı. Müqəddəs Kitab həqiqətləri də bizim üçün eyni dərəcədə dəyərli olmalıdır (Matta 13:45, 46).
Həlimliyin rolu
Müqəddəs Kitabı dərk etməyə mane olan başlıca faktor insanların xoş xəbəri gətirənlərə olan münasibətidir. Məsələn, özündən aşağı səviyyəli birisinin kimisə öyrətməsi onun mənliyinə toxuna bilər. Lakin İsanın həvariləri də «oxumamış, avam [«sadə», YD] adamlar» idilər (Həvarilərin işləri 4:13). Bunun səbəbini izah edən Pavel yazırdı: «Qardaşlar, baxın, siz də’vət olunmuşlar kimsiniz: aranızda cismani nöqteyi-nəzərdən müdrik, nüfuzlu və əsilzadə çox deyil. Lakin Allah, müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqlarını seçdi» (1 Korinflilərə 1:26, 27). Əgər sizdən aşağı səviyyəli insanın sizə Müqəddəs Kitab həqiqətlərini öyrətməsini özünüzə layiq bilmirsinizsə, onda unutmayın ki, o insan sizi öyrətmək üçün Allahın istifadə etdiyi bir vasitədir. ‘Dahi Nəsihətçimiz’ olan Yehova Allah tərəfindən öyrədilməkdən daha böyük şərəf ola bilərmi? (Yeşaya 30:20, YD; 54:13).
Suriyalı sərkərdə Naamana da özündən aşağı səviyyədə olan birisindən göstəriş almaq çətin idi. Cüzam xəstəliyindən şəfa tapmaq məqsədilə, Naaman Yehovanın peyğəmbəri Elişanın yanına getdi. Elişa Allahın göstərişini öz xidmətçisi vasitəsilə Naamana çatdırdı. Elişanın sözləri və onları hansı yolla Naamana çatdırması onun mənliyinə toxunduğundan o, əvvəlcə Allahın peyğəmbərinin sözünə riayət etmək istəmədi. Lakin sonra fikrini dəyişdi və şəfa tapdı (2 Padşahlar 5:9-14). Biz də Müqəddəs Kitaba müraciət edəndə demək olar ki, oxşar bir çətinliklə rastlaşırıq. Məsələn, biz öyrəndik ki, ruhani və əxlaqi cəhətdən təmizlənmək üçün yeni həyat yoluna qədəm basmalıyıq. Bəs bu işdə kiminsə bizə yol göstərməsinə imkan vermək üçün həlimliyimiz çatacaqmı? Yalnız öyrənməyə can atanlar Müqəddəs Kitabı dərk edə və bundan sevinc duya bilərlər.
Bu cəhətdən gözəl bir nümunəni həbəşlilərin mələkəsinin sarayında xidmət edən mə’mur qoyub. Bir gün o, Afrikaya qayıdanda şagird Filip onun arabasının yanınca qaçaraq ona müraciət etdi. Mə’mur bu vaxt Yeşaya peyğəmbərin kitabını oxuyurdu. Filip mə’murun oxuduqlarını başa düşüb-düşməməsi ilə maraqlandı. Mə’mur həlimliklə cavab verdi: «Mənə yol göstərən olmasa necə anlaya bilərəm?» Allahın Kəlamını daha dərindən başa düşdükdən sonra bu adam vəftiz olundu və «sevinərək öz yoluna davam etdi» (Həvarilərin işləri 8:27-39).
Yehovanın Şahidləri sadə insanlardır. Onlar hər həftə altı milyondan çox insanla Müqəddəs Kitab öyrənməsi keçirirlər. Müqəddəs Kitab həyatda yeganə düzgün yolu və bəşəriyyətin yeganə ümidini göstərdiyi, habelə Allahla daha yaxından tanış olmağımıza kömək etdiyi üçün milyonlarla insan onu öyrənib anlamaqdan hədsiz sevinc duyur, məmnunluq alırlar. Siz də bu hissləri duya bilərsiniz.
[7-ci səhifədəki şəkil]
Naamana adi xidmətçidən göstəriş almaq çətin idi.
[7-ci səhifədəki şəkil]
Müqəddəs Kitabı anlamaq ürəyimizi isidir.