Allaha yaxınlaşın
Yehova həlimləri sevir
QÜRUR, paxıllıq, şöhrətpərəstlik. Bu dünyada müvəffəqiyyətə sahib olan insanlara bu kimi keyfiyyətlər xasdır. Bəs onlar Yehova Allahla dost olmağa kömək edirmi? Xeyr, Yehova xidmətçilərində həlimliyi qiymətləndirir. Bu, «Saylar» kitabının 12-ci fəslindən aydın görünür. Burada təsvir olunan hadisələr İsraillilərin Misirdən çıxmasından sonra, Sina səhrasında baş vermişdi.
Musanın böyük bacısı və qardaşı Məryəmlə Harun ondan ‘giley etməyə’ başladılar (1-ci ayə). Musanın özü ilə danışmaq əvəzinə, onlar çox ehtimal ki, narazılıqlarını başqalarına bildirirdilər. Birinci Məryəmin adı çəkildiyi üçün, görünür, baş verənlərə səbəbkar o olmuşdu. İlk olaraq giley-güzara səbəb Musanın kuşlu qadınla evlənməsi olmuşdu. Bəlkə, Məryəm Musanın arvadının, özü də başqa xalqdan olan qadının onun nüfuzunu zəiflədəcəyindən qorxurdu?
Giley-güzarın başqa səbəbləri də var idi. Məryəmlə Harun: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» — deyərək deyinirdilər (2-ci ayə). Bu şikayətin arxasında daha çox səlahiyyət və nüfuz əldə etmək istəyi durmurdumu?
Musa bu ittihamların qarşısında dillənmirdi. Görünür, o, səbirlə bu təhqirlərə dözürdü. Bu, Müqəddəs Kitabda yazıldığı kimi, Musanın «yer üzündə yaşayan bütün adamlardan daha həlim bir insan» olduğunu sübut edira (3-cü ayə). Musaya özünə bəraət qazandırmaq lazım deyildi. Yehova hər şeyi eşidirdi və O, Öz xidmətçisinin müdafiəsinə qalxdı.
Onların Musadan etdikləri giley-güzarı Yehova şəxsən Özünə qarşı olan şikayət kimi qəbul etdi. Axı Musanı başçı təyin edən O idi. Məryəmi və Harunu məzəmmət edərkən Allah Musa ilə arasında olan sıx münasibətləri onlara xatırlatmaq üçün dedi: «Mən onunla... üzbəüz açıq danışacağam». Sonra Yehova onlardan soruşdu: «Nə üçün qorxmayaraq... Musadan gileyləndiniz?» (8-ci ayə). Musaya qarşı çıxmaqla onlar, demək olar ki, Allaha qarşı çıxmışdılar. Bu cür böyük hörmətsizlik göstərdiklərinə görə onlar Yehovanın qəzəbinə tuş oldular.
Bu vəziyyətin yaranmasına səbəbkar olan Məryəm cüzama tutuldu. Harun dərhal Musaya yalvarıb xahiş etdi ki, Məryəm üçün Allaha üz tutsun. Bir təsəvvür edin: indi Məryəmin sağlamlığı Harunla birlikdə deyindikləri insandan asılı idi! Musa həlimliklə onun xahişini yerinə yetirdi. Bu hadisədə ilk dəfə dillənən Musa bacısına şəfa verməsi üçün Yehovaya yalvardı. Məryəm sağaldı, lakin yeddi gün düşərgədən kənarda qalaraq bu biabırçılığa dözməli oldu.
Təsvir olunan hadisədən Yehovanın hansı keyfiyyətləri qiymətləndirdiyini, hansılardansa xoşunun gəlmədiyini öyrənirik. Əgər biz Allaha yaxınlaşmaq istəyiriksə, ürəyimizdən qüruru, paxıllığı və şöhrətpərəstliyi yerli-dibli silib atmağa çalışmalıyıq. Yehova həlimləri sevir. O söz verir: «Həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar» (Məzmur 37:11, KM; Yaqub 4:6).
[Haşiyə]
a Həlimlik insana ədalətsizliyə səbirlə və intiqam almadan tab gətirə bilmək üçün mənəvi güc verən keyfiyyətdir.