Uşaqlarınızı öyrədin
Yoşiya düzgün davranmağı seçdi
SƏNCƏ, düzgün davranmaq çətindir?a ~ Əgər belə düşünürsənsə, sən tək deyilsən, əksər insanlar da bu fikirdədirlər. Hətta böyüklər də, düzgün olduğunu bildikləri şeyləri etməyə çətinlik çəkirlər. Gəl görək, doğru seçim etmək xüsusilə Yoşiya üçün nəyə görə çətin idi? Bilirsən o kim idi? ~
Yoşiya Yəhuda padşahı Amonun oğlu idi. O, dünyaya gələndə Amonun cəmi 16 yaşı vardı. Atası Menaşşe padşah kimi, Amon da çox pis insan idi. Menaşşe uzun illər ərzində zalım padşah olmuşdur. Ancaq sonra assuriyalılar onu əsir alıb, uzaq Babildə zindana saldılar. Zindanda olarkən Menaşşe Yehovaya yalvardı ki, onu bağışlasın, Yehova da onu bağışladı.
Menaşşe azadlığa çıxanda Yerusəlimə qayıtdı və yenidən padşahlıq etməyə başladı. O, dərhal əvvəllər etdiyi pis işləri düzəltdi və xalqa Yehovaya xidmət etməyə kömək etdi. Yəqin, oğlu Amon onun yaxşı nümunəsini təqlid etməyəndə o, çox kədərlənirdi. Təxminən bu ərəfədə Yoşiya doğuldu. Müqəddəs Kitabda Menaşşenin nəvəsi ilə nə qədər vaxt keçirdiyi haqda heç nə deyilmir. Lakin necə düşünürsən, ola bilərmi ki, Menaşşe onu Allaha xidmət etməyə təşviq edirdi? ~
Yoşiya altı yaşında olanda Menaşşe öldü və yerinə Yoşiyanın atası Amon padşah oldu. Amonun padşahlığı cəmi iki il sürdü, çünki öz xidmətçiləri onu öldürdülər. Buna görə də, Yoşiya səkkiz yaşında Yəhudanın padşahı oldu (2 Salnamələr, 33-cü fəsil). Bəs sonra nə baş verdi? Yoşiya atası Amonun qoyduğu pis nümunəni, yoxsa tövbə etmiş babası Menaşşenin yaxşı nümunəsini izləməyi seçdi? ~
Yoşiya gənc olsa da, Yehovaya xidmət etməyə qəti qərarlı idi. Buna görə də o, atasının pis dostlarına yox, Yehovanı sevən insanlara qulaq asırdı. Yoşiyanın cəmi səkkiz yaşı vardı, ancaq o, bilirdi ki, Allahı sevən insanlara qulaq asmaq düzgün hərəkətdir (2 Salnamələr 34:1, 2). Bilmək istəyərdinmi, Yoşiyaya məsləhət verənlər və onun üçün yaxşı nümunə olanlar kimlər idi? ~
Yoşiya üçün yaxşı nümunə olanlardan biri Sefanya peyğəmbər idi. Ehtimal ki, Sefanya Menaşşenin atası olan yaxşı padşah Xizqiyanın nəslindən olduğu üçün Yoşiyanın qohumu idi. Yoşiyanın padşahlığının erkən illərində Sefanya öz adını daşıyan və Müqəddəs Yazıların bir hissəsi olan kitabı yazmışdı. Sefanya xəbərdarlıq edirdi ki, düzgün davranmayan insanların axırı pis olacaq və görünür, Yoşiya bu xəbərdarlıqlara diqqət yetirirdi.
Həmçinin Yeremyanın adını çəkmək olar. Ola bilsin, əvvəllər onun haqqında eşitmisən. Yeremya ilə Yoşiya bir-birlərinə yaxın yaşamışdılar və uşaqlıqdan Yehovaya xidmət edirdilər. Yeremya Yehovadan ilham alaraq öz adını daşıyan və Müqəddəs Yazılara daxil olan kitabı yazmışdı. Yoşiya döyüşdə öləndə Yeremya dərin kədərini ifadə etmək üçün mərsiyə adlanan xüsusi mahnı yazmışdı (2 Salnamələr 35:25). Təsəvvür etmək olar ki, onlar bir-birini Yehovaya sədaqətli qalmağa necə təşviq edirdilər!
Yoşiya haqda aldığın məlumatdan özünə hansı dərsi götürə bilərsən? ~ Əgər sənin də atan Yoşiyanın atası kimi Yehovaya xidmət etmirsə, onda başqa kimsə sənə Allah haqda öyrənməyə kömək edə bilərmi? Məsələn, anan, nənən, baban və ya qohumlarından biri. Bu, hətta ananın səninlə Müqəddəs Kitabı öyrənməyə icazə verəcəyi, Yehovaya xidmət edən başqa adam ola bilər.
Yoşiya yaşca uşaq olsa da, yaxşı başa düşürdü ki, Yehovaya xidmət edənlərlə dostluq etmək lazımdır. Arzumuz budur ki, sən də eyni şeyi edəsən və düzgün davranmağı seçəsən!
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.
Suallar:
○ Yoşiyanın atası və babası kim idi və onlar necə adamlar idilər?
○ Yoşiyanın babası həyatında hansı dəyişikliyi etmişdi?
○ Yoşiyaya yaxşı nümunə olan iki peyğəmbərin adını çək və belə insanlarla dostluq etmək, səncə, nə üçün vacibdir?
[17-ci səhifədəki şəkillər]
Sefanya və Yeremya Yoşiyaya düzgün davranmağa necə kömək etmişdi?