Yehova üçün müqəddəs olan şeylər sizin üçün də müqəddəsdirmi?
‘Diqqət edin ki, heç kimsə əxlaqsız və yaxud müqəddəs şeyləri qiymətləndirməyən olmasın’ (İBRANİLƏRƏ 12:15, 16, YD).
1. Yehovanın xidmətçiləri dünyada hökm sürən hansı əhval-ruhiyyəyə şərik deyillər?
İNSANLARIN gözündə müqəddəs şeylər getdikcə daha çox qiymətdən düşür. Fransız sosioloqu Edqar Morin qeyd edir: «Mə’nəviyyatın bünövrəsini təşkil edən təməllər — Allah, təbiət, vətən, tarix, idrak artıq özlərinin danılmazlığını itirmişlər... İnsanlar dəyərlərini özləri müəyyən edirlər». Belə münasibət «dünyanın ruhunu», yə’ni itaətsiz insanlarda fəal olan ruhu’ əks etdirir (1 Korinflilərə 2:12; Efeslilərə 2:2). Yehovaya həsr olunaraq, Onun ədalətli hökmranlığına həvəslə tabe olanlar isə bu sayğısızlıq ruhuna şərik deyillər (Romalılara 12:1, 2). Onlar başa düşürlər ki, Yehovaya ibadətdə müqəddəslik vacib yeri tutur. Həyatımızda nələri müqəddəs saymalıq? Bu məqalədə Allahın bütün xidmətçiləri üçün müqəddəs olan beş şeyi nəzərdən keçirəcəyik. Növbəti məqalədə isə məsihçi görüşlərinin müqəddəsliyindən danışılacaq. Bəs «müqəddəs» sözü əslində nə deməkdir?
2, 3. a) Allahın Kəlamında Yehovanın müqəddəsliyi necə vurğulanır? b) Biz Yehovanın adını necə müqəddəs tuturuq?
2 Qədim ibrani dilində «müqəddəs» sözü ayırmaq, ayrı saxlamaq mə’nasını daşıyır. Allahın Kəlamında «müqəddəs» sözü adi hallarda istifadə edilməyən, yə’ni müqəddəs sayılan şeylərə aid edilir. Yehovanın müqəddəsliyi mütləqdir. O, ‘Ən Müqəddəs’ adlanır (Süleymanın məsəlləri 9:10; 30:3, YD). Qədim İsraildə baş kahinin çalmasına «Müqəddəslik Yehovaya məxsusdur» (YD) sözləri həkk olunmuş qızıl lövhəcik tikilirdi (Çıxış 28:36, 37). Müqəddəs Kitabda Yehovanın taxtının ətrafında dayanan keruvlar və serafların: ‘Rəbb müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!’ deyə nida etdikləri təsvir edilir (Yeşaya 6:2, 3; Vəhy 4:6-8). Müqəddəs sözünün təkrarlanması göstərir ki, Yehova son dərəcə müqəddəs, saf və təmizdir. O, müqəddəslik mənbəyidir.
3 Yehovanın adı da müqəddəsdir. Məzmurçu nida edirdi: «Qoy böyük, zəhmli adına, o müqəddəs olana şükür etsinlər!» (Məzmur 99:3). İsa dua etməyi öyrədirdi: «Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun» (Matta 6:9). İsanın anası Məryəm nida edirdi: «Mənim qəlbim Rəbbi yüksəldir... Qadir mənim üçün möhtəşəm işlər gördü; Onun adı müqəddəsdir» (Luka 1:46, 49). Biz Yehovanın xidmətçiləri olduğumuz üçün Onun adını müqəddəs tutur və bu müqəddəs ada ləkə gətirəcək hərəkətlərdən uzaq dururuq. Bundan başqa, biz Yehovanın müqəddəsliyə olan baxışına şərikik, yə’ni Onun müqəddəs saydığı şeylər bizim üçün də müqəddəsdir (Amos 5:14, 15).
Nəyə görə İsaya dərin hörmət bəsləyirik?
4. Nə üçün İsa Allahın Kəlamında ‘müqəddəs’ adlandırılır?
4 Müqəddəs Allahın ‘vahid Oğlu’ İsa müqəddəs yaradılmışdı (Yəhya 1:14; Koloslulara 1:15; İbranilərə 1:1-3). Ona görə də o, «Allahın müqəddəsi» adlanır (Yəhya 6:69, haşiyə). Allah İsanın həyatını göydən yerə köçürəndə onun müqəddəsliyi itməmişdi, çünki Məryəm onu müqəddəs ruhun tə’siri ilə dünyaya gətirmişdi. Mələk ona demişdi: «Müqəddəs Ruh sənin üzərinə gələcək... səndən doğulacaq Müqəddəsə Allahın Oğlu deyiləcəkdir» (Luka 1:35). Yehovaya dua edərkən Yerusəlimdəki məsihçilər iki dəfə Allahın oğlunu «müqəddəs Qulun İsa» adlandırmışdılar (Həvarilərin işləri 4:27, 30).
5. İsa yerdə hansı müqəddəs tapşırığı yerinə yetirdi və onun qanı nə üçün qiymətlidir?
5 İsa yer üzündə müqəddəs bir tapşırıq yerinə yetirməli idi. O, eramızın 29-cu ilində vəftiz olunanda Yehovanın möhtəşəm ruhani mə’bədində Baş Kahin tə’yin olundu (Luka 3:21, 22; İbranilərə 7:26; 8:1, 2). O, həm də özünü fidiyə olaraq qurban verdi. Məsihin tökülən qanı sayəsində günahkarlar xilas ola biləcəklər (Matta 20:28; İbranilərə 9:14). Bu səbəbdən İsanın qanı bizim üçün «qiymətli», yə’ni müqəddəsdir (1 Peter 1:19).
6. Biz İsa Məsihə hansı münasibəti bəsləyirik və nə üçün?
6 Məsihçilərin Padşah və Baş Kahin olan İsa Məsihə dərin hörmət bəslədiyini göstərərək həvari Pavel yazırdı: «Allah Onu [Öz oğlunu] çox ucaltdı və Ona bütün adlardan üstün olan adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına hörmətlə diz çöksün. Və Ata Allahın izzəti üçün hər dil iqrar etsin ki, İsa Məsih Rəbbdir» (Filipililərə 2:9-11). ‘Nasehimiz’, yə’ni Rəhbərimiz və məsihçi yığıncağının Başı Padşah İsa Məsihə sevinclə tabe olmaqla, Yehovanın müqəddəs şeylərə olan baxışına şərik olduğumuzu göstəririk (Matta 23:10; Koloslulara 1:18).
7. Məsihə tabe olduğumuz nədən görünür?
7 Məsihə tabe olmaq həm də, onun başçılıq etdiyi işə nəzarət etmək üçün tə’yin etdiyi qardaşlara layiqincə hörmət göstərmək deməkdir. Rəhbərlik Şurasını təşkil edən ruhla məsh edilmişlərin və onların filiallarda, vilayət, rayon və yığıncaqlarda tə’yin etdiyi nəzarətçilərin vəzifəsi müqəddəs sayılmalıdır. Biz Yehovanın bu quruluşuna dərin hörmət bəsləməli və ona tabe olmalıyıq (İbranilərə 13:7, 17).
Müqəddəs xalq
8, 9. a) İsrail xalqı hansı mə’nada müqəddəs idi? b) Yehova israillilərə müqəddəslik anlayışını necə aşıladı?
8 Yehova israillilərlə əhd bağladı. Bu əhdin sayəsində yeni xalq Allahın qarşısında xüsusi mövqeyə sahib oldu. Onlar başqa xalqlardan ayrılıb, müqəddəs sayılmağa başladılar. Yehova onlara dedi: «Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız» (Levililər 19:2; 20:26).
9 İsrail xalq kimi təşkil olunandan dərhal sonra Yehova ona müqəddəslik anlayışını aşıladı. Ölüm qorxusu altında onlar On Qanunun verildiyi dağa toxunmamalı idilər, çünki həmin vaxt Sina dağı təqdis edilmişdi (Çıxış 19:12, 23). Kahinlər, Hüzur çadırı, həmçinin onun içində olan hər şey israillilər üçün müqəddəs olmalı idi (Çıxış 30:26-30). Bəs məsihçi yığıncağında vəziyyət nə yerdədir?
10, 11. Nə üçün məsh olunmuşların yığıncağı müqəddəsdir və ‘başqa qoyunlar’ buna necə yanaşırlar?
10 Yehovanın gözündə məsh olunmuşların yığıncağı müqəddəsdir (1 Korinflilərə 1:2). Yaşadıqları dövrdən asılı olmayaraq, yer üzündəki məsh olunmuşların hamısı müqəddəs mə’bədə bənzədilirlər, ancaq onlar Yehovanın möhtəşəm ruhani mə’bədini təşkil etmirlər. Yehova müqəddəs ruhunun vasitəsilə həmin mə’bəddə məskən salıb. Həvari Pavel yazmışdı: «Onda [İsa Məsihdə] bütün tikinti həmahəng düzülərək Rəbbə aid müqəddəs bir mə’bəd olmaq üçün yüksəlir; Onda siz də birlikdə tikilirsiniz ki, Allahın ruhən məskən saldığı bir yer olasınız» (Efeslilərə 2:21, 22; 1 Peter 2:5, 9).
11 Sonra Pavel məsh olunmuşlara yazır: «Məgər bilmirsiniz ki, siz Allahın mə’bədisiniz və Allahın Ruhu sizdə yaşayır?... Allahın mə’bədi müqəddəsdir; bu mə’bəd isə sizsiniz» (1 Korinflilərə 3:16, 17). Yehova məsh olunmuşların arasında ruhu ilə ‘məskən salıb yeriyir’ (2 Korinflilərə 6:16, 17). O, Özünün sadiq ‘quluna’ daima rəhbərlik edir (Matta 24:45-47). ‘Başqa qoyunlar’ üçün ‘mə’bəd’ sinfi ilə əməkdaşlıq etmək şərəfdir (Yəhya 10:16; Matta 25:37-40).
Məsihçi həyatımızda müqəddəs saydığımız şeylər
12. Həyatımızda nələr müqəddəsdir və nə üçün?
12 Təəccüblü deyil ki, məsh olunmuşlar və onların əməkdaşları həyatlarında bir çox şeyi müqəddəs sayırlar. Məsələn, bizim Yehova ilə münasibətimiz müqəddəsdir (1 Salnamələr 28:9; Məzmur 36:7). Biz bu münasibətləri o dərəcədə qiymətləndiririk ki, Allahımız Yehova ilə aramızda heç nəyin və heç kimin durmasına yol vermirik (2 Salnamələr 15:2; Yaqub 4:7, 8). Yehova ilə yaxın münasibətləri qorumaqda dua əvəzsiz rol oynayır. Dua Daniel peyğəmbər üçün o qədər müqəddəs idi ki, həyatı üçün təhlükə yarananda belə, o, Yehovaya dua etmək adətindən dönmədi (Daniel 6:7-11). Məsh olunmuş məsihçilərin və ya ‘müqəddəslərin duaları’ mə’bəddə ibadət zamanı istifadə edilən buxura bənzədilir (Vəhy 5:8; 8:3, 4; Levililər 16:12, 13). Belə bənzətmə vasitəsilə duanın müqəddəsliyi vurğulanır. Kainatın Hökmdarı ilə ünsiyyət etmək necə də böyük şərəfdir! Şübhəsiz, dua etmək üstünlüyü bizim üçün müqəddəsdir!
13. Hansı qüvvə müqəddəsdir və onun həyatımızda fəaliyyət göstərməsinə necə yol verməliyik?
13 Məsh olunmuşların və onların əməkdaşlarının müqəddəs saydıqları daha bir şeyi — müqəddəs ruhu da qeyd etmək lazımdır. Bu, Yehovanın fəal qüvvəsidir. Müqəddəs Allah ondan Öz iradəsinə müvafiq olaraq istifadə etdiyi üçün o, müqəddəs ruh, ‘qüdsiyyət Ruhu’ adlanır (Yəhya 14:26; Romalılara 1:4). Yehova bu ruhun vasitəsilə Öz xidmətçilərinə xoş xəbəri təbliğ etmək üçün güc verir (Həvarilərin işləri 1:8; 4:31). Allah ruhunu «Ona itaət edənlərə», cismani arzulara görə deyil, ‘ruha görə hərəkət edənlərə’ verir (Həvarilərin işləri 5:32; Qalatiyalılara 5:16, 25; Romalılara 8:5-8). Hər şeyə qadir olan bu qüvvə məsihçilərə «ruhun səmərəsi» olan gözəl keyfiyyətləri yetişdirməyə, o cümlədən, ‘müqəddəs və Allaha ixlaskar bir həyat yaşamağa’ kömək edir (Qalatiyalılara 5:22, 23; 2 Peter 3:11). Əgər bu qüvvəni müqəddəs sanırıqsa, onu ‘kədərləndirən’, yə’ni həyatımızda onun fəaliyyətinə əngəl törədən hərəkətlərə yol verməyəcəyik (Efeslilərə 4:30).
14. Məsh olunmuşlar hansı şərəfi müqəddəs sanırlar və başqa qoyunlar bu işdə necə iştirak edirlər?
14 Biz həm də müqəddəs Allah Yehovanın adını daşımaq və Onun Şahidləri olmaq şərəfini müqəddəs sanırıq (Yeşaya 43:10-12, 15). Yehova məsh olunmuş məsihçiləri «Əhdi-Cədidin xidmətkarları olmağa qabil etdi» (2 Korinflilərə 3:5, 6). Onlar Padşahlıq haqqında müjdəni təbliğ etmək və bütün xalqlardan şagird hazırlamaq tapşırığını almışlar (Matta 24:14; 28:19, 20). Məsh olunmuşlar bu tapşırığı sədaqətlə yerinə yetirirlər və milyonlarla səmimi insan sanki: «Qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik» deyərək onların təbliğinə hay verir (Zəkəriyyə 8:23). Bu insanlar sevinclə Allahın məsh olunmuş «xidmətçiləri» üçün ruhani mə’nada «əkinçilik və bağbanlıq» edirlər. Beləliklə, başqa qoyunlar məsh olunmuş məsihçilərə xidmətlərini ümumdünya miqyasında yerinə yetirməyə kömək edirlər (Yeşaya 61:5, 6).
15. Həvari Pavel hansı işi müqəddəs sayırdı və biz nə üçün onun fikrinə şərikik?
15 Həvari Pavel xidmətini müqəddəs hesab edirdi. O özü haqqında yazırdı: «Digər xalqlara İsa Məsihin xidmətkarı oldum. Allahın Müjdəsini bir kahin sifətilə yayıram [“Allahın xoş xəbərinin müqəddəs işini icra edirəm”, YD]» (Romalılara 15:16). Korinfdəki məsihçilərə yazdığı məktubunda Pavel öz xidmətini ‘sərvət’ adlandırmışdı (2 Korinflilərə 4:1, 7). Təbliğ xidmətində biz «Allahın [“müqəddəs”, YD] sözlərini» yayırıq (1 Peter 4:11). Buna görə də, məsh olunmuşlar və ya ‘başqa qoyunlar’ sinfinə aid olduğumuzdan asılı olmayaraq, biz şahidlik işini müqəddəs üstünlük sayırıq.
«Allah qorxusu ilə kamil qüdsiyyəti əldə edək»
16. ‘Müqəddəs şeyləri qiymətləndirməyən adamlara’ çevrilməməkdə bizə nə kömək edəcək?
16 Həvari Pavel həmimanlılarını xəbərdar edirdi ki, onlar ‘müqəddəs şeyləri qiymətləndirməyən’ adamlara çevrilməsinlər. O, ‘müqəddəs olmaq üçün sə’y göstərməyi’ və ‘aralarında bir acı kökün böyüyüb, əziyyət verməməsi və bir çoxlarını murdar etməməsi’ üçün diqqətli olmağı məsləhət görürdü (İbranilərə 12:14-16). «Acı kök» ifadəsi yığıncaqda qəbul edilən qərarlara tənqidi yanaşanlara aiddir. Məsələn, belə adamlar nikahın müqəddəsliyi və ya əxlaqi təmizliyə dair Yehovanın nöqteyi-nəzəri ilə razılaşmaya bilərlər (1 Saloniklilərə 4:3-7; İbranilərə 13:4). Yaxud da ‘həqiqətdən üz döndərənlərin’ söylədikləri ‘murdar boşboğazlıqları’, yə’ni dönük fikirləri yaya bilərlər (2 Timoteyə 2:16-18).
17. Nə üçün məsh olunmuş məsihçilər Yehovanın müqəddəsliyə olan baxışını əks etdirmək üçün sə’y göstərməlidirlər?
17 Pavel məsh olunmuş qardaşlarına yazırdı: «Ey sevimli qardaşlarım, bu cür və’dlərə malik olaraq, özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək və Allah qorxusu ilə kamil qüdsiyyəti əldə edək» (2 Korinflilərə 7:1). Bu sözlər göstərir ki, ‘səmavi də’vətə ortaq olan’ məsh olunmuş məsihçilər həyatlarının hər sahəsində Yehovanın müqəddəsliyə olan baxışına şərik olduqlarını göstərməlidirlər (İbranilərə 3:1). Həvari Peter də ruhdan doğulan qardaşlarına nəsihət verirdi: «Sözə baxan uşaqlar kimi, cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. Əksinə, sizi çağıran Allah müqəddəs olduğu kimi, özünüz də hər hərəkətinizdə müqəddəs olun» (1 Peter 1:14, 15).
18, 19. a) ‘Böyük izdihamın’ üzvləri Yehovanın müqəddəs şeylərə olan baxışına şərik olduqlarını necə göstərirlər? b) Növbəti məqalədə məsihçi həyatımızın daha hansı müqəddəs sahəsi müzakirə ediləcək?
18 Bəs «böyük məşəqqətdən» sağ çıxacaq ‘böyük izdihamın’ üzvləri necə? Onlar da öz həyat tərzi ilə Yehovanın müqəddəs şeylərə olan baxışına şərik olduqlarını göstərməlidirlər. «Vəhy» kitabında yazılıb ki, bu adamlar ruhani mə’bədin yerüzü həyətində Yehova üçün ‘[«müqəddəs», YD] xidməti’ icra edirlər. ‘Böyük izdihama’ daxil olanlar, məcazi dildə desək, ‘libaslarını yuyub, onları Quzunun qanı ilə ağardaraq’ Məsihin fidiyə qurbanlığına iman gətiriblər (Vəhy 7:9, 14, 15). Bu, onlara Yehovanın önündə təmiz ad qazandırır və üzərlərinə ‘özlərini hər bir bədən və ruh murdarlığından təmizləmək və Allah qorxusu ilə kamil qüdsiyyəti əldə etmək’ məs’uliyyətini qoyur.
19 Yehovaya ibadət etmək və Onun Kəlamını öyrənmək üçün müntəzəm keçirilən görüşlər də məsh olunmuş məsihçilərin və onların əməkdaşlarının həyatında vacib rol oynayır. Yehova xalqının keçirdiyi görüşləri müqəddəs hesab edir. Növbəti məqalədə məsihçi həyatımızın bu mühüm sahəsində Yehovanın müqəddəs şeylərə olan baxışını necə və nə üçün bölüşməli olduğumuzu müzakirə edəcəyik.
Təkrar üçün suallar
• Yehovanın Şahidləri hansı dünyəvi düşüncə tərzinə şərik deyillər?
• Nə üçün Yehova müqəddəs olan hər bir şeyin Mənbəyidir?
• Məsihin müqəddəsliyinə hörmət etdiyimiz nədən bəllidir?
• Həyatımızda nələri müqəddəs saymalıyıq?
[23-cü səhifədəki şəkil]
Qədim İsraildə kahinlər, Hüzur çadırı və onun içindəkilər müqəddəs hesab edilirdi.
[24-cü səhifədəki şəkil]
Yer üzündəki məsh olunmuş məsihçilər müqəddəs mə’bədi təşkil edirlər.
[25-ci səhifədəki şəkillər]
Dua və icra etdiyimiz xidmət müqəddəs ən’amdır.