Nəvazişli danışıq yaxşı münasibətləri möhkəmləndirir
«Qoy sözünüz həmişə nəvazişli olsun» (KOLOS. 4:6).
1, 2. Bir qardaşın nəvazişli danışığı hansı yaxşı nəticələri gətirdi?
«EVDƏN-EVƏ təbliğ edərkən bir nəfər kişiyə rast gəldim. Kişi o qədər əsəbiləşmişdi ki, qəzəbdən dodaqları və bədəni titrəyirdi, — deyə bir qardaş nəql edir. — Onunla sakit tərzdə Müqəddəs Kitab əsasında mülahizə yürütməyə çalışdım, o isə get-gedə daha da hirslənirdi. Onun yoldaşı və uşaqları da məni söyməyə başladılar və mən artıq getməli olduğumu başa düşdüm. Onları əmin etməyə çalışırdım ki, mən sülhlə gəlmişəm, sülhlə də getmək istəyirəm. Onlara məhəbbət, həlimlik, özünə hakim olmaq və sülh kimi keyfiyyətlərin yazıldığı Qalatiyalılara 5:22 və 23 ayələrini göstərdim. Sonra isə oranı tərk etdim.
2 Küçənin o biri tərəfində təbliğ edərkən gördüm ki, həmin ailə evlərinin qabağında oturub. Onlar məni yanlarına çağırdılar. “Görəsən, indi nə istəyirlər?” — deyə fikirləşdim. Kişinin əlində bir bardaq sərin su var idi və o, mənə su içməyi təklif etdi. Kobud rəftar etdiyi üçün üzr istəyib, güclü imanıma görə məni təriflədi. Biz mehribanlıqla ayrıldıq».
3. Nəyə görə başqalarının bizi özümüzdən çıxarmasına yol verməməliyik?
3 Bugünkü çətin dünyada, eləcə də xidmətdə qəzəbli insanlarla qarşılaşmağımız çox vaxt qaçılmazdır. Belə hallarda insanlarla «mülayimliklə və ehtiramla» davranmaq çox vacibdir (1 Pet. 3:15). Əgər yuxarıda xatırlanan qardaş ev sahibinin qəzəb və kobudluğunun onu özündən çıxarmasına yol versəydi, həmin adamın münasibəti dəyişməzdi; o hətta daha da bərk qəzəblənərdi. Qardaşın özünə hakim olması və mülayimliklə danışması sayəsində hər şey yaxşı qurtardı.
Danışığı nəvazişli edən nədir?
4. Nəyə görə nəvazişlə danışmaq vacibdir?
4 Həmimanlılarımızla və başqa insanlarla, hətta ailə üzvlərimizlə münasibətdə həvari Pavelin «qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun» məsləhətinə riayət etmək çox vacibdir (Kolos. 4:6). Belə xoş və layiqli danışıq tərzi yaxşı ünsiyyət və sülh üçün olduqca zəruridir.
5. Yaxşı ünsiyyət dedikdə nə nəzərdə tutulmur? İzah edin.
5 Yaxşı ünsiyyət o demək deyil ki, istədiyimiz an, xüsusən də qanımız qara olanda ürəyimizdən və ya fikrimizdən keçən hər şeyi açıb tökməliyik. Müqəddəs Yazılar göstərir ki, qarşısıalınmaz qəzəb gücün yox, zəifliyin əlamətidir. (Süleymanın məsəlləri 29:11 ayəsini oxu.) O vaxt bütün insanlardan «daha həlim» olan Musa bir dəfə İsrail xalqının üsyankarlığının onu özündən çıxarmasına yol verdi və bu, ona gətirib çıxardı ki, Musa Allahı izzətləndirmədi. Musa nə fikirləşdiyini aydın bildirdi, lakin Yehova bundan razı qalmadı. 40 il israillilərə başçılıq edən Musa onları Vəd edilmiş diyara aparmaq şərəfindən məhrum oldu (Say. 12:3; 20:10, 12; Məz. 106:32).
6. Danışıq qabiliyyətindən müdrikliklə istifadə etmək nə deməkdir?
6 Müqəddəs Yazılar dilini idarə etməyi bacaranları və ağıllı, yəni sağlamdüşüncəli olanları tərifləyir. «Söz çoxluğunda xata əskik olmaz; fəqət dodaqlarını tutan ağıllı davranır» (Sül. məs. 10:19, KM; 17:27). Amma ağıllı davranmaq ümumiyyətlə danışmamaq demək deyil. Bu, dilimizdən yaralamaq üçün yox, sağaltmaq üçün istifadə edərək ‘nəvazişlə’ danışmaq mənasını verir. (Süleymanın məsəlləri 12:18; 18:21 ayələrini oxu.)
«Susmağın öz vaxtı, danışmağın öz vaxtı»
7. Necə danışığa yol vermək olmaz və nəyə görə?
7 İş yoldaşlarımızla və xidmətdə qarşılaşdığımız insanlarla söhbət edərkən mülayim və təmkinli olmalı olduğumuz kimi, həmimanlılarımız və ailə üzvlərimizlə də eyni cür danışmalıyıq. Sonrasını fikirləşmədən qəzəbə yol vermək həm bizim, həm də başqalarının ruhani, emosional və fiziki sağlamlığına ciddi xələl yetirə bilər (Sül. məs. 18:6, 7). Qeyri-kamilliyimizin təzahürü olan bu kimi emosiyalarımızı cilovlamağı bacarmalıyıq. Təhqiramiz danışıq, istehza, həqarət və nifrət dolu qəzəb pisdir (Kolos. 3:8; Yaq. 1:20). Bu, insanlarla və Yehova ilə gözəl münasibətlərə son qoya bilər. İsa öyrədirdi: «Qardaşına boş yerə hirslənən hər adam mühakimə olunacaqdır; qardaşına “raqa” deyərsə, Sinedrionun hökmünə məruz qalacaqdır. Və kim “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaqdır» (Mat. 5:22).
8. Biz hisslərimizi nə vaxt və necə ifadə etməliyik?
8 Amma bəzən elə qənaətə gələ bilərik ki, danışmaq vəziyyətdən ən yaxşı çıxış yoludur. Əgər hansısa qardaşın sözü və ya hərəkəti səni bərk narahat edirsə və sən bunun üstündən keçə bilmirsənsə, kin-küdurətin ürəyində yuva salmasına yol vermə (Sül. məs. 19:11). Əgər kimsə səni qəzəbləndirirsə, hisslərini cilovla və məsələni həll etmək üçün lazımi addımlar at. Pavel yazmışdır: «Qoy siz qəzəblənirkən günəş batmasın». Problem səni narahat etməyə davam edirsə, onu mehribanlıqla və münasib vaxtda həll et. (Efeslilərə 4:26, 27, 31, 32 ayələrini oxu.) Qardaşla açıq, amma nəzakətlə danış və onunla barışmağa çalış (Lev. 19:17; Mat. 18:15).
9. Nəyə görə problemi həll etmək üçün kiməsə yaxınlaşmazdan öncə öz hisslərimizi cilovlamalıyıq?
9 Əlbəttə, problemi həll etmək üçün münasib vaxt seçmək gərəkdir. Çünki «susmağın öz vaxtı, danışmağın öz vaxtı» var (Vaiz 3:1, 7). Bundan əlavə, «saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər» (Sül. məs. 15:28). Bəli, problem haqda danışmazdan öncə bəzən gözləmək lazım gələ bilər. İnsanın kefi pis olanda onunla problem barədə danışmaq vəziyyəti daha da gərginləşdirə bilər, ancaq çox gözləmək də müdriklik deyil.
Xeyirxah işlər münasibətləri yaxşılaşdırmağa kömək edir
10. Xeyirxah işlər başqaları ilə münasibətləri necə yaxşılaşdıra bilər?
10 Nəvazişli danışıq və xoş ünsiyyət yaxşı münasibət yaratmağa və onları qoruyub saxlamağa kömək edir. Başqaları ilə münasibətlərimizi yaxşılaşdırmaq üçün əlimizdən gələni etmək onlarla ünsiyyətimizi yaxşılaşdıra bilər. İnsanlara səmimi-qəlbdən xeyirxahlıq edəndə, misal üçün, köməklik göstərəndə, ürəkdən hədiyyə verəndə və ya qonaqpərvərlik göstərəndə, bu, açıq və səmimi ünsiyyət qurmağa və onu qoruyub saxlamağa kömək edə bilər. Üstəlik, bununla biz hətta insanın başına «yanan kömür» yığmış oluruq və bu, onun yaxşı keyfiyyətlərini üzə çıxara, bununla da söhbətimizi asanlaşdıra bilər (Rom. 12:20, 21).
11. Yaqub Esavın ürəyinə necə yol tapdı və bunun nəticəsi necə oldu?
11 Başqaları ilə münasibətləri yaxşılaşdırmaq üçün xeyirxah işlərin nə qədər vacib olduğunu qəbilə başçısı Yaqub yaxşı başa düşürdü. Əkiz qardaşı Esav ona o qədər qəzəbli idi ki, Yaqub qardaşının onu öldürəcəyindən qorxaraq qaçıb canını qurtardı. Bu hadisənin üstündən çox illər ötəndən sonra Yaqub geri qayıtmaq qərarına gəldi. Esav 400 nəfəri götürüb onu qarşılamağa çıxdı. Yaqub duada Yehovadan kömək dilədikdən sonra Esava hədiyyə olaraq çoxlu mal-qara göndərdi. Hədiyyə öz işini gördü. Onlar görüşəndə artıq Esavın ürəyi yumşalmışdı və o qaçıb Yaqubu qucaqladı (Yar. 27:41—44; 32:6, 11, 13—15; 33:4, 10).
Nəvazişli sözlərlə başqalarını ruhlandır
12. Nəyə görə həmimanlılarımızla ünsiyyətdə nəvazişli sözlərdən istifadə etməliyik?
12 Məsihçilər insanlara yox, Allaha xidmət edirlər. Bununla belə, başqalarının rəğbətini qazanmaq istəyi də təbii haldır. Biz nəvazişli sözlərimizlə bacı-qardaşlarımızın yükünü yüngülləşdirə bilərik. Sərt tənqid isə onların yükünü daha da ağırlaşdıra, hətta bəzilərini Yehovanın rəğbətini itirdiklərini düşünməyə vadar edə bilər. Buna görə də gəlin həmişə başqaları ilə səmimi olaraq ruhlandırıcı şeylər barədə danışaq və ‘ehtiyaca görə, ruhi inkişaf üçün yaxşı söz söyləyək ki, bizi dinləyənlərə nemət versin’ (Efes. 4:29).
13. Ağsaqqallar a) məsləhət verəndə; b) məktub yazanda nəyi yadda saxlamalıdırlar?
13 Xüsusilə də ağsaqqallar «mülayim» olmalı və sürü ilə mehribancasına davranmalıdırlar (1 Salon. 2:7, 8). Onlara məsləhət vermək, hətta ‘zidd gedənlərlə’ söhbət etmək lazım gələndə belə ‘həlimlik’ göstərməlidirlər (2 Tim. 2:24, 25). Başqa yığıncağın ağsaqqallar şurasına və ya filiala məktub yazmaq zərurəti yarananda da ağsaqqallar fikirlərini hörmətcil tərzdə ifadə etməlidirlər. Matta 7:12 ayəsində deyilənlərə uyğun olaraq, onlar mülayim və nəzakətli olmalıdırlar.
Ailə üzvlərimizlə nəvazişlə danışmalıyıq
14. Pavel ərlərə nə məsləhət edir və nəyə görə?
14 Sözlərimiz, üz ifadəmiz və davranışımız başqalarına düşündüyümüzdən də çox təsir edir. Məsələn, bəzi kişilər onların sözlərinin qadınlara nə dərəcədə təsir etdiyini dərk etmirlər. Bir bacı deyir: «Ərimin qəzəb içində səsinin tonunu qaldırması məni qorxudur». Sərt sözlər qadına kişidən çox təsir edə və uzun müddət yadından çıxmaya bilər (Luka 2:19). Xüsusilə də belə sözləri qadın sevdiyi və hörmət etmək istədiyi insandan eşidirsə. Pavel ərlərə məsləhət verir: «Öz arvadlarınızı sevin və onlarla sərt davranmayın» (Kolos. 3:19).
15. Ərin arvadı ilə nəyə görə mülayim davranmalı olduğunu nümunə əsasında izah edin.
15 Ailə həyatında təcrübəsi olan bir evli qardaş nəyə görə ərin öz həyat yoldaşı ilə mülayim, «zəif cins» kimi davranmalı olduğunu izah edərək belə bir nümunə çəkir: «Əlinizdə qiymətli və zərif güldan tutanda onu bərk sıxmamalısınız, əks təqdirdə, o sına bilər. Onu yapışdırsanız da, çatları görünəcək. Əgər ər arvadı ilə sərt danışırsa, onun ürəyini yaralaya bilər. Onların münasibətində uzun müddət bitişməyən çatlar əmələ gələ bilər». (1 Peter 3:7 ayəsini oxu.)
16. Qadın öz evini necə ‘qura’ bilər?
16 Eynilə, başqalarının və həyat yoldaşının dediyi sözlər kişini ya ruhlandıra, ya da ruhdan sala bilər. ‘Ağıllı arvadın’ əri ondan «arxayındır» və belə qadın ərinin onun hisslərini nəzərə almasını istədiyi kimi, onun da hisslərini nəzərə alır (Sül. məs. 19:14; 31:11). Bəli, qadın böyük qüvvədir — o, ailəsinə həm yaxşı, həm də pis təsir göstərə bilər. «Hikmətli qadın evini qurar, səfeh qadın onu əli ilə uçurar» (Sül. məs. 14:1).
17. a) Uşaqlar valideynləri ilə necə danışmalıdırlar? b) Böyüklər uşaqlarla necə danışmalıdırlar və nəyə görə?
17 Valideynlər və uşaqlar da bir-biri ilə nəvazişlə danışmalıdır (Mat. 15:4). Uşaqlarla söhbət edən zaman diqqətcil olsaq, onları ‘hirsləndirməyəcəyik’ (Kolos. 3:21; Efes. 6:4). Uşaqları cəzalandırmaq lazım gəlsə belə, valideynlər və ağsaqqallar onlarla hörmətcil tərzdə danışmalıdırlar. Böyüklərin bu cür münasibəti uşaqlara hərəkətlərində düzəliş etməyi və Allahla münasibətlərini qoruyub saxlamağı asanlaşdırır. Buna görə də biz uşaqlarda elə fikir yaratmamalıyıq ki, onlar artıq düzələn deyillər, əks təqdirdə, onlar bunun belə olduğunu düşünəcəklər. Ola bilsin, bütün məsləhətlər onların yadında qalmasın, lakin başqalarının onlarla necə danışdığını heç vaxt unutmayacaqlar.
Ürəkdən yaxşı söz söyləyin
18. Biz pis fikir və hissləri özümüzdən necə uzaqlaşdıra bilərik?
18 Qəzəbimizi cilovlamaq sadəcə zahirən sakit görünmək demək deyil. Məqsədimiz təkcə qəzəbimizi boğmaq olmamalıdır. Daxildə qəzəbdən yanıb-töküldüyümüz halda zahirən sakit görünməyə çalışmaq bizi daha gərgin hala sala bilər. Bu, maşının əyləcinə və qaz pedalına eyni vaxtda basmağa oxşayır. Belə halda maşına güc düşür və o, sıradan çıxa bilər. Beləliklə, qəzəbi içində saxlayıb, sonra da onu kiminsə üzərinə tökməkdən qaçın. Ürəyini pis hisslərdən təmizləmək üçün duada Yehovadan kömək istə. Qoy Yehovanın ruhu sənə düşüncə və ürəyini Onun iradəsinə uyğunlaşdırmağa kömək etsin. (Romalılara 12:2; Efeslilərə 4:23, 24 ayələrini oxu.)
19. Münaqişələrdən qaçınmaq üçün hansı addımlar atmaq lazımdır?
19 Sənə hisslərini cilovlamağa kömək edəcək addımlar at. Əgər şərait gərgindirsə və içində qəzəbin baş qaldırdığını hiss edirsənsə, hisslərinin soyuması üçün həmin yeri tərk et (Sül. məs. 17:14). Əgər həmsöhbətin qəzəblənməyə başlayırsa, nəvazişlə danışmaq üçün daha çox səy göstər. Unutma, «həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar» (Sül. məs. 15:1). Hətta sakit tərzdə deyilən sərt və ya acı söz aranı daha da qızışdıra bilər (Sül. məs. 26:21). Özündən çıxmaq üzrə olduğunu hiss edəndə ‘söz söyləməkdə və qəzəbdə təmkinli ol’. Pis yox, yaxşı sözlər söyləmək üçün Yehovadan müqəddəs ruh dilə (Yaq. 1:19).
Ürəkdən bağışlayın
20, 21. Başqalarını bağışlamağa bizə nə kömək edə bilər və biz nəyə görə belə etməliyik?
20 Əfsuslar olsun ki, heç birimiz dilimizi mükəmməl şəkildə idarə edə bilmirik (Yaq. 3:2). Bütün səylərinə baxmayaraq, hətta ailə üzvlərimiz və əziz ruhani bacı-qardaşlarımız düşünülməmiş sözləri ilə qəlbimizə toxuna bilərlər. Dərhal küsmək əvəzinə, yaxşı olardı ki, səbir göstərib onların nəyə görə belə dediyini fikirləşək. (Vaiz 7:8, 9 ayələrini oxu.) Bəlkə, onlar gərgin idilər, nədənsə qorxmuşdular, özlərini pis hiss edirdilər, yaxud da sənin bilmədiyin bir problemdən əziyyət çəkirlər?
21 Bütün bunlar insanın özündən çıxmasına bəraət qazandırmır. Lakin bunun səbəbini görməyə çalışsaq, onda biz insanların deməli olmadığı sözlərə və etməli olmadığı hərəkətlərə nəyə görə bəzən yol verdiklərini başa düşəcəyik. Bu, bizi onları bağışlamağa təşviq edə bilər. Hamımız başqalarının qəlbinə toxunan sözlər deyir və ya hərəkətlər edir, bununla belə, biz onların bizi ürəkdən bağışlayacaqlarına ümid edirik (Vaiz 7:21, 22). İsa demişdir ki, Allahın bizi bağışlaması üçün biz də başqalarını bağışlamalıyıq (Mat. 6:14, 15; 18:21, 22, 35). Buna görə də ailəmizdə və yığıncaqda «kamil birliyin bağı olan məhəbbəti» qorumaq üçün yubanmadan üzr istəməli və bağışlamalıyıq (Kolos. 3:14).
22. Nəyə görə nəvazişlə danışmaq üçün səy göstərməyə dəyər?
22 Bu qəzəbli dünya sona yaxınlaşdıqca sevinc və birliyi qorumaq get-gedə çətinləşir. Allahın Kəlamındakı prinsipləri tətbiq etməklə dilimizdən pis yox, yaxşı məqsədlə istifadə edəcəyik. Həmimanlılarımız və ailə üzvlərimizlə münasibətlərimiz daha yaxşı olacaq və biz öz nümunəmizlə «xoşbəxt Allah» (YD) olan Yehova barədə başqalarına gözəl şahidlik verəcəyik (1 Tim. 1:11).
İzah edə bilərsinizmi?
• Problemləri müzakirə etmək üçün münasib vaxt seçmək nəyə görə zəruridir?
• Nəyə görə ailə üzvləri bir-biri ilə həmişə ‘nəvazişlə’ danışmalıdırlar?
• Başqalarının xətrinə dəyə biləcək sözlərdən necə qaçmalıyıq?
• Başqalarını bağışlamaqda bizə nə kömək edə bilər?
[21-ci səhifədəki şəkillər]
Qəzəbinin yatmasını gözlə, sonra söhbət etmək üçün münasib vaxt seç
[23-cü səhifədəki şəkil]
Ər həyat yoldaşı ilə həmişə nəvazişlə danışmalıdır