Nəyə görə ‘Məsihi’ izləməliyik?
«Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin və... Məni izləsin» (LUKA 9:23).
1, 2. ‘Məsihi’ izləməli olduğumuzu nəzərdən keçirmək nəyə görə vacibdir?
YEHOVA sizi — maraqlananları və gəncləri Ona xidmət edən izdihamın arasında görəndə necə də fərəhlənir! Əgər Müqəddəs Kitabı öyrənir, müntəzəm olaraq məsihçi görüşlərində iştirak edir və Allahın Kəlamındakı xilasedici həqiqətdə tərəqqi edirsənsə, onda sən İsanın bu dəvətinin üzərində ciddi düşünməlisən: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin və çarmıxını [«işgəncə dirəyini», YD] götürüb Məni izləsin» (Luka 9:23). İsanın sözləri göstərir ki, özünü inkar etmək və onun davamçısı olmaq sənin üçün arzuolunan bir şey olmalıdır. Buna görə də ‘Məsihi’ nəyə görə izləməli olduğumuzu nəzərdən keçirmək vacibdir (Mat. 6:13-16).
2 Artıq İsa Məsihin izləri ilə gedən bizlər haqda nə demək olar? Biz ‘daha çox tərəqqi etməyə’ təşviq olunuruq (1 Salon. 4:1, 2). Həqiqətdə yeni və ya uzun illər olmağımızdan asılı olmayaraq, Məsihi izləməyin səbəbləri üzərində düşünmək bizə kömək edəcək ki, Pavelin nəsihətini tətbiq edərək gündəlik həyatımızda İsanı daha yaxşı izləyək. Beləliklə, gəlin görək, Məsihi izləməyi nəyə görə arzulamalıyıq və bunun beş səbəbini araşdıraq.
Yehova ilə münasibətlərini möhkəmləndir
3. Yehovanı hansı iki üsulla tanıya bilərik?
3 Həvari Pavel «Areopaqın ortasında durub» afinalılara müraciət edərək demişdi: «[Allah] onların qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıqları yerlərin sərhədlərini təyin etdi ki, Allahı axtarsınlar və bəlkə əl ilə yoxlaya-yoxlaya tapsınlar. Amma bununla bərabər, O heç birimizdən uzaq deyil» (Həv. iş. 17:22, 26, 27). Biz Allahı axtara və Onu həqiqətən də tanıya bilərik. Məsələn, Allahın yaratdıqlarından Onun keyfiyyətləri və nəyə qadir olması haqda öyrənirik. Onun əl işləri üzərində minnətdarlıqla düşünmək Yaradan haqqında bizə çox şey öyrədə bilər (Rom. 1:20). Üstəlik, Yehova Kəlamında, Müqəddəs Kitabda Özü haqqında bizə geniş məlumat verir (2 Tim. 3:16, 17). Onun ‘işlərini dərindən düşünməklə’ və ‘əməlləri barədə xəyala dalmaqla’ biz Yehovanı daha yaxşı tanıya bilərik (Məz. 77:12).
4. Məsihi izləmək Yehova ilə münasibətlərimizi daha da möhkəmləndirməkdə bizə necə kömək edə bilər?
4 Yehovanı daha yaxından tanımağın ən yaxşı üsulu Məsihi izləməkdir. «Dünya yaranmazdan əvvəl» Atasının yanında olarkən İsanın hansı izzətə malik olduğunun üzərində bir düşün! (Yəh. 17:5). O, «Allahın xilqətinin başlanğıcı»dır (Vəhy 3:14, KM). O, «xilqətin fövqündə duran, ilk doğulan Oğul» kimi milyard illər ərzində Atası Yehova ilə birgə göydə yaşamışdır. Yer üzünə gəlməzdən öncə İsa Atasının yanında sadəcə vaxt keçirmirdi. O, Külli-İxtiyar Allahla yaxın əməkdaşlıq edərək Onunla birgə işləməkdən məmnunluq duyurdu və bunun sayəsində onların arasında indiyə kimi heç kimin malik olmadığı möhkəm məhəbbət telləri yarandı. İsa Atasının hisslərinə və keyfiyyətlərinə diqqət yetirərək Onun etdiklərini sadəcə müşahidə etmirdi, eyni zamanda Atası haqqında öyrəndiklərinin hamısını canına hopdurur və mənimsəyirdi. Nəticədə itaətkar Oğul Atasına o qədər oxşadı ki, Müqəddəs Kitabda «görünməyən Allahın surəti» adlandırıldı (Kolos. 1:15). Məsihi tam şəkildə izləməklə Yehova ilə münasibətlərimizi daha da möhkəmləndirə bilərik.
Yehovanı daha yaxşı təqlid edin
5. Yehovanı daha yaxşı təqlid etməkdə bizə nə kömək edə bilər və nəyə görə?
5 Allahın ‘surətinə və bənzərinə görə yaradıldığımız’ üçün biz Onun keyfiyyətlərini təzahür etdirmək qabiliyyətinə malikik (Yar. 1:26). Həvari Pavel məsihçilərə ‘sevimli övladlar kimi, Allahı təqlid etməyi’ nəsihət edirdi (Efes. 5:1). Məsihi izləmək səmavi Atamızı təqlid etməkdə bizə kömək edir. Çünki O, Yehovanın düşüncəsini, hisslərini və şəxsiyyətini daha yaxşı əks etdirirdi və Allah haqqında onun qədər daha aydın öyrədən ikinci bir şəxs olmamışdır. İsa yer üzündə olanda Yehovanın adını tanıtmaqla kifayətlənmirdi. Əksinə, o, bu adı daşıyanın şəxsiyyətini açıqladı. (Matta 11:27 ayəsini oxu.) İsa bunu sözləri və əməlləri ilə, eləcə də təlimləri və öz nümunəsi ilə etdi.
6. İsanın təlimləri Yehova haqqında bizə nə öyrədir?
6 İsa Allahın bizdən nə tələb etdiyini və Öz xidmətçilərinə necə münasibət bəslədiyini öyrədirdi (Mat. 22:36-40; Luka 12:6, 7; 15:4-7). Məsələn, İsa On əmrdən birini — «zina etmə» əmrini sitat gətirdikdən sonra bu əməldən öncə insanın ürəyində baş verənlərə dair Allahın nöqteyi-nəzərini izah etdi. O dedi: «Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» (Çıx. 20:14; Mat. 5:27, 28). Qanunda yazılan, lakin fəriseylər tərəfindən təhrif olunan əmri — «öz qonşunu sev və öz düşməninə nifrət et» əmrini sitat gətirdikdən sonra İsa bununla əlaqədar Yehovanın nə düşündüyünü açıqlayaraq dedi: «Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin» (Mat. 5:43, 44; Çıx. 23:4; Lev. 19:18). Allahın düşüncə tərzini, hisslərini və bizdən nə tələb etdiyini başa düşmək Onu daha yaxşı təqlid etməkdə bizə kömək edəcək.
7, 8. İsanın nümunəsindən Yehova haqqında nə öyrənirik?
7 İsa həmçinin Atasının necə Şəxsiyyət olduğunu öz nümunəsi ilə də göstərdi. İsanın ehtiyacı olanlara necə rəhmi gəldiyi, əzab-əziyyət çəkənlərə şəfqət göstərdiyi, uşaqları məzəmmət edən şagirdlərinə qəzəblənməsi haqda Müjdələrdə oxuyanda Atanın da eyni hissləri keçirdiyini görmürükmü? (Mark 1:40-42; 10:13, 14; Yəh. 11:32-35). İsanın gördüyü işlərin Allahın əsas xüsusiyyətlərinə necə aydınlıq gətirməsi haqda düşünün. Məgər Məsihin göstərdiyi möcüzələr ona böyük qüvvə verildiyini göstərmirmi? Lakin o, bu qüvvədən heç vaxt şəxsi mənfəəti və ya başqalarına zərər vurmaq məqsədilə istifadə etmirdi (Luka 4:1-4). Acgöz tacirləri məbəddən qovması onun ədalət hissinə malik olduğunu necə də aydın göstərir! (Mark 11:15-17; Yəh. 2:13-16). Onun təlimləri və insanların ürəyinə yol tapmaq üçün istifadə etdiyi lətif kəlamlar göstərirdi ki, o, müdriklikdə ‘Süleymandan daha böyükdür’ (Mat. 12:42). Müqəddəs Kitab: «Bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur»,— deyəndə İsanın başqaları uğrunda canından keçərək göstərdiyi məhəbbəti necə də gözəl təsvir edir! (Yəh. 15:13).
8 Allahın Oğlu Yehovanı sözdə və əməldə o qədər mükəmməl surətdə təcəssüm etdirirdi ki, nəticədə deyə bilmişdi: «Məni görən, Atanı görmüş olur». (Yəhya 14:9-11 ayələrini oxu.) Məsihi izləmək Yehovanı təqlid etmək deməkdir.
İsa Yehovanın Məsihidir
9. İsa nə vaxt və necə Allahın Məsihi oldu?
9 Gəlin görək, 30 yaşlı İsa eramızın 29-cu ilinin payızında Vəftizçi Yəhyanın yanına gələndə nə baş verdi. «İsa vəftiz olunub, o anda sudan çıxdı; və budur, göylər açıldı və Allahın Ruhunun göyərçin kimi enib Öz üzərinə gəldiyini gördü». Həmin an o, Məsih oldu. O zaman Yehovanın Özü İsanın Onun Məsihi olduğunu bildirərək dedi: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam» (Mat. 3:13-17). Bu, Məsihi izləmək istəyimizin olması üçün necə də gözəl əsasdır!
10, 11. a) İsa ilə əlaqədar «Məsih» titulu necə istifadə olunur? b) Nəyə görə biz Məsihin ardınca getməliyik?
10 Müqəddəs Kitabda «Məsih» titulu İsa ilə əlaqədar müxtəlif cür istifadə olunur: İsa Məsih, Məsih İsa və Məsih. Addan sonra titulun işləndiyi «İsa Məsih» ifadəsini ilk dəfə İsanın özü istifadə etmişdir. O, Atasına dua edərək demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəh. 17:3). Bu ifadə diqqəti aydın şəkildə Allah tərəfindən göndərilən və Onun məsh edilmişi olan kəsə yönəldir. Titul addan əvvəl gələndə, yəni «Məsih İsa» kimi işlənəndə vurğu şəxsin özünə yox, mövqeyinə və ya vəzifəsinə düşür (2 Kor. 4:5). Amma «Məsih» titulunun ayrıca işlənməsi İsanın Məsih olduğunu vurğulamağın digər üsuludur (Yəh. 7:31).
11 «Məsih» titulunun İsa ilə əlaqədar necə istifadə olunmasından asılı olmayaraq, bu titul vacib bir həqiqəti vurğulayır: Allahın Oğlu yer üzünə insan kimi gəlib Atasının iradəsini bəyan etsə də, o nə adi insan, nə də ki sadəcə peyğəmbər idi; o, Yehovanın məsh olunmuşu idi. Buna görə də biz Məsihin ardınca getdiyimizə əmin olmalıyıq.
İsa yeganə xilas yoludur
12. Tomaya deyilən hansı sözlər bizim üçün də əhəmiyyət kəsb edir?
12 Daima Məsihin ardınca getməli olduğumuzun digər vacib səbəbini ölümündən bir neçə saat əvvəl İsanın sadiq həvarilərinə dediyi sözlərdən görmək olar. İsanın gedib onlara yer hazırlayacağı haqda dediyi sözlərə dair Tomanın sualına o, belə cavab verdi: «Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz» (Yəh. 14:1-6). Həmin vaxt İsa 11 sadiq həvarisi ilə söhbət edirdi. O, onlara göydə yer hazırlayacağını vəd etdi, lakin onun sözləri yer üzündə əbədi yaşamağa ümid edənlər üçün də əhəmiyyət kəsb edir (Vəhy 7:9, 10; 21:1-4). Nə üçün?
13. İsa hansı mənada «yol»dur?
13 İsa Məsih «yol»dur. Bu o deməkdir ki, Allaha yalnız onun vasitəsilə yaxınlaşa bilərik. Eyni şeyi duaya da aid etmək olar, çünki yalnız İsa Məsihin adı ilə dua etdiyimiz təqdirdə əmin ola bilərik ki, Atanın iradəsinə uyğun nə istəsək, bizə verəcəkdir (Yəh. 15:16). Lakin İsa başqa mənada da «yol»dur. Günah bəşəriyyəti Allahdan uzaqlaşdırıb (Yeşaya 59:2). Ancaq İsa ‘bir çoxları üçün canını fidiyə olaraq verdi’ (Mat. 20:28). Buna görə də, Müqəddəs Kitabda deyildiyi kimi, «İsa Məsihin qanı bizi hər günahdan təmizləyir» (1 Yəh. 1:7). Beləliklə, Oğul Allahla barışmaq üçün yol açdı (Rom. 5:8-10). İsaya iman gətirməklə və ona tabe olmaqla Allahla yaxın münasibət qura bilərik (Yəh. 3:36).
14. İsa hansı mənada «həqiqət»dir?
14 İsa yalnız həmişə həqiqəti danışıb ona uyğun yaşadığı üçün deyil, həm də Məsihlə bağlı bütün peyğəmbərliklərin onun üzərində yerinə yetdiyi üçün «həqiqət»dir. «Allah nə qədər vəd etmişsə, hamısı Məsihdə “bəli”dir»,— deyə həvari Pavel yazmışdır (2 Kor. 1:20). Musanın Qanunun malik olduğu ‘gələcək nemətlərin kölgəsi’ Məsih İsada gerçəkləşdi (İbr. 10:1; Kolos. 2:17). İsa bütün peyğəmbərliklərin əsas mövzusudur və onlar Allahın iradəsinin yerinə yetməsində onun oynadığı vacib rolu başa düşməyimizə kömək edir (Vəhy 19:10). Allahın bizim üçün olan niyyətlərinin yerinə yetməsindən fayda əldə etmək üçün biz Məsihi izləməliyik.
15. Hansı mənada İsa «həyat»dır?
15 İsa bəşəriyyəti öz qanı ilə satın alıb, buna görə də o «həyat»dır; əbədi həyat isə Allahın ‘Məsih İsa’ vasitəsilə verdiyi ənamdır (Rom. 6:23). İsa həmçinin ölənlər üçün də «həyat»dır (Yəh. 5:28). Üstəlik, Minillik Hökmranlıq zamanı Baş Kahin kimi onun nələr edəcəyi barədə düşün. O, təbəələrini günahın və ölümün pəncəsindən əbədiyyən xilas edəcək (İbr. 9:11, 12, 28).
16. İsanı izləmək üçün hansı səbəblərimiz var?
16 Buna görə də İsanın Tomaya verdiyi cavab bizim üçün böyük məna kəsb edir. İsa yol, həqiqət və həyatdır. O, Allah tərəfindən dünyaya göndərilmiş yeganə şəxsdir ki, dünya onun vasitəsilə xilas oluna bilər (Yəh. 3:17). Ataya yaxınlaşmağımız üçün İsa yeganə vasitədir. Müqəddəs Kitabda aydın deyilir: «Başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək» (Həv. iş. 4:12). Buna görə də əvvəllər nəyə etiqad etməyimizdən asılı olmayaraq, İsaya iman gətirmək, onu izləmək müdrik hərəkətdir və bu, əbədi həyata aparır (Yəh. 20:31).
Biz Məsihə qulaq asmaq əmrini almışıq
17. Allahın Oğluna qulaq asmaq göstərişinə əməl etmək nə üçün vacibdir?
17 Peter, Yəhya və Yaqub İsanın görkəminin dəyişilməsinin şahidi oldular. Həmin vaxt onlar göydən: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!» — deyən bir səs eşitdilər (Luka 9:28, 29, 35). Məsihə qulaq asmaq göstərişinə əməl etmək bizim üçün olduqca vacibdir. (Həvarilərin işləri 3:22, 23 ayələrini oxu.)
18. İsa Məsihə necə qulaq asa bilərik?
18 İsaya qulaq asmaq özünə ona diqqətlə ‘baxmağı’ və nümunəsi üzərində ciddi ‘fikirləşməyi’ daxil edir (İbr. 12:2, 3). Buna uyğun olaraq, biz onun haqqında Müqəddəs Kitabdan, «sadiq və ağıllı qul»un nəşrlərindən oxuduqlarımıza, eləcə də məsihçi görüşlərində onun haqqında eşitdiklərimizə ‘daha çox diqqət’ yetirməliyik (İbr. 2:1; Mat. 24:45). Gəlin Çobanımız İsaya həvəslə qulaq asaq və onu izləyək (Yəh. 10:27).
19. Məsihi daima izləməkdə bizə nə kömək edəcək?
19 Çətinliklərə baxmayaraq, Məsihi daima izləmək mümkündürmü? Bəli, mümkündür, bunun üçün öyrəndiklərimizi «imanla və Məsih İsada olan məhəbbətlə» əməldə tətbiq edərək «səhih sözləri... hifz et»məliyik (2 Tim. 1:13).
Siz nə öyrəndiniz?
• Nəyə görə Məsihi izləmək bizi Yehovaya daha da yaxınlaşdırır?
• Nəyə görə İsanı təqlid etmək Yehovanı təqlid etmək deməkdir?
• Hansı mənada İsa «yol, həqiqət və həyat»dır?
• Nəyə görə Yehovanın Məsihinə qulaq asmalıyıq?
[29-cu səhifədəki şəkil]
İsanın təlimləri Yehovanın yüksək düşüncəsini əks etdirirdi
[30-cu səhifədəki şəkil]
Biz Yehovanın Məsihini sədaqətlə izləməliyik
[32-ci səhifədəki şəkil]
Yehova bəyan edib: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!»