İsa Məsihdən nə öyrənirik?
Başqaları ilə necə rəftar etmək haqda
Nəyə görə xeyirxah olmalıyıq?
İnsanlar sizinlə pis rəftar edəndə də onlarla xeyirxahlıqla davranırsınızmı? Əgər İsa Məsihi təqlid etmək istəyiriksə, bizə nifrət edənlərə qarşı da xeyirxah olmalıyıq. O demişdir: «Əgər sizi sevənləri sevirsinizsə, hansı təşəkkürə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər... Amma düşmənlərinizi sevin... və siz Haqq-Təalanın oğulları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara qarşı da xeyirxahdır» (Luka 6:32-36; 10:25-37).
Nəyə görə bağışlamalıyıq?
Biz səhv edəndə Allahın bizi bağışlamasını istəyirik. Məsih öyrədirdi ki, bizi bağışlaması üçün Allaha dua etmək düzgündür (Matta 6:12). Ancaq İsa həmçinin demişdi ki, Allah bizi yalnız başqalarını bağışladığımız təqdirdə bağışlayacaq. O demişdir: «İnsanların təqsirlərini bağışlasanız, səmavi Atanız sizi də bağışlar. Amma siz insanların günahlarını bağışlamasanız, Atanız da sizin günahlarınızı bağışlamaz» (Matta 6:14, 15).
Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
İsa Məsih heç vaxt ailə qurmasa da, ailə həyatını xoşbəxt etmək haqda ondan çox şey öyrənə bilərik. O həm sözləri, həm də hərəkətləri ilə bizə nümunə qoyub. Gəlin növbəti üç məqamı nəzərdən keçirək:
1. Ər arvadını öz bədəni kimi sevməlidir. İsa ərlər üçün nümunə qoyub. O öz şagirdlərinə demişdir: «Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm». Onlar bir-birlərini necə sevməli idilər? İsanın onları sevdiyi kimi (Yəhya 13:34). Müqəddəs Kitab bu prinsipi ərlərə tətbiq edərək deyir: «Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi... Beləcə ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir» (Efeslilərə 5:25, 28, 29).
2. Ərlə arvad bir-birinə sədaqətli olmalıdırlar. Nikahdan kənar cinsi əlaqə Allaha qarşı günahdır və ailəni dağıdır. İsa Məsih demişdir: «Oxumamısınızmı... “Buna görə insan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır. İkisi də bir bədən olacaqdır. Belə ki, onlar artıq iki deyil, bir bədəndirlər. Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır”... Mən sizə deyirəm: Kim cinsi əxlaqsızlıqdan başqa səbəblə arvadını boşayıb başqası ilə evlənərsə, zina edər» (Matta 19:4-9).
3. Uşaqlar valideynlərinə itaət etməlidirlər. Məsih özünün kamil, valideynlərinin isə qeyri-kamil olmasına baxmayaraq, uşaq olanda onlara tabe olurdu. Müqəddəs Kitabda 12 yaşlı İsa haqda deyilir: «İsa onlarla [valideynləri ilə] getdi və Nazaretə gəldi; və onlara itaət edirdi» (Luka 2:51; Efeslilərə 6:1-3).
Nəyə görə bu prinsipləri tətbiq etmək lazımdır?
Məsih şagirdlərinə öyrətdiklərinə dair demişdi: «Əgər bu şeyləri bilirsiniz və onlara əməl edirsinizsə, bəxtiyarsınız» (Yəhya 13:17). Həqiqi məsihçi olmaq üçün biz İsanın başqaları ilə necə rəftar etməyə dair verdiyi məsləhətə riayət etməliyik. O demişdi: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:35).
Daha ətraflı məlumatı «Müqəddəs Kitab əslində nə öyrədir?»a kitabının 14-cü fəslindən ala bilərsiniz.
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.
[16-cı səhifədəki şəkil]
İsanın israfçıl oğul haqda məsəli xeyirxahlığın və bağışlamağın vacib olduğunu öyrədir (Luka 15:11-32)
[17-ci səhifədəki şəkil]
Ərlə arvad bir-birinə sadiq olmalıdırlar