Oxucularımız soruşur
Allahın Padşahlığı insanların ürəyindədirmi?
Çoxları Allahın Padşahlığının insanların ürəyində olduğuna inanır. Məsələn, bir ensiklopediyada deyilir: «Allahın Padşahlığı [...] Allahın bizim ürəyimizi idarə etməsi deməkdir» («The Catholic Encyclopedia»). Bir qayda olaraq ruhanilər bu təlimi öyrədirlər. Həqiqətənmi Müqəddəs Kitab Allahın Padşahlığının insanların ürəyində olduğunu öyrədir?
Bəziləri fikirləşir ki, Allahın Padşahlığının insanların ürəyində olduğu fikrini ilk dəfə İsa irəli sürüb. O demişdi: «Budur, Allahın Səltənəti sizin içinizdədir» (Luka 17:21). Bəzi tərcümələrdə bu ayə belə verilir: «Allahın Səltənəti sizin daxilinizdədir». Bu, İsanın dediklərini dəqiqliklə əks etdirirmi? Doğrudanmı o, Allahın Padşahlığının insanın ürəyində olduğunu nəzərdə tuturdu?
Əvvəla, gəlin görək insanın ürəyi dedikdə nə nəzərdə tutulur. Müqəddəs Kitaba əsasən, simvolik ürək insanın daxili varlığı, yəni onun fikirlərinin, əhval-ruhiyyəsinin və hisslərinin mənbəyidir. İnsanın ürəyində Allahın Padşahlığı kimi ali bir şeyin olması, onun insanı dəyişib nəcibləşdirə bilməsi fikri cəlbedici görünə bilər. Ancaq buna inanmağa əsas varmı?
Müqəddəs Kitab deyir: «İnsan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var» (Yeremya 17:9). İsa özü demişdi: «Bəd düşüncələr, zinakarlıq, cinsi əxlaqsızlıq, qatillik, oğurluq, tamahkarlıq, pislik... insanların ürəyindən, içindən çıxar» (Mark 7:20-22). Düşünün: bu gün dünyada müşahidə etdiyimiz bədbəxtliklərin çoxunun səbəbi insanın günahlı ürəyi deyilmi? Belə isə Allahın kamil Padşahlığı bu cür yerdə necə ola bilər? Qanqalda əncir bitmədiyi kimi, insanın ürəyində də Allahın Padşahlığı qurula bilməz (Matta 7:16).
İndi isə gəlin İsanın Luka 17:21 ayəsində yazılan sözləri kimə ünvanladığına diqqət yetirək. Əvvəlki ayədə deyilir: «Fəriseylər Allahın Padşahlığının nə zaman gələcəyi barədə Ondan soruşduqları vaxt onlara cavab verdi» (Luka 17:20). Fəriseylər İsanın düşmənləri idilər. İsa bu ikiüzlülərin Allahın Padşahlığına girməyəcəklərini söylədi (Matta 23:13). Əgər fəriseylər Allahın Padşahlığına girməyəcəkdilərsə, Padşahlıq onların ürəyində ola bilərdimi? Bu qeyri-mümkündür! Onda İsanın dediklərini necə başa düşmək olar?
Müqəddəs Kitabın bəzi dəqiq tərcümələrində İsanın bu sözləri «Yeni Dünya Tərcüməsi»nə oxşar tərzdə verilmişdir. Bəzilərində Padşahlıq «sizin aranızdadır» və ya «sizin içinizdədir» kimi tərcümə olunub. Bəs Allahın Padşahlığı hansı mənada həmin insanların, eləcə də fəriseylərin içində idi? Yehova Allah İsanı Padşahlığın Padşahı təyin etmişdi. İsa təyin olunmuş Padşah kimi bu insanların arasında idi. O, Allahın Padşahlığı haqqında öyrətməklə və hətta möcüzələr göstərməklə, Padşahlığın nələri həyata keçirəcəyini nümayiş etdirirdi. Deməli, Padşahlıq həqiqi mənada onların arasında idi.
Gördüyümüz kimi, Müqəddəs Kitabda heç bir fikir Allahın Padşahlığının insanların ürəyində olmasını təsdiq etmir. Əksinə, bu Padşahlıq, peyğəmbərlərin də əvvəlcədən dedikləri kimi, yer üzündə köklü dəyişikliklər edəcək real hökumətdir (Yeşaya 9:6, 7; Daniel 2:44).