Qardaşlar, ruh üçün əkin və xeyirli işə can atın!
«Ruh üçün əkən... Ruhdan əbədi həyat biçəcəkdir» (QALAT. 6:8).
1, 2. Matta 9:37, 38 ayələri necə yerinə yetir və bunun nəticəsində yığıncaqda hansı tələbat yaranır?
BİZ tarixi hadisələrin şahidiyik. İsa Məsihin haqqında bəhs etdiyi işin ən qızğın çağıdır. O demişdi: «Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin» (Mat. 9:37, 38). Yehova bu cür dualara ağlagəlməz tərzdə cavab verir. 2009-cu xidmət ili ərzində bütün dünyada Yehovanın Şahidlərinin 2 031 yeni yığıncağı təşkil olunmuş və indi onların sayı 105 298-dir. Orta hesabla hər gün 757 adam vəftiz olunub.
2 Belə artım nəticəsində yığıncaqlara təlim verən və onun qayğısına qalan məsul qardaşlara zərurət yaranır (Efes. 4:11). Artıq onilliklərdir ki, Yehova Öz xalqının qayğısına qalan münasib qardaşlar yetirir və bundan sonra da yetirəcəyinə əminik. Mikeya 5:5 ayəsində yazılan peyğəmbərlik bizi əmin edir ki, Yehovanın xalqının ‘çoxlu rəhbərləri’, yəni ona başçılıq edən bacarıqlı qardaşlar olacaq.
3. ‘Ruh üçün əkmək’ nə deməkdir?
3 Əgər sən vəftiz olunmuş qardaşsansa, xidmətdə əlavə məsuliyyətlər almağa can atmaq istəyini inkişaf etdirməyə sənə nə kömək edə bilər? Vacib amillərdən biri ‘Ruh üçün əkməkdir’ (Qalat. 6:8). Yəni sən elə yaşamalısan ki, Allahın müqəddəs ruhu heç bir maneə ilə üzləşmədən sənin həyatına təsir göstərsin. ‘Cismani təbiət üçün əkməməyə’ qəti qərarlı ol. Rahat həyatın, istirahət və əyləncə kimi şeylərin Allaha səylə xidmət etmək arzunu zəiflətməsinə yol vermə. Bütün məsihçilər ‘Ruh üçün əkməlidirlər’ və bunu edən qardaşlar müəyyən müddət sonra yığıncaqda üzərlərinə məsuliyyət götürmək üçün yararlı hesab olunacaqlar. Hal-hazırda xidməti köməkçilərə və ağsaqqallara tələbat böyük olduğundan bu məqalə, əsas etibarilə, qardaşlara ünvanlanıb. Buna görə də, qardaşlar, biz sizi dua edərək bu məqalənin üzərində ciddi düşünməyə təşviq edirik.
Xeyirli işə can atın
4, 5. a) Vəftiz olunmuş qardaşlar yığıncaqda hansı məsuliyyətlərə can atmağa təşviq olunurlar? b) Qardaş xeyirli işə necə can ata bilər?
4 Məsihçi kişilər avtomatik olaraq nəzarətçi olmurlar. Onlar bu ‘xeyirli işə’ həvəs göstərməli, yəni can atmalıdırlar (1 Tim. 3:1). Bu, səmimi-qəlbdən həmimanlıların tələbatlarının qayğısına qalaraq onlara xidmət etməyi özünə daxil edir. (Yeşaya 32:1, 2 ayələrini oxu.) Yaxşı niyyətlə bu xeyirli işə can atan qardaşı şöhrətpərəst adlandırmaq olmaz. Əksinə, o, xudbin məqsəd güdmədən başqalarına xeyir gətirmək istəyir.
5 Müqəddəs Yazılarda sadalanan tələblərə müvafiq olmağa çalışmaqla qardaş xidməti köməkçi və nəzarətçi olmağa can ata bilər (1 Tim. 3:1—10, 12, 13; Tit. 1:5—9). Özlərini Allaha həsr edən qardaşlar növbəti sualların üzərində düşünməlidirlər: «Təbliğdə fəal iştirak edirəmmi və başqalarına Allaha səylə xidmət etməyə kömək edirəmmi? Bacı-qardaşlara səmimi maraq göstərərək onları möhkəmləndirirəmmi? Allahın Kəlamını diqqətlə araşdıran insan kimi tanınırammı? Şərhlərimi yaxşılaşdırmağa çalışırammı? Ağsaqqalların mənə verdiyi tapşırıqları çalışqanlıqla yerinə yetirirəmmi?» (2 Tim. 4:5). Bu kimi sualların üzərində ciddi düşünməyə dəyər.
6. Yığıncaqda əlavə məsuliyyətlər almağın vacib amillərindən biri hansıdır?
6 Yığıncaqda məsuliyyət almağın digər üsulu insanın ‘daxili varlığının [Allahın] Ruhu ilə möhkəmlənməsidir’ (Efes. 3:16). Məsihçi yığıncağında xidməti köməkçi və ya ağsaqqallar seçkilər yolu ilə təyin olunmur. Bu şərəfə yalnız ruhani inkişaf sayəsində nail olmaq olar. Bəs ruhani cəhətdən inkişaf etmək necə mümkündür? Tələblərdən biri daima ‘Ruha görə hərəkət etmək’ və onun səmərəsini özümüzdə yetişdirməkdir (Qalat. 5:16, 22, 23). Əlavə məsuliyyətlər almaq üçün lazımi ruhani keyfiyyətlər təzahür etdirdikcə və sənə verilən məsləhətləri yerinə yetirdikcə ‘tərəqqin hamıya aşkar olacaq’ (1 Tim. 4:15).
Fədakarlığın vacibliyi
7. Başqalarına xidmət etmək özünə nəyi daxil edir?
7 Başqalarına xidmət etmək üçün səy və fədakarlıq ruhu tələb olunur. Məsihçi nəzarətçilər ruhani çobanlar olduqları üçün sürünün problemləri onları çox narahat edir. Həvari Pavelin Korinfdəki həmimanlılarına dediyi sözlərdən onun bu məsuliyyətli işə necə yanaşdığını görmək olar: «Sizi kədərləndirmək üçün deyil, sizə olan bol məhəbbətimi dərk etməniz üçün mən sizə böyük kədər və ürək iztirabı üzündən çoxlu göz yaşı tökərək yazdım» (2 Kor. 2:4). Bəli, Pavel bu işə can yandırırdı.
8, 9. Müqəddəs Kitabın göstərdiyi kimi, bəzi kişilər başqalarının tələbatlarının qayğısına necə qalırdılar?
8 Fədakarlıq ruhu hər zaman Yehovanın xidmətçilərinin qayğısına qalan kişilərin səciyyəvi xüsusiyyəti olmuşdur. Məsələn, Nuhun öz ailəsinə: «Gəmi hazır olanda xəbər verin ki, mən də sizinlə gəmiyə minim»,— dediyini təsəvvür etmək qeyri-mümkündür. Musa Misirdə israillilərə: «Mən sizi Qırmızı dənizin sahillərində gözləyəcəyəm. Ora gəlmək üçün əlinizdən gələni edin»,— deməmişdi. Yeşuanın: «Yerixonun divarları dağılanda mənə xəbər verərsiniz»,— deməsinə heç harada rast gəlmirik. Yeşaya isə başqasını göstərərək: «Onu göndər»,— deməmişdi (Yeşaya 6:8).
9 İsa Məsih Allahın ruhunun onu təşviq etməsinə yol verməkdə ən böyük nümunədir. O, canını qurban verərək bəşəriyyəti satın almaq tapşırığını canla-başla qəbul etdi (Yəh. 3:16). Məgər İsanın fədakar məhəbbəti bizi də fədakar olmağa təşviq etməli deyilmi? Uzun müddət ağsaqqal kimi xidmət edən bir qardaş sürüyə bəslədiyi hisslərini belə təsvir edir: «İsanın Peterə dediyi “qoyunlarımı otar” sözləri mənə dərin təəssürat bağışlayır. Xidmət etdiyim uzun illər ərzində başa düşdüm ki, bir neçə xoş söz və ya adi xeyirxahlıq insana qol-qanad verə bilər. Sürünün qayğısına qalmaq mənə böyük zövq verir» (Yəh. 21:16).
10. Məsihçi qardaşları başqalarına xidmət etməkdə İsanın nümunəsini izləməyə nə təşviq edə bilər?
10 Əlbəttə ki, yığıncaqdakı həsr olunmuş qardaşlar Allahın sürüsünə qarşı «Mən sizə rahatlıq verərəm» sözlərini deyən İsanın əhval-ruhiyyəsini əks etdirmək istəyirlər (Mat. 11:28). Allaha iman və yığıncağa məhəbbət qardaşları bu xeyirli işin həddindən artıq böyük qurbanlar tələb etdiyini və çox ağır olduğunu düşünmədən ona can atmağa təşviq edir. Əgər qardaş bu işə can atmağa həvəsli deyilsə, onda necə? Qardaş yığıncağa xidmət etmək istəyi inkişaf etdirə bilərmi?
Xidmət etmək istəyi inkişaf etdirin
11. Qardaş başqalarına xidmət etmək arzusunu necə inkişaf etdirə bilər?
11 Əgər xeyirli iş üçün yararlı olmadığını düşündüyünə görə ona can atmırsansa, yaxşı olardı ki, Allahdan müqəddəs ruh diləyəsən (Luka 11:13). Yehovanın ruhu bununla əlaqədar istənilən narahatçılığın öhdəsindən gəlməkdə sənə kömək edəcək. Xidmət etmək arzusu Allahdandır, buna görə də qardaşı xeyirli işə can atmağa təşviq edən və müqəddəs xidməti icra edə bilməsi üçün ona lazımi qüvvəni verən məhz Yehovanın ruhudur (Filip. 2:13; 4:13, İ—93). Buna görə də, xidmətdə üzərinə əlavə məsuliyyətlər götürmək arzusu inkişaf etdirmək üçün Yehovadan kömək diləmək münasibdir. (Məzmur 25:4, 5 ayələrini oxu.)
12. Qardaş ona həvalə olunan məsuliyyətlərin öhdəsindən gəlmək üçün lazımi hikmətə necə yiyələnə bilər?
12 Sürünün qayğısına qalmaq böyük qüvvə və səy tələb edən iş kimi göründüyündən qardaş yığıncaqda əlavə məsuliyyətlərə can atmamaq qərarına gələ bilər. Yaxud da o, bu məsuliyyətin öhdəsindən gəlmək üçün kifayət qədər müdrik olmadığını düşünə bilər. Belə halda o, Allahın Kəlamını və ona əsaslanan nəşrləri diqqətlə araşdırmaqla hikmət qazana bilər. Qardaş özündən soruşa bilər: «Allahın Kəlamını araşdırmaq üçün vaxt ayırırammı və duada Allahdan müdriklik diləyirəmmi?» Şagird Yaqub yazmışdır: «Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir» (Yaq. 1:5). Sən Allahdan ilham almış bu sözlərə inanırsan? Süleymanın duasına cavab olaraq Allah ona «hikmətli və dərrakəli ürək» verdi ki, hökm verərkən yaxşını pisdən ayırmağı bacarsın (1 Pad. 3:7—14). Düzdür, bu, müstəsna hal idi. Bununla belə, biz əmin ola bilərik ki, Yehova yığıncaqda məsuliyyətlər həvalə olunan qardaşlara Onun sürüsünün qayğısına lazımi qaydada qala bilmələri üçün hikmət verəcək (Sül. məs. 2:6).
13, 14. a) «Məsihin məhəbbəti»nin Pavelə necə təsir etdiyini izah edin. b) «Məsihin məhəbbəti» bizə necə təsir etməlidir?
13 Başqalarına xidmət etmək istəyini Yehovanın və Onun Oğlunun bizim üçün nələr etdikləri barədə dərindən düşünməklə də inkişaf etdirə bilərik. Misal üçün, 2 Korinflilərə 5:14, 15 ayələrinə nəzər salaq. (Oxu.) Məsihin məhəbbəti bizi necə «məcbur edir», başqa sözlə, necə təşviq edir? Allahın iradəsinə müvafiq davranaraq İsa özünü bizim uğrumuzda qurban verməklə böyük məhəbbət göstərib, buna görə minnətdarlığımız və anlayışımız artdıqca ürəklərimiz riqqətə gəlir. Pavel Məsihin məhəbbətinin ona təsir etməsinə yol verirdi. Bu məhəbbət onu xudbin hərəkətlərdən çəkindirir və həyatda əsas məqsədə — Allaha, həmimanlılarına və digər insanlara xidmət etməyə can atmağa kömək edirdi.
14 Məsihin bəşəriyyətə göstərdiyi məhəbbət üzərində düşünməyin sayəsində ürəyimizdə minnətdarlıq yaranır. Bu səbəbdən anlayırıq ki, xudbin məqsədlər güdərək və əsas etibarilə öz arzularımızı təmin edərək ‘cismani təbiət üçün əkməyə’ davam etmək heç də düzgün olmazdı. Əksinə, lazımi dəyişikliklər edirik ki, Allahın işi həyatımızda birinci yeri tutsun. Bizi həmimanlılarımıza ‘qulluq etməyə’ təşviq edən məhəbbətdir. (Qalatiyalılara 5:13 ayəsini oxu.) Əgər biz özümüzə Yehovanın həsr olunmuş xidmətçilərinə təvazökarlıqla xidmət edən qul kimi baxırıqsa, onda onlara hörmət və ehtiram göstərəcəyik. Əlbəttə, biz Şeytanın yaydığı ruhu təqlid edərək başqalarını tənqid və mühakimə etməyəcəyik (Vəhy 12:10).
Ailəlikcə səy göstərməyin vacibliyi
15, 16. Xidməti köməkçi və ya ağsaqqal olmağa can atan qardaşın ailə üzvləri ona bu məqsədə çatmaqda necə kömək edə bilərlər?
15 Əgər qardaş ailəlidirsə, onun xidməti köməkçi və ya ağsaqqal olmağa münasib olub-olmadığı müzakirə olunarkən ailəsindəki vəziyyət nəzərə alınır. Həqiqətən də, ailəsinin ruhaniliyi və qazandığı ad onun təyinatına birbaşa təsir edir. Bu, yığıncaqda xidməti köməkçi və ya ağsaqqal kimi xidmət etməyə can atan qardaşı həyat yoldaşının və uşaqlarının dəstəkləməsinin nə qədər vacib olduğunu vurğulayır. (1 Timoteyə 3:4, 5, 12 ayələrini oxu.)
16 Yehova məsihçi ailəsində hamının bir-biri ilə əməkdaşlıq etdiyini görəndə sevinir (Efes. 3:14, 15). Yığıncaqdakı məsuliyyətlərini yerinə yetirmək və ailəsini «yaxşı» idarə etmək üçün ailə başçısına tarazlıq gərəkdir. Buna görə ağsaqqal və ya xidməti köməkçi həyat yoldaşı və uşaqları ilə hər həftə Müqəddəs Kitabı öyrənməlidir ki, ailəvi ibadətdən hamı faydalansın. O, onlarla müntəzəm xidmət etməlidir. Ailə başçısının zəhmətini yerə vurmamaq üçün ailənin hər bir üzvünün onunla əməkdaşlıq etməsi zəruridir.
Xidmətini bərpa edə bilərsənmi?
17, 18. a) Əgər qardaş artıq ağsaqqal və ya xidməti köməkçi olmaq üçün tələblərə cavab vermirsə, nə tələb oluna bilər? b) Vaxtilə ağsaqqal və ya xidməti köməkçi olan qardaş nə etməlidir?
17 Ola bilər, sən əvvəllər ağsaqqal və ya xidməti köməkçi idin. Sənin Yehovanı sevdiyinə şübhə yoxdur, buna görə də əmin ola bilərsən ki, O, indi də sənin qayğına qalır (1 Pet. 5:6, 7). Kimsə sənə özündə dəyişikliklər etməli olduğunu deyibmi? Səhvini etiraf et və onu Allahın köməyi ilə düzəltməyə çalış. Ehtiyatlı ol ki, ürəyində kin-küdurət yaranmasın. Müdrik ol və müsbət əhval-ruhiyyə təzahür etdir. Uzun müddət xidmət edən, ancaq sonra məsuliyyətlərini itirən bir ağsaqqal qardaş deyir: «Mən əvvəlki kimi görüşlərdə iştirak etməyə, xidmət etməyə və Müqəddəs Kitabı oxumağa qəti qərarlı idim — bu məqsədlər mənim üçün əlçatan idi. Mən səbirli olmağı öyrəndim, çünki elə düşünürdüm ki, bir-iki ilə yenidən ağsaqqal olacağam, lakin bu, təxminən yeddi ildən sonra mümkün oldu. Bu vaxt ərzində ruhdan düşməmək və məqsədə doğru irəliləmək üçün böyük kömək aldım».
18 Əgər sənin də vəziyyətin bu qardaşın vəziyyətinə oxşayırsa, ruhdan düşmə. Yehovanın sənin xidmətini və ailəni necə xeyir-dualandırdığının üzərində düşün. Ailəni ruhən möhkəmləndir, xəstələrə baş çək və zəifləri ruhlandır. Ən vacibi isə, Yehovanın Şahidi kimi Allahı izzətləndirmək və Padşahlıq haqqında xoş xəbəri bəyan etmək şərəfini yüksək qiymətləndira (Məz. 145:1, 2; Yeşaya 43:10—12).
Yeni baxış
19, 20. a) Bütün vəftiz olunmuş qardaşlar nəyə təşviq olunurlar? b) Növbəti məqalədə nə müzakirə olunacaq?
19 Nəzarətçilərə və xidməti köməkçilərə bu gün həmişəkindən daha çox ehtiyac var. Buna görə də biz bütün vəftiz olunmuş qardaşları vəziyyətlərini yenidən nəzərdən keçirməyə və növbəti sualı özlərinə verməyə təşviq edirik: «Xidməti köməkçi və ya ağsaqqal kimi xidmət etməməyimin səbəbi nədir?» Qoy Allahın ruhu sənə bu vacib məsələyə düzgün baxmağa kömək etsin.
20 Bacı-qardaşların fədakarlıq və səy göstərməsi yığıncağın bütün üzvlərinə fayda gətirir. Mənfəət güdmədən xeyirxah işlər görəndə başqalarına xidmət etdiyimizə və ruh üçün əkdiyimizə görə ürəyimiz sevinclə dolur. Növbəti məqalədən görəcəyimiz kimi, biz Allahın müqəddəs ruhunu kədərləndirməməliyik. Bundan necə qaçmaq olar?
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2009-cu il 15 avqust sayının 30—32-ci səhifələrinə baxın.
Necə cavab verərdiniz?
• Mikeya 5:5 ayəsindəki peyğəmbərlik bizi nəyə əmin edir?
• Fədakarlıq ruhu özünə nəyi daxil edir? İzah edin.
• Başqalarına xidmət etmək arzusunu necə inkişaf etdirmək olar?
• Xidməti köməkçi və ya ağsaqqal olmaq istəyən qardaşın ailə üzvlərinin bir-birilə əməkdaşlıq etməsi nə dərəcədə vacibdir?
[25-ci səhifədəki şəkillər]
Yığıncaqda məsuliyyətlərə necə can ata bilərsən?