Allahın sözü heç vaxt boşa çıxmır
«Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi» (YEŞUA 23:14).
1. Yeşua kim idi və ömrünün sonuna yaxın nə etdi?
O, ŞÜCAƏTLİ və qorxmaz sərkərdə, möhkəm imana sahib olan nöqsansız adam idi. O, Musanın sağ əli olmuş və Yehova onu İsrail xalqını qorxunc səhradan süd və bal axan diyara keçirmək üçün seçmişdi. Xalqın dərin ehtiramını qazanmış bu adam — Yeşua ömrünün sonuna yaxın İsrailin ağsaqqalları qarşısında tə’sirli son nitqini söylədi. Şübhə yoxdur ki, Yeşuanın sözləri onu dinləyənlərin imanını möhkəmləndirdi. Onun sözləri sənin də imanına güclü tə’sir edə bilər.
2, 3. Yeşua israilli ağsaqqallarla danışanda İsraildə vəziyyət necə idi və o nə dedi?
2 O zaman İsraildə olan vəziyyəti təsəvvür et: «Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən əmin-amanlıq verəndən sonra uzun müddət keçdi. Artıq Yeşua qocalıb yaşa dolmuşdu. O bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri və mə’murları çağırdı və onlara dedi: “Mən qocalmışam, yaşım çoxdur”» (Yeşua 23:1, 2).
3 Yüz on yaşına çatmış Yeşua Allahın xalqının tarixinin ən həyəcanlı dövrlərindən birində yaşamışdı. O, Yehovanın möhtəşəm işlərinin və bir çox və’dlərinin yerinə yetməsinin canlı şahidi olmuşdu. Buna görə də, şəxsi təcrübəsinə əsaslanaraq əminliklə dedi: «Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı» (Yeşua 23:14).
4. Yehova israillilərə hansı və’dləri vermişdi?
4 Yeşuanın günlərində Yehovanın hansı sözləri yerinə yetdi? Bu məqalədə Yehovanın israillilərə verdiyi üç və’di nəzərdən keçirəcəyik. Allah və’d etmişdi ki, birincisi, onları köləlikdən qurtaracaq, ikincisi, onları müdafiə edəcək, üçüncüsü isə, onların qayğısına qalacaq. Yehova müasir xalqına da buna bənzər və’dlər vermişdir və biz həyatımız boyu onların yerinə yetdiyini müşahidə edirik. Yehovanın bizim dövrdə nələr etdiyini müzakirə etməzdən əvvəl, gəlin Yeşuanın günlərinə nəzər salaq.
Yehova Öz xalqını qurtarır
5, 6. Yehova israilliləri Misir köləliyindən necə qurtardı və bu hadisə nəyi göstərdi?
5 Misir köləliyində əzab çəkən israillilər fəryad edəndə Yehova onlara nəzər saldı (Çıxış 2:23-25). Yehova yanan kolun ortasından Musaya dedi: «Mən ona görə gəldim ki, onları [xalqımı] Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, ne’mətli bir diyara, süd və bal axan torpağa... aparım» (Çıxış 3:8). Yehovanın bu və’dinin yerinə yetməsini müşahidə etmək necə də maraqlı idi! Fir’on israilliləri buraxmaqdan imtina edəndə Musa ona bildirdi ki, Allah Nil çayını qana çevirəcək. Yehovanın sözü boşa çıxmadı. Nil çayının suları qana döndü, içindəki bütün balıqlar tələf oldu və çayın suyunu içmək mümkün deyildi (Çıxış 7:14-21). Lakin fir’on tərsliyindən dönmədi. Yehova, hər birini qabaqcadan təsvir edərək, daha doqquz bəla göndərdi (Çıxış 8-12 fəsillər). Misir torpağında olan bütün ilkinlərin ölümü ilə nəticələnən onuncu bəladan sonra fir’on israillilərə ölkəni tərk etməyi əmr etdi. İsraillilər tələm-tələsik yığışıb Misirdən çıxdılar! (Çıxış 12:29-32).
6 İsraillilər Misir köləliyindən qurtardıqdan sonra Yehovanın seçilmiş xalqı oldular. Bu, Yehovanı və’dlərini yerinə yetirən, sözü heç vaxt boşa çıxmayan və bütün millətlərin tanrılarından üstün olan bir Allah kimi ucaltdı. İsraillilərin qurtuluşu barədə oxuyanda imanımız həqiqətən də möhkəmlənir. Bu hadisələri yaşamağın nə demək olduğunu bir təsəvvürünə gətir! Yeşua anladı ki, ‘bütün yer üzündə Haqq-Taala’ yalnız Yehovadır (Məzmur 83:18).
Yehova xalqını müdafiə edir
7. Yehova israilliləri fir’onun ordusundan necə müdafiə etdi?
7 Bəs Yehovanın ikinci — xalqını müdafiə edəcəyi və’di haqqında nə demək olar? Yehova xalqını Misirdən çıxarıb Və’d edilmiş diyara gətirəcəyini deyəndə onları müdafiə edəcəyini də nəzərdə tutmuşdu. Qəzəblənmiş fir’onun yüzlərlə döyüş arabası ilə təchiz olunmuş qüdrətli ordusunu götürüb israillilərin dalınca düşdüyünü xatırla. Özündən çox razı olan bu təkəbbürlü adam israillilərin dağla dəniz arasında tələyə düşdüyünü düşünəndə daha da qürurlandı! Amma Allah o andaca müdaxilə etdi və fir’onun ordusu ilə israillilərin düşərgəsi arasına bulud qoymaqla xalqını müdafiə etdi. Misirlilərin tərəfi qaranlıq, israillilərinki isə işıqlı idi. Bulud misirliləri o biri tərəfə keçməyə qoymurdu. Bu zaman Musa öz əsasını qaldırdı və Qırmızı dənizin suları aralandı. Əmələ gəlmiş yol israillilər üçün qurtuluş, misirlilər üçün isə tələ oldu. Yehova fir’onun güclü ordusunu tamamilə məhv etdi və xalqının məğlub olmasına yol vermədi (Çıxış 14:19-28).
8. Yehova israilliləri a) səhrada, b) Və’d edilmiş diyara daxil olanda necə müdafiə etmişdi?
8 İsraillilər Qırmızı dənizi keçəndən sonra ‘böyük və qorxunc, zəhərli ilan və əqrəblərlə dolu olan susuz şoran torpaq’ kimi təsvir olunan səhrada dolaşırdılar (Qanunun təkrarı 8:15). Yehova burada da xalqını müdafiə edirdi. Bəs onlar Və’d edilmiş diyara daxil olanda necə? Güclü Kən’an orduları onlara qarşı çıxdı. Amma Yehova Yeşuaya dedi: «Qalx, sən və bütün bu xalq İordan çayını keçib İsrail övladlarına verəcəyim torpağa gedin... Bütün ömrün boyu heç kəs sənə qarşı çıxa bilməyəcək. Musa ilə olduğum kimi səninlə də olacağam, səni atmayacağam və tərk etməyəcəyəm» (Yeşua 1:2, 5). Yehovanın bu sözləri boşa çıxmadı. Təxminən altı il ərzində Yeşua 31 padşahı məğlub etdi və Və’d edilmiş diyarın böyük hissəsini istila etdi (Yeşua 12:7-24). Yehova onları müdafiə etməsəydi, bu mümkün olmazdı.
Yehova xalqının qayğısına qalır
9, 10. Yehova səhrada xalqının qayğısına necə qalırdı?
9 İndi isə gəlin Yehovanın üçüncü və’dinə — xalqının qayğısına qalacağı və’dinə baxaq. Misirdən azad edildikdən bir qədər sonra Allah israillilərə dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın». Allah dediyi kimi də etdi: onlara «göydən çörək» yağdırdı. «İsraillilər bunu gördükdə bir-birinə “Bu nədir?” dedilər». Bu, Yehovanın onlara və’d etdiyi çörək — manna idi (Çıxış 16:4, 13-15).
10 İsraillilərin səhrada dolaşdığı 40 il ərzində Yehova onları su və çörəklə tə’min etməklə qayğılarına qalırdı. Yehova həm də elə etdi ki, bu illər ərzində onların paltarları yırtılmadı və ayaqları şişmədi (Qanunun təkrarı 8:3, 4). Yeşua bütün bunların canlı şahidi olmuşdu. Yehova və’d etdiyi kimi, xalqını qurtardı, müdafiə etdi və qayğısına qaldı.
Bizim günlərdə qurtuluş
11. Bruklindəki Bet-Eldə 1914-cü ilin oktyabrında hansı e’lan səsləndi və bu nə demək idi?
11 Bəs bizim günlər haqqında nə demək olar? 1914-cü il oktyabrın 2-də, cümə günü, o vaxtlar Müqəddəs Kitab Tədqiqatçılarına rəhbərlik edən Çarlz Teyz Rassel Bet-Elin (Bruklin, Nyu–York) yeməkxanasına daxil olub, hamını sevinclə salamladı və yerini tutmazdan əvvəl e’lan etdi: «Digər xalqların vaxtı tamam oldu; onların padşahlarının vaxtına az qalıb». Yenə də Kainatın Hökmdarı Yehovanın Öz xalqını qurtarmaq vaxtı gəldi. Və O bunu etdi!
12. Yehova 1919-cu ildə xalqını nədən azad etdi və bunun nəticəsi nə oldu?
12 Elə beş ildən sonra Yehova xalqını ‘Böyük Babildən’, yalan dinin qüdrətli dünya imperiyasından azad etdi (Vəhy 18:2). Aramızda həyəcan dolu bu qurtuluşu görənlər çox azdır. Lakin onun nəticələrini hamımız aydın görürük. Yehova təmiz ibadəti bərpa etdi və Ona ibadət etmək arzusunda olanları birləşdirdi. Bu, Yeşaya peyğəmbər vasitəsilə qabaqcadan söylənilmişdir: «Son günlərdə Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək» (Yeşaya 2:2).
13. Sən Yehovanın xalqı arasında hansı artımı müşahidə etmisən?
13 Yeşayanın peyğəmbərliyi yerinə yetdi. 1919-cu ildə məsh olunmuş qalıq həqiqi Allaha ibadəti zirvələrə qaldıran ümumdünya təbliğ kampaniyasına cəsarətlə başladı. 1930-cu illərdə aydın oldu ki, ‘başqa qoyunlar’ da həqiqi ibadətə də’vət olunublar (Yəhya 10:16). Başlanğıcda minlərlə, sonra yüz minlərlə, indi isə milyonlarla insan həqiqi ibadəti dəstəkləyir! Həvari Yəhyaya verilən vəhydə onlar «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham» kimi təsvir olunur (Vəhy 7:9). Bəs sən özün nələrin şahidi olmusan? Həqiqətə gələndə yer üzündə nə qədər Yehovanın Şahidi vardı? Bu gün Yehovaya xidmət edənlərin sayı 6 700 000-i ötüb keçir. Xalqını Böyük Babildən qurtarmaqla Allah hal-hazırda dünya miqyasında sevinclə müşahidə etdiyimiz artıma yol açdı.
14. Bizi qabaqda hələ hansı qurtuluş gözləyir?
14 Lakin qarşıda bizi başqa bir qurtuluş gözləyir və onun yer üzündə yaşayan hər bir insana aidiyyəti olacaq. Yehova möhtəşəm qüvvəsini nümayiş etdirərək Ona qarşı çıxanların hamısını yer üzündən yox edəcək və xidmətçilərini azad edib onları salehliyin hökm sürəcəyi yeni dünyaya gətirəcək. Pisliyin sonunu və bütün bəşər tarixinin ən parlaq dövrünün başlanğıcını görmək necə də sevindirici olacaq! (Vəhy 21:1-4).
Yehova indi də xalqını müdafiə edir
15. Nəyə görə indi də Yehovanın müdafiəsinə ehtiyacımız var?
15 Gördüyümüz kimi, Yeşuanın dövründə yaşamış israillilərin Yehovanın müdafiəsinə ehtiyacları vardı. Bəs Yehovanın müasir xalqının Onun müdafiəsinə ehtiyacı varmı? Sözsüz ki! İsa davamçılarına xəbərdarlıq etmişdi: «O zaman sizə əziyyət verib öldürəcəklər; və Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər» (Matta 24:9). Bir sıra ölkələrdə Yehovanın Şahidləri illər boyunca şiddətli müqavimətlərə və tə’qiblərə mə’ruz qalmışlar. Amma Yehovanın Öz xalqına dayaq olduğu göz qabağındadır (Romalılara 8:31). Yehova Kəlamı vasitəsilə əmin edir ki, bizə «qarşı işlənən heç bir silah» təbliğ və şagirdlər hazırlamaq işimizi dayandıra bilməyəcək (Yeşaya 54:17).
16. Yehovanın xalqını müdafiə etdiyinə nəyin əsasında əmin olmusan?
16 Dünyanın nifrətinə baxmayaraq, Yehovanın xidmətçilərinin sayı gündən-günə artır. Yehovanın Şahidləri 236 ölkə və ərazidə fəaliyyət göstərirlər. Bu, həqiqətən göstərir ki, bizi məhv etmək, yaxud susdurmaq istəyənlərdən müdafiə etmək üçün Yehova bizimlədir. Vaxtilə Allahın xalqını şiddətlə tə’qib edən qüdrətli siyasətçilərin və ya din xadimlərinin adlarını yada sala bilərsənmi? Onlarla nə baş verib? İndi haradadırlar? Musanın və Yeşuanın günlərindəki fir’on kimi, bu adamların çoxu artıq yoxdur. Bəs ölənədək sadiq qalan Allahın müasir xidmətçiləri haqda nə demək olar? Onlar Yehovanın yaddaşındadırlar. Bundan təhlükəsiz yer isə ola bilməz. Bəli, Yehovanın Öz xalqını müdafiə edəcəyi barədə və’di boşa çıxmadı.
Yehova bu gün də xalqının qayğısına qalır
17. Yehova ruhani qidaya dair bizə nə və’d edib?
17 Yehova səhrada xalqının qayğısına qalırdı, elə bu gün də O bunu edir. «Sadiq və ağıllı qul» bizi ruhani qida ilə tə’min edir (Matta 24:45). Biz əsirlər ərzində gizli qalan ruhani həqiqətlər haqqında bilik alırıq. Mələk Daniel peyğəmbərə demişdi: «Axır zamana qədər bu sözləri sirr saxla və bu kitabı möhürlə. Çox adam özünü ora-bura vuracaq və bilik artacaq» (Daniel 12:4).
18. Nəyə görə deyə bilərik ki, həqiqi bilik bizim günlərdə artıb?
18 Biz hal-hazırda axır günlərdə yaşayırıq və həqiqi bilik həqiqətən də artıb. Bütün dünyada müqəddəs ruh həqiqəti sevən insanları həqiqi Allah və Onun niyyətləri haqqında dəqiq biliyə yönəldib. Müqəddəs Kitab və onun qiymətli həqiqətlərini başa düşməkdə kömək edən ədəbiyyatlar bütün dünyada geniş yayılıb. Müqəddəs Kitab öyrənmələri aparmaq üçün nəzərdə tutulan «Müqəddəs Kitab əslində nə öyrədir?»a nəşrinin mündəricatına bir nəzər yetirin. Orada «Allah haqqında həqiqət», «Ölənlər haradadırlar?», «Allahın Padşahlığı nədir?» və «Allah əzablara nə üçün yol verir?» kimi fəsillər var. İnsanlar min illərdir ki, bu kimi suallara cavab axtarırlar. Amma onlara cavab tapmaq elə də çətin deyil. Müqəddəs Kitab həqiqətləri əsrlər ərzində insanlardan gizli saxlanılırdı və dönük Xristian dünyası onlara yalanı öyrədirdi. Lakin Allahın Kəlamı Yehovaya xidmət etmək istəyənləri möhkəmləndirərək zəfər çaldı.
19. Sən Allahın hansı və’dlərinin yerinə yetməsini görmüsən və bundan hansı nəticəyə gəlmisən?
19 Bəli, öz gözlərimizlə gördüyümüz hadisələri nəzərə alaraq biz deyə bilərik: «Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı» (Yeşua 23:14). Yehova xidmətçilərini qurtarır, müdafiə edir və onların qayğısına qalır. Sən Allahın elə bir və’dini deyə bilərsənmi ki, o öz vaxtında yerinə yetməsin? Bu mümkün deyil. Biz Allahın Kəlamının doğruluğuna şübhə etmirik.
20. Biz nəyə görə gələcəyə inamla baxa bilərik?
20 Bəs gələcək haqqında nə demək olar? Yehova bizə deyib ki, əksəriyyətimiz gözəl Cənnətə çevrilmiş yer üzündə yaşamağa ümid edə bilərik. Bizlərdən çox az adam Məsihlə göylərdə padşahlıq etmək ümidinə malikdir. Ümidimiz nə olursa-olsun, bizim də Yeşua kimi sadiq qalmağa tutarlı səbəblərimiz vardır. Gün gələcək ki, ümidlərimiz gerçəkləşəcək. Onda biz geriyə boylanıb Yehovanın bütün və’dlərinə nəzər salaraq deyəcəyik: «Hamısı... yerinə yetdi».
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc olunub.
İzah edə bilərsinizmi?
• Yeşua Yehovanın hansı və’dlərinin yerinə yetdiyini gördü?
• Sən Allahın hansı və’dlərinin yerinə yetdiyini görmüsən?
• Allahın sözünə dair hamımız nəyə əmin ola bilərik?
[25-ci səhifədəki şəkil]
Yehova xalqını qurtarmaq üçün müdaxilə etdi.
[25-ci səhifədəki şəkil]
Yehova xalqını Qırmızı dənizdə necə müdafiə etdi?
[26-cı səhifədəki şəkil]
Yehova indi də xalqının qayğısına qalır.