Yehova qəddi əyilənlərin fəryadına hay verir
QƏDİM İsrailin müdrik padşahı Süleyman yazmışdı: «Zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır» (Vaiz 9:11). Hansısa bədbəxt hadisə və ya faciə həyatımızı alt-üst edə bilər. Məsələn, ailə üzvlərimizdən kiminsə qəfil ölümü bizi sarsıda bilər. Həftələr, aylar keçdikcə kədər və çarəsizlik hissi daha da güclənə bilər. Ola bilsin, belə vəziyyətdə insan həddindən artıq çaş-baş qaldığı üçün özünü Yehovaya dua etməyə layiq görmür.
Belə vəziyyətdə olan insan təsəlliyə, anlayışa və məhəbbətə ehtiyac duyur. Məzmurçu Davud əmin edir: «Rəbb yıxılanların hamısına dayaqdır, qəddi əyilənlərin hamısını qaldırır» (Məz. 145:14). «Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin», — deyə Müqəddəs Kitabda yazılıb (2 Saln. 16:9). O, ‘əzilmişlərin ürəyini dirçəldir’ (Yeşaya 57:15). Yehova belə insanlara necə dayaq olur? Onlara necə təsəlli verir?
Yerində deyilən sözlər
Yehova köməyə ehtiyac duyduğumuz andaca həmimanlılarımız vasitəsilə dadımıza çatır. Müqəddəs Kitab bizi təşviq edir: «Qəmginlərə təskinlik verin» (1 Salon. 5:14). Kədərli anlarımızda bizə canı yanan bacının, yaxud qardaşın dilindən bizi sevdiyini və bizə görə narahat olduğunu eşitmək ağrımızı yüngülləşdirir. Bir neçə təsəlliverici söz belə qəddi əyilmiş insanı dirçəldə bilər. Məsələn, düşünülmüş və xoş sözləri vaxtilə bizim qarşılaşdığımız çətinliklə qarşılaşan insanlardan, yaxud da təcrübəli dostumuzdan eşitmək olar. Yehova bu üsullardan istifadə edərək qəddi əyilən insanı dirçəldə bilər.
Yığıncaqda ağsaqqal kimi xidmət edən Aleks qardaş sağalmaz xəstəlik ucbatından gözlənilmədən həyat yoldaşını itirdi. Onlar təzəcə ailə qurmuşdular. Aleksin dərdini başa düşən bir səyyar nəzarətçi onunla söhbət edərək ona təsəlli verdi. Onun da həyat yoldaşı vəfat etmişdi, lakin sonradan o, yenidən ailə qurmuşdu. Qardaş Alekslə o zaman keçirdiyi hissləri bölüşdü. Xidmətdə və yığıncaq görüşlərində olarkən onun ovqatı yaxşılaşırdı. Otağına girib, qapını bağlayanda isə özünü çox tənha hiss edirdi. Aleks deyir: «Keçirdiyim hisslərin normal olduğunu və başqalarının da eyni hisslər keçirdiyini biləndə ürəyim rahat oldu». Bəli, yerində deyilən sözlər kədərli anlarda insana təsəlli və güc verə bilər (Sül. məs. 15:23).
Tanışları arasında dullar olan bir ağsaqqal da Aleksə yaxınlaşıb təsəlli verdi. O, şəfqətlə və məhəbbətlə dedi ki, Yehova keçirdiyimiz hisslərdən agahdır və nəyə ehtiyac duyduğumuzu çox yaxşı bilir. Sonra qardaş söylədi: «Aylar, illər ötdükcə yanında bir ömür-gün yoldaşının olmasını istəsən, bil ki, Yehova məhəbbətdən irəli gələrək yenidən ailə qurmağa icazə verir». Ancaq etiraf etmək lazımdır ki, dul qalan, sonradan isə yenidən ailə qurmaq istəyənlərin hamısının belə imkanı yoxdur. Qardaşın dediyi sözlər üzərində düşünəndən sonra Aleks dedi: «Əvvəllər mən fikirləşirdim ki, gələcəkdə evlənsəm, mərhum həyat yoldaşıma və Yehovanın nikah quruluşuna xəyanət etmiş olaram. Amma qardaşla söhbətdən sonra bu kimi mənfi fikirlərdən azad oldum» (1 Kor. 7:8, 9, 39).
Başına çoxlu bəlalar gələn məzmurçu Davud deyirdi: «Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır» (Məz. 34:15). Əminliklə deyə bilərik ki, Yehova qəlbi sızlayan insanların fəryadına düz vaxtında hay verir və O, bunu yetkin, şəfqətli məsihçilərin anlayış dolu sözləri vasitəsilə edir. Belə kömək, həqiqətən də, çox dəyərli və effektivdir.
Məsihçi yığıncağının təqdim etdiyi kömək
Məyusluğa qapılmış insan mənfi şeylər barədə düşünməyə meyilli olduğundan özünü başqalarından təcrid edə bilər. Lakin Süleymanın məsəlləri 18:1 ayəsi bizi bundan çəkindirərək deyir: «Tənhalığı sevən niyyətinin ardınca düşür, sağlam şüura zidd gedir». Aleks etiraf edir: «İnsan həyat yoldaşını itirəndə onun başında çoxlu mənfi fikirlər dolaşır». O, dəfələrlə özündən soruşurdu: «Başqa nə isə edə bilərdimmi? Daha diqqətli və anlayışlı ola bilərdimmi? Mən tək-tənha qalmaq istəmirdim. Bu cür fikirlərdən yaxa qurtarmaq çox çətindir, çünki hər gün tək olmağın reallığı ilə üz-üzə durursan».
Ruhən əzgin insanların ünsiyyətə həmişəkindən daha çox ehtiyacı var. Belə ünsiyyəti məsihçi yığıncaqlarında tapmaq olar. Orada biz Allahın ruhlandırıcı fikirlərini eşidirik.
Məsihçi görüşləri vəziyyətimizə düzgün yanaşmağa kömək edir. Müqəddəs Kitabdan oxunan fikirlərə qulaq asanda və onların üzərində düşünəndə diqqətimiz yalnız öz dərdimizə yox, olduqca vacib olan bir məsələyə — Yehovanın ali hökmranlığının bəraət qazanmasına və Onun adının təqdis olunmasına yönəlir. Üstəlik, görüşlərdə eşitdiyimiz fikirlərin sayəsində biz daha da əmin oluruq ki, başqaları vəziyyətimizdən bixəbər olsalar, yaxud nələr keçirdiyimizi başa düşməsələr də, Yehova hər şeydən xəbərdardır və bizi anlayır. O bilir ki, «ürəyin kədəri könlü sındırar» (Sül. məs. 15:13). Həqiqi Allah bizə kömək etmək istəyir. Bunu bilmək bizdə yaşamaq istəyi oyadır və həyatımızı davam etdirmək üçün güc verir (Məz. 27:14).
Düşmənlərin dəhşətli hücumuna məruz qalan padşah Davud Allaha fəryad edirdi: «Ruhdan düşmüşəm, bu dəhşət qəlbimi sarsıtdı» (Məz. 143:4). Bədbəxtliklər çox vaxt insanı emosional və fiziki cəhətdən üzür, hətta onun sarsıntı keçirməsinə səbəb olur. İnsan adi və ya uzun sürən xəstəlik ucbatından bu cür hala düşə bilər. Əmin ola bilərik ki, Yehova tab gətirməyimiz üçün bizə kömək edəcək (Məz. 41:1—3). Allah bu gün heç kəsə möcüzəli şəkildə şəfa verməsə də, əziyyət çəkən insana müdriklik verə və çətinliyə dözməsi üçün onu möhkəmləndirə bilər. Gəlin unutmayaq ki, Davud dara düşəndə Yehovaya üz tutardı. O oxuyurdu: «Qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə hey fikirləşirəm» (Məz. 143:5).
Bu kimi hisslərin Allahın Kəlamında yazılması göstərir ki, Yehova bizim hisslərimizi başa düşür. Bu sözlər Onun yalvarışlarımızı cavabsız qoymayacağına zəmanət verir. Biz Yehovanın köməyini qəbul etsək, O, bizə ‘dayaq olar’ (Məz. 55:22).
«Daima dua edin»
Yaqub 4:8 ayəsində deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq!» Allaha yaxınlaşmağın üsullarından biri duadır. Həvari Pavel bizi ‘daima dua etməyə’ təşviq edir (1 Salon. 5:17). Hisslərimizi ifadə etməyə söz tapmayanda «ruh ifadə edə bilmədiyimiz ahlarla bizim əvəzimizə Allaha yalvarır» (Rom. 8:26, 27). Yehova bizim hansı hissləri keçirdiyimizi çox yaxşı bilir.
Yehova ilə bu cür etibarlı münasibəti olan Monika adlı bacı deyir: «Duanın, Müqəddəs Kitabı oxumağın və şəxsi öyrənmənin sayəsində Yehovanın mənim ən yaxın dostum olduğunu hiss etdim. O, mənim üçün o qədər realdır ki, daim Onun qayğısını həyatımda hiss edirəm. Hisslərimi ifadə etmək üçün söz tapmayanda məni başa düşdüyünü bilmək çox təsəllivericidir. Mən bilirəm ki, Onun xeyirxahlığı və xeyir-duaları tükənməzdir».
Gəlin həmimanlılarımızın məhəbbətli və təsəlliverici sözlərini diqqətlə dinləyək, məsihçi görüşlərində səslənən gözəl məsləhətləri və imanı möhkəmləndirən xatırlatmaları tətbiq edək və duada dərdimizi Yehovaya söyləyək. Bunlar Yehovanın qayğımıza qaldığına dəlalət edir. Aleks öz təcrübəsindən deyir: «Ruhən möhkəm qalmağımız üçün Yehovanın təqdim etdiyi hər şeydən faydalanaq deyə Onun bütün tələblərini yerinə yetirməliyik. Onda istənilən sınağın öhdəsindən gəlməyimiz üçün ‘insan gücündən üstün olan qüdrətimiz’ olacaq» (2 Kor. 4:7).
[18-ci səhifədəki çərçivə/şəkil]
Qəddi əyilənlərə təsəlli
«Zəbur» kitabı insanların keçirdiyi müxtəlif hissləri təsvir etməklə yanaşı, bizi dönə-dönə əmin edir ki, Yehova mənəvi sarsıntı ucbatından qəddi əyilən insanın fəryadına hay verir. Növbəti ayələrə fikir verin:
«Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, fəryadımsa hüzuruna, Onun qulağına yetdi» (Məz. 18:6).
«Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Məz. 34:18).
«O, [Yehova] sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar» (Məz. 147:3).
[17-ci səhifədəki şəkil]
Bədbəxtlik üz verəndə «yerində» deyilən sözlər insana təsəlli verə bilər