Yehova Xilaskarımızdır
‘Rəbb onların imdadına çatır, onları qurtarır’ (MƏZ. 37:40).
1, 2. Yehova haqqında hansı danılmaz həqiqət əsl təsəlli və qüvvə mənbəyidir?
GÜNƏŞİN saldığı kölgə bir yerdə durmur. Yer kürəsi hərəkət etdikcə kölgə daima hərəkət edir və dəyişilir. Yerin və Günəşin Yaradanı isə heç zaman dəyişmir (Mal. 3:6). Onun haqqında Müqəddəs Kitabda deyilir: «Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi» (Yaq. 1:17). Yehova haqqındakı bu danılmaz həqiqət, xüsusilə də çətin sınaq və problemlərlə üzləşəndə bizim üçün əsl təsəlli və qüvvə mənbəyidir. Nə üçün?
2 Əvvəlki məqalədən gördüyümüz kimi, Yehova qədim zamanlarda Öz xalqını xilas edirdi (Məz. 70:5). Allah dəyişməz və sözünə sadiq olduğuna görə xidmətçiləri əmin ola bilərlər ki, ‘onların imdadına çatacaq, onları qurtaracaq’ (Məz. 37:40). Yehova müasir xidmətçilərini necə qurtarır? Bəs şəxsən bizi necə qurtarır?
Düşmən əlindən qurtuluş
3. Nəyə görə əmin ola bilərik ki, düşmənlər Yehovanın xalqının təbliğ işini dayandıra bilməyəcəklər?
3 İbadətə yalnız və yalnız Yehova Allah layiqdir və Şeytan nə qədər çalışsa da, Yehovanın Şahidlərinin Ona xidmət etmələrini heç vaxt dayandıra bilməyəcək. Allahın Kəlamı bizi əmin edir: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən hər bir kəsi təqsirkar çıxaracaqsan» (Yeşaya 54:17). Düşmənlər Allahın xalqının yerinə yetirdiyi təbliğ işini dayandırmağa cəhd göstərsələr də, məqsədlərinə nail ola bilməmişlər. İki nümunəni nəzərdən keçirək.
4, 5. Yehovanın xalqı 1918-ci ildə hansı müqavimətlərlə üzləşdi və bunun nəticəsi nə oldu?
4 Yehovanın xalqı 1918-ci ildə güclü təqiblərlə üzləşdi. Bunun arxasında onları susdurmaq məqsədini güdən din xadimləri dururdu. Mayın 7-də Birləşmiş Ştatların federal hakimiyyət dairələri o vaxtlar ümumdünya təbliğ işinə nəzarət edən Cozef Ruterfordun və mərkəzi idarənin bir sıra əməkdaşlarının həbs edilməsi barədə əmr imzaladı. İki ay ərzində Ruterford qardaş və onun əməkdaşları haqsız olaraq dövlətə qarşı sui-qəsd hazırlamaqda ittiham olundular və uzunmüddətli həbsə məhkum edildilər. Düşmənlər məhkəmədən istifadə edib təbliğ işini həmişəlik dayandırmağa müvəffəq oldularmı? Əlbəttə ki, yox!
5 Yehovanın vədini xatırlayın: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq». Gözlənilmədən hər şey dəyişildi: 1919-cu il martın 26-da, Ruterford qardaş və onun əməkdaşlarının həbs olunmalarından 9 ay keçəndən sonra, girov verib azadlığa buraxıldılar. Növbəti il mayın 5-də onlara qarşı qaldırılan iş dayandırıldı. Qardaşlar azadlığa çıxıb Padşahlıq işini fəal davam etdirməyə başladılar. Bu, hansı bəhrələri gətirdi? O vaxtdan bəri bu iş böyük vüsət almaqdadır! Bunlara görə bütün izzət Xilaskarımız olan Yehova Allaha məxsusdur (1 Kor. 3:7).
6, 7. a) Nasist Almaniyasında Yehovanın Şahidləri hansı sınaqlarla üzləşmişdilər və bunun nəticəsi nə oldu? b) Yehovanın Şahidlərinin müasir tarixi nəyi sübut edir?
6 İndi isə keçək ikinci nümunəyə. 1934-cü ildə Hitler and içdi ki, Almaniyada Yehovanın Şahidlərinin kökünü kəsəcək. O, boş-boşuna hədə-qorxu gəlmirdi. Bundan sonra qardaşları ölkənin hər yerində həbs etməyə başladılar. Minlərlə Şahid təqib olunurdu. Yüzlərlə bacı-qardaş həbs düşərgələrində qətlə yetirilirdi. Hitler Almaniyada Şahidlərin kökünü kəsməyə və xoş xəbərin təbliğini dayandırmağa müvəffəq oldumu? Qətiyyən! Təqiblər zamanı qardaşlarımız gizlicə təbliğ edirdilər. Nasist rejimi süquta uğradıqdan sonra bu qardaşlar azadlıqdan istifadə edərək təbliğ fəaliyyətlərini davam etdirdilər. Bu gün Almaniyada 165 000-dən çox təbliğçi var. Yenə də Xilaskarımız olan Yehova Öz sözünə sadiq çıxdı: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq».
7 Yehovanın Şahidlərinin müasir tarixi sübut edir ki, Yehova heç vaxt xalqının kökünün kəsilməsinə yol verməyəcək (Məz. 116:15). Bəs ayrı-ayrılıqda hər birimiz barədə nə demək olar? Yehova şəxsən bizi necə qoruyur?
Fiziki təhlükəsizliyimiz barədə nə demək olar?
8, 9. a) Haradan bilirik ki, hər birimizin fiziki təhlükəsizliyi həmişə təmin olunmur? b) Biz nəyi etiraf etməliyik?
8 Biz bilirik ki, Yehova hər birimizin ayrı-ayrılıqda fiziki təhlükəsizliyini həmişə təmin edəcəyinə söz verməmişdi. Biz padşah Navuxodonosorun qoyduğu qızıl heykələ ibadət etməkdən imtina edən üç sadiq yəhudinin nöqteyi-nəzəri ilə razıyıq. Allahdan qorxan bu gənclər Yehovanın onları möcüzəli şəkildə fiziki zərərdən qoruyacağını düşünmürdülər. (Daniel 3:17, 18 ayələrini oxu.) Amma Yehova onları qızmar sobadan xilas etdi (Dan. 3:21-27). Hətta Müqəddəs Kitabın yazıldığı dövrlərdə Allah çox nadir hallarda xidmətçilərini möcüzəli şəkildə xilas edib. Yehovanın bir çox sadiq xidmətçiləri düşmən əlindən ölüblər (İbr. 11:35-37).
9 Bəs bu gün necə? Əlbəttə, Xilaskarımız Yehova Allah adamı təhlükəli vəziyyətlərdən qurtara bilər. Bəs Yehovanın konkret hallarda müdaxilə edib-etmədiyini qəti şəkildə deyə bilərikmi? Xeyr. Bununla belə, təhlükəli vəziyyətlərdən qaçan adam fikirləşə bilər ki, ona Yehova kömək etdi. Başqalarının onunla bu barədə mübahisə etməsi lovğalıq olardı. Lakin etiraf etməliyik ki, bir çox sadiq məsihçilər, nasistlərin dövründə olduğu kimi, təqiblər zamanı qətlə yetirilmişdilər. Digərləri bədbəxt hadisələr nəticəsində həyatlarını itirmişlər (Vaiz 9:11). Bu bizdə sual doğura bilər: Yehova həmin sadiq insanları xilas etməyə müvəffəq olmadımı? Bu, qətiyyən belə deyil.
10, 11. Nəyə görə insan ölüm qarşısında acizdir, lakin Yehova nəyə qadirdir?
10 Gəlin bir şeyə fikir verək: insan ölüm qarşısında acizdir, çünki heç kəs «canını ölülər diyarının pəncəsindən» ‘qurtara’ bilməz (Məz. 89:48). Bəs Yehova buna qadirdirmi? Nasist terrorundan sağ çıxmış bir bacı xatırlayır ki, düşərgədə əzizlərini itirdiyinə görə ona təsəlli vermək üçün Yehovanın Şahidi olan anası dedi: «Əgər ölüm əbədi olsaydı, o, Allahdan da güclü olardı, elə deyilmi?» Təbii ki, ölüm həyat mənbəyi olan Külli-İxtiyar Yehova Allahdan güclü deyil! (Məz. 36:9). Ölülər diyarında olanların hamısı Yehovanın yaddaşındadır və O onların hər birini qurtaracaq (Luka 20:37, 38; Vəhy 20:11-14).
11 Yehova bu gün də Öz sadiq xidmətçilərinin qayğısına qalır. Gəlin görək O, üç müxtəlif halda xidmətçilərini necə qoruyur.
Ruhani təhlükəsizlik
12, 13. Nəyə görə ruhani təhlükəsizlik ən vacib şeydir və Yehova belə təhlükəsizliyimizi necə təmin edir?
12 Yehova bizi ən vacib olan ruhani təhlükəsizliklə təmin edir. Bir həqiqi məsihçi kimi anlayırıq ki, həyatımızdan və hər şeydən daha dəyərli olan bir şey var. Bu, Yehova ilə şəxsi münasibətimizdir (Məz. 25:14; 63:3). Əgər bu münasibətimiz olmasaydı, həyatımızın mənası və gələcəyə heç bir ümidimiz olmazdı.
13 Xoşbəxtlikdən, Yehova Onunla sıx münasibətimizi qorumaq üçün bizi hər şeylə təmin edir. Biz Onun Kəlamının, müqəddəs ruhunun və ümumdünya yığıncağının köməyinə malikik. Bəs bunlardan daha yaxşı necə faydalana bilərik? Onun Kəlamını müntəzəm və çalışqanlıqla öyrənməklə imanımızı və ümidimizi möhkəmləndirəcəyik (Rom. 15:4). Duada səmimi-qəlbdən Ondan müqəddəs ruh diləsək, Onunla münasibətimizə zərər vuracaq hər bir şeyə müqavimət göstərmək üçün güc əldə edəcəyik (Luka 11:13). Qul sinfinin Müqəddəs Kitaba əsaslanan nəşrləri, yığıncaq görüşləri və konqreslər vasitəsilə təqdim etdiyi rəhbərliyə daima riayət etməklə biz «vaxtlı-vaxtında» verilən ruhani yeməkdən faydalanacağıq (Mat. 24:45). Belə qida bizi ruhani zərərdən qoruyur və Allahımıza bağlı qalmağa kömək edir (Yaq. 4:8).
14. Yehovanın bizi ruhani cəhətdən necə qoruduğunu göstərən bir nümunə danışın.
14 Yehovanın ruhani təhlükəsizliyimizin necə qeydinə qaldığını görmək üçün gəlin əvvəlki məqalənin başlanğıcında xatırlanan nümunəyə qayıdaq. Onların qızı Terezanın itkin düşməsindən bir necə gün sonra onun qətlə yetirildiyindən xəbər tutdulara. Terezanın atası xatırlayır: «Yehova onu qorusun deyə dua edirdim. Qızımızın öldürüldüyünü biləndə, etiraf etməliyəm ki, nəyə görə dualarımın cavabsız qaldığını əvvəlcə başa düşmürdüm. Əlbəttə, bilirəm ki, Yehova hər bir xidmətçisini ayrı-ayrılıqda bütün təhlükələrdən möcüzəli şəkildə qoruyacağını söz verməyib. Anlayış üçün təkidlə dua edirdim. Yehovanın xalqını ruhani cəhətdən qoruduğunu, yəni Onunla münasibətimizi qorumaq üçün bizi lazım olan şeylərlə təmin etdiyini bilmək mənə təskinlik verdi. Belə müdafiə daha vacibdir, çünki əbədi gələcəyimiz Onunla münasibətimizdən asılıdır. Yehova Terezanı məhz bu mənada qorudu. O, ölümünədək Yehovaya sadiq qaldı. Qızımın gələcək həyatının Yehovanın qayğıkeş əllərində olduğunu bilmək mənə qəlb rahatlığı gətirir».
Yehova yatağa düşənə dayaqdır
15. Əgər ciddi xəstəyiksə, Yehova bizə necə kömək edə bilər?
15 ‘Yatağa düşən’ Davudla olduğu kimi, Yehova bizə də dayaq ola bilər (Məz. 41:3). Allah bu gün bizə möcüzəli şəkildə şəfa verməsə də, bizi darda qoymur. O bunu necə edir? Onun Kəlamında yazılan prinsiplər müalicəmizlə və digər məsələlərlə bağlı qərarlar qəbul edəndə bizə çox kömək edə bilər (Sül. məs. 2:6). «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında səhhətimizdəki problemlərlə bağlı məqalələrdən dəyərli məlumatlar və məsləhətlər tapa bilərik. Vəziyyətimizə tab gətirmək və hər nə baş versə də, Ona sadiq qalmaq üçün Yehova müqəddəs ruhu vasitəsilə bizə «ən üstün qüdrət» verə bilər (2 Kor. 4:7). Belə köməyin sayəsində biz Yehova ilə münasibətimizin ikinci yerə keçəcəyi dərəcədə xəstəliyimizə aludə olmayacağıq.
16. Bir qardaş öz xəstəliyinə necə tab gətirir?
16 Ötən məqalənin əvvəlində xatırlanan gəncin nümunəsini yada salaq. 1998-ci ildə ona, əvvəl-axır insanı tam iflic vəziyyətə gətirib çıxaran yan amiotrofik skleroz diaqnozu qoyuldub. O, xəstəliyinə necə tab gətirə bilərdi? Qardaş deyir: «Yeganə çıxış yolumun ölüm olduğunu düşünəndə bəzən məni qəm-qüssə bürüyür. Özümü əzgin hiss edəndə Yehovadan duada üç şey istəyirəm: qəlb rahatlığı, səbir və təhəmmül. Yehovanın dualarıma necə cavab verdiyini görürəm. Qəlbim rahat olanda mənə təsəlli verən şeylər haqda düşünürəm: görəsən, mən gəzə, dadlı yeməklər yeyə və doğmalarımla danışa biləndə yeni dünyada həyat necə olacaq? Səbir xəstəliyimlə bağlı narahatçılıqlara və əzablara dözməyimə kömək edir. Təhəmmül isə mənə sadiq qalmağa kömək edir və qoymur ki, nə isə Yehova ilə münasibətimdən mənim üçün daha vacib olsun. Mən məzmurçu Davudun sözləri ilə tamamilə razıyam, çünki «yatağa düşəndə» Yehovanın mənə necə ‘dayaq olduğunu’ görmüşəm» (Yeşaya 35:5, 6).
Qida ilə təmin olunuruq
17. Yehova bizim üçün nə etməyi vəd edib və bu vədin məğzi nədir?
17 Yehova maddi tələbatlarımızın qeydinə qalacağını vəd edir. (Matta 6:33, 34 və İbranilərə 13:5, 6 ayələrini oxu.) Lakin bu, ehtiyaclarımızın möcüzəli şəkildə təmin ediləcəyi, yaxud işləməkdən boyun qaçırmalı olduğumuz mənasını vermir (2 Salon. 3:10). Allahın vədinin məğzi belədir: əgər ilk növbədə Allahın Padşahlığını axtarırıqsa və özümüzü təmin etmək üçün işləməyə hazırıqsa, ümid edə bilərik ki, Yehova həyat üçün lazım olan şeyləri əldə etməyimizə kömək edəcək (1 Salon. 4:11, 12; 1 Tim. 5:8). O, ehtiyac duyduğumuz şeyləri zənn etmədiyimiz tərzdə verə bilər. Məsələn, həmimanlımız kömək əlini uzada, yaxud iş təklif edə bilər.
18. Yehovanın maddi tələbatlarımızın qayğısına qaldığına dair nümunə çəkin.
18 Keçən məqalənin əvvəlində xatırlanan ananı yadımıza salaq. O, qızı ilə başqa yerə köçəndə iş tapmaqda çətinlik çəkirdi. O deyir: «Səhərlər xidmətə gedirdim, günortadan sonra isə iş dalınca düşürdüm. Ərzaq dükanına süd almağa getdiyim günü heç vaxt unutmayacam. Orada durub tərəvəzlərə baxırdım, amma onları almağa pulum çatmırdı. Özümü hələ heç vaxt belə məyus hiss etməmişdim. O gün evə qayıdanda qapımın girəcəyində ağzınacan cürbəcür tərəvəzlərlə dolu zənbillər gördüm. Bunlar bir neçə ay bəs edərdi. Gözlərim yaşardı və Yehovaya minnətdarlığımı bildirdim». Tezliklə bacı öyrəndi ki, həmin zənbilləri tərəvəz yetişdirən bir qardaş gətirmişdi. Bir qədər sonra bacı ona yazdı: «O gün sənə çox təşəkkür etdiyimə baxmayaraq, Yehovaya da çox sağ ol dedim ki, sənin xeyirxahlığın vasitəsilə mənə Öz məhəbbətini xatırlatdı» (Sül. məs. 19:17).
19. Böyük məşəqqətdə Yehovanın xidmətçilərinin hansı əminliyi olacaq və biz nə etməyə qəti qərarlı olmalıyıq?
19 Yehovanın keçmişdə və bizim günlərdə etdikləri bizi daha çox əmin edir ki, Onun köməyinə hər zaman bel bağlaya bilərik. Tezliklə Şeytan dünyası böyük məşəqqətlə üz-üzə gələndə Yehovanın köməyinə daha çox ehtiyacımız olacaq. Hətta o zaman Yehovanın xidmətçiləri tam əminliklə Ona üz tutacaqlar. Onlar qurtuluşlarının yaxın olduğunu bilərək başlarını yuxarı qaldırıb sevinəcəklər (Luka 21:28). Nə qədər ki bu sistemdə yaşayırıq, gəlin, sınaqlardan asılı olmayaraq, Yehovaya tam etibar etməyə qətiyyətli olaq və az da olsa şübhə etməyək ki, dəyişməyən Allahımız bizim Xilaskarımızdır.
[Haşiyələr]
a «Dözülməz faciənin öhdəsindən gəlirik» məqaləsinə «Oyanın!» jurnalının 2001-ci ilin 22 iyul sayının 19-23-cü səhifələrində baxın (rus.).
b «Yan amiotrofik skleroz xəstəliyi ilə mübarizədə imanın mənə köməyi» məqaləsinə «Oyanın!» jurnalının 2006-cı ilin yanvar sayının 25-29-cu səhifələrində baxın (rus.).
Yadınızdadırmı?
• Yehova vaxtsız ölən xidmətçilərini necə xilas edəcək?
• Nəyə görə ruhani təhlükəsizlik daha vacibdir?
• Yehovanın maddi tələbatlarımızın qayğısına qalacağı vədi nə deməkdir?
[8-ci səhifədəki şəkil]
1918-ci ildə həbs edilən Ruterford qardaş və onun əməkdaşları müəyyən vaxtdan sonra azadlığa buraxıldılar və onlara qarşı qaldırılan iş dayandırıldı
[10-cu səhifədəki şəkil]
Yehova ‘yatağa düşənlərə’ dayaq ola bilər