Bu gün də iş başında olan Rəhbərimiz
«O, bir qalib kimi yekun qələbəsinə doğru irəlilədi» (VƏHY 6:2).
1, 2. a) Məsihin 1914-cü ildən bəri Padşah kimi fəaliyyət göstərməsi Müqəddəs Kitabda necə təsvir olunur? b) Məsih Padşah kimi taxta çıxanda hansı işləri gördü?
MƏSİH 1914-cü ildə Yehovanın Padşahlığının Padşahı oldu. Biz onu necə təsəvvür edirik? Səmavi taxtında sakitcə əyləşib dərin fikirlərə dalan, hərdənbir də yer üzündəki yığıncaqlara nəzər salan bir padşah kimimi? Əgər belədirsə, onda fikrimizi dəyişməliyik. Nəyə görə? Çünki «Zəbur» və «Vəhy» kitabında o, atın belində oturan və ‘qalib kimi yekun qələbəsinə doğru irəliləyərək’ ‘uğur qazanan’ fəal bir padşah kimi təsvir olunur (Vəhy 6:2; Məz. 2:6—9; 45:1—4).
2 Məsihin Padşah kimi gördüyü ilk iş ‘əjdaha və onun mələkləri’ üzərində qələbə çalmaq oldu. Mələklərə başçılıq edən Məsih, baş mələk Mikayıl kimi, Şeytanı və onun cinlərini müqəddəs göylərdən qovdu və indi onlar yalnız Yer kürəsinin hüdudları çərçivəsində fəaliyyət göstərə bilirlər (Vəhy 12:7—9). Bundan sonra İsa Yehovanın «Əhd Mələyi» rolunda çıxış edərək Onunla birgə ruhani məbədin vəziyyətini yoxlamağa gəldi (Mal. 3:1). İsa Böyük Babilin hökmə daha çox layiq olan hissəsini — Xristian dünyasını qan tökdüyü və bu dünyanın siyasi işlərinə qarışaraq özünü ləkələdiyi üçün mühakimə etdi (Vəhy 18:2, 3, 24).
Məsih yer üzündəki nökərini təmizləyir
3, 4. a) Məsih, Yehovanın «Əhd Mələyi» kimi, hansı işi gördü? b) Məbədə baxış zamanı nə məlum oldu və İsa, yığıncağın Başı kimi, yer üzündəki əmlakının idarəsini kimə həvalə etdi?
3 Yehovanın və Onun ‘Mələyinin’ keçirdiyi baxış nəticəsində həmçinin məlum oldu ki, ruhani məbədin yer üzündəki həyətində xristian kilsələrinə aidiyyəti olmayan bir qrup həqiqi məsihçi var. Buna baxmayaraq, hətta bu məsh olunmuş məsihçiləri və ya «Levililəri» saflaşdırmaq lazım idi. Hər şey Malaki peyğəmbərin dediyi kimi oldu: «O, [Yehova] gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər» (Mal. 3:3). Yehova «Əhd Mələyi»nin, yəni Məsih İsanın vasitəsilə bu ruhani israilliləri təmizlədi.
4 Lakin Məsih gördü ki, bu sadiq məsh olunmuş məsihçilər iman qardaşlarını vaxtlı-vaxtında ruhani qida ilə təmin etmək üçün əllərindən gələni edirlər. Bəzən çətinliklərlə üzləşmələrinə rəğmən, onlar 1879-cu ildən başlayaraq Allahın Padşahlığı haqqında Müqəddəs Kitab həqiqətlərini bu jurnalın səhifələrində dərc edirdilər. İsa peyğəmbərlik etmişdi ki, ‘dövrün yekununda’ evindəki qulluqçularını yoxlamağa «gələndə» onlara ‘vaxtlı-vaxtında yemək paylarını verən’ bir nökər olacaq. O, bu nökəri xoşbəxt adlandıracaq və yer üzündəki «bütün əmlakının idarəsini ona tapşıracaq» (Mat. 24:3, 45—47). Məsihçi yığıncağının Başı kimi, Məsih «sadiq və ağıllı nökər»indən istifadə edərək Padşahlığın yer üzündəki işlərini idarə edir. O, Rəhbərlik Şurası vasitəsilə məsh olunmuş «evindəki qulluqçulara» və onların əməkdaşları olan ‘başqa qoyunlara’ rəhbərlik verir (Yəh. 10:16).
‘Yerin məhsulunun’ yığımı
5. Yəhya röyada Padşahın hansı işi həyata keçirdiyini gördü?
5 Həvari Yəhya röyada Padşah olan Məsihin ‘Ağanın günündə’, yəni 1914-cü ildə taxta çıxandan sonra daha nələr edəcəyini görmüşdü. O yazır: «Sonra mən bir ağ bulud gördüm. Buludun üstündə sanki insan oğlu oturmuşdu. Onun başında qızıl tac və əlində iti oraq var idi» (Vəhy 1:10; 14:14). Yəhya Yehovanın bir mələyinin həmin Biçinçiyə orağını işə salmağı dediyini eşitdi, çünki ‘yerin məhsulu tam yetişmişdi’ (Vəhy 14:15, 16).
6. İsa hadisələrin gedişatını necə təsvir etdi?
6 Yəqin, ‘yerin məhsulunun’ yığımı ifadəsini eşidəndə yadımıza İsanın buğda və alaq otu məsəli düşür. Həmin məsəldə İsa yaxşı və bol məhsul yığmaq məqsədilə buğda toxumu səpən adamın özü olduğunu dedi. Onun sözlərinə əsasən, yaxşı məhsul onunla birlikdə Padşahlıqda idarə etmək üçün məsh olunan həqiqi məsihçiləri təmsil edən «padşahlığın oğulları»dır. Lakin gecənin zülmət qaranlığında düşmən, yəni ‘İblis’ tarlaya ‘Şəririn oğullarını’ təmsil edən alaq toxumu səpdi. Əkinçi işçilərinə tapşırdı ki, «biçinə», başqa sözlə, ‘dövrün yekununa’ qədər nə alaq otuna, nə də ki buğdaya əl dəysinlər. Onlar həmin vaxta qədər bir yerdə böyüməli idilər və o vaxt çatanda İsa mələklərini göndərəcəkdi ki, buğdanı alaq otundan ayırsınlar (Mat. 13:24—30, 36—41).
7. Məsih ‘yerin məhsulunun’ yığımını necə həyata keçirir?
7 Yəhyanın aldığı görüntü İsanın ümumdünya biçin işinə nəzarət etməsilə həyata keçir. ‘Yerin məhsulunun’ yığımı 144 000 nəfərdən ibarət ‘padşahlıq oğlunun’ yerdə qalan hissəsinin, yəni İsanın məsəlindəki ‘buğdanın’ biçini ilə başladı. Birinci Dünya müharibəsindən sonra həqiqi məsihçilərlə xristianlar arasındakı fərq daha aydın göründü. Bunun sayəsində ‘yerin məhsulunun’ yığımının ikinci mərhələsi olan başqa qoyunların yığımı prosesi daha da sürətləndi. Bu insanlar «padşahlığın oğulları» sırasına daxil olmasalar da, həmin Padşahlığa könüllü surətdə tabe olan ‘böyük izdihamı’ təşkil edirlər. Onlar «bütün xalqlara, millətlərə və dillərə mənsub» olan adamların arasından seçilirlər. Bu qrupa daxil olan insanlar Məsih İsadan və onunla birgə səmavi hökumətdə idarə edəcək 144 000 ‘müqəddəsdən’ ibarət olan Padşahlığa tabe olurlar (Vəhy 7:9, 10; Dan. 7:13, 14, 18).
Yığıncaqlar üzərində rəhbərlik
8, 9. a) Məsihin yığıncaqların təkcə ümumi vəziyyətinə yox, həmçinin onun üzvlərinin hər birinin həyat tərzinə diqqət yetirdiyini haradan bilirik? b) 26-cı səhifədən gördüyümüz kimi, biz Şeytanın hansı dəryalarından qaçınmalıyıq?
8 Ötən məqalədən biz eramızın birinci əsrində mövcud olan hər bir yığıncağın ruhani vəziyyəti ilə Məsihin nə dərəcədə yaxından tanış olduğunu öyrəndik. Bizim günlərdə isə Rəhbərimiz olan Məsih, ‘göydəki və yerdəki bütün hakimiyyəti’ alan və hökmranlıq edən bir Padşah kimi, yığıncaqlara və onların nəzarətçilərinə fəal surətdə rəhbərlik edir (Mat. 28:18; Kolos. 1:18). Yehova onu məsh olunmuşlar ‘yığıncağının xeyrinə hər şeyin başı təyin edib’ (Efes. 1:22). Buna görə də Yehovanın Şahidlərinin 100 000-dən çox yığıncağında baş verən heç bir şey onun gözündən yayınmır.
9 Qədim Tiatira yığıncağına İsa bu sözlərlə müraciət etdi: «Gözləri alovtək yanan... Allahın Oğlu belə deyir: “Mən sənin işlərindən... xəbərdaram”» (Vəhy 2:18, 19). O, həmin yığıncağın üzvlərini əxlaqsız həyat tərzi sürdüklərinə və səfahət içində yaşadıqlarına görə tənbeh edərək dedi: «Mən insanın böyrəklərini və ürəyini tədqiq edirəm. Mən hər birinizə əməllərinizə görə verəcəyəm» (Vəhy 2:23). Bu sözlər göstərir ki, Məsih təkcə hər yığıncağın ümumi vəziyyətinə yox, həm də onun hər bir üzvünün sürdüyü həyat tərzinə diqqət yetirir. O, «Şeytanın dəryasına» baş vurmayan Tiatiradakı məsihçiləri təriflədi (Vəhy 2:24). İsa — istər cavan olsun, istərsə də yaşlı — «Şeytanın dəryasına» qərq olmayan, yəni İnternetdən düzgün istifadə edən, zorakı videooyunlar oynamayan, o cümlədən öz hərəkət və arzularına hədd qoyan insanlardan razıdır. Bir çox məsihçilərin həyatlarının bütün sahələrində onun rəhbərliyinə riayət etmək üçün əllərindən gələni etdiklərini və fədakarlıq göstərdiklərini görəndə o necə də sevinir!
10. Məsihin yığıncaq ağsaqqallarına nəzarət etməsi Müqəddəs Kitabda necə təsvir olunur və onlar nəyi qəbul etməlidirlər?
10 Məsih təyin olunmuş ağsaqqallar vasitəsilə yer üzündəki yığıncaqlara məhəbbətlə nəzarət edir (Efes. 4:8, 11, 12). Birinci əsrdə nəzarətçilərin hamısı ruhdan doğulmuş məsihçilər idi. «Vəhy» kitabında onlar İsanın sağ əlində tutduğu ulduzlar kimi təsvir olunur (Vəhy 1:16, 20). Bu gün isə yığıncaq ağsaqqallarının əksəriyyəti başqa qoyunlara aiddir. Demək olar ki, onlar da Məsihin nəzarəti altındadırlar, çünki onlar müqəddəs ruhun rəhbərliyi altında və dua edilərək təyin olunurlar (Həv. iş. 20:28). Bununla belə, onlar qəbul edirlər ki, Məsih yer üzündəki şagirdlərinə rəhbərlik etmək üçün məsh olunmuşlardan ibarət kiçik qrupdan, Rəhbərlik Şurasından istifadə edir. (Həvarilərin işləri 15:6, 28—30 ayələrini oxu.)
«Gəl, Ağamız İsa»
11. Nəyə görə biz Rəhbərimizin tez bir zamanda gəlməsini intizarla gözləyirik?
11 Həvari Yəhyanın gördüyü röyada İsa tezliklə gələcəyini bir yox, bir neçə dəfə deyir (Vəhy 2:16; 3:11; 22:7, 20). Şübhəsiz, İsa Böyük Babilin və Şeytanın bu pis dünyasının üzərində hökmünü icra etmək üçün gələcəyindən danışırdı (2 Salon. 1:7, 8). Qabaqcadan deyilmiş bütün bu möhtəşəm hadisələrin yerinə yetməsini səbirsizliklə gözləyən yaşa dolmuş həvari Yəhya nida etdi: «Amin! Gəl, Ağamız İsa». Bu pis sistemin sonunda yaşayan bizlər də Atasının adını təqdis etmək və Onun ali hökmranlığına bəraət qazandırmaq üçün Padşahlıq izzətində gələcək Padşahımızın və Rəhbərimizin yolunu intizarla gözləyirik.
12. Dağıdıcı küləklər buraxılmazdan öncə Məsih hansı işi başa çatdıracaq?
12 İsanın Şeytanın hakimiyyəti altında olan bu pis dünyanı məhv etmək üçün gəlməsindən öncə ruhani İsraili təşkil edən 144 000 nəfərin yer üzündə qalan üzvləri sonuncu dəfə möhürlənməlidir. Müqəddəs Kitabda açıq-aydın deyilir ki, 144 000 nəfərin möhürlənməsi başa çatmayınca Şeytanın sistemini yerlə yeksan edəcək dağıdıcı küləklər buraxılmayacaq (Vəhy 7:1—4).
13. Məsih «böyük müsibət»in ilkin mərhələsində öz iştirakını necə nümayiş etdirəcək?
13 Məsihin 1914-cü ildən bəri «iştirakı» yer üzünün əksər sakinlərinin diqqətindən kənarda qalıb (2 Pet. 3:3, 4). Lakin tezliklə o, Şeytan sisteminin müxtəlif tərkib hissələri üzərində Yehovanın hökmlərini icra etməklə öz iştirakını aydın göstərəcək. ‘Qanunsuzluq adamının’, başqa sözlə, Xristian dünyasının ruhanilərinin məhvi, şübhəsiz ki, onun ‘iştirakını nümayiş etdirəcək’. (2 Saloniklilərə 2:3, 8 ayələrini oxu.) Bundan sonra Məsihin Yehovanın təyin etdiyi Hakim kimi hərəkətə keçdiyinə heç kimdə şübhə qalmayacaq. (2 Timoteyə 4:1 ayəsini oxu.) Yalan dinin dünya imperiyası olan Böyük Babilin məhvi onun hökmə ən çox layiq olan hissəsinin məhvi ilə başlayacaq. Ruhani fahişəni məhv etmək fikrini siyasi rəhbərlərin ürəyinə Yehova qoyacaq (Vəhy 17:15—18). Bu, «böyük müsibət»in ilkin mərhələsi olacaq (Mat. 24:21).
14. a) Nəyə görə böyük müsibətin ilkin mərhələsi qısaldılacaq? b) ‘İnsan Oğlunun rəmzinin’ peyda olması Yehovanın xalqı üçün hansı mənanı kəsb edəcək?
14 İsa qeyd etdi ki, «seçilmişlərə», yəni yer üzündə qalan məsh olunmuşlara görə bu müsibətli günlər qısaldılacaq (Mat. 24:22). Yalan din məhv edilən zaman Yehova məsh olunmuş məsihçilərin və onların həmkarları olan başqa qoyunların yer üzündən silinməsinə yol verməyəcək. İsa əlavə edərək dedi ki, «o günlərdəki müsibətdən dərhal sonra» günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək və «sonra göydə insan Oğlunun rəmzi peyda olacaq». Bütün millətlər bunu görüb «başlarına döyəcək». Səmavi ümidləri olan məsh olunmuş məsihçilər və onların yer üzündə yaşamaq ümidləri olan əməkdaşları isə qurtuluşları yaxın olduğu üçün ‘qamətlərini düzəldib başlarını dikəldəcəklər’ (Mat. 24:29, 30; Luka 21:25—28).
15. Məsih gələndə hansı işləri icra edəcək?
15 Lakin yekun qələbəsini çalmazdan əvvəl insan Oğlunun daha bir gəlişi gözlənilir. O peyğəmbərlik etmişdi: «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək. Bütün millətlər onun önündə yığışacaq və o, çoban qoyunları keçilərdən ayırdığı kimi, insanları saf-çürük edəcək. O, qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq» (Mat. 25:31—33). Burada söhbət Məsihin «bütün millətlər»dən olan insanları iki qrupa ayırmaq üçün Hakim kimi gəlməsindən gedir. Birinci qrupa onun ruhani qardaşlarını (yer üzərindəki məsh olunmuş məsihçiləri) dəstəkləyən ‘qoyunlar’, ikinci qrupa isə ‘Ağamız İsa haqqındakı xoş xəbərə itaət etməyən’ ‘keçilər’ daxildir (2 Salon. 1:7, 8). ‘Saleh’ adlandırılan bu qoyunlar yer üzündə «əbədi həyata qovuşacaqlar», keçilər isə «əbədilik məhv ediləcəklər» (Mat. 25:34, 40, 41, 45, 46).
İsa yekun qələbəsini çalır
16. Rəhbərimiz olan Məsih yekun qələbəsini necə çalacaq?
16 Məsihin padşah və kahin qardaşlarının hamısı möhürlənəndən və qoyunlar müəyyən edilərək xilas üçün onun sağ tərəfinə qoyulandan sonra o, ‘yekun qələbəsinə doğru irəliləyəcək’ (Vəhy 5:9, 10; 6:2). Qüdrətli mələklərdən və şübhəsiz, dirilmiş qardaşlarından ibarət orduya başçılıq edən İsa Şeytan dünyasının siyasi, hərbi və iqtisadi sistemini devirəcək (Vəhy 2:26, 27; 19:11—21). Şeytanın pis dünyası tam məhv edilən zaman Məsih yekun qələbəsini çalacaq. Bundan sonra o, Şeytanı və onun cin mələklərini buxovlayıb min illiyə ümmana atacaq (Vəhy 20:1—3).
17. Məsih Minillik Hökmranlığı zamanı digər qoyunları hara aparacaq və biz nə etmək əzmində olmalıyıq?
17 Həvari Yəhya böyük müsibətdən sağ çıxacaq başqa qoyunlardan ibarət ‘böyük izdiham’ haqda danışaraq peyğəmbərlik etmişdi ki, «taxtın yanında duran Quzu onları otaracaq və həyat suyu bulaqlarına aparacaq» (Vəhy 7:9, 17). Bəli, Məsih Minillik Hökmranlığı boyu sədaqətlə ona itaət edən başqa qoyunlara rəhbərlik edəcək və onları əbədi həyata doğru aparacaq. (Yəhya 10:16, 26—28 ayələrini oxu.) Buna görə də gəlin Rəhbərimizi həm indi, həm də Yehovanın vəd etdiyi yeni dünyada sədaqətlə izləməyə qəti qərarlı olaq!
Təkrar üçün suallar
• Məsih taxtda oturandan sonra hansı işi gördü?
• Yığıncaqlara rəhbərlik etmək üçün Məsih yer üzündə kimlərdən istifadə edir?
• Rəhbərimiz olan Məsihin hansı iki mənada tezliklə gələcəyi gözlənilir?
• Məsih bundan sonra da yeni dünyada bizə necə rəhbərlik edəcək?
[29-cu səhifədəki şəkil]
Şeytanın pis dünyasının məhvi İsanın iştirakını aydın göstərəcək